Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-457/2023 23.06.2023 Sumqayıt Kommersiya Məhkəməsi X1 Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi ilə iddiaçı X2 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X4 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 62135,21 (altmış iki min yüz otuz beş manat 21 qəpik) manat pulun və mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 400 (dörd yüz) manat mediasiya xərcinin tutularaq X3 ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışıdır ki, X4 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2021-ci il tarixində xidmət göstərilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən X2 mülkiyyətində olan, texniki xarakeristikası və haqqındakı digər məlumatlar xidmət formasında göstərilən texnika müqavilədə müəyyən edilən şərtlər daxilində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xidmətinə verilmişdir. 5 yanvar 2022-ci il tarixli görülən işlərin aktlarına görə 28792 ( iyirmi səkkiz min yeddi yüz doxsan iki) manat və 24341,51 (iyirmi dörd min üç yüz qırx bir manat 51 qəpik), 8 fevral 2022-ci il tarixli görülən işlərin aktına görə 6608 (altı min altı yüz səkkiz) manat və 10 mart 2022-ci il tarixli görülən işlərin aktına görə 2393,70 (iki min üç yüz doxsan üç manat 70 qəpik) olmaqla, cəmi 62135,21 (altmış iki min yüz otuz beş manat 21 qəpik) məbləğində ödəniş X3 ödənilməlidir. Qeyd olunan məbləğlər müvafiq olaraq 337050 nömrəli, 335381 nömrəli, 337469 nömrəli, və 337679 nömrəli elektron qaimələrlə də öz təsdiqini tapmışdır. Tərəfər arasında bağlanan müqavilənin 3-cü hissəsinə görə sifarişçi müqavilə üzrə xidmət göstərən texnikaya görə xidmət haqqını müqavilə bağlandığı gün, digər aylar üzrə xidmət haqqı ödənişlərini isə növbəti ödənişin vaxtına 3 gün qalmış həyata keçirməlidir. Lakin cavabdeh tərəfindən X3 göstərilən xidmətə görə heç bir ödəniş edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən iddiaçı X4 və cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı X2 vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan sifarişçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) ilə xidmət göstərən X4 (VÖEN: **********) arasında bağlanmış 19 mart 2021-ci il tarixi İY/AG/03/2021 nömrəli xidmət göstərilməsi haqqında müqavilənin 1-ci bəndinə əsasən müqavilənin predmetini xidmət göstərənin mülkiyətində olan, texniki xarakteristikası və haqqındakı digər məlumatlar xidmət formasında göstərilən texnikanın bu müqavilədə müəyyən edilən şərtlər daxilində xidmət verilməsi təşkil edir. Həmin müqavilənin 3-cü bəndinə əsasən sifarişçi xidmət göstərən texnikanın xidmət haqqının ilkin ayının ödənişini müqavilə bağlandığı gün, digər aylar üzrə xidmət haqqı ödənişlərini isə növbəti ödənişin vaxtına 3 gün qalmış həyata keçirməlidir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə xidmət göstərən X4 arasında bağlanmış 19 mart 2021-ci il tarixi İY/AG/03/2021 nömrəli müqaviləyə 1 nömrəli Əlavəyə əsasən Dingli JCPT 1212 HD markalı, ** BA *** dövlət qeydiyyat nömrəli elektrik qaldırıcı səbətin 1 aylıq xidmət haqqı 18000 manat+ƏDV olaraq müəyyən edilmişdir. İş materiallarında olan 05 yanvar 2022-ci il tarixli “Görülən işlərin aktı” ilə müəyyən olunur ki, icraçı X4 tərəfindən sifarişçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2021xx.xx.2021-ci il tarix aralığında 24341,51 manat dəyərində xidmət göstərilmişdir. İş materiallarında olan 05 yanvar 2022-ci il tarixli “Görülən işlərin aktı” ilə müəyyən olunur ki, icraçı X4 tərəfindən sifarişçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2021xx.xx.2021-ci il tarix aralığında 28792 manat dəyərində xidmət göstərilmişdir. İş materiallarında olan 08 fevral 2022-ci il tarixli “Görülən işlərin aktı” ilə müəyyən olunur ki, icraçı X4 tərəfindən sifarişçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2022xx.xx.2022-ci il tarix aralığında 6608 manat dəyərində xidmət göstərilmişdir. İş materiallarında olan 10 mart 2022-ci il tarixli “Görülən işlərin aktı” ilə müəyyən olunur ki, icraçı X4 tərəfindən sifarişçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2022xx.xx.2022-ci il tarix aralığında 2393,70 manat dəyərində xidmət göstərilmişdir. İş materiallarından görünür ki, İY/AG/03/2021 nömrəli müqavilə üzrə X4 tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə fevral ayında 2393,70 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 31 dekabr 2022-ci il tarixli, EBCM seriyalı, 337679 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarından görünür ki, İY/AG/03/2021 nömrəli müqavilə üzrə X4 tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə yanvar ayında 6608 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 31 dekabr 2022-ci il tarixli, EBCM seriyalı, 337469 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarından görünür ki, İY/AG/03/2021 nömrəli müqavilə üzrə X4 tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə dekabr ayında 28792 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 31 dekabr 2022-ci il tarixli, EBCM seriyalı, 337050 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarından görünür ki, İY/AG/03/2021 nömrəli müqavilə üzrə X4 tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə noyabr ayında 24341,51 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 31 dekabr 2022-ci il tarixli, EBCM seriyalı, 335381 nömrəli elektron qaimə təqdim olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; - 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Beləliklə, iddia ərizəsinin məzmunu və iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında xidmət göstərilməsi haqqında müqavilə bağlanmış, iddiaçı tərəfindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müvafiq xidmətlər göstərilmiş, həmin xidmətlərin göstərilməsi tərəflər arasında imzalanmış görülən işlərin aktlarında öz əksini tapmış və həmin xidmətlərlə bağlı iddiaçı tərəfindən cavabdehə elektron qaimələr təqdim olunmuşdur. Buna baxmayaraq cavabdeh həmin xidmətlərin dəyərini ödəmədiyindən onun iddiaçıya 62135,21 (altmış iki min yüz otuz beş manat 21 qəpik) manat məbləğində borcu yaranmışdır. İş materiallarından görünür ki, ödənilməmiş borcun lazımi qaydada ödənilməsi ilə bağlı cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bu mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı X4 tərəfindən 400 (dörd yüz) manat məbləğində mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddiaçı X4 ilə bağlanmış xidmət göstərilməsi haqqında müqavilə üzrə öz öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə də, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 62135,21 (altmış iki min yüz otuz beş manat 21 qəpik) manat məbləğində borcun iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətidən 62135,21 (altmış iki min yüz otuz beş manat 21 qəpik) manat məbləğində borc tutularaq X3 ödənilməlidir. Həmçinin iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə X4 tərəfindən ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərci də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eləcə də, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən dövlət nəfinə 276,40 (iki yüz yetmiş altı manat 40 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələblərinə görə, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 62135,21 (altmış iki min yüz otuz beş manat 21 qəpik) manat məbləğində borc və mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 62535,21 (altmış iki min beş yüz otuz beş manat 21 qəpik) manat məbləğində pul vəsaiti tutularaq X3 ödənilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən dövlət nəfinə 276,40 (iki yüz yetmiş altı manat 40 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-457/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-457/2023
23.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver