Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-455/2024 14.05.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İddiaçı Cavabdeh Mənzil Tikinti Koorperativinə qarşı “müqavilə üzrə borcun və digər ödənişin tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İddiaçı 29 fevral 2024-cü il tarixində “Elektron məhkəmə” İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdeh Mənzil Tikinti Koorperativinə qarşı “müqavilə üzrə borcun və digər ödənişin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış 28 aprel 2015-ci il tarixli radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında müqavilə üzrə 3563,49 (üç min beş yüz altmış üç manat, qırx doqquz qəpik) manat məbləğində borcun, həmçinin 70 (yetmiş) manat məbləğində mediasiya xərcinin əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında müqaviləyə əsasən iddiaçı üzərinə düşən müqavilə öhdəliklərini yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə 2022-ci il üçün 3563,49 manat məbləğində borcunu ödəməyərək müqavilə öhdəliyini lazımınca yerinə yetirməmişdir. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına, o cümlədən mediasiya vasitəsilə həllinə cəhdlər göstərilsə də, qeyd edilənlər hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə baxış iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat verib, məhkəmədən 3563,49 manat məbləğində borcun və 70 manat məbləğində mediasiya xərcinin əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh məhkəmə baxış iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan tərəflər arasında bağlanmış 28 aprel 2015-ci il tarixli 8 nömrəli radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında müqavilənin 1-ci bəndinə əsasən, icraçı (iddiaçı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İddiaçı) sifarişçinin (Cavabdeh MTK-nın) rəsmi müraciətini nəzərə alaraq UQD rabitəsi üçün tezlikləri təyin edib radiorabitə avadanlıqlarının istismarı üçün icazə verir. Həmin müqavilənin 2.1-ci, 2.4-cü və 2.5-ci bəndlərinə əsasən, radiorabitə şəbəkəsinin yaradılması üçün tələb olunan sənədləri və istifadə olunacaq radiorabitə vasitələrinin təsdiqlənmiş anketlərini təqdim etmək, radiorabitə vasitələrinin istismarına verilən icazəyə riayət etmək, Azərbaycan Respublikası Tarif (Qiymət) Şurası tərəfindən 23 iyul 2004-cü il tarixdə təsdiq edilmiş “Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri” preyskurantına uyğun ödənişlərin vaxtında aparılmasını təmin etmək sifarişçinin vəzifələrinə aiddir. Həmin müqavilənin 2.11-ci, 2.12-ci və 2.13-cü bəndlərinə əsasən, radiorabitə şəbəkəsi üçün tezlikləri təyin etmək, radiorabitə avadanlıqlarının istismarına icazə vermək, ayrılmış tezliklərin və radiorabitə vasitələrinin qeydiyyatını aparmaq icraçının vəzifələrinə aiddir. Həmin müqavilənin 3-cü bəndinə əsasən, sifarişçi rabitə vasitələri üçün təqdim etdiyi anket materiallarına əsasən, “radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri” preyskurantına uyğun hesablarda göstərilən məbləğin ödənişini 10 (on) gün müddətində təmin etməlidir. Radiorabitə vasitələri üçün təqdim olunan anketlər müqaviləyə əlavə edilərək onun əsas hissəsi sayılır və ödənişlərin aparılması üçün əsas götürülür. Hesabların ödənilməsi növbəti ilə keçirildiyi halda icraçı hər gecikdirilmiş aya görə 0,1 % penya ödənilməsini sifarişçidən tələb edir. İş materiallarında olan: - 21 iyun 2022-ci il tarixli, DRİ2022-06/443 nömrəli hesab sənədində bir ədəd radiorabitə vericisinin çıxış gücündən asılı olaraq bir tezliyin xx.xx.2022-xx.xx.2022-ci il tarixləri üzrə istismar haqqının 1213,20 manat; - 24 avqust 2022-ci il tarixli, DRİ2022-08/90 nömrəli hesab sənədində çıxış gücündən asılı olaraq bir ədəd radiorabitə vericisinin qeydiyyatının (birdəfəlik ödənişin) 450 manat, bir ədəd radiorabitə vericisinin çıxış gücündən asılı olaraq bir tezliyin xx.xx.2021xx.xx.2023-cü il tarixləri üzrə istismar haqqının 233.16 manat və xx.xx.2022-xx.xx.2023-cü il tarixləri üzrə istismar haqqının 1213,20 manat olmaqla, cəmi 1607,09 manat; - 31 oktyabr 2022-ci il tarixli, DRİ2022-10/166 nömrəli hesab sənədində DRİ2022- 08/90 nömrəli hesab üzrə fərq çıxılmaqla, xx.xx.2022-xx.xx.2023-cü il tarixləri üzrə istismar haqqının 453,93 manat məbləğində olması qeyd edilmişdir. İş materiallarında olan 30 iyun 2022-ci il tarixli, 120 nömrəli reyestrə əsasən DRİ2022-06/443 nömrəli hesab, 26 avqust 2022-ci il tarixli, 160 nömrəli reyestrə əsasən DRİ2022-08/90 nömrəli hesab və 16 noyabr 2022-ci il tarixli, 228 nömrəli reyestrə əsasən, Rİ2022-10/166 nömrəli hesab iddiaçı tərəfindən cavabdehə göndərilmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə 606,60 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 29 mart 2022-ci il tarixli EBBT seriyalı 510235 nömrəli, 202,20 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 25 aprel 2022-cü il tarixli EBBV seriyalı 088678 nömrəli, 202,20 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 31 mart 2022-ci il tarixli EBBX seriyalı 284757 nömrəli, 202,20 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 29 iyun 2022-ci il tarixli EBBZ seriyalı 112638 nömrəli, 202,20 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 28 iyul 2022-ci il tarixli EBCA seriyalı 844629 nömrəli, 202,20 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 23 avqust 2022-ci il tarixli EBCC seriyalı 382633 nömrəli, 202,20 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 23 avqust 2022-ci il tarixli EBCC seriyalı 179815 nömrəli, 453,93 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 21 dekabr 2022-ci il tarixli EBCL seriyalı 598150 nömrəli, 450 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 22 dekabr 2022-ci il tarixli EBCD seriyalı 653615 nömrəli və 839,76 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 22 dekabr 2022-ci il tarixli EBCD seriyalı 653798 nömrəli elektron qaimələr təqdim edilmişdir. İş materiallarında olan 04 aprel 2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya 08/90 nömrəli hesab üzrə 1896,36 manat, 06/443 nömrəli hesab üzrə 1213,20 manat, 10/166 nömrəli hesab üzrə 453,93 manat olmaqla ümumilikdə 3563,49 manat məbləğində borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş götməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Göründüyü kimi, yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında 28 aprel 2015-ci il tarixli 8 nömrəli nömrəli podrat müqaviləsi radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında müqavilə bağlanılmış, həmin müqavilə üzrə icraçı qismində çıxış edən iddiaçı radiorabitə şəbəkəsi üçün tezlikləri təyin etməyi, radiorabitə avadanlıqlarının istismarına icazə verməyi, ayrılmış tezliklərin və radiorabitə vasitələrinin qeydiyyatını aparmağı və digər vəzifələri yerinə yetirməyi, cavabdeh isə sifarişçinin radiorabitə şəbəkəsinin yaradılması üçün tələb olunan sənədləri və istifadə olunacaq radiorabitə vasitələrinin təsdiqlənmiş anketlərini təqdim etməyi, radiorabitə vasitələrinin istismarına verilən icazəyə riayət etməyi, Azərbaycan Respublikası Tarif (Qiymət) Şurası tərəfindən 23 iyul 2004-cü il tarixdə təsdiq edilmiş “Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri” preyskurantına uyğun ödənişlərin vaxtında aparılmasını təmin etməyi öhdəsinə götürmüş, iddiaçı müqavilə ilə üzərinə düşən öhdəlikləri icra etsə də, cavabdeh müqavilə öhdəliklərini lazımınca icra etməyərək həmin xidmətlərə görə 2022-ci il üçün ödəməli olduğu ödənişləri (radiorabitə vericisinin qeydiyyatının birdəfəlik ödənişi və müvafiq tezlikdən istifadəyə görə istismar haqqını) ödəməmiş, nəticədə onun iddiaçıya 3563,49 manat məbləğində borcu yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 28 aprel 2015-ci il tarixli 8 nömrəli radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında müqavilə üzrə 3563,49 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bundan əlavə, iddia tələbinin ödənilmiş 70 manat məbləğində mediasiya xərcinin əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə hissəsinə gəldikdə, iş materiallarında olan 03 noyabr 2023-cü il tarixli MŞB/2-3708/2023 nömrəli “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” arayışa və 14 noyabr 2023-cü il tarixli 1907 nömrəli ödəniş tapşırığına əsasən müəyyən edilir ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət edilməmişdən əvvəl cavabdehlə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədilə iddiaçı tərəfindən 70 manat məbləğində mediasiya haqqı ödənilmişdir. “Mediasiya haqqında” 29 mart 2019-cu il tarixli Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbinin 70 manat məbləğində mediasiya xərcinin əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi də təmin edilməli, yuxarıda göstərilənlər və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət edilməmişdən əvvəl mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədilə iddiaçı tərəfindən ödənilmiş 70 manat məbləğində mediasiya xərcinin əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, yuxarıda qeyd edilən 28 aprel 2015-ci il tarixli müqavilə üzrə 3563,49 manat məbləğində borc, həmçinin 70 manat məbləğində mediasiya xərcinin əvəzi, cəmi 3633,49 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bunlardan başqa, hazırkı iddia tələbi təmin edildiyindən aşağıda istinad edilən qanunvericilik normalarının tələblərinə əsasən, iddianın qiymətinə uyğun olaraq hesablanan 55,63 manat məbləğində dövlət rüsumu cavabdehdən dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi təşkil edir. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh Mənzil Tikinti Koorperativindən 28 aprel 2015-ci il tarixli 8 nömrəli radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında müqavilə üzrə 3563,49 (üç min beş yüz altmış üç manat, qırx doqquz qəpik) manat məbləğində borc, həmçinin 70 (yetmiş) manat məbləğində mediasiya xərcinin əvəzi, cəmi 3633,49 (üç min altı yüz otuz üç manat, qırx doqquz qəpik) manat məbləğində pul vəsaiti iddiaçı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İddiaçı xeyrinə tutulsun. Cavabdeh Mənzil Tikinti Koorperativindən dövlət nəfinə 55,63 (əlli beş manat, altmış üç qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-455/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-455/2024
14.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver