Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-345/2025 17.01.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı1 tərəfindən Cavabdehnə qarşı verilmiş “icarə haqqı üzrə borcun tutulması və maddi zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı1 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “icarə haqqı üzrə borcun tutulması və maddi zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək 13300 (on üç min üç yüz) manat məbləğində icarə haqqı üzrə borc, 250 (iki yüz əlli manat) manat məbləğində dəymiş maddi zərərin və ödənilmiş 131 (yüz otuz bir) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 25 dekabr 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin iddiaçı tərəfindən daha öncə Bakı Kommersiya Məhkəməsinə müraciət edilən zaman istifadə edildiyi müəyyən edilmişdir. Aydınlaşdırılmışdır ki, iddiaçı daha öncə cavabdehə qarşı eyni məzmunlu tələb irəli sürərək iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin 10 yanvar 2025-ci tarixli e-2-2(113)-1545/2025 nömrəli qərardadı ilə həmin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə (əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə) əsasən iddiaçıya geri qaytarılmışdır. Eyni zamanda, həmin qərardadın məzmunundan görünür ki, məhkəmə tərəfindən iddiaçının məhkəməyə iddia ərizəsi təqdim edərkən ödədiyi 131 manat məbləğində dövlət rüsumunun ona qaytarılması qərara alınmışdır. Başqa sözlə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisə üzrə iddiaçı əvvəlcə Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmış, bununla əlaqədar ödədiyi rüsumun da ona qaytarılması qərara alınmış, iddiaçı isə daha sonra eyniməzmunlu iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərkən qüvvədə olan məhkəmə aktı ilə faktiki olaraq ona qaytarılması nəzərdə tutulan məbləğin əks edildiyi ödəniş qəbzini iş materiallarına əlavə etmişdir. Həmçinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilmiş iddia ərizəsinin “Dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsində qeyd olunmuş 10 yanvar 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 1 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Lakin “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Qeyd olunan qanunvericilik aktındanda göründüyü kimi, iddia ilə məhkəməyə müraciət edilən zaman iddia tələbinin ümumi məbləği 13550 (13300 manat icarə haqqı üzrə borc + 250 manat dəymiş zərərin məbləği = 13550 manat) manat olduğundan hazırkı iddia tələbinə mütənasib olaraq dövlət rüsumunun məbləği 130,65 manatdır. Bu baxımdan da iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman 1 manat məbləğində deyil, 130,65 manat məbləğində dövlət rüsumu ödəməli idi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 108.1.1-ci maddəsinə əsasən, mülki məhkəmə icraatında iddia ərizəsi verildikdə, dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 108.2-ci maddəsinə əsasən, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. Həmin Məcəllənin 150.1.2-ci maddəsinə əsasən, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarır. Bundan əlavə, iş materialları nəzərdən keçirilərkən müəyyən edildi ki, iddiaçı tərəfindən cavabdehə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə göndərilmiş və “borc iddia məktubu” adlanan sənəd iş materiallarına əlavə edilsə də, həmin məktubun mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd olub-olmamasını müəyyən etmək mümkün deyildir. Beləliklə, mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə riayət edilməklə verilmədiyinə görə iddiaçının cavabdehə qarşı “icarə haqqı üzrə borcun tutulması və maddi zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D I: İddiaçı1 tərəfindən Cavabdehnə qarşı verilmiş “icarə haqqı üzrə borcun tutulması və maddi zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-345/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-345/2025
17.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver