Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-377/2023 05.07.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 Zöhrab qızının iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit razılaşmasının ləğv edilməsi və borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit razılaşmasının ləğv edilməsi və borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 28 fevral 2020-ci il tarixli 002R********** saylı krеdit razılaşmasının ləğv edilməsi, cavabdеhlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 002R********** saylı krеdit razılaşması üzrə 10804,31 manat məbləğində krеdit bоrcu, 1893,08 manat məbləğində faiz bоrcu və 1341,04 manat məbləğində cərimə borcu olmaqla, cəmi 14038,43 (on dörd min otuz səkkiz manat 43 qəpik) manat məbləğində bоrcun və 200 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı 27 iyun 2014-cü il tarixli 02L000012083 saylı krеdit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 50000 (əlli min) ABŞ dolları məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən Cavabdeh1 vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı 28 fevral 2020-ci il tarixli 002R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 (iyirmi min) manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları 29 dekabr 2020-ci il tarixli 002R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri 01 fevral 2022-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 9195,69 manat ödəmiş, onun 10804,31 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 25 oktyabr 2022-ci il tarixə 540 gün üçün hesablanmış faiz borcu 1893,08 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməlidir. 25 oktyabr 2022-cü il tarixinə 540 gün üçün hesablanmış cərimə borcu 1341,04 manat təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Krеdit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh3, Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1ci bəndinə əsasən yuхarıda göstərilən krеdit хətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və krеdit хətti müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Hazırki mübahisə kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət etməmişdən əvvəl mediasiyaya müraciət edilmişdir. İlkin mediasiya sessiyasında iddiaçı tərəf və Cavabdeh1 iştirak etmiş, lakin digər cavabdehlər iştirak etməmiş, bu barədə 20 dekabr 2022-ci il tarixli arayış verilmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 200 manat məbləğində mediasiya xərci ödənilmişdir. Cavabdeh1 04 iyul 2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, o, İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən kredit xətti üzrə kredit götürmüş, lakin pandemiya səbəbindən biznes fəaliyyətini dayandırdığından fəaliyyətsiz olmuş, xeyli miqdarda zərər edərək müflisləşmiş və bu barədə bankı dərhal xəbərdar edərək məlumatlandırmışdır. Amma bank iddia ərizəsində onun məlumatlandırma ilə bağlı hərəkətini qeyd etməmiş və əsassız olaraq əlavə faiz və cərimə borcu hesablayaraq məhkəməyə müraciət etmişdir. Onun bankı məlumatlandırmasından sonra İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin bu qədər müddət gözləyib sonra məhkəməyə müraciət etməsi düşündürücüdür. Göstərilənlərə əsasən o, pandemiya dövründə fəaliyyətini dayandırdığı barədə dərhal bankı məlumatlandırması və ikinci qrup müharibə əlili olması nəzərə alınmaqla iddia tələbinin faiz və cərimə borcu ilə bağlı hissəsinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, 28 fevral 2020-ci il tarixli 002R********** saylı krеdit razılaşmasının ləğv edilməsi, cavabdеhlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 10804,31 manat məbləğində əsas bоrcu 1893,08 manat məbləğində faiz bоrcu və 1341,04 manat məbləğində cərimə borcu olmaqla, cəmi 14038,43 (on dörd min otuz səkkiz manat 43 qəpik) manat məbləğində bоrcun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 03 may 2023-cü il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında işirak etmiş Cavabdeh1 izahatında iddia tələbində qeyd olunan əsas və faiz borcunun məbləği ilə razılaşmadığını, banka ümumilikdə 10000 manat məbləğində borcunun olduğunu bildirmişdir. 27 mart 2023-cü il və 12 aprel 2023-cü il tarixlərdə keçirilmiş məhkəmə hazırlıq iclaslarında iştirak etmiş Cavabdeh3 izahatında krediti Cavabdeh1 götürdüyünü, lakin onun müflis olduğu üçün borcunu ödəyə bilmədiyini qeyd etmişdir. O, iddia tələbində qeyd olunan əsas borcu qəbul etdiyini, faiz və cərimə borclarının məbləğləri ilə razılaşmadığını bildirmişdir. Lakin cavabdehlər 05 iyul 2023-cü il tarixli məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan 27 iyun 2014-cü il tarixli 02L000012083 nömrəli kredit xətti müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə 50000 (əlli min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında göstərilən kredit xətti müqaviləsinə uyğun olaraq bağlanmış 28 fevral 2020-ci il tarixli 002R********** nömrəli kredit razılaşmasının 1-ci bəndinə görə bank məbləği 20000 manat olan krediti aylıq faiz dərəcəsi 1,6667% olmaqla 36 ay müddətidə kredit alana verir. Kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürür. Həmin kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Həmin kredit razılaşmasının 4.2.2-ci bəndinə görə kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 %-i məbləğində cərimə ödəməyə borcludur. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 27 iyun 2014-cü il tarixli 02S000024827 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh3 borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 29 avqust 2018-cı il tarixli 002S**********01 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında 29 dekabr 2020-ci il tarixli 002R**********S nömrəli sazişə əsasən 27 iyun 2014-cü il tarixdə bağlanmış 02L000012083 saylı kredit xətti müqaviləsi üzrə 28 fevral 2020-ci il tarixli 002R********** nömrəli kredit razılaşması əsasında kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faziləri bu sazişə əlavə olunan 29 dekabr 2020ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. İş materiallarında olan 29 dekabr 2020-ci il tarixli ödəniş planında borcalan Cavabdeh1 banka olan borcunun son ödəniş tarixi 01 iyun 2023-cü il olmaqla, həmin borcun müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh1, zaminlər Cavabdeh3 və Cavabdeh2 imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 25 oktyabr 2022ci il tarixinə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 10804,31 manat məbləğində əsas borcu, 1893,08 manat məbləğində faiz borcu və 1341,04 manat məbləğində cərimə olmaqla, cəmi 14038,43 manat məbləğində borcu vardır. İş materiallarında olan 01 iyun 2023-cü il tarixli 9/3814 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 28 fevral 2020-ci il tarixli 002R********** saylı kredit razılaşması və 29 dekabr 2020-ci il tarixli sazişdə qeyd olunan şərtlərə əsasən Cavabdeh1 25 oktyabr 2022-ci il tarixə banka olan borcu əsas borc üzrə 10804,31 manat, faiz borcu üzrə 1893,08 manat müəyyən olunmuşdur. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İddia ərizəsinin məzmunundan görünür ki, tələb 2 hissədən ibarətdir: -kredit razılaşması üzrə yaranmış borcun ödənilməsi; - 28 fevral 2020-ci il tarixli 002R********** saylı krеdit razılaşmasının ləğv edilməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh1 kredit razılaşmasına əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmiş və müqavilənin şərtlərini əsaslı dərəcədə pozmuşdur. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 28 fevral 2020-ci il tarixli 002R********** nömrəli kredit razılaşması üzrə 10804,31 (on min səkkiz yüz dörd manat 31 qəpik) manat məbləğində əsas borc və 1893,08 (min səkkiz yüz doxsan üç manat 08 qəpik) manat məbləğində faiz borcu iddiaçının xeyrinə ödənilməlidir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar 27 iyun 2014-cü il tarixli 02S000024827 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh3 və 29 avqust 2018-cı il tarixli 002S**********01 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 həmin müqavilələrin 1.1-ci bəndinə əsasən borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. Buna görə də məhkəmə hesab edir ki, iddianın həmin şəxslərə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə hesab edir ki, iddianın ”1341,04 manat məbləğində cərimənin tutulması” tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada cəmi 200 (iki yüz) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, iddia tələbinin “28 fevral 2020-ci il tarixli 002R********** saylı krеdit razılaşmasının ləğv edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, həmin kredit razılaşmasının müddəti 01 iyun 2023-cü il tarixində bitdiyindən razılaşmanın məhkəmə qaydasında ləğv edilməsinə zərurət qalmır. Buna görə də, iddia tələbi bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 10804,31 (on min səkkiz yüz dörd manat 31 qəpik) manat məbləğində əsas borc, 1893,08 (min səkkiz yüz doxsan üç manat 08 qəpik) manat məbləğində faiz borcu və 200 (iki yüz) manat məbləğində cərimə tutulmalıdır. Eyni zamanda iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən mediasiya xidməti ilə əlaqədar İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən mediatora ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərcinin 100 (yüz) manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir (ilkin mediasiya sessiyasında İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və Cavabdeh1 iştirak etmiş olsa da, mediasiya davam etdirilməmişdir). İddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa iddianın təmin edilmiş hissəsinə uyğun olaraq hesablanmış 128,69 (yüz iyirmi səkkiz manat 69 qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eləcə də, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq X1 ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat +10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1 -ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasıya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasıya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasıya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxanda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 10804,31 (on min səkkiz yüz dörd manat 31 qəpik) manat məbləğində əsas borc, 1893,08 (min səkkiz yüz doxsan üç manat 08 qəpik) manat məbləğində faiz borcu, 200 (iki yüz) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 12997,39 (on iki min doqquz yüz doxsan yeddi manat 39 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada dövlət nəfinə 128,69 (yüz iyirmi səkkiz manat 69 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq X1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-377/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-377/2023
05.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver