Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-642/2025 24.04.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı sadələşdirilmiş icraat qaydasında Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 6535 (altı min beş yüz otuz beş) manat məbləğində əsas borc, 1176,3 (min yüz yetmiş altı manat otuz qəpik) manat məbləğində ƏDV borcu, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 385,56 (üç yüz səksən beş manat əlli altı qəpik) manat və 106 (yüz altı) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 8202,86 (səkkiz min iki yüz iki manat səksən altı qəpik) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 11 dekabr 2023-cü il tarixli AT/250/2023/45 nömrəli mühasibat uçotunun audit xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən 11 dekabr 2023-cü il tarixli qiymətlərin razılaşdırılma protokoluna əsasən maliyyə hesabatlarının audit xidmətlərinin göstərilməsinin (2022-ci il üzrə) qiyməti 6535 manat müəyyənləşdirilmişdir. Bundan sonra iddiaçı tərəfindən müvafiq xidmət həyata keçirilmişdir. Cavabdeh xidmətlərin təhvil-qəbul aktını imza möhürlə təsdiq edərək xidməti qəbul etmişdir. Qeyd edilən xidmət üzrə 6535 manat əsas borc ödənilməmişdir. Bununla bağlı xx.xx.2024-cü il tarixli pretenziya ilə cavabdehə müraciət olunsa da, cavabdeh ödənişi ödəməkdən yayınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə İddiaçı Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülki-prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə, kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan icraçı İddiaçı ilə sifarişçi Cavabdeh arasında bağlanmış 11 dekabr 2023-cü il tarixli AT/250/2023/45 nömrəli “mühasibat uçotunun audit xidmətinin göstərilməsinə dair” müqavilənin 1.1-ci bəndinə əsasən icraçı sifarişçinin mühasibat uçotunun təqdim etdiyi sanədlər əsasında müəssisədə mühasibat uçotunun 2022-ci il audit yoxlamasını həyata keçirməsini və xidmətin nəticəsi olaraq müayinə aktı təqdim etməyi, sifarişçi isə həmin xidmətin dəyəri olaraq bu müqavilə ilə nəzərdə tutulmuş məbləği ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən icraçı tərəfindən bu müqavilə üzrə xidmətlər yerinə yetirildikdən sonra icraçının bu müqavilənin şərtləri üzrə öhdəliklərini yerinə yetirməsini təsdiqləyən sifarişçi tərəfindən təhvil-təslim aktı imzalanacaq, sifarişçi isə müqavilə üzrə razılaşdırılmış məbləği müayinə aktı verildikdən 5 iş günü sonra ödəyəcəkdir. İş materiallarında olan 11 dekabr 2023-cü il tarixli AT/250/2023/45 nömrəli “mühasibat uçotunun audit xidmətinin göstərilməsinə dair” müqaviləyə 1 nömrəli Əlavə olan 11 dekabr 2023-cü il tarixli qiymətlərin razılaşdırılması protokoluna əsasən 2022-ci il üzrə maliyyə hesabatlarının audit xidmətlərinin göstərilməsi üçün xidmət məbləği 6535 manat olaraq müəyyən edilmişdir. İş materiallarında olan 07 yanvar 2024-cü il tarixli xidmətlərin təhvil-qəbul aktına əsasən İddiaçı tərəfindən Cavabdehnə göstərilmiş 6535 manat dəyərində xidmət təhvil alınmışdır. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdehnə 6535 manat dəyərində audit xidmətlərinin göstərilməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixli MT2404 seriyalı 00824081 nömrəli elektron qaimə-faktura təqdim olunmuşdur. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdehnə 18 noyabr 2024-cü il tarixdə X1 Sistemi vasitəsilə pretenziya məktubu göndərilərək 11 dekabr 2023-cü il tarixli AT/250/2023/45 nömrəli “mühasibat uçotunun audit xidmətinin göstərilməsinə dair” müqavilə üzrə yaranmış 6535 manat manat borcun və ödənişin vaxtında ödənilməməsinə görə illik 5 faiz olmaqla əlavə ödənişin 5 iş günü müddətində iddiaçının müqavilədə göstərilmiş bank hesabına ödənilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Göründüyü kimi, tərəflər arasında 11 dekabr 2023-cü il tarixli AT/250/2023/45 nömrəli “mühasibat uçotunun audit xidmətinin göstərilməsinə dair” müqavilə bağlanmış, həmin müqavilə üzrə İddiaçı tərəfindən Cavabdehnə 6535 manat dəyərində audit xidməti göstərilmiş, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməyərək həmin xidmətlərin dəyərini ödəməmişdir. Buna görə İddiaçı Cavabdehnə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflər arasında mühasibat uçotunun audit xidmətinin göstərilməsinə dair müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə ilə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetiməmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi 11 dekabr 2023-cü il tarixli AT/250/2023/45 nömrəli “mühasibat uçotunun audit xidmətinin göstərilməsinə dair” müqavilə üzrə ödənilməmiş 6535 (altı min beş yüz otuz beş) manat məbləğində əsas borcun Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbinin “1176,3 (min yüz yetmiş altı manat otuz qəpik) manat məbləğində ƏDV borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, həmin hissənin əsaslılığını təsdiq edən hər hansı mötəbər sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Buna görə də, iddia həmin hissədə təmin edilməməlidir. Bundan başqa, iddiaçı iddia tələbində Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq pul vəsaitinin ödənilməsini gecikdirdiyinə görə illik gecikdirilmiş vaxt üçün 5% (beş faiz) məbləğində hesablanmaqla 385,56 (üç yüz səksən beş manat əlli altı qəpik) manat pul vəsaitinin cavabdehdən tutulmasını xahiş edir. İddiaçı iddia qaldırarkən həmin məbləği cavabdeh tərəfindən 1 il ərzində öhdəliyin yerinə yetirilməməsi ilə əsaslandırmışdır. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsi borclunun icranı gecikdirməsi nəticəsində yaranan kreditorun tələb hüququdur. Bu mənada həmin normanın tətbiqi bilavasitə borclunun icranı gecikdirməsi hüquqi faktının müəyyən olunmasından asılıdır. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsi borclunun icranı gecikdirməsi nəticəsində yaranan kreditorun tələb hüququdur. Bu mənada həmin normanın tətbiqi bilavasitə borclunun icranı gecikdirməsi hüquqi faktının müəyyən olunmasından asılıdır. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən borclunun icranı gecikdirməsi üçün (1) öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və (2) icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi kimi hallar (ümumilikdə 2 hal) təsdiqlənməlidir. Həmin Məcəllənin 445.3 cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Göründüyü kimi, mülki qanunvericiliyə əsasən, icranın gecikdirilməsi hüquqi faktının müəyyən olunması üçün öhdəliyin icrası müddəti çatanadək kreditor tərəfindən xəbərdarlıq göndərilməli və həmin xəbərdarlığa rəğmən öhdəlik müəyyənləşdirilmiş müddətdə icra edilməməlidir. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən borclunun icranı gecikdirməsi üçün (1) öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və (2) icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi kimi hallar (ümumilikdə 2 hal) təsdiqlənməlidir. Həmin Məcəllənin 445.3 cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Qeyd edilən qaydadan istisnanı isə Mülki Məcəllənin 445.4-cü maddəsi təşkil edir. Belə ki, həmin maddəyə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Başqa sözlə, icra üçün təqvim gününün müəyyənləşdirilməsi zamanı öhdəliyin icrasının gecikdirilməsi hüquqi faktı üçün yalnız öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi halının təsdiq edilməsi kifayət edir, digər halın təsdiqinə zərurət olmur. Tərəflər arasında bağlanmış 11 dekabr 2023-cü il tarixli AT/250/2023/45 nömrəli “mühasibat uçotunun audit xidmətinin göstərilməsinə dair” müqavilənin 3.1-ci bəndinə əsasən sifarişçinin müqavilə üzrə razılaşdırılmış məbləği müayinə aktı verildikdən 5 iş günü sonra ödəyəcəyi razılaşdırılsa da, faktiki olaraq cavabdehə borcun ödənilməsi üçün möhlət verilmiş, borc məbləğinin ödənilməsi tələb edilməmişdir. Belə olan halda, Mülki Məcəllənin 445.4-cü maddəsinin hazırkı işə tətbiqi istisna edilir. İddiaçının 18 noyabr 2024-cü il tarixdə 5 iş günü müddətində pulun ödənilməsi tələbi barədə pretenziya məktubunu cavabdehə X1 Sistemi vasitəsilə çatdırmaqla pulu tələb etməsini nəzərə alan məhkəmə qeyd edir ki, borclunun icranı gecikdirməsi anı Mülki Məcəllənin 445.2-ci maddəsinə uyğun olaraq 26 noyabr 2024-cü il tarixdən müəyyənləşdirilməli, ödənilməsi gecikdirilmiş borca görə illik 5 faizlə hesablamanın başlanğıcı 26 noyabr 2024-cü il tarixdən hesablanmaqla iddia ərizəsinin verildiyi tarixədək hesablanmalıdır. İddia ərizəsinin məhkəməyə 04 mart 2025-ci il tarixdə verilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi “gecikdirilmiş vaxt üçün illik 5% (beş faiz) məbləğində hesablanmaqla 385,56 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsində qismən təmin edilərək, 26 noyabr 2024-cü il tarixdən hesablanmaqla əsas borca illik 5%-lə hesablanmış 88,63 manat (6535 x 5% /365 gün (bir günün faizi) x 99 gün (gecikdirilən günün sayı)) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin “106 (yüz altı) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, iddianın təmin edilmiş hissəsinə uyğun olaraq hesablanmış 86,24 (səksən altı manat iyirmi dörd qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdehndən tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdehndən 6535 (altı min beş yüz otuz beş) manat məbləğində əsas borc, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 88,63 (səksən səkkiz manat altmış üç qəpik) manat məbləğində pul və 86,24 (səksən altı manat iyirmi dörd qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 6709,87 (altı min yeddi yüz doqquz manat səksən yeddi qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 – 284-6, 338-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehndən 6535 (altı min beş yüz otuz beş) manat məbləğində əsas borc, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 88,63 (səksən səkkiz manat altmış üç qəpik) manat məbləğində pul və 86,24 (səksən altı manat iyirmi dörd qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 6709,87 (altı min yeddi yüz doqquz manat səksən yeddi qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-642/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-642/2025
24.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver