Məhkəmə qərarları › İş №e-2-2(119)-55/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-55/2023

21.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-55/2023 21.02.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Hüseynzadə Elsevər İsmayıl oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə Rəhim oğlunun iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Məhdud Məsuliyyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti 28 oktyabr 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə iddiaçı arasında bağlanılmış Müqavilə üzrə göstərilmiş xidmətlərin dəyərini təşkil edən 21063,62 (iyirmi bir min altmış üç manat 62 qəpik) manat məbləğində əsas borcun, öhdəliyin vaxtında və lazımınca icra edilmədiyi yubadılmış 1825 (min səkkiz yüz iyirmi beş) gün üçün hesablanmış 13871,79 (on üç min səkkiz yüz yetmiş bir manat 79 qəpik) manat məbləğində cərimənin və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 205 (iki yüz beş) manat məbləğində vəsaitin Cavabdehndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin iddia ərizəsində iddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, icraçı İddiaçı ASC ilə sifarişçi Cavabdeh MMC arasında bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi, həmçinin tullantı daşıyan maşınlara yuma xidmətlərinin göstərilməsinə dair 13 aprel 2017-ci il tarixli 004/321/m nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 2.5-ci bəndinə əsasən, xidmət haqqı hər ay üçün həmin ay ərzində faktiki göstərilmiş zərərsizləşdirmə və yuma xidmətlərinin həcminə uyğun təqdim olunmuş hesab-faktura əsasında sonuncu təqdim olunduğu tarixdən etibarən 5 (beş) bank günü ərzində ödənilməlidir. Cavabdehə Müqavilə üzrə göstərilmiş, lakin Cavabdeh tərəfindən dəyəri ödənilməmiş xidmətlərin dəyəri 04 iyul 2022-ci il tarixinə 21063,62 (iyirmi bir min altmış üç manat altmış iki qəpik) manat təşkil etmişdir. İddiaçı tərəfindən Müqavilə üzrə nəzərdə tutulmuş bütün öhdəliklərin tam şəkildə həyata keçirilməsinə baxmayaraq, cavabdeh tərəfindən Müqavilənin tələbləri pozulmuş və Müqavilə üzrə göstərilmiş xidmətlərin dəyəri indiyədək tam ödənilməmişdir. Tərəflər arasında yaranan mübahisənin ilk növbədə məhkəməyə qədər (pretenziya qaydasında) həll edilməsi məqsədilə İddiaçı tərəfindən cavabdehə dəfələrlə şifahi, həmçinin, dördü onlayn kargüzarlıq sistemi, ikisi poçt vasitəsilə olmaqla 6 dəfə yazılı qaydada müraciət edilmişdir (surətləri əlavə olunur). Cavabdeh isə 21 fevral 2019-cu il tarixli 3/18 nömrəli, 19 sentyabr 2019-cu il tarixli 01/37 nömrəli və 5 dekabr 2019-cu il tarixli 02/147-04 nömrəli cavab məktubları ilə (surətləri əlavə olunur) yaranmış borcun hissə-hissə ödənilməsi ilə bağlı öhdəlik götürsə də, götürdüyü öhdəliklərə lazımınca əməl etməmiş və bu günədək borcun tam şəkildə ödənilməsini təmin etməmişdir. Son olaraq, cavabdehə ünvanlanan 16 mart 2022-ci il tarixli TŞ-XO-166/2022 nömrəli xəbərdarlıq məktubu (surəti əlavə olunur) ilə üzləşdirmə aktının təsdiqlənməsi və yaranmış borcun bir ay ərzində ödənilməsi tələb edilmişdir. Hər iki tərəfin imzaladığı 14 mart 2022-ci il tarixli Üzləşdirmə Aktına (surəti əlavə olunur) əsasən "xxxx" MMC-nin rəhbəri tərəfindən İddiaçı ASC-yə 21063,62 (iyirmi bir min altmış üç manat 62 qəpik) manat məbləğində borcun olması faktı təsdiq edilmişdir. Bununla belə, cavabdeh yenə də yaranmış borc məbləğinin ödənilməsini təmin etməmişdir. Bununla bağlı cavabdehə pretenziya məktubunun göndərilməsinə və tərəflər arasında mediasiya prosesinin təşkil edilməsinə baxmayaraq, müqavilə öhdəliyi yerinə yetirilməmiş və borc ödənilməmişdir. Nəticə etibarilə, tərəflər arasında yaranmış mübahisənin danışıqlar yolu ilə həlli mümkünsüz olmuş və mübahisənin hüquqi müstəvidə həllinə zərurət yaranmışdır. Bundan əlavə, Müqavilənin 2.7-ci bəndinə əsasən, Sifarişçi xidmət haqqını Müqavilənin 2.5-ci bəndində göstərilən vaxtda ödəmədikdə hər gecikdirilən gün üçün ödəniləcək məbləğin 0,05% həcmində İcraçı tərəfindən cərimə hesablanır. Müqavilənin həmin bəndinin tələbinə əsasən 04 iyul 2022-ci il tarixinədək cavabdeh tərəfindən öhdəlik vaxtında və lazımınca icra edilmədiyindən yubadılmış 1825 gün üçün 13871,79 manat məbləğində cərimə hesablanmışdır. Cavabdeh tərəfindən 20 fevral 2023-cü ildə məhkəməyə “iddia ərizəsinə Etiraz” təqdim edilərək, əsassız olduğu üçün İddiaçı ASC-nin Cavabdehnə qarşı “borcun tutulması” barədə iddia tələbinin rədd edilməsi xahiş olunmuş və həmin “Etiraz”da “iddianın rədd edilməli” olması – tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçı tərəfindən göstərilən xidmətlərlə bağlı vaxtaşırı olaraq ödənişlərin edilməsi, “COVİD-19” pandemiyası ilə əlaqədar işlərin bir müddət dayandırılması və iddia ərizəsində əsas borc kimi 21063,62 manat pul tələb edilsə də, ərizəyə əlavə olunmuş cədvəldə əsas borc məbləğinin 20763,62 manat miqdarında göstərilməsi ilə əsaslandırılmışdır. Məhkəmə araşdırması zamanı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 21 fevral 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə təqdim edilərək, Cavabdeh MMC ilə İddiaçı ASC arasında bağlanılmış Müqavilə üzrə göstərilmiş xidmətlərin dəyərini təşkil edən 20763,62 manat məbləğində əsas borcun, öhdəlik vaxtında və lazımınca icra edilmədiyinə görə yubadılmış 1825 gün üçün hesablanmış 13871,79 manat məbləğində cərimənin və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 200 manat məbləğində xidmət haqqının Cavabdehndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin ərizə - tərəflər arasında 14 mart 2022-ci il tarixli Üzləşdirmə Aktı imzalandıqdan sonra cavabdeh "xxxx" MMC tərəfindən 300 manat məbləğində ödəniş edilməsi və buna görə də, 21 fevral 2023-cü il tarixinə əsas borcun ödənilməmiş qalıq hissəsinin 20763,62 (iyirmi min yeddi yüz altmış üç manat 62 qəpik) manat məbləğində olması ilə əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində və “iddia tələbinin həcminin azaldılması” barədə ərizədə yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Cavabdeh MMC ilə İddiaçı ASC arasında bağlanılmış Müqavilə üzrə göstərilmiş xidmətlərin dəyərini təşkil edən 20763,62 manat məbləğində əsas borcun, öhdəlik vaxtında və lazımınca icra edilmədiyinə görə yubadılmış 1825 gün üçün hesablanmış 13871,79 manat məbləğində cərimənin və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 200 manat məbləğində xidmət haqqının Cavabdehndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini, “iddia tələbinin həcminin azaldılması” barədə ərizəni, cavabdeh tərəfindən iddia tələbinə qarşı verilmiş yazılı “Etirazı” və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, sifarişçi Cavabdeh (VÖEN **********) ilə icraçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti (VÖEN **********) arasında bağlanmış 13 aprel 2017-ci il tarixli 004/321/m nömrəli "Bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsinə dair" Müqaviləyə əsasən, İcraçı özünə məxsus poliqonda Sifarişçiyə, sonuncu tərəfindən daşınan məişə təsərrüfat tullantılarının (bundan sonra “Tullantılar”) yerləşdirilməsi və zərərsizləşdirilməsi xidmətlərinin (bundan sonra “Zərərsizləşdirmə xidmətləri"), həmçinin tullantıları boşaltdıqdan sonra tullantı daşıyan maşınlara yuma və dezinfeksiya xidmətlərinin (bundan sonra “Yuma xidmətləri”) göstərilməsini təmin edir (1.1ci bəndi). Həmin Müqavilənin 2.2-ci bəndinin tələblərinə görə, Tarif (Qiymət) Şurasının 24 noyabr 2011-ci il tarixli 5 nömrəli Qərarına əsasən Tullantıların zərərsizləşdirmə xidmətlərinin qiyməti ("Zərərsizləşdirmə xidmətlərinin haqqı") 1 (bir) ton üçün ƏDV ilə birlikdə 5,50 manat (beş manat 50 qəpik) təşkil edir. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən, 1 (bir) tullantı daşıyan maşına yuma və dezinfeksiya xidmətlərinin qiyməti ("Yuma xidmətlərinin haqqı”) ƏDV daxıl olmaqla 3 (üç) manat təyin edilir. Həmin Müqavilənin 2.5-ci bəndinə əsasən, xidmət haqqı hər ay üçün həmin ay ərzində faktiki göstərilmiş Zərərsizləşdirmə xidmətləri və Yuma xidmətlərinin həcminə uyğun təqdim olunmuş hesab-faktura əsasında sonuncu təqdim olunduğu tarixdən etibarən 5 (beş) bank günü ərzində ödənilməlidir. Həmin Müqavilənin 2.6-cı bəndinə əsasən, xidmət haqqının ödənilməsi Sifarişçi tərəfindən köçürmə yolu ilə həyata keçirilir. Həmin Müqavilənin 2.7-ci bəndinə əsasən, əgər Sifarişçi Xidmət haqqını Müqavilənin 2.5-ci bəndində göstərilən müddət ərzində İcraçıya ödəməzsə, gecikdirilən hər gün üçün ödəniləcək məbləğin 0,05% həcmində cərimə hesablanacaq və borc tam ödənilənədək Tullantıların qəbulu dayandırılacaqdır. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, müqavilə imzalandığı gündən qüvvəyə minir və onun mövzusuna dair tərəflərin öz öhdəliklərini tam şəkildə yerinə yetirməsi şərti ilə 31 dekabr 2017-ci il tarixinədək etibarlıdır. Həmin Müqavilənin 3.2-ci bəndinə əsasən, tərəflər Müqaviləni digər tərəfi 30 (otuz) təqvim günü əvvəl yazılı surətdə xəbərdarlıq etmək şərti ilə ləğv edə bilər. Müqavilənin ləğvi yazılı surətdə tərtib olunan və imzalanan "Ləğvetmə barədə Razılaşma" ilə rəsmiləşdirilir. Həmin Müqavilənin 3.3-cü bəndinə əsasən, əgər tərəflərdən heç biri Müqavilənin müddətinin bitməsinə 30 (otuz) təqvim günü qalmışa qədər onun ləğv edilməsi barədə təşəbbüs irəli sürməzsə, Müqavilə avtomatik olaraq hər dəfə növbəti 1 (bir) il müddətə uzadılmış hesab olunur. İş materiallarında olan elektron qaimələrlə müəyyən olunur ki, 13 aprel 2017-ci il tarixli 004/321/m nömrəli "Bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsinə dair" Müqavilə əsasında icraçı "xxxx" ASC tərəfindən sifarişçi "M.P.Ş.” MMC-yə (ƏDV daxil) 05 iyul 2017-ci il tarixli HO 593341 nömrəli X1-Fakturası üzrə 296,99 manat dəyərində, 07 avqust 2017-ci il tarixli HP 041869 nömrəli X1-Fakturası üzrə 243,54 manat dəyərində, 06 noyabr 2017-ci il tarixli HQ 242690 nömrəli X1-Fakturası üzrə 796,19 manat dəyərində, 06 dekabr 2017-ci il tarixli HQ 677485 nömrəli X1-Fakturası üzrə 1260,15 manat dəyərində, 08 yanvar 2018-ci il tarixli EAAG 041412 nömrəli Elektron Qaimə üzrə 1172,07 manat dəyərində, 31 yanvar 2018-ci il tarixli EAAG 632867 nömrəli Elektron Qaimə üzrə 692,02 manat dəyərində, 27 fevral 2018-ci il tarixli EAAH 319417 nömrəli Elektron Qaimə üzrə 957,37 manat dəyərində, 28 mart 2018-ci il tarixli EAAH 941746 nömrəli Elektron Qaimə üzrə 854 manat dəyərində, 27 aprel 2018-ci il tarixli EAAİ 713648 nömrəli Elektron Qaimə üzrə 1116,47 manat dəyərində, 30 may 2018-ci il tarixli EAAJ 472417 nömrəli Elektron Qaimə üzrə 1100,84 manat dəyərində, 28 iyun 2018-ci il tarixli EAAK 168987 nömrəli Elektron Qaimə üzrə 1065,95 manat dəyərində, 27 iyul 2018ci il tarixli EAAK 895851 nömrəli Elektron Qaimə üzrə 1545,59 manat dəyərində, 28 avqust 2018-ci il tarixli EAAL 610659 nömrəli Elektron Qaimə üzrə 1834,84 manat dəyərində, 28 sentyabr 2018-ci il tarixli EAAM 428747 nömrəli Elektron Qaimə üzrə 1880,62 manat dəyərində, 29 oktyabr 2018-ci il tarixli EAAN 184895 nömrəli Elektron Qaimə üzrə 1861,82 manat dəyərində, 27 noyabr 2018-ci il tarixli EAAN 894476 nömrəli Elektron Qaimə üzrə 1531,23 manat dəyərində, 27 dekabr 2018-ci il tarixli EAAO 750713 nömrəli Elektron Qaimə üzrə 937,98 manat dəyərində, 31 yanvar 2019-cu il tarixli EAAP 769642 nömrəli Elektron Qaimə üzrə 1151 manat dəyərində, 27 fevral 2019-cu il tarixli EAAQ 958101 nömrəli Elektron Qaimə üzrə 928,50 manat dəyərində, 01 aprel 2019-cu il tarixli EAAS 392839 nömrəli Elektron Qaimə üzrə 887,69 manat dəyərində, 30 aprel 2019cu il tarixli EAAT 797105 nömrəli Elektron Qaimə üzrə 1087,48 manat dəyərində, 30 may 2019-cu il tarixli EAAV 118946 nömrəli Elektron Qaimə üzrə 1186,02 manat dəyərində, 28 iyun 2019-cu il tarixli EAAW 419232 nömrəli Elektron Qaimə üzrə 1484,06 manat dəyərində, 31 iyul 2019-cu il tarixli EAAX 910225 nömrəli Elektron Qaimə üzrə 766,58 manat dəyərində, 28 avqust 2019-cu il tarixli EAAZ 079514 nömrəli Elektron Qaimə üzrə 817,14 manat dəyərində, 30 sentyabr 2019-cu il tarixli EBAA 537342 nömrəli Elektron Qaimə üzrə 453,40 manat dəyərində, 30 oktyabr 2019-cu il tarixli EBAB 834881 nömrəli Elektron Qaimə üzrə 1804,54 manat dəyərində, 28 noyabr 2019-cu il tarixli EBAD 141506 nömrəli Elektron Qaimə üzrə 1636,34 manat dəyərində və 24 dekabr 2019-cu il tarixli EBAE 259492 nömrəli Elektron Qaimə üzrə 412,20 manat dəyərində xidmət haqqının ödənilməsi ilə əlaqədar yuxarıda qeyd olunan elektron qaimələr təqdim olunmuşdur (iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi ödəyicisi "xxxx" ASC-yə məxsus "Online Kargüzarlıq" elektron vergi kabinetindən Çıxarışdan görünür ki, yuxarıda sadalanan həmin Elektron Qaimələr təsdiqlənmişdir). İş materiallarında olan icraçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə sifarişçi Cavabdeh tərəfindən tərtib edilərək imzalanmış 14 mart 2022-ci il tarixli Üzləşdirmə Aktından görünür ki, 13 aprel 2017-ci il tarixli 004/321/m nömrəli "Bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsinə dair" Müqavilənin icrası ilə əlaqədar sifarişçi Cavabdeh 01 mart 2022-ci il tarixinə icraçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə cəmi 21063,62 (iyirmi bir min altmış üç manat 62 qəpik) manat məbləğində qalıq borcu vardır. İş materiallarında olan sifarişçi Cavabdeh tərəfindən icraçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış 07 aprel 2022-ci il tarixli 01/17 nömrəli Məktubun məzmunu ilə müəyyən olunur ki, həmin Məktubda İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış Müqavilə üzrə Cavabdeh MMC-nin İddiaçı ASC-yə 21063,62 (iyirmi bir min altmış üç manat 62 qəpik) manat ödənilməmiş borcun olması qeyd olunur və eyni zamanda, "xxxx" MMC yaranmış qalıq borcun hər ay ödəmək şərti ilə 2022-ci ilin sonunadək ödənilməsinə zəmanət verilir. İş materiallarında olan Maliyyə Arayışı ilə müəyyən olunur ki, icraçı İddiaçı ASC və sifarişçi "xxxx" MMC arasında bağlanmış “Bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsinə dair” 13 aprel 2017-ci il tarixli 004/321/m nömrəli müqavilə üzrə göstərilən xidmətlərə görə "xxxx" MMC-nin yaranmış əsas borcu 21063,62 (iyirmi bir min altmış üç manat 62 qəpik) manat və hesablanmış cərimə məbləği isə 13871,79 (on üç min səkkiz yüz yetmiş bir manat 79 qəpik) manat təşkil edir. Lakin, məhkəmə araşdırması zamanı İddiaçı ASC tərəfindən 21 fevral 2023-cü ildə məhkəməyə təqdim olunmuş “iddia tələbinin həcminin azaldılması” barədə ərizədə Cavabdeh MMC-nin məlum Müqavilə üzrə göstərilən xidmətlərə görə 20763,62 manat məbləğində əsas borcun olduğu qeyd olunmuş və tərəflər arasında 14 mart 2022-ci il tarixli Üzləşdirmə Aktı tərtib edilərək imzalandıqdan sonra cavabdehin əsas borcdan 300 manat məbləğində ödəniş etməsini təsdiq edən sənədlər məhkəməyə təqdim olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Beləliklə də, iddia ərizəsinin məzmunu və iş materialları ilə müəyyən olunur ki, sifarişçi Cavabdeh MMC (VÖEN **********) ilə icraçı İddiaçı ASC (VÖEN **********) arasında bağlanmış 13 aprel 2017-ci il tarixli 004/321/m nömrəli "Bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsinə dair" Müqavilə üzrə iddiaçı (icraçı) İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh (sifarişçi) Cavabdehnə elektron qaimələr təqdim olunmuş və sonuncu həmin elektron qaimələrdə qeyd olunan xidmət haqqı məbləğləri üzrə ƏDV daxil ümumilikdə cəmi 20763,62 (iyirmi min yeddi yüz altmış üç manat 62 qəpik) manat məbləğində pul vəsaitini ödəməmişdir. Buna görə də, hazırkı iddia ərizəsində və “iddia tələbinin həcminin azaldılması” barədə ərizədə ödənilməmiş 20763,62 manat məbləğində əsas borcun və həmin əsas borcun ödənişinin gecikdirildiyinə görə hesablanmış 13871,79 manat məbləğində cərimənin cavabdeh "xxxx" MMC-dən İddiaçı ASC-nin xeyrinə tutulması xahiş olunmuşdur. İş materiallarından görünür ki, xidmət haqqı borcunun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh "xxxx" MMC ilə bu mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı ASC tərəfindən mediatora 200 (iki yüz) manat məbləğində xidmət haqqı ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, iddia tələbi Cavabdehndən 13 aprel 2017-ci il tarixli 004/321/m nömrəli "Bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsinə dair" Müqavilə üzrə göstərilmiş xidmətlərə görə ümumilikdə hesablanmış cəmi 20763,62 (iyirmi min yeddi yüz altmış üç manat 62 qəpik) manat məbləğində əsas borcun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması hissəsində əsaslıdır və təmin olunmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, iddianın cavabdehdən “13871,79 (on üç min səkkiz yüz yetmiş bir manat 79 qəpik) manat məbləğində cərimənin tutulması” tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla, iddia ərizəsində tələb olunan cərimənin məbləği azaldılaraq, cavabdehdən cəmi 1500 (min beş yüz) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467ci maddəsinin tələblərinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər və tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmçinin, qeyd etmək lazımdır ki, iddiaçı tərəfindən hesablanmış cərimənin məbləği azaldılarkən digər hallarla yanaşı, tərəflər arasında bağlanmış Müqavilə üzrə göstərilmiş xidmətlərin dəyərinin ödənilmə müddətinin və qaydasının müəyyən edilməsinə baxmayaraq, iddiaçı tərəfindən həmin Müqavilə şərtlərinə və qanunvericilik normalarına uyğun müvafiq tədbirlər vaxtında görülməyərək, uzun müddət sonra məhkəməyə müraciət edilməsi və bununla əlaqədar hesablanan cərimə məbləğinin də yüksək həddə artması və cərimə məbləğinin artmasına iddiaçı tərəfin də hərəkətsizliyinin səbəb olması nəzərə alınmalıdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəllənin 425.2-ci maddəsinin tələblərinə görə, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdehndən 20763,62 manat məbləğində əsas borc və 1500 manat məbləğində cərimə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələblərinə əsasən mediasiya xidməti ilə əlaqədar mediatora ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqı da Cavabdeh MMC-dən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Həmçinin, hazırkı iddia tələbinin təmin olunmuş hissəsi üzrə hesablanan 156,79 (yüz əlli altı manat 79 qəpik) manat məbləğində dövlət rüsumu da Cavabdehndən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 20763,62 (iyirmi min yeddi yüz altmış üç manat 62 qəpik) manat məbləğində əsas borc, 1500 (min beş yüz) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 22463,62 (iyirmi iki min dörd yüz altmış üç manat 62 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən dövlət nəfinə 156,79 (yüz əlli altı manat 79 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar