Məhkəmə qərarları › İş №e-2-2(119)-71/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-71/2024

09.02.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-71/2024 09.02.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsinin nümayəndəsi Nümayəndə3, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsi tərəfindən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı verilmiş “icarə haqqının tutulması və torpaq sahəsinin boşaldılması” tələbi barədə ilkin iddia ərizəsinə və Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən iddiaçı Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsinə qarşı verilmiş “pul tələbi” barədə qarşılıqlı iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “icarə haqqının tutulması və torpaq sahəsinin boşaldılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti 13 noyabr 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə iddiaçı Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsinə qarşı “pul tələbi” barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Sumqayıt şəhəri Sumqayıt Bələdiyyəsindən 10000 manat artıq ödənilmiş məbləğ, 658,30 manat faiz olmaqla, ümumilikdə 10658,30 manat məbləğin, habelə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən 10000 manat məbləğin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə tam ödənilməsi tarixinədək bu məbləğə illik beş faiz hesablanması və bu məbləğin, eyni zamanda ödənilmiş dövlət rüsumunun tutularaq Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi və ilkin iddianın təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 20 noyabr 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə iddiaçı Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsi tərəfindən məhkəməyə ərizə təqdim edilərək bildirilmişdir ki, məhkəmənin hazırlıq iclası ərəfəsində Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsinə müraciət edərək mübahisənin məhkəmədənkənar qaydada həll edilməsini xahiş etmişdir. Həmin müraciəti, eləcə də bələdiyyənin saxlama müddəti üçün kompensasiya kimi tələb etdiyi pul məbləğini cavabdehin ödədiyini nəzərə alaraq Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsi yaranmış mübahisənin məhkəmədənkənar qaydada həlli məqsədi ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti ilə yeni icarə müqaviləsi bağlayaraq icarənin müddətini uzatmışdır. Göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmaqla ərizənin baxılmamış saxlanılması xahiş olunmuşdur. Lakin 20 noyabr 2023-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddiaçı tərəfindən təqdim edilən “iddia ərizəsinin geri qaytarılması barədə” ərizəyə etirazını bildirərək, qarşılıqlı iddia ərizəsi icraata götürülməklə işə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin 21 dekabr 2023-cü il tarixli e-2-2(119)-1435/2023 nömrəli qərardadı ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən iddiaçı Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsinə qarşı verilmiş “pul tələbi” barədə qarşılıqlı iddia ərizəsinin icraata götürülərək iddiaçı Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “icarə haqqının tutulması və torpaq sahəsinin boşaldılması” tələbi barədə ilkin iddia ərizəsi ilə birlikdə baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsinin nümayəndəsi Nümayəndə3 izahatında hazırkı işə torpaq sahəsinin olduğu yerə görə Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı olduğunu bildirmiş, işin baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 izahatında torpaq sahəsinin icarə müqavilələrinə əsasən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin müvəqqəti istifadəsinə verildiyini bildirmiş, işin baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, kommersiya işi ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan icarəyəverən Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsi ilə icarəçi Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanılmış 06 oktyabr 2021-ci il tarixli 36 nömrəli torpaq icarəsi müqaviləsindən görünür ki, icarəyəverən Sumqayıt Bələdiyyəsinin 09 fevral 2005-ci il tarixli, 02 saylı qərarına əsasən Sumqayıt şəhəri, Bakı-Quba yolunun sağ tərəfi ərazisində yerləşən ümumi sahəsi 10000 kv.m olan torpaq sahəsini müvəqqəti istifadə üçün icarəyə vermiş, icarəçi isə həmin torpaq sahəsini qəbul etmişdir. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən icarə müqaviləsi 01 iyul 2021-ci il tarixdən 31 dekabr 2022-ci il tarixədək bağlanılmışdır. Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsi tərəfindən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “icarə haqqının tutulması və torpaq sahəsinin boşaldılması” tələbi ilə 30 oktyabr 2023-cü il tarixdə məhkəməyə müraciət olunmuşdur. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin torpaq sahəsinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin müvəqqəti istifadəsinə verilməsi ilə bağlı tərəflər arasında 27 oktyabr 2023-cü il tarixli 106 nömrəli torpaq icarəsi müqaviləsi bağlanılmış və müqavilənin 6.1-ci bəndində müqavilənin 03 yanvar 2023-cü il tarixdən 03 yanvar 2033-cü il tarixədək bağlanıldığı qeyd olunmuşdur. Göründüyü kimi, tərəflər arasında müvafiq torpaq icarə müqavilələri bağlanılmış və Sumqayıt şəhəri, Bakı-Quba yolunun sağ tərəfi ərazisində yerləşən ümumi sahəsi 10000 kv.m olan torpaq sahəsi həmin icarə müqavilələrinə əsasən Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsi tərəfindən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin müvəqqəti istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsi tərəfindən “icarə haqqının tutulması və torpaq sahəsinin boşaldılması” tələbi ilə məhkəməyə müraciət olunduğu vaxt, yəni 30 oktyabr 2023-cü il tarixdə tərəflər arasında 27 oktyabr 2023-cü il tarixli 106 nömrəli torpaq icarəsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Tərəflər arasında olan hazırkı mübahisə onların arasında yaranmış müqavilə münasibətlərindən irəli gəldiyi üçün məhkəmə hesab edir ki, kommersiya işinə ilkin iddia ərizəsi üzrə cavabdeh olan Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin ünvanının olduğu yerin məhkəməsində baxılmalıdır. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan və ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti ünvan 1 ünvanında rəsmi qeydiyyatdadır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli Qərarına əsasən Bakı şəhəri, Nərimanov rayonu Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir Bu Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 32, 35,44, 45, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsi tərəfindən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı verilmiş “icarə haqqının tutulması və torpaq sahəsinin boşaldılması” tələbi barədə ilkin iddia ərizəsinə və Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən iddiaçı Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsinə qarşı verilmiş “pul tələbi” barədə qarşılıqlı iddia ərizəsinə dair kommersiya işi baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar