Məhkəmə qərarları › İş №e-2-2(119)-65/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-65/2023

09.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-65/2023 09.02.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh qanuni təmsilçisi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə qarşı verilmiş "borcun tutulması" tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış müqavilə üzrə göstərilmiş xidmətlərin dəyərini təşkil edən 8012,22 (səkkiz min on iki manat iyirmi iki qəpik) manat məbləğində borcun və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 105 (yüz beş) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışıdır ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi, həmçinin tullantı daşıyan maşınlara yuma və dezinfeksiya xidmətlərinin göstərilməsinə dair 27 oktyabr 2017-ci il tarixli 004/349/m nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 3.1-ci bəndinə əsasən sifarişçi (cavabdeh) xidmətlərin həyata keçirilməsi üçün icraçının (iddiaçının) hesabına tərəflərin əvvəlcədən razılaşdıracağı məbləğdə pul vəsaiti köçürməlidir. Bundan əlavə, müqavilənin 3.5-ci bəndinə əsasən hər dəfə göstərilmiş xidmətlərin həcminə müvafiq olaraq hesablanmış xidmət haqqı müqavilənin 3.1-ci bəndində göstərilən məbləğdən çıxılır. Həmin məbləğ bitdikdən sonra sifarişçi (cavabdeh) xidmət göstərilməsi niyyətində olduqda icraçının (iddiaçının) hesabına yenidən pul vəsaiti köçürməlidir. Cavabdehə göstərilmiş xidmətlərin dəyəri onun iddiaçının hesabına köçürdüyü məbləği üstələmiş və nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Cavabdehə müqavilə üzrə göstərilmiş, lakin cavabdeh tərəfindən əvəzi ödənilməmiş xidmətlərin dəyəri 20 oktyabr 2022-ci il tarixinə 8012,22 (səkkiz min on iki manat iyirmi iki qəpik) manat təşkil etmişdir. İddiaçı tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş bütün öhdəliklərin tam şəkildə həyata keçirilməsinə baxmayaraq, cavabdeh tərəfindən müqavilənin tələbləri pozulmuş və müqavilə üzrə göstərilmiş xidmətlərin dəyəri indiyədək tam ödənilməmişdir. Tərəflər arasında yaranan mübahisənin ilk növbədə məhkəməyə qədər (pretenziya qaydasında) həll edilməsi məqsədilə iddiaçı tərəfindən cavabdehə dəfələrlə şifahi və elektron şəkildə, o cümlədən poçt vasitəsilə yazılı qaydada müraciət edilmişdir. Cavabdeh 16 sentyabr 2021ci il tarixli 01/16-41 nömrəli məktub ilə yaranmış borcun hissə-hissə ödənilməsi ilə bağlı öhdəlik götürsə də, götürdüyü öhdəliklərə lazımınca əməl etməmiş və borcun tam şəkildə ödənilməsini təmin etməmişdir. Cavabdehə poçt vasitəsilə ünvanlanan 16 mart 2022-ci il tarixli TŞ-XO-169/2022 nömrəli xəbərdarlıq məktubu ilə üzləşdirmə aktının təsdiqlənməsi və yaranmış borcun 1 ay ərzində ödənilməsi tələb edilmişdir. Hər iki tərəfin imzaladığı 14 mart 2022-ci il tarixli üzləşdirmə aktına əsasən Cavabdeh MMC-nin rəhbəri tərəfindən iddiaçıya 8.012,22 (səkkiz min on iki manat iyirmi iki qəpik) manat məbləğində borcun olması faktı təsdiq edilmişdir. Buna baxmayaraq üzərindən uzun müddət keçsə də, o cümlədən iddiaçı tərəfindən 2022-ci ilin noyabr ayında “Elektron məhkəmə” və vergi orqanının elektron informasiya sistemi vasitəsilə yenidən pretenziyalar verilsə də, cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Nəticə etibarilə, tərəflər arasında yaranmış mübahisənin danışıqlar yolu ilə həlli mümkünsüz olmuş və mübahisənin hüquqi müstəvidə həllinə zərurət yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh qanuni təmsilçisi X2 izahatında sözügedən müqavilə və borc məbləği barədə məlumatı olmadığını, tanışının onu Cavabdehnə müvəqqəti direktor təyin etdiyini, cəmiyyətin işləri ilə həmin şəxsin məşğul olduğunu və möhürün də onda olduğunu bildirmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan sifarişçi Cavabdeh (VÖEN: **********) ilə icraçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti (VÖEN: **********) arasında bağlanmış 27 oktyabr 2017-ci il tarixli 004/349/m nömrəli “Bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsinə dair” müqaviləyə əsasən icraçı özünə məxsus poliqonda sifarişçiyə sonuncu tərəfindən daşınan məişət-təsərrüfat tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi xidmətlərinin, həmçinin tullantıları boşaltdıqdan sonra tullantı daşıyan maşınlara yuma və dezinfeksiya xidmətlərinin göstərilməsini təmin edir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış “Bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsinə dair” 27 oktyabr 2017-ci il tarixli 004/349/m nömrəli müqaviləyə 26 dekabr 2019-cu il tarixli 1 nömrəli Əlavəyə əsasən müqavilənin 3-cü bəndi (xidmət haqqı və hesablaşma qaydası) yeni redaksiyada verilmişdir. İş materiallarında olan 15 elektron qaimədən görünür ki, “Bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsinə dair” 27 oktyabr 2017-ci il tarixli 004/349/m nömrəli müqavilə üzrə xx.xx.2019-xx.xx.2021-ci il tarixlərdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə 16602,22 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış 16 sentyabr 2021-ci il tarixli 01/16-41 nömrəli məktubdan görünür ki, cavabdeh ay ərzində məişət tullantılarının zərərsizləşdirilməsi xidmətinə görə yaranan borcun və əlavə olaraq əvvəlki qalıq borcdan hər ay 500 manat məbləğin ödənilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli üzləşdirmə aktına əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan dövrdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə göstərilmiş xidmətlər müqabilində borcların qarşılıqlı üzləşməsi aparılmış, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 8012,22 (səkkiz min on iki manat iyirmi iki qəpik) manat məbləğində borcunun olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; - 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Beləliklə, iddia ərizəsinin məzmunu və iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında “Bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsinə dair” müqavilə və həmin müqaviləyə 1 nömrəli Əlavə bağlanmış, iddiaçı tərəfindən Cavabdehnə müvafiq xidmətlər göstərilmiş və bununla əlaqədar 15 elektron qaimə təqdim olunmuşdur. Buna baxmayaraq cavabdeh həmin xidmətlərin dəyərini tam ödəmədiyindən onun İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 8012,22 (səkkiz min on iki manat iyirmi iki qəpik) manat məbləğində ödənilməmiş borcu qalmışdır. İş materiallarından görünür ki, ödənilməmiş borcun lazımi qaydada ödənilməsi ilə bağlı cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə bu mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 100 (yüz) manat məbləğində mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış “Bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsinə dair” müqavilə və həmin müqaviləyə 1 nömrəli Əlavə üzrə öz öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə də, Cavabdehndən 8012,22 (səkkiz min on iki manat iyirmi iki qəpik) manat məbləğində borcun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli və Cavabdehndən 8012,22 (səkkiz min on iki manat iyirmi iki qəpik) manat məbləğində borc İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Eləcə də, Cavabdehndən dövlət nəfinə 100,12 (yüz manat on iki qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmçinin, iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində mediasiya xərci də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələblərinə görə, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdehndən 8012,22 (səkkiz min on iki manat iyirmi iki qəpik) manat məbləğində borc və mediasiya ilə əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində mediasiya xərci olmaqla - cəmi 8112,22 (səkkiz min yüz on iki manat iyirmi iki qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdehndən dövlət nəfinə 100,12 (yüz manat on iki qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar