Məhkəmə qərarları › İş №e-2-2(119)-334/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-334/2020

04.05.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-334/2020 04.05.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, iddiaçı “Şamsuz” Məhdud Məsuliyyəli Cəmiyyətinin cavabdeh “xxxx” Firmasına qarşı “torpaq sahəsindən çıxarılma” tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “Şamsuz” Məhdud Məsuliyyəli Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh “xxxx” Firmasına qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, “cavabdeh «xxxx» Firmasının icarə müqaviləsi əsasında iddiaçının qanuni istifadəsində olan Sumqayıt şəhərinin 11-ci MKR ərazisində yerləşən 1120 kv.metr torpaq sahəsindən çıxarılması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (elektron kabinetə iddia ərizəsinin mətni rus əlifbası ilə daxil edilmişdir). İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdeh “xxxx” firması tərəfindən alınmasını təsdiq edən hər hansı bir sənəd (sübut) iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim olunmamışdır. Yəni, iddia ərizəsinə poçt gəndərişinin göndərilməsi ilə əlaqədar pul ödənilməsini təsdiq edən “pul qəbzi” əlavə edilmiş olsa da, həmin “qəbz” əsasında göndərilmiş poçt göndərişini cavabdehin almasını təsdiq edən müvafiq poçt sənədi (“xəbərnamə” və s.) iddia ərizəsinə əlavə edilməmişdir. Halbuki, Mülki-Prosessual Məcəllənin tələblərinə görə kommersiya mübahisələri ilə əlaqədar işlər üzrə iddiaçı məhkəməyə müraciət edərkən iddia ərizəsinin surətini və ona əlavə edilmiş sənədləri cavabdehə çatdırmalı və bununla bağlı müvafiq sənədi (sübutu) iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim etməlidir. Buna görə də, həmin “qəbz” iddia ərizəsinin cavabdehə çatdırılmasını təsdiq edən sənəd kimi qəbul oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.0.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Eləcə də, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl mübahisəni məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydasına riayət etməsini təsdiq edən sənədi də iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim etməmişdir. Yəni, məhkəməyə müraciət olunanadək mübahisə ilə əlaqədar cavabdehə ünvanlanmış “pretenziya” məktubunun cavabdehə çatdırılması barədə müvafiq sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Qeyd etmək lazımdır ki, iddia ərizəsinə poçt göndərişinin göndərilməsi ilə əlaqədar pul ödənilməsini təsdiq edən “poçt qəbzi” əlavə edilmiş olsa da, həmin poçt göndərişini cavabdehin almasını təsdiq edən müvafiq poçt sənədi (“xəbərnamə” və s.) iddia ərizəsinə əlavə edilməmişdir. Buna görə də, həmin “qəbz” cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd kimi qəbul oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.3-cü maddəsinə əsasən, əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa - mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Həmin Məcəllənin 150.0.7-ci maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Yuxarıda təsvir olunan həmin hallar hazırkı mübahisə ilə əlaqədar məhkəməyə müraciət etməzdən əvvəl Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.3-cü, 150.0.4-cü və 150.0.7-ci maddələrinin tələblərinin iddiaçı tərəfindən lazımi qaydada yerinə yetirilmiş olmasını təsdiq etmir. Qeyd etmək lazımdır ki, həmin maddələrdə nəzərdə tutulan tələblər kommersiya mübahisələri ilə əlaqədar məhkəməyə müraciət etməzdən əvvəl iddiaçının yerinə yetirməli olduğu zəruri hərəkətlərdir ki, məlum mübahisə ilə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh tərəf həmin mübahisədən xəbər tutub, mübahisənin məhkəməyə qədər nizama salınması imkanlarından istifadə edə bilməli və eləcə də, məhkəməyə ünvanlanmış iddia ərizəsinin surətini əvvəlcədən almış olmalıdır. Bu tələblər isə - həmin qaydalara riayət edilməsini formal olaraq təsdiq edən poçt göndərişlərinin poçt şöbəsinə verilməsi ilə əlaqədar sənədin (“pul qəbzinin”) məhkəməyə təqdim olunmasını deyil, məlum poçt göndərişlərini cavabdehin almasını təsdiq edən sənədlərin iddia ərizəsinə əlavə edilməsini nəzərdə tutur. Beləliklə də, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.0.4-cü və 150.0.7-ci maddələrinin tələblərini lazımi qaydada yerinə yetirməyərək, həmin iddia ərizəsinin geri qaytarılmasına əsas olan nöqsanlara yol vermişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübuttəqdim edilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmçinin, iddiaçı iddia tələbində "cavabdeh «xxxx» Firmasının icarə müqaviləsi əsasında iddiaçının qanuni istfiadəsində olan Sumqayıt şəhərinin 11-ci MKR ərazisində yerləşən 1120 kv.metr torpaq sahəsindən çıxarılması” barədə qətnamə qəbul edilməsini xahiş etsə də, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd kimi xx xxxxx 2020-ci il tarixli **********95 №-li mədaxil qəbzini daxil etmişdi. Bundan əlavə, iddia ərizəsinə 10 (on) manat məbləğində pul vəsaitinin ödənilməsi ilə əlaqədar xx xxxx 2020-ci il tarixli qəbz əlavə edilmiş olsa da, həmin qəbzdə qeyd olunan məbləğ “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə dövlət rüsümu kimi sistemə daxil edilməmişdir. Yəni, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən ödənilməli olan 30 manat məbləğində dövlət rüsumunun 10 manatı müvafiq qaydada ödənilməmişdir. Bununla da, iddiaçı tərəfindən dövlət rüsumu qanunla müəyyən edilmiş qaydada və məbləğdə ödənilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1 və 112.1.12-ci maddələrinə əsasən, iddianın qiyməti - torpaq sahəsi tələbi barədəki iddialarda torpağın müəyyən edilmiş qiyməti ilə, bu olmadıqda isə bazar qiyməti ilə ilə müəyyən olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 108.2-ci maddəsinə əsasən, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. Həmin Məcəllənin 108.3-cü maddəsinə əsasən, dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı Mülki-Prosessual Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı “Şamsuz” Məhdud Məsuliyyəli Cəmiyyətinin cavabdeh “xxxx” Firmasına qarşı “torpaq sahəsindən çıxarılma” tələbi barədə iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar