Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-44/2025 25.06.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 28 dekabr 2021-ci il tarixli SHMFS-302 nömrəli kredit müqaviləsi üzrə 8977,96 (səkkiz min doqquz yüz yetmiş yeddi manat, doxsan altı qəpik) manat məbləğində əsas borc, 1403,18 (min dörd yüz üç manat, on səkkiz qəpik) manat məbləğində faiz borcu və 1406,89 (min dörd yüz altı manat, səksən doqquz qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 11788,03 (on bir min yeddi yüz səksən səkkiz manat, üç qəpik) manat məbləğində borcun, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsinin hesabına bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 (əlli bir) manat məbləğində dövlət rüsumunun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 125 (yüz iyirmi beş) manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması, tələbin tam mülkiyyət hüququ ilə cavabdehə məxsus ünvan 1 ünvanındakı 0,04 ha torpaq sahəsində yerləşən 117 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ilkin satış qiyməti müəyyənləşdirilməklə bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına yuxarıda qeyd edilmiş məbləğlərin iddiaçıya ödənilməsi, həmin vəsait borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin cavabdehdən tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Şamaxı filialı ilə Cavabdeh arasında bağlanmış 28 dekabr 2021-ci il tarixli SHMFS-302 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə illik 20 faiz dərəcəsi olmaqla, 28 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. 28 dekabr 2021-ci il tarixli SHMFS-302 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ üzrə cavabdehə məxsus ünvan 1 ünvanındakı 0,04 ha torpaq sahəsində yerləşən 117 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi iddiaçının xeyrinə 28 dekabr 2021-ci il tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilmiş və bu yüklülük dövlət qeydiyyatına alınmışdır. 28 dekabr 2021-ci il tarixli SHMFS-302 nömrəli kredit müqaviləsinin şərtlərinə əsasən, cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, həmin cavabdeh öhdəliklərinin icra edilməsindən yayınmışdır. İddia ərizəsinə əlavə edilmiş maliyyə arayışına əsasən, cavabdehin 28 dekabr 2021-ci il tarixli SHMFS-302 nömrəli kredit müqaviləsi üzrə 8977,96 manat məbləğində əsas borc, 1403,18 manat məbləğində faiz borcu, 1406,89 manat məbləğində cərimə borcu olmaqla, cəmi 11788,03 manat məbləğində təşkil edir. 28 dekabr 2021-ci il tarixli SHMFS-302 nömrəli kredit müqaviləsinin 4.3.5-ci yarımbəndinə əsasən, borc alan həmin müqavilə üzrə ona verilmiş krediti və onun faizini vaxtında ödəmədikdə (lazımınca ödəmək öhdəliyin ən azı bir dəfə pozduqda), habelə bu müqavilə ilə müəyyən edilmiş hər hansı bir öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, kreditor bu müqaviləyə xitam verilib-verilməməsindən asılı olmayaraq kreditin hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl qaytarılmasını borcalandan tələb edə bilər. İddiaçının nümayəndəsi 10 iyun 2024-cü il tarixində məhkəməyə vəsatətlə müraciət edərək, ipoteka predmetinin bazar və likvid qiymətlərinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-əmtəşünaslıq ekspertizasının təyin olunmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 11 iyun 2024-cü il tarixli e-2-2(119)-802/2024 nömrəli qərardadı ilə həmin vəsatət təmin edilərək iş üzrə məhkəmə-əmtəşünaslıq, həmçinin məhkəmə-mühasibatlıq ekspertizalarının təyin edilməsi qərara alınmışdır. İddiaçı 02 sentyabr 2024-cü il tarixində məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək Cavabdeh 28 dekabr 2021-ci il tarixli SHMFS- 302 nömrəli kredit müqaviləsi üzrə 8927,96 manat məbləğində əsas borc, 2750,01 manat məbləğində faiz borcu və 1427 manat məbləğində cərimə olmaqla, cəmi 13104,97 manat məbləğində borcun, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 14 saylı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 manat məbləğində dövlət rüsumunun əvəzinin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 130 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması, tələbin tam mülkiyyət hüququ ilə cavabdehə məxsus ünvan 1 ünvanındakı 0,04 ha torpaq sahəsində yerləşən 117 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ilkin satış qiyməti müəyyənləşdirilməklə bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına yuxarıda qeyd edilmiş məbləğlərin iddiaçıya ödənilməsi, həmin vəsait borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin cavabdehdən tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı 24 iyun 2025-ci il tarixində məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilərək iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülk Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq, işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, iddia tələbinin həcminin artırılması barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materialları: Belə ki, iş materiallarında olan iddiaçı ilə cavabdeh arasında bağlanmış 28 dekabr 2021-ci il tarixli SHMFS-302 nömrəli kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən, borc verən (İddiaçı ASC) bu müqavilənin şərtləri daxilində borc alana (Cavabdeh) əsas vəsaitlərin artırılması məqsədilə 15000 (on beş min) manat məbləğdə kredit verməyi, borc alan isə aldığı krediti bu müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan “Kreditin ödəniş cədvəli”nə (1 saylı Əlavə) uyğun olaraq borcverənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, kredit 28 (iyirmi səkkiz) ay müddətinə verilir. Borc alana kredit bir dəfə və ya hissə-hissə verilir. Kreditin ilk dəfə verilən məbləği 15000 manatdan çox olmamalıdır. Kredit borcalan tərəfindən bir dəfəyə və ya hissə-hissə istifadə oluna bilər. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, kreditə görə illik 20% (iyirmi) faiz hesablanır. Müqavilə üzrə faktiki illik faiz dərəcəsi (FİFD) 21% təşkil edir. Həmin müqavilənin 2.14.2-ci yarımbəndinə əsasən, müqavilənin müddəti ərzində “kreditin ödəniş cədvəli” üzrə ödənişlərin gecikməsi zamanı vaxtında ödənilməmiş məbləğin 1 (bir) faizi (gecikmənin birinci günündən başlayaraq) məbləğində borcalan cərimə ödəməlidir. Həmin müqavilənin 4.1.1-ci yarımbəndinə əsasən, əgər borcalan bu müqavilənin 2.2ci bəndində təsbit edilmiş kredit şərtlərini müqavilədə göstərilən müddətdə ödəməyərək pozarsa və buna görə də, borcverən borcun tutulması ilə bağlı məhkəməyə və ya icra qeydi almaq üçün notariusa müraciət edərsə, iş üzrə icra sənədi çıxarıldıqdan sonrakı müddət ərzində hesablanmış faizləri, o cümlədən vaxtı keçmiş ikiqat faizləri və borcun tutulması üçün bank tərəfindən çəkilmiş müəyyən xərcləri borcalan özünün borcu kimi etiraf və qəbul edir və həmin faiz və ikiqat faiz borcunu ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 4.1.3-cü yarımbəndinə əsasən, müqavilə ilə üzərinə götürdüyü vəzifələri vaxtında və lazımi qaydada yerinə yetirmək borcalanın öhdəliyidir. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən, müqavilə üzrə borc alanın öhdəliklərinin icrası dəbbə pulu (cərimə, peniya) girov, ipoteka, zaminlik və digər təminatla təmin edilir. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən, borc alan kreditin ödəniş cədvəlinə əsasən ödənişi gecikdirərsə, hər gecikdirilmiş günə görə hazırki müqavilənin 2.13-cü bəndinə əsasən dəbbə pulu (cərimə) ödəməlidir. İş materiallarında olan ödəniş qrafikindən görünür ki, Cavabdeh banka olan borcunun həmin qrafikə uyğun olaraq son ödəniş tarixi 28 aprel 2024-cü il tarixi olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan tərəflər arasında bağlanmış 08 iyun 2023-cü il tarixli baş kredit müqaviləsinin (kredit müqaviləsinin) 1-ci bəndinə əsasən, 28 dekabr 2021-ci il tarixli SHMFS-302 nömrəli kredit müqaviləsinin ödəniş qrafikinə “28 iyun 2023-cü il tarixindən başlayaraq 28 aprel 2024-cü il tarixinədək hər ay 500 manat olmaqla aylıq ödəniş təyin edilir. Sistem üzrə dəbbə və qalıq borc müddətin sonunda tam olaraq ödənilməsi qəbul edilir.” məzmunlu dəyişiklik edilmişdir. İş materiallarında olan İddiaçı ASC və Cavabdeh arasında bağlanmış 28 dekabr 2021-ci il tarixli SHMFS-302 nömrəli ipoteka müqaviləsinin 1.1-ci bəndinə əsasən, bu müqavilənin 3.1-ci bəndində göstərilən müqavilə (müqavilələr) üzrə yaranmış öhdəliklərin təminatı olaraq bu müqavilənin 2.1-ci bəndində qeyd olunmuş əmlak (əmlaklar) ipoteka ilə yüklü edilir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, ipotekanın predmeti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi **********67-10301 qeydiyyat nömrəli, ********** reyestr nömrəli, 13 dekabr 2021-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh tam mülkiyyət hüququ üzrə məxsus olan ünvan 1 ünvanındakı 0,04 ha torpaq sahəsində yerləşən 117 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evidir. Həmin müqavilənin 2.2-ci bəndində ipoteka predmetinə tutmanın yönəldilməsi zamanı ipoteka predmetinin satış qiymətini müəyyən edən qiymətləndirici şirkətlərin adları sadalanmış və həmin qiymətləndiricilərdən biri kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti qeyd edilmişdir. Həmin müqavilənin 9.1.1-ci yarımbəndinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayana ipoteka predmetinə tutma yönəltmək hüququ verir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən daşınmaz əmlak dövlət reyestrində 47 nömrəli reyestr kitabının 40 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışdan görünür ki, ünvan 1 ünvanındakı 0,04 ha torpaq sahəsində yerləşən 117 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, əsas öhdəliyin mahiyyəti kimi 28 dekabr 2021-ci il tarixli SHMFS-302 nömrəli müqavilə göstərilmişdir. İş materiallarında olan 04 aprel 2024-cü il tarixli RB-02/PK-1275 nömrəli maliyyə arayışından görünür ki, cavabdehin 28 dekabr 2021-ci il tarixli SHMFS-302 nömrəli kredit müqaviləsi üzrə 04 aprel 2024-cü il tarixə 8977,96 manat məbləğində əsas borc, 1403,18 manat məbləğində faiz borcu, 1406,89 manat məbləğində cərimə olmaqla, cəmi 11788,03 manat məbləğində borcu vardır. İş materiallarında olan 02 sentyabr 2024-cü il tarixli RB-02/PK-3819 nömrəli maliyyə arayışından görünür ki, cavabdehin 28 dekabr 2021-ci il tarixli SHMFS-302 nömrəli kredit müqaviləsi üzrə 02 sentyabr 2024-cü il tarixə 8927,96 manat məbləğində əsas borc, 2750,01 manat məbləğində faiz borcu, 1427 manat məbləğində cərimə olmaqla, cəmi 13104,97 manat məbləğində borcu vardır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilmiş 23 noyabr 2021-ci il tarixli 01/14946 nömrəli arayışın məzmununda ipoteka predmeti olan ünvan 1 ünvanındakı 0,04 ha torpaq sahəsində yerləşən 117 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin 22 noyabr 2021-ci il tarixinə bazar dəyərinin 60400 manat məbləğində olduğu qeyd edilmişdir. İş materiallarında olan iddiaçının nümayəndələri tərəfindən tərtib edilmiş 22 dekabr 2021-ci il tarixli 01 nömrəli raportun məzmununda ipoteka predmeti olan ünvan 1 ünvanındakı 0,04 ha torpaq sahəsində yerləşən 117 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin 22 dekabr 2021-ci il tarixinə bazar dəyərinin 40000 manat, likvid dəyərinin isə 30000 manat məbləğində olduğu qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə təqdim edilmiş 15 avqust 2024-cü il tarixli 9/5140 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasına dair ekspert rəyinin nəticə hissəsində göstərilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, maliyyə arayışı məlumatları, 28 dekabr 2021-ci il tarixli SHMFS-302 nömrəli kredit müqaviləsi və razılaşma şərtləri əsas götürülməklə cavabdehin 04 aprel 2024-cü il tarixə olan borcu: əsas borc üzrə 10530,26 manat, faiz borcu üzrə 110,61 manat məbləğində müəyyən edilmişdir. Həmçinin qeyd edilmişdir ki, ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi cavabdeh tərəfindən 04 aprel 2024-cü il tarixindən sonra 50 manat məbləğində ödəniş aparılmışdır. Lakin iş materiallarında borc məbləğinin hesablanma tarixi 04 aprel 2024-cü il tarixə göstərildiyindən sonradan ödənilən 50 manat məbləğində ödəniş nəzərə alınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 03 aprel 2025-ci il tarixli 10/5100, 9/5275 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasına dair ekspert rəyinin nəticə hissəsində “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yaxın ərazilərdə yerləşən analoji fərdi yaşayış evləri barədə məlumat olmadığından, sözügedən fərdi yaşayış evinin mövcud orta bazar və likvid qiymətini müəyyən etmək mümkün olmadı” qeyd edilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş 02 iyun 2025-ci il tarixli 06/BD nömrəli mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanındakı 0,04 ha torpaq sahəsində yerləşən 117 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin likvid dəyəri 50000 manat, bazar dəyəri 60000 manat məbləğində təşkil edir. İş materiallarına, həmçinin hesabdan çıxarış sənədləri əlavə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü və 269.5-ci maddələrinə əsasən, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci 319.4-cü maddələrinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci və 739.2-ci maddələrinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və (və ya) ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən, işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 28 dekabr 2021-ci il tarixli SHMFS-302 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə illik 20 % faiz dərəcəsi olmaqla 28 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək ödənilməli olan əsas və faiz borclarını tam ödəməmiş və bununla da iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmiş, nəticədə onun sözügedən kredit müqaviləsi üzrə borcu yaranmışdır. Məhkəmə hesab edir ki, 28 dekabr 2021-ci il tarixli SHMFS-302 nömrəli kredit müqaviləsi üzrə tutulmalı olan əsas borcun məbləği müəyyən edilərkən iddia tələbi və cavabdehin mənafeyi nəzərə alınaraq əsas borcun məbləği məhkəmə-mühasibatlıq ekspertizasının 15 avqust 2024-cü il tarixli 9/5140 nömrəli ekspert rəyində müəyyən edilmiş nəticəyə əsasən deyil, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələbləri (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) nəzərə alınmaqla, iddiaçı tərəfindən verilmiş iddia tələbinə uyğun olaraq müəyyən edilməlidir. Belə ki, 15 avqust 2024-cü il tarixli 9/5140 nömrəli ekspert rəyində kredit müqaviləsi üzrə əsas borcun 10530,26 (04 aprel 2024-cü il tarixindən sonra həyata keçirilmiş 50 manat məbləğində ödənişin obyektiv səbəbdən nəzərə alınmadığı rəydə qeyd edilmişdir) manat məbləğində olması müəyyən edilmiş olsa da, iddia tələbində iddiaçı tərəfindən 8927,96 manat məbləğində əsas borcun tutulması tələb olunur. Ona görə də Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələblərinə uyğun olaraq kredit müqaviləsi üzrə iddia tələbində göstərilən məbləğdə, yəni 8927,96 manat məbləğində əsas borc tutulmalıdır. Çünki iddia tələbi üzrə hesablanmış əsas borcun məbləği ekspert rəyində hesablanmış məbləğdən az məbləğdədir və bu səbəbdən də həmin kredit müqaviləsi üzrə əsas borcun tutulmasında ekspert rəyində müəyyən edilmiş nəticə nəzərə alınmayaraq, iddia tələbi üzrə 8927,96 manat məbləğində əsas borc tutulmalıdır. Məhkəmə qeyd edir ki, 28 dekabr 2021-ci il tarixli SHMFS-302 nömrəli kredit müqaviləsi üzrə tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən 15 avqust 2024cü il tarixli 9/5140 nömrəli ekspert rəyi mötəbər sübut olaraq nəzərə alınmalı, həmin kredit müqaviləsi 110,61 manat məbləğində faiz borcu tutulmalıdır. Belə ki, iddia ərizəsində sözügedən kredit müqaviləsi üzrə 1406,89 manat məbləğində (iddia tələbinin həcminin artırılması barədə ərizədə isə 2750,01 manat) məbləğində faiz borcunun tutulması xahiş edilsə də, ekspert rəyində faiz borcunun məbləği 110,61 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 28 dekabr 2021-ci il tarixli SHMFS- 302 nömrəli kredit müqaviləsi üzrə 8927,96 manat məbləğində əsas borc, 110,61 manat məbləğində faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin cavabdehdən 28 dekabr 2021-ci il tarixli SHMFS-302 nömrəli kredit müqaviləsi üzrə 1427 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin kredit müqaviləsi üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və bağlanmış kredit müqaviləsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan (kredit müqaviləsinin 2.14.2-ci yarımbəndi) iddiaçı cavabdehdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə hesab edir ki, tələb olunan cərimənin əsas borc məbləğinə nisbəti nəzərə alınmaqla, iddia tələbinin cavabdehdən 1427 manat məbləğində cərimənin tutulmasına aid hissəsi qismən təmin olunmalı, tələb olunan cərimənin məbləği azaldılaraq cavabdehdən cəmi 450 manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı və cavabdeh arasında bağlanmış 28 dekabr 2021-ci il tarixli SHMFS-302 nömrəli ipoteka müqaviləsinə əsasən ünvan 1 ünvanındakı 0,04 ha torpaq sahəsində yerləşən 117 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə müvafiq pul vəsaitlərinin ipoteka ilə yüklü edilmiş həmin mənzilə yönəldilməsi barədə tələb Mülki Məcəllənin 317-ci və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğundur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iş üzrə "xxxx" MMC tərəfindən təqdim edilmiş 02 iyun 2025-ci il tarixli 06/BD nömrəli mütəxəssis rəyini nəzərə alaraq hesab edir ki, ipotekaya qoyulmuş əmlakın ilkin satış (likvid) qiyməti 50000 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 03 aprel 2025-ci il tarixli 10/5100, 9/5275 nömrəli ekspert rəyinin nəticə hissəsində ipoteka predmetinə yaxın ərazilərdə yerləşən analoji fərdi yaşayış evləri barədə məlumat olmadığına görə sözügedən fərdi yaşayış evinin mövcud orta bazar və likvid qiymətini müəyyən etmək mümkün olmadığı qeyd edildiyindən, məhkəmə ipoteka predmetinin ilkin satış qiymətini müəyyənləşdirərkən 02 iyun 2025-ci il tarixli 06/BD nömrəli mütəxəssis rəyini mötəbər sübut kimi qəbul edir. Məhkəmə iddia tələbinin “satışdan əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin cavabdehdən tutulması”na dair hissəsi ilə bağlı məhkəmə yuxarıda göstərilənləri və iş üzrə məhkəmə araşdırması zamanı müəyyən olunan digər halları, o cümlədən Mülki Məcəllənin, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun və "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərini nəzərə alaraq hesab edir ki, tələbin həmin hissədə əsaslılığı müəyyən olunmadığı üçün təmin edilməməlidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, borcun yönəldiyi ipoteka predmetinin satışından əldə edilən vəsait cavabdehdən tutulan borcu tam ödəmədikdə, ödənilməyən hissənin cavabdehdən alınması, yəni qətnamə əsasında verilmiş icra sənədi ödənilməyən hissədə yuxarıda qeyd olunan Məcəllə və Qanunların tələblərinə uyğun olaraq ümumi qaydada icra edilir. Yəni satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərə aid olduğundan iddianın həmin hissədə əsassız hesab edilərək təmin edilməməlidir. Bundan başqa, iddia tələbinin “iddiaçı tərəfindən ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 51 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəməyə təqdim edilmiş müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişlərindən görünür ki, iddiaçı tərəfindən ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 15 manat məbləğində dövlət rüsumu və 30 manat məbləğində xidmət haqqı olmaqla, ümumilikdə 45 manat məbləğində pul vəsaiti ödənilmişdir. Buna görə də iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində xidmət haqqının, 15 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi təşkil edir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 114,88 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15 avqust 2024-cü il tarixli 9/5140 nömrəli ekspert rəyinə əlavə olunmuş ekspertiza xərclərinə dair bildiriş üzrə 100 manat, 03 aprel 2025-ci il tarixli 10/5100, 9/5275 nömrəli ekspert rəyinə əlavə olunmuş ekspertiza xərclərinə dair bildiriş üzrə 50 manat məbləğində olmaqla aparılan ekspertiza tədqiqatlarının dəyəri ümumilikdə 150 manat təşkil etmişdir. Hazırkı iddia ərizəsi qismən təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 150 manat məbləğində pul vəsaiti Mülki Prosessual Məcəllənin yuxarıda istinad edilmiş 119.1-ci maddəsinə əsasən, cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bunlardan əlavə, "xxxx" MMC-nin 02 iyun 2025-ci il tarixli 06/BD nömrəli mütəxəssis rəyi üzrə məhkəməyə təqdim edilmiş mütəxəssis tədqiqatın dəyəri ilə bağlı hesabfakturadan görünür ki, aparılan tədqiqatın dəyəri 500 manat təşkil etmişdir. Hazırkı iddia ərizəsi qismən təmin edildiyindən iş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 500 manat məbləğində pul vəsaiti Mülki Prosessual Məcəllənin yuxarıda istinad edilmiş 119.1-ci maddəsinə əsasən, cavabdehdən tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdеhdən 8927,96 manat məbləğində əsas borc, 110,61 manat məbləğində faiz borcu, 450 manat məbləğində cərimə, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində xidmət haqqının, 15 manat məbləğində dövlət rüsumunun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 114,88 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 9648,45 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, cavabdehdən tutulmalı olan cəmi 9648,45 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş cavabdehə məxsus ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında 0,04 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 117 kv.m. olan fərdi yaşayış evinə yönəldilməli və həmin ipoteka predmeti açıq hərracda satılaraq iddiaçıya olan cəmi 9648,45 manat məbləğində borc ödənilməli, ipoteka predmeti olan ünvan 1 ünvanında 0,04 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 117 kv.m. olan fərdi yaşayış evinin ilkin satış qiyməti 50000 manat məbləğində müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 150 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməli, iş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 500 manat məbləğində pul vəsaiti cavabdehdən "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 8927,96 (səkkiz min doqquz yüz iyirmi yeddi manat, doxsan altı qəpik) manat məbləğində əsas borc, 110,61 (yüz on manat, altmış bir qəpik) manat məbləğində faiz borcu, 450 (dörd yüz əlli) manat məbləğində cərimə, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat məbləğində xidmət haqqının, 15 (on beş) manat məbləğində dövlət rüsumunun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 114,88 (yüz on dörd manat, səksən səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 9648,45 (doqquz min altı yüz qırx səkkiz manat, qırx beş qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdeh tutulmalı olan cəmi 9648,45 (doqquz min altı yüz qırx səkkiz manat, qırx beş qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında 0,04 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 117 kv.m. olan fərdi yaşayış evinə yönəldilsin və həmin ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı ASC-yə olan cəmi 9648,45 (doqquz min altı yüz qırx səkkiz manat, qırx beş qəpik) manat məbləğində borc ödənilsin. İpoteka predmeti olan ünvan 1 ünvanında 0,04 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 117 kv.m. olan fərdi yaşayış evinin ilkin satış qiyməti 50000 (əlli min) manat məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 500 (beş yüz) manat məbləğində pul vəsaiti Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-44/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-44/2025
25.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver