Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-739/2024 12.08.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, Cavabdeh Rafael oğlunun iştirakı ilə İddiaçı tərəfindən Cavabdeh Rafael oğluna qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə sadələşdirilmiş icraat qaydasında Cavabdeh Rafael oğluna qarşı “pul tələbi” barədə kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən İce Stream “Smart Cool-350P” soyuducusunun əvəzi olaraq 1200 (min iki yüz) manat məbləğində pul vəsaitinin və 32 (otuz iki) manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, istifadəyəverən İddiaçı ilə istifadəçi Cavabdeh Rafael oğlu arasında 25 mart 2021-ci il tarixli KOD-S 078/2021 nömrəli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilə, həmin müqaviləyə 01 saylı əlavə olan “Təhvil-təslim” aktı imzalanmış və sonuncuya dəyəri 600 (altı yüz) manat olan İce Stream “Smart Cool-350P” soyuducusu verilmişdir. Həmin müqavilənin 2.10-cu bəndinə əsasən istifadəyə verilən soyuducunun istifadəçi tərəfindən normal fiziki aşınma halı istisna olmaqla, normalara uyğun olmayan şəraitdə istismar edilməsi, hər hansı formada üçüncü şəxsə verilməsi, itirilməsi, istifadəyə yararsız hala düşməsi aşkar edildikdə, həmçinin müqavilənin 2.1.2-ci bəndinin tələbləri pozulduqda istifadəçi əmlakın ümumi dəyərinin 2 mislini istifadəyəverənə ödəyir. İstifadəçiyə soyuducunun qaytarılması ilə bağlı xx.xx.2023-cü il tarixdə pretenziya məktubu göndərilmiş, lakin soyuducu qaytarılmamışdır. Cavabdeh Rafael oğlu 24 may 2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq iddiaçıdan soyuducu almadığını, ona görə hazırkı işə onun iştirakı ilə baxılmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 24 may 2024-cü il tarixli e-2-2(119)-739/2024 nömrəli qərardadı ilə İddiaçı tərəfindən Cavabdeh Rafael oğluna qarşı verilmiş “pul tələbi” barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı 12 avqust 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək Cavabdeh Rafael oğlu ilə uzun müddətdir aparılmış danışıqların nəticə vermədiyini və soyuducunun qaytarılmasından cavabdehin müxtəlif bəhanələrlə yayındığını bildirmiş, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh Rafael oğlu izahatında İddiaçı verdiyi soyuducunun hazırda atasına məxsus mağazada olduğunu bildirmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan istifadəyə verən İddiaçı ilə Cavabdeh Rafael oğlu (VÖEN **********) arasında bağlanmış “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” 25 mart 2021-ci il tarixli KOD-S 078/2021 nömrəli müqaviləyə əsasən istifadəyəverən satışını təşkil etdiyi spirtli və spirtsiz içkilərin istifadəçi tərəfindən üçüncü şəxslərə sərinləşdirilmiş şəkildə satılmasını, satışının həcminin artırılmasını və reklamını təşkil etmək üçün bu müqavilənin 2.1.1-ci bəndində göstərilmiş (istifadəyəverənin mülkiyyətində olan) soyuducunu istifadəçiyə əvəzsiz istifadəyə verməyi, istifadəçi isə istifadəyəverənin tələbilə bu müqavilənin 2.1.1-ci bəndində göstərilmiş avadanlıqları işlək vəziyyətdə (normal köhnəlmə nəzərə alınmaqla) geri qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin: - 2.1.1-ci bəndinə əsasən istifadəyəverən müqavilə şərtlərinə əsasən mülkiyyətində olan 1 ədəd 600 manat dəyərində İce Stream “Smart Cool-350P” soyuducusunu istifadəçiyə əvəzsiz istifadəyə verir. İstifadəyə verilmiş soyuducu üçün heç bir formada istifadə haqqı tələb etmir. - 2.1.2-ci bəndinə əsasən istifadəyə verən soyuducunu istifadəçinin istifadəsi üçün yararlı vəziyyətdə, əmtəə görkəmli və heç bir xəsarəti olmayan formada istifadəçiyə 1 nömrəli əlavədə göstərilən təhvil-təslim aktı vasitəsi ilə təhvil verir. - 2.7-ci bəndinə sasən müqaviləyə istənilən səbəbdən xitam verildikdə, İstifadəçi soyuducunu qəbul etdiyi vəziyyətdə onun normal köhnəlməsini nəzərə alaraq, 5 gün ərzində geri qaytarılmasını təmin edir. İstifadəçi soyuducunun göstərilən müddət ərzində təhvilini təmin etmədikdə, soyuducunun dəyərinin 2 misli həcmində istifadəyəverənə cərimə ödəməlidir. - 2.9-cu bəndinə əsasən istifadəyəverən istifadəyə verilən soyuducunun istənilən vaxt geri qaytarılmasını tələb edə bilər. Belə tələb irəli sürüldükdən sonra 5 gün ərzində istifadəçi tərəfindən soyuducu geri qaytarılmadıqda və ya bu müqavilənin 2.1.2-ci maddənin tələblərinə uyğun olmayan vəziyyətdə geri qaytarıldıqda, istifadəyəverənin soyuducunun dəyərinin 2 misli həcmində cərimə tələb etmək hüququ yaranır. - 2.10-cu bəndinə əsasən istifadəyə verilən soyuducunun istifadəçi tərəfindən normal fiziki aşınma halı istisna olmaqla, normalara uyğun olmayan şəraitdə istismar edilməsi, hər hansı formada üçüncü şəxsə verilməsi, itirilməsi, istifadəyə yararsız hala düşməsi, aşkar edildikdə, həmçinin bu müqavilənin 2.1.2-ci bəndinin tələbləri pozulduqda istifadəçi əmlakın ümumi dəyərinin 2 mislini istifadəyəverənə ödəyir. - 3.6-cı bəndinə əsasən istifadəçi soyuducunun göstərilən müddət ərzində təhvilini təmin etmədikdə, əmlakın dəyərinin 2 misli həcmində istifadəyəverənə cərimə ödəməlidir. İş materiallarında olan “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” 25 mart 2021-ci il tarixli KOD-S 078/2021 nömrəli müqaviləyə 1 nömrəli əlavədən görünür ki, 1 ədəd 600 manat dəyərində İce Stream “Smart Cool-350P” markalı soyuducu iddiaçı tərəfindən cavabdehin əvəzsiz istifadəsinə verilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh Rafael oğluna 18 dekabr 2023cü il tarixdə göndərilmiş pretenziya məktubunda göstərilmişdir ki, müqavilənin 2.9-cu bəndinə əsasən istifadəyəverən istifadəyə verilən soyuducunun istənilən vaxt geri qaytarılmasını tələb edə bilər. Belə tələb irəli sürüldükdən sonra 5 (beş) gün ərzində istifadəçi tərəfindən soyuducu qaytarılmadıqda və ya müqavilənin 2.1.2-ci maddəsinin tələblərinə uyğun olmayan vəziyyətdə geri qaytardıqda istifadəyəverənin soyuducunun dəyərinin 2 misli həcmində cərimə tələb etmək hüququ yaranır. Həmçinin müqavilənin 2.7ci və 3.6-cı bəndlərinə əsasən istifadəçi soyuducunu 5 (beş) gün müddətində təhvil vermədikdə, soyuducunun dəyərinin 2 misli həcmində 1200 (min iki yüz) manat istifadəyəverənə cərimə ödəməlidir. Buna görə də, dəyəri 600 (altı yüz) manat olan “X1 Cool-350P” soyuducu 5 (beş) gün ərzində qaytarılmadığı təqdirdə soyuducunun dəyərinin 2 misli həcmində yəni 1200 (min iki yüz) manat pul vəsaitinin və s. tələb olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 732-ci maddəsinə əsasən əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. - 734.2-ci maddəsinə əsasən kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanın müqavilə üzrə istifadəsi çərçivəsində dəyişməsi və ya pisləşməsi üçün məsuliyyət daşımır. - 735-ci maddəsinə əsasən kirayəçinin əvəzsiz istifadəyə götürdüyü əşyadan müqavilədə göstəriləndən savayı, başqa təyinatla istifadə etməsinə icazə verilmir. Kirayəyə verənin icazəsi olmadan onun həmin əşyanı üçüncü şəxslərin istifadəsinə vermək hüququ yoxdur. - 736-cı maddəsinin tələblərinə görə kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur. Əgər əvəzsiz istifadə müddəti müəyyənləşdirilməyibsə, kirayəçi əşyanı əvəzsiz istifadə məqsədlərinə uyğun istifadə etdikdən sonra qaytarmalıdır. Əgər kirayəçinin əşyadan istifadə edə bilməsi üçün yetərli olan müddət bitərsə, kirayəyə verən əşyanın daha əvvəl qaytarılmasını tələb edə bilər. Əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər. Beləliklə, yuxarıda təsvir olunanlara əsasən müəyyən edlir ki, tərəflər arasında “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” 25 mart 2021-ci il tarixli KOD-S 078/2021 nömrəli müqavilə bağlanmış, həmin müqavilə əsasında iddiaçı tərəfindən 600 manat dəyərində olan 1 ədəd İce Stream “Smart Cool-350P” markalı soyuducu cavabdehin əvəzsiz istifadəsinə verilmişdir. Lakin iddiaçı istifadəyə verilmiş həmin soyuducunun qaytarılmasını tələb etsə də, cavabdeh həmin əmlakı qaytarmamışdır. Buna görə İddiaçı Cavabdeh Rafael oğluna qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Göründüyü kimi, İddiaçı ilə Cavabdeh Rafael oğlu arasında əvəzsiz istifadə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən əvəzsiz istifadəyə verilmiş soyuducunun qaytarılması barədə öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsində cavabdehlə aralarında bağlanmış müqavilənin 2.10-cu bəndinə istinad edilərək cavabdehdən müqavilə predmeti olan soyuducunun qiymətinin 2 mislinin iddiaçının xeyrinə tutulması xahiş edilmişdir. Lakin nə iddia ərizəsində, nə də ərizəyə əlavə edilmiş digər sənədlərdə müqavilənin 2.10-cu bəndinə göstərilən hallardan (soyuducunun normalara uyğun olmayan şəraitdə istismar edilməsi, hər hansı formada üçüncü şəxsə verilməsi, itirilməsi, istifadəyə yararsız hala düşməsi, müqavilənin 2.1.2-ci bəndinin tələblərinin pozulması) hər hansı birinin mövcudluğu şərh edilməmiş və bununla bağlı məhkəməyə sübut təqdim olunmamışdır. Bundan başqa, iddiaçı iddia ərizəsində istifadəçiyə soyuducunun qaytarılması ilə bağlı 18 dekabr 2023-cü il tarixdə pretenziya məktubu göndərildiyini, lakin soyuducunun qaytarılmadığını qeyd etmişdir. Həmin pretenziya məktubundan görünür ki, iddiaçı həmin məktubda müqavilənin 2.7-ci, 2.9-cu və 3.6-cı bəndlərinə istinad edərək soyuducu 5 (beş) gün ərzində qaytarılmadığı təqdirdə cavabdehdən soyuducunun dəyərinin 2 misli həcmində, yəni 1200 (min iki yüz) manat məbləğində pul vəsaitinin tələb olunacağını bildirmişdir. Göründüyü kimi, cavabdehdən tələb olunan 1200 (min iki yüz) manat məbləğində pul vəsaiti müqavilə şərtlərinə əsasən cərimə kimi müəyyən edilmiş pul vəsaitidir. Bu halda isə məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə əsasən yüksək cəriməni azalda bilər. Qeyd etmək lazımdır ki, “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” 25 mart 2021-ci il tarixli KOD-S 078/2021 nömrəli müqaviləyə əsasən istifadəyəverən İddiaçı istifadəyəverən satışını təşkil etdiyi spirtli və spirtsiz içkilərin istifadəçi tərəfindən üçüncü şəxslərə sərinləşdirilmiş şəkildə satılmasını, satışının həcminin artırılmasını və reklamını təşkil etmək məqsədi ilə soyuducuların istifadəçiyə əvəzsiz istifadəyə verilməsi, mahiyyəti etibarilə iddiaçının məhz istifadəyə verilmiş həmin soyuducuların özündən hər hansı birbaşa gəlir əldə etməsini deyil, əksinə cavabdeh tərəfindən iddiaçının məhsullarının satılmasını nəzərdə tutur və həmin müqavilənin şərtlərinə əsasən “soyuducu geri qaytarılarkən onun normal köhnəlməsi” nəzərə alınmalıdır. Bütün bu hallara əsasən müəyyən olunur ki, həm tərəflər arasında bağlanmış müqavilənin əvəzsiz xarakteri, həm də iddiaçı tərəfindən soyuducunun cavabdehə təhvil verildiyi tarixdə məhkəmə mübahisəsi vasitəsilə geri qaytarılması tələb olunan 18 dekabr 2023-cü il tarixədək olan müddət ərzində soyuducunun normal köhnəlməsi nəzərə alındığı halda 600 (altı yüz) manat dəyərində soyuducunun dəyərinin 2 misli həddində cərimə kimi 1200 (min iki yüz) manat məbləğində pulun ödənilməsinin tələb edilməsi - cavabdeh tərəfindən icra edilməyən öhdəliyə (soyuducunun qaytarılmamasına) münasibətdə tənasübsüz şəkildə yüksək hesablanmış cərimə məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, 25 mart 2021-ci il tarixdə 600 (altı yüz) manat dəyərində qiymətləndirilərək əvəzsiz istifadəyə verilmiş soyuducunun üç il müddət ərzində istifadə olunduqdan sonra qaytarılmamasına görə 1200 (min iki yüz) manat məbləğində cərimənin tələb edilməsi tənasübsüz surətdə yüksək cərimənin hesablanmasıdır və bu səbəbdən həmin cərimə məbləği azaldılaraq cavabdehdən soyuducunun müvafiq müqavilədə qeyd olunan dəyəri həddində, yəni 600 (altı yüz) manat məbləğində pul tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin “ödənilmiş 32 (otuz iki) manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməli, iddianın təmin edilmiş hissəsinə uyğun olaraq hesablanmış 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh Rafael oğlundan tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh Rafael oğlundan “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” 25 mart 2021-ci il tarixli KOD-S 078/2021 nömrəli müqavilə üzrə 600 (altı yüz) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 630 (altı yüz otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. İddia qalan hissədə təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Rafael oğlundan “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” 25 mart 2021-ci il tarixli KOD-S 078/2021 nömrəli müqavilə üzrə 600 (altı yüz) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 630 (altı yüz otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-739/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-739/2024
12.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver