Məhkəmə qərarları › İş №e-2-2(119)-638/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-638/2025

08.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-638/2025 08.04.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsi tərəfindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış 26 yanvar 2022-ci il tarixli “Elektron qaz sayğacına və aparat-proqram kompleksinə texniki, metroloji, informasiya xidmətlərinin göstərilməsi haqqında” müqaviləyə əsasən 1732,13 (min yeddi yüz otuz iki manat, on üç qəpik) manat məbləğində borcun və 37,33 (otuz yeddi manat, otuz üç qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, aralarında bağlanmış 26 yanvar 2022-ci il tarixli “Elektron qaz sayğacına və aparat-proqram kompleksinə texniki, metroloji, informasiya xidmətlərinin göstərilməsi haqqında” müqaviləyə əsasən sifarişçi qismində çıxış edən cavabdeh "xxxx" ASC müqavilə öhdəliyini lazımınca yerinə yetirməmişdir. Bununla əlaqədar, həmin cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iddiaçının cavabdehə qarşı iddia ərizəsinə dair kommersiya işinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, bununla əlaqədar Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildirişlər müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materialları: İş materiallarında olan tərəflər arasında bağlanmış 26 yanvar 2022-ci il tarixli “Elektron qaz sayğacına və aparat-proqram kompleksinə texniki, metroloji, informasiya xidmətlərinin göstərilməsi haqqında” müqavilənin 2.1-ci bəndinə əsasən, icraçı (iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsi) sifarişçiyə (cavabdeh "xxxx" ASC-yə) məxsus elektron qaz sayğacına və aparat proqram kompleksinə texniki, metroloji, informasiya xidmətlərinin göstərilməsini, sifarişçi isə həmin xidmətlərin dəyərini müqavilənin şərtlərinə uyğun ödənilməsini öz öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən icraçı tərəfindən yerinə yetirilən işlərin ümumi dəyəri müqavilənin ayrılmaz hissəsi sayılan “Qiymət-Razılaşma Protokolu”na (Qoşma 1) əsasən əlavə dəyər vergisi nəzərə alınmaqla 4641,41 (dörd min altı yüz qırx bir manat, qırx bir qəpik) təşkil edir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən, göstərilmiş xidmətlərin dəyərinin ödənilməsi işlərin qəbulu aktı əsasında tərtib olunmuş hesab-faktura təqdim olunduğu gündən sonrakı 30 bank günü müddətində sifarişçi tərəfindən təmin edilir. Həmin müqavilənin 5.2.1-ci yarımbəndinə əsasən, bu müqavilənin 3.4-cü bəndi ilə müəyyən edilmiş qaydada və müddətdə göstərilmiş xidmətlərin dəyərinin ödənilməsini sifarişçidən tələb etmək icraçının hüququdur. İş materiallarında olan “Qiymət-Razılaşma Protokolu”na (Qoşma 1) əsasən, tərəflər arasında bağlanmış müqavilənin qiyməti 4641,41 (dörd min altı yüz qırx bir manat, qırx bir qəpik) manat məbləğində təşkil edir. İş materiallarında olan tərəflərin nümayəndələri tərəfindən imzalanmış və möhürlənmiş 16 sentyabr 2024-cü il tarixli “qarşılıqlı borcların üzləşdirilməsi” aktına əsasən üzləşdirilmə aparılan tarixə, yəni 01 sentyabr 2024-cü il tarixə sifarişçi "xxxx" ASCnin icraçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə 1732,13 manat məbləğində borcu vardır. Tətbiq edilən hüquq: Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında 26 yanvar 2022-ci il tarixli “Elektron qaz sayğacına və aparat-proqram kompleksinə texniki, metroloji, informasiya xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlanılmış, sifarişçi qismində çıxış edən cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş və nəticədə onun 1732,13 məbləğində borcu yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin 26 yanvar 2022-ci il tarixli “Elektron qaz sayğacına və aparat-proqram kompleksinə texniki, metroloji, informasiya xidmətlərinin göstərilməsi haqqında” müqavilə üzrə 1732,13 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsi təmin edilməli, cavabdehdən 1732,13 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, iddia tələbinin 37,33 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına aid hissəsinə gəldikdə, iş materiallarında olan 27 fevral 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 37,33 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia təmin edildiyindən yuxarıda istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 37,33 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 1732,13 manat məbləğində əsas borc və 37,33 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1769,46 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 26 yanvar 2022-ci il tarixli “Elektron qaz sayğacına və aparat-proqram kompleksinə texniki, metroloji, informasiya xidmətlərinin göstərilməsi haqqında” müqavilə üzrə 1732,13 (min yeddi yüz otuz iki manat, on üç qəpik) manat məbləğində borc və 37,33 (otuz yeddi manat, otuz üç qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1769,46 (min yeddi yüz altmış doqquz manat, qırx altı qəpik) manat məbləğində pul vəsaiti iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar