Məhkəmə qərarları › İş №e-2-2(119)-731/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-731/2024

04.07.2024 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-731/2024 04.07.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X4 qızının katibliyi, ərizəçi (borclu) Ərizəçi və onun nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə1 oğlunun, maraqlı şəxs (kreditor) Maraqlı şəxs və onun nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə2 oğlunun iştirakı ilə, ərizəçi (borclu) Ərizəçi tərəfindən verilmiş “müflis elan olunma” barədə ərizəyə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi (borclu) Ərizəçi 09 aprel 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə maraqlı şəxs (kreditor) qismində Maraqlı şəxs göstərməklə, “müflis elan olunma barədə” ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi müflis elan edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi (borclu) Ərizəçi tərəfindən həmin ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 25 aprel 2022-ci il tarixində Sumqayıt Şəhər Məhkəməsinin 04 aprel 2018-ci il tarixli 2(060)-1151/2018 nömrəli qətnaməsini qismən ləğv edərək, cavabdeh Ərizəçi 195000 (yüz doxsan beş min) ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş gününün manata olan məzənnəsi nəzərə alınmaqla, manat hesabı ilə alınaraq iddiaçı Maraqlı şəxs verilməsi barədə qətnamə qəbul etmişdir. Həmin qətnamədən verilmiş kassasiya şikayətləri təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 25 aprel 2022-ci il tarixli 2(105)-702/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. O, uzun müddət Xarici İşlər Nazirliyində diplomat vəzifəsində çalışmış və təyinatı ilə əlaqədar bir müddət ABŞ-da, Nyu-York şəhərində işləmişdir. Çalışdığı dövrdə bir qədər pul topladıqdan sonra öncədən tanışlıq əlaqələri olan Maraqlı şəxs ilə şəriklik edərək avtomobil ticarətinə başlamışdır. Ticarətə başlamaq üçün o, 90000 (doxsan min) ABŞ dolları, Maraqlı şəxs isə 76000 (yetmiş altı min) ABŞ dolları məbləğində pul qoymuşdur. Alqı-satqısı ilə məşğul olduğu avtomobillər Maraqlı şəxs özünün və yaxınlarının adına rəsmiləşdirilirdi. 2012-ci ilin sonunda ona məlumat vermədən şəriklik etdiyi Maraqlı şəxs ticarət üçün qoyduğu maya məbləğin yarısını özü üçün mənimsəmişdir. Buna görə də fəaliyyətlərində kəsirlər, əskik məbləğlər ortaya çıxmışdır. Bu dövrdən sonra münasibətlər pozulmağa başlamışdır. Nəticədə artıq şərikliyi sonlandırmış və onlar birlikdə avtomobil ticarəti ilə məşğul olmamışlar. Ticarətlə məşğul olduğu vaxt ərzində dövriyyədə olan məbləğ və gəlirlər çox yaxşı olsa da, ona heç bir gəlir qalmamışdır. Əksinə maya üçün qoyduğu pulun bir hissəsi də Maraqlı şəxs tərəfindən mənimsənilmişdir. Bütün bunların əvəzində bu ticarətdən ona qalan 5000 (beş min) dollar dəyərində avtomobil olmuşdur. 2017-ci ilin sonunda Maraqlı şəxsla yenidən bu məsələni həll etməyə çalışmış və qarşı tərəf təxminən dəyəri 150000 – 200000 ABŞ dolları olan 7-8 ədəd avtomobili ona verməyi vəd etmişdir. Lakin, yenidən sözünün üzərində durmamış və əksinə 2018-ci ildə Maraqlı şəxs yetirilən ziyanın ondan tutulub ona ödənilməsi üçün məhkəməyə müraciət etmişdir. Apellyasiya Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsinə görə də onun tələbkar Maraqlı şəxs 195000 (yüz doxsan beş min) ABŞ dolları məbləğində borcu yaranmışdır. Bütün sadalananların nəticəsində maddi vəziyyəti pisləşmişdir, hətta ticarət zamanı vəziyyəti düzəltmək üçün öz bacısından 50000 (əlli min) ABŞ dolları məbləğində borc vəsaiti almışdır. Hal-hazırda isə yaranmış bu vəziyyət işinə mənfi təsir etdiyindən, Xarici İşlər Nazirliyindəki vəzifəsində də çalışmır. Qeyd edilməlidir ki, 2011-2013-cü illər ərzində akademik məzuniyyətdə olduğu üçün faktiki olaraq vəzifəsinin icrası ilə məşğul olmamış və ehtiyat kadrda saxlanılmışdı. Həmin dövrdə də yuxarıda qeyd etdiyi ticarətlə məşğul olmuşdur. Dövlət qulluqçusu olduğu üçün VÖEN aça bilməzdi və buna görə də həmin ticarət zamanı əməliyyatlar Maraqlı şəxs tərəfindən icra olunurdu. Lakin, fəaliyyəti birbaşa gəlir əldə etməyə yönəlmiş ticarət xarakterli münasibət olmuşdur. Bildirmək lazımdır ki, birgə ticarət əlaqələri olduğu zaman Maraqlı şəxs tərəfindən aldadıldığı üçün hal-hazırda külli miqdarda müxtəlif şəxslərə borcu da yaranmışdır. Buna görə də gəlirləri qətnamədə qeyd olunmuş borcu ödəməyə imkan vermir. Yəni, maddi vəziyyəti getdikcə çətinləşdiyindən borcu ödəmək qabiliyyətində deyildir. Odur ki, işin hallarını nəzərə alaraq müflis elan edilməsi üçün məhkəməyə müraciət edir (Bundan sonra ərizədə “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü və 4-cü maddələrinin tələblərinə istinad olunmuşdur). Həmin kommersiya işi üzrə maraqlı şəxs (kreditor) Maraqlı şəxs tərəfindən 20 may 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “müflis elan olunma” barədə ərizəyə qarşı yazılı “Etiraz” təqdim edilərək, ərizəçi (borclu) Ərizəçi tərəfindən verilmiş “müflis elan olunma” barədə ərizənin təmin olunmaması haqqında qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin “Etiraz” borclu Ərizəçi Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 25 aprel 2022-ci il tarixli 2(105)-702/2022 nömrəli qətnaməsi ilə ödəməli olduğu borcu ödəmək üçün kifayət qədər maddi imkanının olması, onun məlum borc üzrə məhkəmə çəkişmələri aparılarkən borcu ödəməkdən yayınmağ məqsədi ilə öz adına olan əmlaklarını, bahalı və xarici markalı avtomobillərini adından çıxardaraq başqa şəxslərin adlarına keçirməsi, onun halhazırda da gizli olaraq xarici markalı avtomobillərin və ehtiyat hissələrinin satışı ilə məşğul olması, onun satdığı avtomobil üçün ehtiyyat hissələrinin saxlanıldığı anbarının və təmir sexinin olması və o, özünü müflis elan etmək üçün bütün əmlakları öz adından çıxarsa da, hal-hazırda anonim qaydada ticarət fəaliyyəti ilə məşğul olması ilə əsaslandırılmışdır. Həmin kommersiya işi üzrə ərizəçi (borclu) Ərizəçi 23 may 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə Maraqlı şəxs “Etiraz” ərizəsinin dəlillərinə dair yazılı “Mülahizə” təqdim edərək, həmin Mülahizəsində “Etiraz”da qeyd olunan xüsusatları təkzib edib, heç bir alqı-satqı və sahibkarlıq fəaliyyəti ilə məşğul olmamasını və məhkəmə qətnaməsi ilə tutulan borcu tələbkar Maraqlı şəxs ödəməyə maddi imkanının olmamasını bildirərək, “müflis elan olunma” tələbi barədə ərizəsinin təmin olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi (borclu) Ərizəçi “müflis elan olunma” barədə ərizəsini müdafiə edib, həmin ərizədə yazılanlara uyğun izahat verərək, ərizənin təmin edilməsi və onun müflis elan edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında ərizəçi (borclu) Ərizəçi nümayəndəsi Nümayəndə1 “müflis elan olunma” barədə ərizəni müdafiə edib, həmin ərizədə yazılanlara uyğun izahat verərək, ərizənin təmin edilməsi və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 25 aprel 2022-ci il tarixli 2(105)-702/2022 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə borclu Ərizəçi müflis elan edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs (kreditor) Maraqlı şəxs “müflis elan olunma” barədə ərizəni qəbul etmədiyini bildirib, ərizəyə qarşı verilmiş yazılı “Etiraz”da göstərilənlərə uyğun izahat verərək, əsassız olduğu üçün Ərizəçi “müflis elan olunma” barədə ərizəsinin təmin edilməməsi haqqında qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs (kreditor) Maraqlı şəxs nümayəndəsi Nümayəndə2 “müflis elan olunma” barədə ərizəni qəbul etmədiyini bildirib, ərizəyə qarşı verilmiş yazılı “Etiraz”da göstərilənlərə uyğun izahat verərək, əsassız olduğu üçün Ərizəçi “müflis elan olunma” barədə ərizəsinin təmin edilməməsi haqqında qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, “müflis elan olunma” barədə ərizəni, həmin ərizəyə qarşı maraqlı şəxs (kreditor) Maraqlı şəxs tərəfindən verilmiş yazılı Etirazı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizəçi (borclu) Ərizəçi “müflis elan olunma” barədə ərizəsi təmin olunmamalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 aprel 2022-ci il tarixli 2(105)-702/2022 nömrəli qətnaməsi ilə iddiaçı Maraqlı şəxs apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 04 aprel 2018-ci il tarixli 2(060)-1151/2018 nömrəli qətnaməsi iddia tələbinin 195000 ABŞ dollarının cavabdehdən tutulmasına dair hissəsinin təmin edilməməsi hissəsində ləğv olunması, iddianın həmin hissədə təmin olunması, cavabdeh Ərizəçi 195000 (yüz doxsan beş min) ABŞ dolları ödəniş gününün manata olan məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə alınaraq iddiaçı Maraqlı şəxs verilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 04 aprel 2018-ci il tarixli qətnaməsi hazırkı iş üzrə mübahisələndirilən 38628 Avro məbləğində pulun cavabdehdən tutlmasına dair iddianın rədd olunması hissəsində isə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən iddiaçı Maraqlı şəxs və cavabdeh Ərizəçi ayrı ayrılıqda verdikləri kassasiya şikayətləri Ali Məhkəmənin Mülki Kollegiyasının 27 dekabr 2022-ci il tarixli 2(102)- 5178/2022 nömrəli qərarı ilə təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 aprel 2022-ci il tarixli 2(105)-702/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Ərizəçi 195000 (yüz doxsan beş min) ABŞ dollarının ödəniş gününün manata olan məzənnəsi nəzərə alınmaqla, manat hesabı ilə alınaraq iddiaçı Maraqlı şəxs verilməsi barədə qəbul edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 aprel 2022-ci il tarixli 2(105)-702/2022 nömrəli qətnaməsi qanuni qüvvəsini almış və müvafiq qaydada icraya yönəldilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 02 iyul 2021-ci il tarixli e- 2(060)-3724/2021 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin cavabdeh Ərizəçi qarşı “borcun tutulması” tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə, təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 X1 Filialı tərəfindən Ərizəçi ünvanlanmış 12 mart 2024-cü il tarixli 3-17-212-Q 17988/2024 nömrəli məktubdan görünür ki, işsiz kimi qeydiyyatın bərpası ilə bağlı müraciətə X2 X1 filialında baxılmış və qanunvericiliklə müəyyən edilmiş hər hansı bir məhdudiyyət müəyyən edilmədiyindən Ərizəçi işsiz kimi qeydiyyatı bərpa olunmuşdur. Göründüyü kimi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 aprel 2022-ci il tarixli 2(105)-702/2022 nömrəli qətnaməsinə əsasən 195000 (yüz doxsan beş min) ABŞ dollarının ödəniş gününün manata olan məzənnəsi nəzərə alınmaqla, manat hesabı ilə tələbkar Maraqlı şəxs ödənilməsi ilə əlaqədar ərizəçi (borclu) Ərizəçi tələbkar Maraqlı şəxs qarşısında borclanmış və bu borc üzrə borclu Ərizəçi “müflis elan edilməsi” üçün hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin tələblərinə görə, iflas haqqında işlərə başlanması və həmin işlərə baxılması qaydası bu Qanunun spesifik tələbləri nəzərə alınmaqla, qüvvədə olan prosessual qanunvericiliklə tənzimlənir və bu Qanun bütün kommersiya (banklar istisna olmaqla) və qeyri-kommersiya təşkilatlarına şamil edilir. Həmin Qanunun 3-cü maddəsinə əsasən, borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki: a) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 (iki) ay ərzində tam icra etməmişdir; b) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir; c) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, dövlətin vəkil etdiyi hüquqi və fiziki şəxslər tərəfindən də məhkəməyə iflas haqqında iddia ərizəsi təqdim oluna bilər. Borclu fərdi borclu olan halda ərizəni onun özü və ya nümayəndəsi verir. Həmin Qanunun 11-ci maddəsinin tələblərinə görə, iflas haqqında işə məhkəmə iclasında baxıldıqdan sonra məhkəmə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq olaraq - a) borclunun müflis elan olunması və əmlak inzibatçısının təyin edilməsi barədə; b) müvəqqəti əmlak inzibatçısının təyin edilməsi və ya təyinatının uzadılması barədə; c) borclunu müflis elan etməkdən imtina barədə - qərarlardan hər hansı birini çıxara bilər (1-ci hissə) və eləcə də, qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan başqa, borclu bu Qanunda göstərilmiş müddəalara müvafiq surətdə ödəmə qabiliyyəti olmayan deyildirsə, məhkəmə borclunu müflis elan etməkdən imtina edə bilər (3-cü hissə). Qeyd etmək lazımdır ki, Qanunvericilik iş üzrə tərəflərin istinad etdiyi halların onlar tərəfindən sübuta yetirilməsini nəzərdə tutduğuna görə, müflis elan olunma üçün borclunun öz öhdəliklərini ödəmə qabiliyyətinin olmaması məhkəmə araşdırması zamanı təsdiqini tapmalıdır. Lakin, ərizəçi (borclu) tərəfindən məhkəməyə hazırkı ərizəsində qeyd olunan xüsusatlarla bağlı hər hansı mötəbər sübut təqdim olunmamış və məhkəmə araşdırması zamanı ərizəçinin dəlilləri mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli Qərarı ilə formalaşmış hüquqi mövqeyə əsasən, Mülki-Prosessual Məcəllənin 218.1 və 218.3-cü maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunan maddələrin mənasına görə, işə baxan məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq edən, işin həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. Eyni zamanda, məhkəmə qətnamə çıxararkən iddia tələblərindən kənara çıxmamalı və iddiaçının dispozitiv hüququnu pozmamalıdır. Hüququn hamılıqla qəbul olunmuş dispozitivlik adlanan bu prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri gütürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcüdluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcüd olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Beləliklə də, yuxarıda qeyd olunan halları və tədqiq olunan sənədləri nəzərə almaqla, Qanunvericiliyin tələblərinə və iş materiallarında olan sənədlərə məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı ərizəçi (borclu) Ərizəçi Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 aprel 2022-ci il tarixli 2(105)- 702/2022 nömrəli qətnaməsi üzrə yaranmış borc öhdəliklərini ödəmək qabiliyyətinin olmayan sayılması üçün kifayət qədər əsaslar müəyyən edilmədiyindən və eləcə də, ümumilikdə ödəmə qabiliyyətinin olmayan sayılması üçün kifayət qədər sübutlar olmadığından “borclu Ərizəçi müflis elan edilməsi” barədə ərizə təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, ödəmə qabiliyyəti olmayan sayılması üçün "Müflişləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş əsaslar mövcud olmadığından, ərizəçi (borclu) Ərizəçi “müflis elan olunma” barədə ərizəsi, yəni “Ərizəçi müflis elan edilməsi” barədə ərizəsi təmin edilməməlidir. Eləcə də, ərizə təmin edilmədiyindən, məhkəmə xərcləri ərizəçinin özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirakı edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 305-306, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi (borclu) Ərizəçi tərəfindən verilmiş “müflis elan olunma” barədə ərizə təmin edilməsin. Məhkəmə xərcləri ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar