Məhkəmə qərarları › İş №e-2-2(119)-386/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-386/2025

22.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-386/2025 22.01.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 29 aprel 2024-cü il tarixli agent müqaviləsi üzrə 2199 (iki min yüz doxsan doqquz) manat məbləğində borc, 2354,62 (iki min üç yüz əlli dörd manat, altmış iki qəpik) manat məbləğində faiz borcu olmaqla ümumilikdə 4553,62 manat məbləğində borcun, hüquqi yardımın göstərilməsi ilə bağlı vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində xidmət haqqının və 63,53 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddiaçı tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdehə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin kiçik mübahisələrə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iddiaçının sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsində göstərilən tələbini təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsində cavabdehdən əsas borc olaraq 2199 manat məbləğində pul vəsaitinin tutulması xahiş edilsə də, həmin tələbi təsdiq edən sənəd, yəni borc məbləğinin məhz qeyd edilən miqdarda olduğunu təsdiq edən hər hansı sənəd (maliyyə arayışı və ya sübut qismində qiymətləndirilə biləcək digər sənəd) iş materiallarına əlavə edilməmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinin tələbinə görə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilən ərizə icraata götürüldüyü halda, cavabdehdən iddiaya qarşı əsaslandırılmış etiraz daxil olmadığı halda, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı olduğundan, iddia ərizəsində tələb olunan əsas borc məbləğinin miqdarı iddia ərizəsinə əlavə olunan sənədlərlə dəqiqliklə təsdiq edilməlidir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 284-3-cü maddəsinin tələblərinə görə kiçik mübahisələr üzrə iddia ərizəsi məhkəməyə ümumi qaydada verilir, ərizədə iddiaçının tələbi və onun əsaslandığı və tələbin əsaslığını təsdiq edən sənədlər göstərilir. Həmin Məcəllənin 284-4.1.3-cü maddəsinin tələblərinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar verilmiş iddia ərizəsinin qəbul olunmasından imtina edilir. Beləliklə, Mülki Prosessual Məcəllənin qeyd olunan tələbinə riayət edilməklə verilmədiyinə görə, iddiaçı tərəfindən cavabdehə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinin sadələşdirilmiş icraat qaydasında məhkəmə icraatı mümkün deyildir. Mülki Prosessual Məcəllənin 284-4.2-ci maddəsinin tələblərinə görə ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Bundan əlavə, diqqətə çatdırılır ki, iddiaçı tərəfindən pretenziya məktubu iş materiallarına əlavə olunaraq məhkəməyə təqdim edilsə də, mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) həll edilməsinə dair sənədin cavabdeh tərəfindən müvafiq qaydada alınması haqqında sənəd məhkəməyə təqdim edilməmişdir. Həmçinin Mülki Prosessual Məcəllənin 284-3.2-ci maddəsinin tələbləri pozularaq, iddia ərizəsinin məzmununda iddiaçı qismində "xxxx" MMC, cavabdeh qismində "xxxx" MMC göstərilsə də, iddia ərizəsinin “Tərəflər” bölməsində iddiaçı kimi İddiaçı qeyd edilmiş, cavabdehin adı isə qeyd edilməmişdir. Bundan başqa, hazırkı iddia ilə məhkəməyə müraciət edilən zaman iddia tələbinin ümumi məbləği 4553,62 (2199 manat əsas borc + 2354,62 manat faiz borcu = 4553,62 manat) manat olduğundan hazırkı iddia tələbinə mütənasib olaraq dövlət rüsumunun məbləği 65,53 manatdır. Bu baxımdan da iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman 63,53 manat məbləğində deyil, 65,53 manat məbləğində dövlət rüsumu ödəməli idi. Qeyd olunanlarla yanaşı, məhkəmə iddiaçının diqqətinə çatdırır ki, iş materiallarına əlavə edilmiş 28 oktyabr 2024-cü il tarixli pretenziya məktubunda əsas borcla yanaşı cavabdehdən 1485,04 manat məbləğində cərimə borcunun ödənilməsi tələb edildiyi halda, iddia ərizəsində cavabdehdən əsas borcla yanaşı 2354,62 manat məbləğində faiz borcunun tutulması xahiş edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 263-264 və 284-1- 284-4-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D I: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar