Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-415/2023 19.10.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh3 və onun vəkili Vəkil, Cavabdeh2 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh3 59331,67 (əlli doqquz min üç yüz otuz bir manat altmış yeddi qəpik) manat əsas borc və 12560,18 (on iki min beş yüz altmış manat on səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 71891,85 (yetmiş bir min səkkiz yüz doxsan bir manat səksən beş qəpik) məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 15 (on beş) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı olmaqla, cəmi 45 (qırx beş) manat xərcin və mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərcinin tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tutmanın bank qarşısında ipotеkaya qoyulmuş Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 45.93 kv.m olan 47 nömrəli mənzilə yönəldilməsi, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti hərracda satıldıqda Cavabdeh2 və Cavabdeh1 həmin mənzildən çıxarılması və mənzilin boşaldılması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh3 arasında bağlanmış 28 aprel 2021-ci il tarixli 200879-644074/2 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh3 20 faiz dərəcəsilə 24 ay müddətinə 108000 (yüz səkkiz min) manat məbləğində kredit götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 45.93 kv.m olan 47 nömrəli mənzil 28 aprel 2021-ci il tariхli 103879-845339/1 nömrəli ipotеka müqaviləsinə əsasən banka ipotеka qoyulmuşdur. Borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla əlaqədar dəfələrlə yazılı formada xəbərdarlıqlar edilməsinə baxmayaraq Cavabdeh3 bundan heç bir nəticə çıxarmamışdır. Bu halda bank tərəfindən “İpoteka haqqında” Qanunun 36.1-ci maddəsinin tələblərinə uyğun olaraq ipoteka predmetinə tutma yönəldilməsi barədə xx.xx.2023-cü il tarixli bildiriş Cavabdeh3 və ipoteka qoyan Cavabdeh2 xx.xx.2023-cü il tarixdə sifarişli poçt göndərişi üsulu ilə göndərilmişdir. Poçt göndərişi vasitəsilə göndərilmiş həmin bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, yəni xx.xx.2023-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsi üzrə borclu Cavabdeh3 öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ipoteka predmetinə tutmanın yönəldilməsinə başlamaq hüququ yaranmışdır. Məhkəməyə müraciət edilməmişdən əvvəl mübahisənin mediasiyada həll edilməsi üçün iddiaçı tərəfindən müvafiq qaydada Mediasiya Şurasına müraciət edilmişdir. “Mediasiya haqqında” Qanunun 29.3-cü maddəsinə əsasən Cavabdeh3 və Cavabdeh2 ilə bağlı xx.xx.2022-ci il tarixdə MŞB-18-00210 nömrəli “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir.” Həmin Qanunun 29.2-ci maddəsinə əsasən Cavabdeh1 ilə bağlı xx.xx.2022-ci il tarixdə MŞB-18-00210 nömrəli “İlkin mediasiya sessiyasından iştirak edilməməsi barədə arayış verilmişdir. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün 400 (dörd yüz) manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh3 izahatında iddia tələbində göstərilən əsas borcu qəbul etdiyini, faiz borcu ilə razı olmadığını, faiz borcunun 5-6 min manat artıq hesablandığını bildirmiş, borcun bir qismini yaxın vaxtda ödəyəcəyini, qalan hissəsini isə 7-8 ay ərzində hissə-hissə ödəmək fikrində olduğunu qeyd etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh3 vəkili Vəkil bildirmişdir ki, bank bilərəkdən öz vəzifələrini yerinə yetirməyərək məhkəməyə müraciət etmək üçün müddəti uzatmış və artıq faiz borcu hesablamışdır. Bank borcu tələb etdikdə Cavabdeh3 borcu ödəmək imkanı olmadığını bildirmişdir. Bu halda bank 90 gün tamam olduqdan sonra müqaviləyə xitam verilməsi və kredit borcunun tutulması ilə bağlı iddia tələbini məhkəmədə irəli sürməli idi. Buna görə də, cavabdehlərdən 90 gün üçün hesablanmış faiz borcu tutulmalıdır. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh2 tutmanın ipoteka predmetinə yönəldilməsinə etiraz etməmişdir. Cavabdeh1 məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 28 aprel 2021ci il tariхli, 200879-644074/2 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh3 əsas vəsaitlərin artırılması məqsədi ilə borcalanın Sumqayıt şəhərində sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi üçün illik 20 faiz dərəcəsi ilə 24 ay müddətinə 108000 (yüz səkkiz min) manat məbləğində kredit verilmişdir. - Ödəniş cədvəlindən (28 aprel 2021-ci il tariхli, 200879-644074/2 nömrəli kredit müqaviləsinə Əlavə) görünür ki, borcalan Cavabdeh3 banka olan borcunun müvafiq ödəniş cədvəlinə əsasən son ödəniş tarixi 28 aprel 2023-cü il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş cədvəli borcalan Cavabdeh3 imzası ilə təsdiq etmişdir. - İpoteka saxlayan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə borc alan Cavabdeh3 və ipoteka qoyan Cavabdeh2 arasında bağlanmış 28 aprel 2021-ci il tariхli 103879-845339/1 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan Cavabdeh2 "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 28 aprel 2021-ci il tariхli, 200879-644074/2 nömrəli kredit müqaviləsi üzrə yaranmış öhdəliyinin icrasının təminatı kimi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 45.93 kv.m olan 47 nömrəli mənzili ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. - Cavabdeh1 tərəfindən verilmiş 28 aprel 2021-ci il tariхli ərizədən görünür ki, o, birgə nikah dövründə əldə edilmiş, əri Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 45.93 kv.m olan 47 nömrəli mənzilin bankdan götürülən kreditin təminatı kimi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilməsinə etiraz etməmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 45.93 kv.m olan 47 nömrəli mənzil Cavabdeh2 xüsusi mülkiyyətindədir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışdan görünür ki, Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 45.93 kv.m olan 47 nömrəli mənzil 03 may 2021-ci il tarixdən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş, əsas öhdəliyin mahiyyəti kimi 28 aprel 2021-ci il tariхli, 200879- 644074/2 nömrəli kredit müqaviləsi, öhdəliyin məbləği isə 108000 manat göstərilmişdir. - İddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh3 28 aprel 2021-ci il tariхli, 200879-644074/2 nömrəli kredit müqaviləsi üzrə 27 fevral 2023-cü il tarixinə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 59331,67 manat məbləğində əsas borcu, 12560,18 manat məbləğində faiz borcu olmaqla, cəmi 71891,85 manat məbləğində borcu vardır. - 31 avqust 2023-cü il tarixli 9/3366, 9/3369, 10/3189 nömrəli ekspert rəyindən görünür ki, 28 aprel 2021-ci il tariхli, 200879-644074/2 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh3 27 fevral 2023-cü il tarixə banka 59331,41 manat əsas borcu və 9774,07 manat faiz borcu vardır. Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 45.93 kv.m olan 47 nömrəli mənzilin likvid qiyməti 59500 manat təşkil edir. Qeyd olunur ki, məhkəmənin 19 oktyabr 2023-cü il tarixli e-2-2(119)-415/2023 nömrəli qərardadına əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iş üzrə tələbin “cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 45.93 kv.m olan 47 nömrəli mənzildən çıxarılması və həmin mənzilin boşaldılması” hissəsində icraata xitam verilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh3 iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin Cavabdeh3 28 aprel 2021-ci il tariхli, 200879- 644074/2 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə yuxarıda təsvir olunanlara əsasən hesab edir ki, borcalan Cavabdeh3 28 aprel 2021-ci il tariхli, 200879-644074/2 nömrəli kredit müqaviləsi üzrə kredit ödənişlərinin müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən həmin müqavilə üzrə yaranmış borc ondan tutulmalıdır. Lakin Cavabdeh3 tutulmalı olan əsas borc və faiz borcunun məbləğləri müəyyən edilərkən iş üzrə keçirilmiş ekspertizanın 31 avqust 2023cü il tarixli 9/3366, 9/3369, 10/3189 nömrəli ekspert rəyi mötəbər sübut olaraq nəzərə alınmalıdır. Belə ki, iddia tələbində 27 fevral 2023-cü il tarixinə hesablanaraq tələb edilən “59331,67 (əlli doqquz min üç yüz otuz bir manat altmış yeddi qəpik) manat əsas borc və 12560,18 (on iki min beş yüz altmış manat on səkkiz qəpik) 31 avqust 2023-cü il tarixli 9/3366, 9/3369, 10/3189 nömrəli ekspert rəyi ilə təsdiq olunmur. Buna görə də, həmin müqavilə üzrə əsas və faiz borcunun tutulması hissəsində ekspert rəyi mötəbər sübut kimi nəzərə alınmalı və Cavabdeh3 ekspert rəyində qeyd edilən 59331,41 (əlli doqquz min üç yüz otuz bir manat qırx bir qəpik) manat əsas borc və 9774,07 (doqquz min yeddi yüz yetmiş dörd manat yeddi qəpik) manat faiz borcu tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Kredit müqaviləsi üzrə Cavabdeh3 üzərinə düşən öhdəliklərin icrasının təmini məqsədilə iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış müvafiq ipoteka müqaviləsinə əsasən ipoteka qoyan Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 45.93 kv.m olan 47 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Tutmanın ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsi barədə tələb Mülki Məcəllənin 317 və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur. “İpoteka haqqında” Qanunun 39.3.3-cü bəndinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iş üzrə keçirilmiş ekspertizaların nəticəsi olaraq verilmiş 31 avqust 2023-cü il tarixli 9/3366, 9/3369, 10/3189 nömrəli ekspert rəyi nəzərə alaraq hesab edir ki, ipotekaya qoyulmuş əmlakın ilkin satış (likvid) qiyməti 59500 (əlli doqquz min beş yüz) manat göstərilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İddia tələbinin “mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərcinin Cavabdeh3 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, məhəməyə təqdim olunmuş “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, ilkin mediasiya sessiyasında iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iştirak etmiş olsa da, mediasiya prosesi davam etdirilməmişdir. Buna görə məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən mediatora ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərcinin 200 (iki yüz) manat hissəsi Cavabdeh3 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Həmçinin iddiaçı tərəfindən ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı da Cavabdeh3 tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh3 59331,41 (əlli doqquz min üç yüz otuz bir manat qırx bir qəpik) manat məbləğində əsas borc və 9774,07 (doqquz min yeddi yüz yetmiş dörd manat yeddi qəpik) manat məbləğində faiz borcu, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumu, 30 (otuz) manat məbləğində xidmət haqqı və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 69350,48 (altmış doqquz min üç yüz əlli manat qırx səkkiz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı olan cəmi 69350,48 (altmış doqquz min üç yüz əlli manat qırx səkkiz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 45.93 kv.m olan 47 nömrəli mənzilə yönəldilməli, həmin ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan cəmi 69350,48 (altmış doqquz min üç yüz əlli manat qırx səkkiz qəpik) manat məbləğində borc ödənilməli və ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 45.93 kv.m olan 47 nömrəli mənzilin ilkin satış qiyməti 59500 (əlli doqquz min beş yüz) manat müəyyən edilməlidir. İddia qalan hissədə təmin olunmamalıdır. Bundan başqa iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdeh3 tutularaq X1 ödənilməlidir. Eyni zamanda iddianın təmin edilmiş hissəsinə uyğun olaraq hesablanmış 297,32 (iki yüz doxsan yeddi manat otuz iki qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh3 dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh3 59331,41 (əlli doqquz min üç yüz otuz bir manat 41 qəpik) manat məbləğində əsas borc və 9774,07 (doqquz min yeddi yüz yetmiş dörd manat yeddi qəpik) manat məbləğində faiz borcu, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumu, 30 (otuz) manat məbləğində xidmət haqqı və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 69350,48 (altmış doqquz min üç yüz əlli manat qırx səkkiz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdeh3 tutulmalı olan cəmi 69350,48 (altmış doqquz min üç yüz əlli manat qırx səkkiz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 45.93 kv.m olan 47 nömrəli mənzilə yönəldilsin və həmin ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan cəmi 69350,48 (altmış doqquz min üç yüz əlli manat qırx səkkiz qəpik) manat məbləğində borc ödənilsin. ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 45.93 kv.m olan 47 nömrəli mənzilin ilkin satış qiyməti 59500 (əlli doqquz min beş yüz) manat müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdeh3 tutularaq X1 ödənilsin. Cavabdeh3 dövlət nəfinə 297,32 (iki yüz doxsan yeddi manat otuz iki qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-415/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-415/2023
19.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver