Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-384/2023 13.11.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması və maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması və maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 17 iyun 2020-ci il tarixli 07/00182 nömrəli operativ lizinq müqaviləsinə əsasən 3000 (üç min) manat, 16 may 2021-ci il tarixli 07/00781 nömrəli operativ lizinq müqaviləsinə əsasən 4000 (dörd min) manat borc, 16 may 2021-ci il tarixli 07/00781 nömrəli operativ lizinq müqaviləsinə əsasən cavabdehə lizinqə verilmiş “SR-2045” markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 1745 (bir min yeddi yüz qırx beş) manat dəymiş maddi ziyan və 100 (yüz) manat mediasiya xərci olmaqla, cəmi 8845 (səkkiz min səkkiz yüz qırx beş) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (əvvəlki "xxxx" Açıq Səhmdar Cəmiyyəti) ilə Cavabdeh arasında bağlanmış 17 iyun 2020-ci il tarixli 07/00182 nömrəli və 16 may 2021-ci il tarixli 07/00781 nömrəli operativ lizinq müqavilələrinə əsasən 1 ədəd “SR-2045” markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 17 iyun 2020-ci il tarixli 07/00182 nömrəli operativ lizinq müqaviləsinə əsasən 3500 (üç min beş yüz) manat öhdəlikdən 500 (beş yüz) manat ödəniş edilmiş, 3000 (üç min) manat borc qalmışdır. 16 may 2021-ci il tarixli 07/00781 nömrəli operativ lizinq müqaviləsinə əsasən 4500 (dörd min beş yüz) manat öhdəlikdən 500 (beş yüz) ödəniş edilmiş, 4000 (dörd min) manat borc qalmışdır. Cavabdeh Cəmiyyətə hər iki müqavilə üzrə hazırda 7000 (yeddi min) manat borcu vardır. Lizinq alanın 16 may 2021-ci il tarixli 07/00781 nömrəli müqavilə üzrə texnikanı saz və dəst halda geri qaytarmaq öhdəliyi olmasına baxmayaraq texnika nasaz vəziyyətdə saxlanca verilmişdir. Müqavilə əsasında cavabdehin istifadəsinə verilmiş “SR-2045” markalı taxılyığan kombayna baxış keçirilmiş və nəticədə texnikaya 1745 (bir min yeddi yüz qırx beş) manat məbləğində zərərin dəydiyi müəyyən edilmişdir. Həmin kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq ehtimal xərclər haqqında arayış tərtib olunmuşdur. Tərtib olunmuş arayışa əsasən texnikaların tam bərpa edilməsi üçün onlara tələb olunan ehtiyat hissələrinin ehtimal olunan dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq müəyyən edilmişdir. Belə ki, “SR-2045” markalı taxılyığan kombaynın tam bərpası üçün cəmi 1745 (bir min yeddi yüz qırx beş) manat dəymiş maddi ziyan hesablanmışdır. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh (VÖEN: **********) arasında bağlanmış 17 iyun 2020-ci il tarixli 07/00182 nömrəli kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqaviləyə əsasən cəmiyyət tərəfindən 1 ədəd “SR- 2045” markalı taxılyığan kombayn mülkiyyət hüququ istifadəçiyə keçməmək şərtilə 17 iyun 2020-ci il tarixindən 31 iyul 2021-ci il tarixinədək istifadə haqqı 3500 manat müəyyən edilməklə Cavabdeh istifadəsinə verilmişdir. İş materiallarında olan “Texniki vəziyyət haqqında” xx.xx.2020-ci il tarixli 07/00182 nömrəli Akt 1-dən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Qobustan Regional Nümayəndəliyinin istifadəsində olan 1 ədəd “SR-2045” markalı taxılyığan kombayn (buraxılış ili 2014, dövlət nömrə nişanı 37 T 293, şassi nömrəsi 561325, mühərrik nömrəsi Z28977) saz vəziyyətdə cavabdehə təhvil verilmişdir. İş materiallarında olan “Texniki vəziyyət haqqında” xx.xx.2020-ci il tarixli 07/00182 nömrəli Akt 2-dən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Qobustan Regional Nümayəndəliyinin istifadəsində olan 1 ədəd “Sampo Rosenlew SR-2045” markalı taxılyığan kombayn mexanizator Cavabdeh tərəfindən saz vəziyyətdə bölmənin rəhbərinə təhvil verilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 16 may 2021-ci il tarixli 07/00781 nömrəli kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqaviləyə əsasən cəmiyyət tərəfindən 1 ədəd “SR-2045” markalı taxılyığan kombayn mülkiyyət hüququ istifadəçiyə keçməmək şərtilə 01 iyun 2021-ci il tarixindən 31 iyul 2022-ci il tarixinədək istifadə haqqı 4500 manat müəyyən edilməklə Cavabdeh istifadəsinə verilmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədrinə ünvanlanmış 16 may 2021-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh texnikanı təyinatı üzrə istifadə etməyi, istismar zamanı zəruri texniki qulluq işlərini vaxtında həyata keçirməyi, müqavilə müddəti bitdikdən sonra saz və dəst halda təhvil verməyi və s. öhdəsinə götürmüşdür. İş materiallarında olan “Texniki vəziyyət haqqında” 16 may 2021-ci il tarixli 07/00781 Akt 1-dən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Qobustan Regional Nümayəndəliyinin istifadəsində olan 1 ədəd “SR-2045” markalı taxılyığan kombayn (buraxılış ili 2014, dövlət nömrə nişanı 37 T 293, şassi nömrəsi 561325, mühərrik nömrəsi Z28977) saz vəziyyətdə cavabdehə təhvil verilmişdir. İş materiallarında olan “Texniki vəziyyət haqqında” 10 avqust 2021-ci il tarixli 07/00781 nömrəli Akt 2-dən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Qobustan Regional Nümayəndəliyinin istifadəsində olan 1 ədəd “SR-2045” markalı taxılyığan kombayn mexanizator Cavabdeh tərəfindən nasaz vəziyyətdə bölmənin rəhbərinə təhvil verilmişdir (Cavabdeh aktı imzalamaqdan imtina etmişdir). Həmin müqavilələrin 2.1.4-cü bəndinə əsasən lizinqə verən lizinq alan tərəfindən müqavilənin şərtlərinə əməl edilmədikdə lizinqə (istifadəyə) verən onu yazılı xəbərdarlıq etməklə bu müqaviləni birtərəfli qaydada ləğv etmək, texnikanı geri götürmək, habelə ödənişdən qalan borcun və texnikaya dəymiş zərərin ödənilməsini qanuna müvafiq qaydada tələb etmək hüququna malikdir. Həmin müqavilələrin 2.2.4-cü bəndinə əsasən lizinq alan istifadə müddəti başa çatanadək texnikanın üçüncü şəxsə istifadəyə verilməməsini (hüquqi şəxslər istisna olmaqla), satılmamasını, girov qoyulmamasını, özgəninkiləşdirilməməsini və təyinatının dəyişdirilməməsini öz öhdəsinə götürür. Həmin müqavilələrin 2.2.5-ci bəndinə əsasən lizinq alan texnikanın təyinatı üzrə səmərəli istifadəsini, saz vəziyyətdə saxlanmasını, vaxtında texniki xidmətlərin aparılmasını, təmirini, GPS avadanlıq dəstinin qorunub saxlanmasını və icazəsiz konstrukti dəyişiklik edilməməsini təmin edir. Həmin müqavilələrin 2.2.6-cı bəndinə əsasən lizinq alan texnikanın qəzaya düşdüyü və ya təbii fəlakət nəticəsində texnikaya zərər dəydiyi andan ən gec 12 saat ərzində istifadəyə verənə yazılı məlumat verir və zərərin ödənilməsini təmin edir. Həmin müqavilələrin 2.2.8-ci bəndinə əsasən lizinq alan müqavilənin müddəti başa çatdıqdan sonra texnikanı saz və dəst halda lizinqə (istifadəyə) verənə geri qaytarmağı qeyri-şərtsiz üzərinə götürür. İş materiallarında olan “SR-2045” markalı taxılyığan kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq ehtimal xərclər barədə” arayışdan görünür ki, "xxxx" ASC-nin Qobustan Regional Nümayəndəliyinin istifadəsində olan və mexanizator Cavabdeh arasında bağlanmış 16 may 2021-ci il tarixli 07/00781 nömrəli müqavilə əsasında operativ lizinqə götürülmüş 561325 şassi nömrəli “Sampo Rosenlew SR-2045” markalı taxılyığan kombayn bölməyə təhvil verilərkən kombaynda nasazlıq müəyyən olunmuş, texnikanın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq ehtimal xərclər 1745 manat (silindrlər başlığının araqatı-250 manat, su pompası 1495 manat) hesablanmışdır. İş materiallarında olan 14 iyun 2022-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 17 iyun 2020-ci il tarixli 07/00182 nömrəli operativ lizinq müqaviləsi üzrə qalıq borcu 3000 manat (üç min),16 may 2021-ci il tarixli 07/00781 nömrəli operativ lizinq müqaviləsi üzrə qalıq borcu 4000 manat (dörd min) təşkil edir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 14 iyul 2020-ci il tarixdə 500 manat və 11 iyun 2021-ci il tarixdə 500 manat məbləğində ödəniş olunmuşdur. İş materiallarında olan 25 sentyabr 2023-cü il tarixli 9/5640 nömrəli ekspert rəyində göstərilir ki, silindrlər başlığının araqatının qiyməti 250 manat, su pompasının qiyməti 1495 manat olmaqla, dəyişməli ehtiyat hissələrinin qiyməti ümumilikdə 1745 manat, təmir-bərpa işlərinin qiyməti 150 manat təşkil edir. “Aqrotexnik” xidmətlər servis mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “SR-2045” markalı, 37 T 293 dövlət qeydiyyat nişanlı taxılyığan kombaynın təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1895 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 747-2-ci maddəsinə əsasən lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. - 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. - 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış 17 iyun 2020-ci il tarixli 07/00182 nömrəli kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqaviləyə əsasən cəmiyyət tərəfindən “SR- 2045” markalı taxılyığan kombayn mülkiyyət hüququ istifadəçiyə keçməmək şərtilə cavabdehin istifadəsinə verilmiş və 28 oktyabr 2020-ci il tarixli aktla texnika cavabdeh tərəfindən iddiaçıya saz vəziyyətdə geri qaytarılmışdır. Cavabdeh kənd təsərrüfatı texnikasının istifadə haqqından 500 (beş yüz) manat məbləğində ödəniş etsə də, o, həmin müqavilə üzrə öhdəliyini tam icra etməyərək texnikadan istifadə üzrə yaranmış 3000 (üç min) manat məbləğində borcunu iddiaçıya ödəməmişdir. Eyni zamanda İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 16 may 2021-ci il tarixli 07/00781 nömrəli kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqaviləyə əsasən cəmiyyət tərəfindən “SR-2045” markalı taxılyığan kombayn mülkiyyət hüququ istifadəçiyə keçməmək şərtilə saz vəziyyətdə cavabdehin istifadəsinə verilmiş, lakin 10 avqust 2021-ci il tarixli 07/00781 nömrəli aktla texnika cavabdeh tərəfindən iddiaçıya təhvil verilərkən kombaynın nasaz olması müəyyən edilmişdir. İddiaçı tərəfindən arayış tərtib edilərək texnikanın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq xərcin 1745 (min yeddi yüz qırx beş) manat olması müəyyən edilmişdir. Cavabdeh kənd təsərrüfatı texnikasının istifadə haqqından 500 (beş yüz) manat məbləğində ödəniş etsə də, o, həmin müqavilə üzrə öhdəliyini tam icra etməyərək texnikadan istifadə üzrə yaranmış 4000 (dörd min) manat məbləğində borcunu iddiaçıya ödəməmişdir. İş materiallarından görünür ki, ödənilməmiş borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 100 (yüz) manat məbləğində mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, tərəflər arasında lizinq müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı tərəfindən 17 iyun 2020-ci il tarixli 07/00182 nömrəli və 16 may 2021-ci il tarixli 07/00781 nömrəli lizinq müqavilələrinə əsasən taxılyığan kombayn istifadə üçün saz vəziyyətdə Cavabdeh təhvil vermiş, lakin cavabdeh həmin müqavilələr üzrə öz üzərinə düşən öhdəliklərini lazımi qaydada yerinə yetirməyərək istifadə haqlarını tam ödəməmiş, eyni zamanda 16 may 2021-ci il tarixli 07/00781 nömrəli operativ lizinq müqaviləsinə əsasən cavabdehə lizinqə verilmiş “SR-2045” markalı taxılyığan kombaynı 10 avqust 2021-ci il tarixdə nasaz vəziyyətdə iddiaçıya geri qaytarmışdır. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən iddiaçının xeyrinə “17 iyun 2020-ci il tarixli 07/00182 nömrəli operativ lizinq müqaviləsinə əsasən 3000 (üç min) manat, 16 may 2021-ci il tarixli 07/00781 nömrəli operativ lizinq müqaviləsinə əsasən 4000 (dörd min) manat borcun və 16 may 2021-ci il tarixli 07/00781 nömrəli operativ lizinq müqaviləsinə əsasən cavabdehə lizinqə verilmiş “SR-2045” markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 1745 (bir min yeddi yüz qırx beş) manat dəymiş maddi ziyanın tutulması” hissəsində əsaslı olduğundan təmin edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İddia tələbinin “mediasiya ilə əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində mediasiya xərcinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəməyə təqdim olunmuş 30 mart 2022-ci il tarixli 90 nömrəli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, ilkin mediasiya sessiyasında tərəflər iştirak etmiş olsa da, mediasiya prosesi davam etdirilməmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia həmin hissədə qismən təmin olunmalı, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən mediatora ödənilmiş 100 (yüz) manat məbləğində mediasiya xərcinin 50 (əlli) manat məbləğində hissəsi Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Cavabdeh 17 iyun 2020-ci il tarixli 07/00182 nömrəli operativ lizinq müqaviləsinə əsasən 3000 (üç min) manat, 16 may 2021-ci il tarixli 07/00781 nömrəli operativ lizinq müqaviləsinə əsasən 4000 (dörd min) manat borc, 16 may 2021-ci il tarixli 07/00781 nömrəli operativ lizinq müqaviləsinə əsasən hesablanmış 1745 (min yeddi yüz qırx beş) manat dəymiş maddi ziyan və 50 (əlli) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 8795 (səkkiz min yeddi yüz doxsan beş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin Cavabdeh 107,45 (yüz yeddi manat qırx beş qəpik) manat məbləğində dövlət rüsumu dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq X1 ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 17 iyun 2020-ci il tarixli 07/00182 nömrəli operativ lizinq müqaviləsinə əsasən 3000 (üç min) manat, 16 may 2021-ci il tarixli 07/00781 nömrəli operativ lizinq müqaviləsinə əsasən 4000 (dörd min) manat məbləğində borc, 16 may 2021-ci il tarixli 07/00781 nömrəli operativ lizinq müqaviləsinə əsasən hesablanmış 1745 (min yeddi yüz qırx beş) manat məbləğində dəymiş maddi ziyan və 50 (əlli) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 8795 (səkkiz min yeddi yüz doxsan beş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət nəfinə 107,45 (yüz yeddi manat qırx beş qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq X1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-384/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-384/2023
13.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver