Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-422/2025 01.04.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Məmmədova Nərminə İdris qızının katibliyi, İddiaçı1, Cavabdeh qanuni təmsilçisi Qanuni nümayəndə iştirakları ilə, İddiaçı1 tərəfindən Cavabdehnə qarşı verilmiş “icarə haqqı üzrə borcun tutulması və maddi zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı1 Cavabdehnə qarşı “icarə haqqı üzrə borcun tutulması və maddi zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək 13300 (on üç min üç yüz) manat məbləğində icarə haqqı borcu, 250 (iki yüz əlli) manat məbləğində dəymiş ziyanın və 131 (yüz otuz bir) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 01 fevral 2024-cü il tarixli icarə müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, icarəyə verən Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən “Babək Plaza”nın 11-ci mərtəbəsində, sahəsi 190 kv.m olan qeyri-yaşayış sahəsini icarəçinin müvəqqəti istifadəsinə verməyi, icarəçi isə müqavilədə nəzərdə tutulan qaydada və məbləğdə icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən cəmi 4 aylıq icarə haqqı, yəni 7600 manat məbləğində ödəniş həyata keçirilmiş, 7 aylıq icarə haqqı - 13300 manat məbləğində borc ödənilməmişdir. Həmçinin cavabdehin ehtiyatsızlığı ucbatından icarə sahəsində qiyməti 250 manat olan 1 ədəd arakəsmə şüşəsi sınmışdır. Cavabdehlə mübahisənin pretenziya qaydasında həll edilməsinə cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclaslarında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək, əlavə olaraq bildirmişdir ki, cavabdeh tərəfindən cəmi 4 ayın icarə haqqı məbləği olan 7600 manat ödənilmiş, 7 ayın icarə haqqı - 13300 manat məbləğində borc isə ödənilməmişdir. Həmçinin cavabdehin ehtiyatsızlığı ucbatından icarə sahəsində qiyməti 250 manat dəyərində olan 1 ədəd arakəsmə şüşə sınmışdır. Həmin şüşənin təmir edilməsi üçün ustaya müraciət etmiş və ustanın kartına 250 manat məbləğində köçürmə etmişdir. Cavabdeh icarə obyektindən çıxarkən rəsmi olaraq 1 ay öncədən məlumat verməli olsa da, ona rəsmi olaraq hər hansı bildiriş verilməmiş, avqust ayının sonunda icarə obyektini tərk etməzdən 1 gün öncədən məlumat verilmişdir. Cavabdeh 2024-cü ilin sentyabr ayında icarə obyektini tərk etmişdir. Cavabdehin aylıq 2660 manat məbləğində ödəniş etməsi məsələsi ilə bağlı bildirdi ki, ödəniş 2 hissədən ibarət olmuşdur: bunlardan biri icarə haqqı olan 1900 manat məbləğ, digəri isə icarə obyektinin yerləşdiyi “Babək Plaza”nın xidmət haqqı idi. Xidmət haqqı təhlükəsizlik, liftdən istifadə, havalandırma, avtomobilin parklanması və s. kimi xidmətlərə görə ödəniş edilirdi. Cavabdeh xidmət haqqı ilə bağlı həmin ödənişləri onun kartına köçürmüşdür. İcarə obyekti 2024-cü ilin oktyabr ayından başqa şəxsə icarəyə verilmişdir. İddiaçı göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin qanuni təmsilçisi izahatında bildirdi ki, iddianı qəbul etmir. O, 29 avqust 2024-cü il tarixdə iddiaçıya icarə obyektini tərk edəcəyilə bağlı məlumat vermişdir. Obyektin şüşəsinin qırılması məsələsinə gəldikdə, şüşə onlar tərəfindən sındırılmamışdır, o, yayda 1 ay həmin obyektdə olmadığı üçün obyekt, ümumiyyətlə, bağlı qalmış, yəni həmin şüşə istidən də sınmış ola bilərdi. Şüşənin yuxarı hissəsinin cavabdeh tərəfindən sındırılması ağlabatan deyildir. O, müqavilədə qeyd edilmiş məbləğdən 2225 manat məbləğində artıq ödəniş etmişdir və hazırda həmin obyektdə ona məxsus mebellər vardır. O, iddiaçının şəxsi kartına aylıq 2660 manat məbləğində ödəniş etmişdir. Həmin obyektdə hər hansı bir təmir işləri görməmişdir və bununla bağlı hər hansı razılaşma da olmamışdır. Hər ay xidmət haqqı olaraq təxmini 1000 manat məbləğində ödənişin edilməsi ağlabatan deyildir. Bu səbəbdən həmin ödənişlər xidmət haqqı deyildir. Obyektdə uzun müddət icarəçi kimi qalmağı düşündüyünə görə, artıq ödənişlər etmişdir. İcarə obyektində yalnız elektrik enerjisindən və liftdən istifadə edilmişdir. İddiaçı tərəfindən başqa hər hansı xidmət təklif edilməmiş və ya belə xidmətdən istifadə edilməmişdir. Cavabdehin qanuni təmsilçisi göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddiann təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan İddiaçı1 ilə Cavabdeh arasında bağlanmış 01 fevral 2024-cü il tarixli icarə müqaviləsinin 1.1-ci və 1.2-ci bəndlərinə əsasən, icarəyə verən (İddiaçı1) Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən “Babək Plaza”nın 11-ci mərtəbəsində, 2N 190 kv.m olan qeyri-yaşayış sahəsini icarəçinin (Cavabdeh MMC-nin) müvəqqəti istifadəsinə verməyi, icarəçi isə müqavilənin 3-cü maddəsində nəzərdə tutulan qaydada və məbləğdə icarə haqqı ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1.7-ci yarımbəndinə əsasən, müqavilənin 3-cü maddəsinə əsasən icarə haqqını vaxtında ödəməyi icarəçidən tələb etmək icarəyə verənin hüququdur. Həmin müqavilənin 2.2.5-ci yarımbəndinə əsasən, müqavilənin 3-cü maddəsində göstərilən şərtlərə uyğun olaraq icarə haqqını ödəmək icarəçinin vəzifəsidir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, icarəçi icarə predmetindən istifadəyə görə icarəyə verənə hər ay 1900 manat (vergilər xaricdir) icarə haqqı ödəməlidir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, icarəçi müqavilənin 3.1-ci bəndinə əsasən icarə haqqını 2024-cü ilin fevral ayının 1-dən bank köçürməsi yolu ilə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən, icarə haqqının məbləğinə elektrik enerjisindən sərfiyyata görə, şəhərlərarası və beynəlxalq danışıqlar üzrə rabitə, internet daxil deyil və bu xərclər icarəçi tərəfindən ödənilir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən, müqavilə tərəflərin imzaladığı və möhürləndiyi tarixdən 11 (on bir) ay müddətinə qüvvədədir. İş materiallarında olan 10 oktyabr 2024-cü il tarixli məktubdan görünür ki, iddiaçı cavabdehdən 01 oktyabr 2024-cü il tarixə kimi yaranmış 5700 manat məbləğində icarə haqqı borcu, 250 manat məbləğində dəymiş zərərin əvəzi olmaqla, cəmi 5950 manat məbləğində borcun 3 gün ərzində ödənilməsini tələb etmişdir. İş materiallarında olan 03 mart 2025-ci il tarixli bank hesabından çıxarış sənədindən görünür ki, cavabdeh tərəfindən icarə haqqı borcu üzrə cəmi 7600 manat məbləğində pul vəsaiti iddiaçının bank hesabına köçürülmüşdür. İş materiallarında olan 22 may 2024-cü il tarixli kredit köçürməsi:2, 14 iyun 2024-cü il tarixli kredit köçürməsi:1 adlı sənədlərdən, həmçinin 15 avqust 2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, cavabdeh tərəfindən cəmi 5700 manat məbləğində pul vəsaiti iddiaçının bank hesabına köçürülmüşdür. İş materiallarında olan iddiaçı və cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə arasında “Whatsapp” sosial şəbəkəsi vasitəsilə aparılan yazışmalardan görünür ki, iddiaçı tərəfindən cavabdehin qanuni təmsilçisinə yuxarıda istinad edilmiş - 5700 manat məbləğində icarə haqqı borcu, 250 manat məbləğində dəymiş zərərin əvəzi olmaqla, cəmi 5950 manat məbləğində pulun tələb edildiyi 10 oktyabr 2024-cü il tarixli pretenziya məktubu göndərilmiş və cavabdehin qanuni təmsilçisi məktubda göstərilən borcu “sabah saat 3-də” (11 oktyabr 2024-cü il saat 3-də) ödəyəcəyini bildirmişdir. İş materiallarında olan İddiaçı1 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 01 oktyabr 2024-cü il tarixli icarə müqaviləsinin 1.1-ci bəndinə əsasən, icarəyə verən (İddiaçı1) Bakı şəhəri, Xətai rayonu, ünvan 4 ünvanında yerləşən 189.5 kv.m olan qeyri-yaşayış sahəsini icarəçiyə ("xxxx" MMC-yə) icarəyə verir. İcarə obyekti ofis kimi fəaliyyət göstərilməsi məqsədilə icarəyə verilir və təyinatı icarəçinin cəlb etdiyi şəxslərin (əmək müqaviləsi üzrə işçilər və ya hər hansı digər tərəfdaşlar) iş fəaliyyətinin təmin edilməsindən ibarətdir. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, icarə müddəti bu müqavilənin tərəflər arasında bağlanmasından sonra icarə obyektinin icarəçinin faktiki sərəncamına verildiyi gündən, yəni 01 oktyabr 2024-cü il tarixindən başlayır. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş 05 sentyabr 2024-cü il tarixli və 20 sentyabr 2024-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, son 4 rəqəmi 8081 olan kart hesabına 250 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarına cavabdehin qanuni təmsilçisi tərəfindən 11 mart 2024-cü il tarixli, 02 aprel 2024-cü il tarixli və 09 aprel 2024-cü il tarixli ödəniş qəbzləri əlavə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 700.1-ci və 700.2-ci maddələrinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə, şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, İddiaçı1la Cavabdeh MMC arasında 01 fevral 2024-cü il tarixli icarə müqaviləsi bağlanılmış, müqavilə öhdəliyinə uyğun olaraq iddiaçı Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən “Babək Plaza”nın 11-ci mərtəbəsində, sahəsi 190 kv.m olan qeyri-yaşayış sahəsini cavabdehin icarəsinə vermiş, lakin cavabdeh müqavilə öhdəliklərinə riayət etməyərək həmin qeyri-yaşayış sahəsinin icarəsi ilə əlaqədar aylıq icarə haqlarını tam olaraq iddiaçıya ödəməmiş, nəticədə onun iddiaçıya icarə haqqı borcu yaranmışdır. İddia ərizəsində icarə müqaviləsinin 2024-cü ilin fevral ayından başlayaraq 11 ay müddətinə bağlanılması və 4 ay üçün ödənişlər edilməsi nəzərə alınaraq 7 aylıq icarə haqqının cavabdehdən tutulması xahiş edilmişdir. İcarə haqqı borcunun məbləği ilə bağlı məhkəmə müəyyən etdi ki, icarəçi icarə obyektində fəaliyətə başladığı fevral ayının, o cümlədən mart, aprel və may aylarının icarə haqlarını ödəmişdir. Bu işin mübahisəsiz halıdır, iddiaçının təqdim etdiyi hesabdan çıxarışla, cavabdehin təqdim etdiyi köçürmə sənədləri ilə öz təsdiqini tapmışdır. Məhkəmə iclasında hər iki tərəfin verdiyi izahatlarla müəyyən edildi ki, cavabdeh 2024-cü ilin avqust ayında (xx.xx.2024) iddiaçıya telefon vasitəsilə müraciət edərək icarə obyektini tərk edəcəyini bildirmişdir. İşə əlavə edilmiş 01 oktyabr 2024-cü il tarixli icarə müqaviləsindən görünür ki, icarəçi icarə obyektini 01 oktyabr 2024-cü il tarixdən üçüncü şəxsə ("xxxx" MMC-yə) icarəyə vermişdir. İddiaçı cavabdehə 10 oktyabr 2024-cü il tarixli məktub ünvanlayaraq 01 oktyabr 2024-cü il tarixə kimi yaranmış 5700 manat məbləğində icarə haqqı borcunu ödəməsini xahiş etmişdir. Başqa sözlə, 10 oktyabr 2024-cü il tarixli məktubdan və 01 oktyabr 2024-cü il tarixli icarə müqaviləsindən görünür ki, artıq 01 oktyabr 2024-cü il tarixində icarə obyekti başqa icarəçinin icarəsində olmuş, iddiaçı özü isə cavabdehə 10 oktyabr 2024-cü il tarixli məktub ünvanlayaraq 01 oktyabr 2024-cü il tarixə kimi yaranmış icarə haqqı borcunun - 5700 manat məbləğində pulun ödənilməsini tələb etmişdir. Yəni artıq icarə obyektində başqa icarəçi yerləşdikdən sonra iddiaçı özü əvvəlki icarəçiyə - hazırkı cavabdehə göndərdiyi məktubda borcun məbləğinin 5700 manat məbləğində olmasını müəyyən etmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdehin icarə müqaviləsi üzrə icarə haqqını ödəmədiyi aylar - 2024-cü ilin iyun, iyul və avqust aylarıdır və həmin aylar üzrə icarə haqlarının cəmi 5700 manat təşkil etdiyindən, 7 aylıq icarə haqqı olan 13300 manat məbləğində pulun cavabdehdən tutulması barədə iddia tələbi qismən təmin edilməli və 5700 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, iddia tələbində, həmçinin icarə obyektində şüşənin sınması nəticəsində dəymiş 250 manat məbləğində maddi zərərin əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması xahiş edilmişdir. Məhkəmə hesab edir ki, iddianın həmin hissədə əsaslılığını təsdiq edən sübutlar iş materiallarına əlavə edilmədiyindən, bununla bağlı əlavə edilmiş sübutlar (fotoşəkil və qəbz) isə həmin halı təsdiq edən mötəbər sübut hesab edilmədiyindən iddia həmin hissədə təmin edilməməlidir. Bundan başqa, qeyd edilməlidir ki, cavabdehin qanuni təmsilçisi işə əlavə etdiyi 11 mart 2024-cü il tarixli, 02 aprel 2024-cü il tarixli və 09 aprel 2024-cü il tarixli ödəniş qəbzlərinə istinad edərək icarə haqqı borcu üzrə artıq ödənişlər etdiyini qeyd etmişdir. Bu halla bağlı, ilk növbədə qeyd edilməlidir ki, - tərəflər arasında bağlanmış icarə müqaviləsinin 3.2-ci bəndinə əsasən, tərəflər icarə haqqı bank köçürməsi yolu ilə həyata keçirilməlidir. Halbuki cavabdehin təqdim etdiyi ödəniş qəbzləri “terminaldan karta” və “kartdan-karta” formasında edilmiş ödənişləri əks etdirir; - həmin ödəniş qəbzlərindəki məbləğlərin hazırkı cavabdeh və icarə müqavilənin tərəfi olan Cavabdeh MMC tərəfindən (onun bank hesabından) ödənilməsi öz təsdiqini tapmır; - tərəflər arasında bağlanmış icarə müqaviləsinin 3.1-ci bəndinə əsasən, icarə haqqının məbləği 1900 manat təşkil edir. Lakin həmin qəbzlərdəki məbləğlər, müvafiq olaraq 2660 (iki halda) və 2650 manatdır və təyin edilmiş icarə haqqına uyğun deyildir. Cavabdehin qanuni təmsilçisi də işin bu halı ilə bağlı ağlabatan izahat verməmişdir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdehin qanuni təmsilçisi tərəfindən təqdim edilmiş həmin qəbzlər iş üzrə mötəbər dəlillər hesab edilə bilməz, həmin ödəniş qəbzlərinin yuxarıda sadalanan səbəblərdən hazırkı iddia predmetinə aidiyyəti müəyyən edilmir, bütün bunlara görə də icarə haqqı borcunun mövcud olmaması barədə dəlil əsaslı hesab edilə bilməz. Bunlardan əlavə, iş materiallarında olan 21 yanvar 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 131 manat məbləğində, 22 yanvar 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 1 manat məbləğində olmaqla, cəmi 132 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi təşkil edir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia qismən təmin edildiyindən yuxarıda istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq hesablanmış 77 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən 5700 manat məbləğində borc, 77 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5777 manat məbləğində pul vəsaiti İddiaçı1 xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehndən 5700 (beş min yeddi yüz) manat məbləğində borc və 77 (yetmiş yeddi) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5777 (beş min yeddi yüz yetmiş yeddi) manat məbləğində pul vəsaiti İddiaçı1 xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-422/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-422/2025
01.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver