Məhkəmə qərarları › İş №e-2-2(119)-442/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-442/2024

07.11.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-442/2024 07.11.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Əsədli Şəfa Zahir qızının katibliyi, İddiaçı Sumqayıt bələdiyyəsinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Sumqayıt bələdiyyəsinin Cavabdehnə qarşı “icarə müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə borcun və digər ödənişlərin tutulması və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılaraq təhvil verilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Sumqayıt bələdiyyəsi Cavabdehnə qarşı “icarə müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə borcun və digər ödənişlərin tutulması və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılaraq təhvil verilməsi” tələbi barədə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 16 noyabr 2004-cü il tarixli 140 nömrəli torpaq icarəsi müqaviləsi əsasında çoxmərtəbəli yaşayış binasının tikintisi məqsədilə cavabdehin icarəsinə verilmiş Sumqayıt şəhərinin 6-cı mikrorayonu ərazisində yerləşən sahəsi 6520 kvadrat metr olan torpaq sahəsindən istifadəyə görə iddiaçıya yaranmış icarə haqqı üzrə 16300 (on altı min üç yüz) manat məbləğində borc, 1784,85 (min yeddi yüz səksən dörd manat, səksən beş qəpik) manat məbləğində dəbbə pulu, gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz olmaqla hesablanmış 121,95 (yüz iyirmi bir manat, doxsan beş qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 18206,80 (on səkkiz min iki yüz altı manat, səksən qəpik) məbləğində pul vəsaitinin, həmçinin 200 (iki yüz) manat məbləğində mediasiya xərcinin əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması, həmin torpaq sahəsinə dair tərəflər arasında bağlanılmış 16 noyabr 2004-cü il tarixli, 140 nömrəli torpaq icarə müqaviləsinin ləğv edilməsi, torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılması və onun hesabına əvvəlki vəziyyətə gətirilərək iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt bələdiyyəsinin 05 noyabr 2004-cü il tarixli 13 nömrəli qərarı ilə Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində yerləşən ümumi sahəsi 6520 kvadrat metr olan torpaq sahəsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə Cavabdeh icarəsinə verilmiş və tərəflər arasında 16 noyabr 2004-cü il tarixli140 nömrəli torpaq icarə müqaviləsi bağlanılmışdır. Lakin Cavabdeh sözügedən torpaq icarə müqaviləsi üzrə müəyyən edilmiş müqavilə öhdəliklərini lazımi şəkildə icra etməmişdir. Belə ki, cavabdeh torpaq sahəsinə dair bağlanılmış icarə müqaviləsi ilə müəyyən edilmiş illik icarə haqqını müəyyən edilmiş müddətlər ərzində ödəməmişdir ki, bunun da nəticəsində Cavabdehn iddia ərizəsi ilə məhkəməyə müraciət edilən günədək Sumqayıt bələdiyyəsinə icarə haqqı üzrə 16300 manat, həmin müqavilə üzrə illik 5% olmaqla 121,95 və dəbbə pulu olaraq 1784,85 manat, ümumilikdə 18206,80 manat məbləğində icarə haqqı borcu yaranmışdır. Bununla əlaqədar cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək iddia ərizəsində qeyd edilənlərə uyğun izahat vermişdir. İddiaçının nümayəndəsi əlavə olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli verilmiş məktubuna münasibətdə qeyd etmişdir ki, 2019-cu ildə yeni elektron xəritə tərtib edilərkən bəzi bələdiyyə torpaqları dövlət mülkiyyətinə verilmişdir. Mübahisələndirilən torpaq sahəsi də qeyd edilən torpaqlara aiddir. Məhkəmənin 19 mart 2024-cü il və 16 may 2024-cü il tarixlərində keçirilmiş iclaslarında iştirak edən cavabdehin qanuni təmsilçisi iddia ərizəsinə etiraz edərək izahatlarında bildirmişdir ki, Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində yerləşən 6520 kv.m ərazini ilkin olaraq bələdiyyə qərarı ilə icarəyə götürülmüşdür. Sonradan həmin ərazi torpaq komitəsindən 49 illiyə icarəyə götürülmüşdür. Torpaq komitəsində həmin ərazi dövlət mülkiyyətində olan torpaq kimi qeydiyyatdan keçmişdir Buna baxmayaraq 2022-ci ilə qədər bələdiyyəyə icarə haqqı ödənmişdir. Sonradan bələdiyyə tərəfindən 800 manat məbləğin ödənilməsi üçün bildiriş verilmiş, cavabdeh təşkilat tərəfindən elektron qaimənin verilməsi təklif edilmiş, bələdiyyə isə icarə haqqının ödənilməsi üçün 16000 manat dəyərində elektron qaimə göndərmişdir. Bundan sonra, cavabdeh ödənişi etməkdən imtina etmiş, həmin torpağa dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə sorğu ilə müraciət etmişdir. Sorğuya cavab olaraq bildirilmişdir ki, həmin torpaq sahəsi dövlət mülkiyyətinə aiddir. 2019-cu ildən sonra dövlətə torpaq vergisi ödənildiyi üçün bələdiyyəyə icarə haqqı ödənilməməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İş materialları: İş materiallarında olan 16 noyabr 2004-cü il tarixli nömrəli torpaq icarəsi müqaviləsinin 1.1-ci və 1.3-cü bəndlərinə əsasən, icarəyəverən (iddiaçı Sumqayıt bələdiyyəsi) icarə əsasında sahəsi 6520 kvadrat metr olan torpaq sahəsini çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün 49 il müddətinə icarəçiyə (Cavabdehnə) istifadəyə verir, icarəçi isə onu qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən cavabdehə ünvanlanmış 18 mart 2024-cü il tarixli 3-21-3-31/2-1016/2024 nömrəli məlumatın təqdim olunması barədə məktuba əsasən, Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən, “LİDER" Mənzil- Tikinti Kooperativinin mülkiyyətinə aid olan 4 ədəd 10 mərtəbəli yaşayış binalarının yerləşdiyi ərazi elektron məlumat bazasına əsasən dövlət mülkiyyətində olan torpaq sahəsində yerləşir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(119)-442/2024 nömrəli məktubuna cavab olaraq 17 may 2024-cü il tarixində məhkəməyə təqdim olunmuş 05 may 2024-cü il tarixli 3- 21-2-31/2-1649/2024 nömrəli məlumatların təqdim edilməsi barədə məktubla müəyyən olunur ki, sözügüdən 6520.0 kv.m topraq sahəsi 2019-cu ildə təsdiq edilmiş və hal-hazırda Sumqayıt bələdiyyəsinin istifadəsində olan “Sumqayıt şəhəri Sumqayıt Bələdiyyəsi” xəritəsinə əsasən “dövlət” mülkiyyətində olan torpaqlarda yerləşir. Mübahisə üzrə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılması və mübahisənin obyektiv həlli məqsədilə tərəflər arasında bağlanmış 16 noyabr 2004-cü il tarixli 140 nömrəli torpaq icarə müqaviləsi əsasında çoxmərtəbəli yaşayış binasının tikintisi məqsədilə cavabdehin icarəsinə verilmiş Sumqayıt şəhərinin 6-cı mikrorayonu ərazisində yerləşən 6520 kvadrat metr torpaq sahəsinin mülkiyyətin hansı növünə aid olması, o cümlədən həmin növə hansı tarixdən etibarən keçməsinin müəyyən edilməsi, birinci sualda qeyd edilən torpaq sahəsinin kimin (hansı təşkilatın) mülkiyyətində, istifadəsində və ya balansında olmasının müəyyən edilməsi üçün məhkəmənin 16 may 2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. İş materiallarında olan məhkəmə mühəndis-texniki ekspertizasının 16 sentyabr 2024cü il tarixli 10/4289 nömrəli ekspert rəyinin nəticə hissəsinə əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-31/2-1719/2024 nömrəli mütəxəssis məlumatında əsasən qeyd olunur ki, sözügedən 6520.0 kv.m torpaq sahəsi 2019-cu ildə təsdiq edilmiş və halhazırda Sumqayıt bələdiyyəsinin istifadəsində olan “Sumqayıt şəhəri Sumqayıt Bələdiyyəsi” xəritəsinə əsasən “dövlət” mülkiyyətində olan torpaqlarda yerləşir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən. mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən, bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Həmin Məcəllənin 706.1-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Həmin Məcəllənin 706.2-ci maddəsinə əsasən, torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 8-ci maddəsinin 2-ci abzasına əsasən, qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində həyata keçirdiyi səlahiyyətlərinə daxildir. Həmin Məcəllənin 47-ci maddəsinin 6-cı hissəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Təsvir olunanlarla məhkəmə müəyyən etdi ki, iddiaçı 16 noyabr 2004-cü il tarixli, 140 nömrəli torpaq icarə müqaviləsi əsasında çoxmərtəbəli yaşayış binasının tikintisi məqsədi ilə cavabdehin icarəsinə verilmiş Sumqayıt şəhərinin 6-cı mikrorayonu ərazisində yerləşən sahəsi 6520 kvadrat metr olan torpaq sahəsindən istifadəyə görə iddiaçıya yaranmış icarə haqqı üzrə 16300 manat məbləğində borc, 1784,85 manat məbləğində dəbbə pulu, gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz olmaqla hesablanmış 121,95 manat məbləğində faiz borcu olmaqla, cəmi 18206,80 məbləğində pul vəsaitinin, həmçinin 200 manat məbləğində mediasiya xərcinin əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması, həmin torpaq sahəsinə dair tərəflər arasında bağlanılmış 16 noyabr 2004-cü il tarixli, 140 nömrəli torpaq icarə müqaviləsinin ləğv edilməsi, torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılması və onun hesabına əvvəlki vəziyyətə gətirilərək iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etsə də, həmin torpaq sahəsinin hazırda Sumqayıt bələdiyyəsinin mülkiyyətində olması iş üzrə toplanmış sübutlarla öz təsdiqini tapmır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 18 mart 2024-cü il tarixli 3-21-3-31/2-1016/2024 nömrəli və 05 may 2024-cü il tarixli 3-21-2-31/2-1649/2024 nömrəli müvafiq məktublarında, eləcə də ekspertizasının 16 sentyabr 2024-cü il tarixli 10/4289 nömrəli ekspert rəyində sözügedən torpaq sahəsinin dövlət mülkiyyətində olması öz əksini tapır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Eyrenin İrlandiyaya qarşı” iş üzrə qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Sumqayıt bələdiyyəsi hazırki mübahisənin predmeti olan iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul oluna bilməz, bu isə o deməkdir ki, cavabdehə qarşı iddianı tələb hüququ olmayan şəxs irəli sürmüşdür. Belə olduğu halda isə iddiaçı tərəfindən cavabdehə qarşı verilmiş “icarə müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə borcun və digər ödənişlərin tutulması və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılaraq təhvil verilməsi” tələbi barədə iddia ərizəsi təmin edilməməlidir. Bundan əlavə, iddia təmin edilmədiyindən iddia tələbinin 200 manat məbləğində mediasiya xərcinin əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsi də təmin edilməməli, həmin xərc iddiaçının özünə aid edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16 sentyabr 2024-cü il tarixli 10/4289 nömrəli ekspert rəyinə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılan ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti iddiaçıdan dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı Sumqayıt bələdiyyəsinin Cavabdehnə qarşı “icarə müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə borcun və digər ödənişlərin tutulması və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılaraq təhvil verilməsi” tələbi barədə iddia tələbi təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti iddiaçı Sumqayıt bələdiyyəsindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar