Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-747/2024 09.09.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Əsədli Şəfa Zahir qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil, Cavabdeh “Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh “Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsinə (Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilmişdir) qarşı verilmiş “müqavilə üzrə borcun və digər ödənişlərin tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdeh “Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək (Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilmişdir) aralarında bağlanmış 03 avqust 2021-ci il tarixli qrant müqaviləsi üzrə 87769,60 (səksən yeddi min yeddi yüz altmış doqquz manat, altmış qəpik) manat məbləğində borc, gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz hesablanmaqla 8776 (səkkiz min yeddi yüz yetmiş altı) manat məbləğində faiz borcu və 380 (üç yüz səksən) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 96925 (doxsan altı min doqquz yüz iyirmi beş) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 2020-ci ildə universitetlərdə yeni ixtisasların tədris olunması ilə bağlı qrant layihəsində iştirak edən iddiaçı tenderdə iştirak etmiş və qalib olmuşdur. Tenderin nəticələrinə uyğun olaraq iddiaçıya 210000 manat məbləğində pul vəsaiti ayrılmış və Elm və Təhsil Nazirliyinin göstərişi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həmin pul vəsaitini iddiaçı tərəfindən tədrisin həyata keçiriləcəyi cavabdeh “Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsinin hesabına köçürmüşdür. Bundan sonra, iddiaçı və cavabdeh arasında 03 avqust 2021-ci il tarixli QM-08/21 nömrəli qrant müqaviləsi bağlanılmış və müqavilənin şərtlərinə görə cavabdeh magistratura səviyyəsində “Kibertəhlükəsizlik” (Sabah) qruplarında yeni məzmunun hazırlanması və tədrisin təşkili xidmətlərinin göstərilməsi üçün iddiaçıya razılaşdırılmış xidmət haqqı ödəmək şərti ilə sifariş verməyi, iddiaçı isə cavabdehin müəyyən etdiyi qaydada və zamanda magistratura səviyyəsində “Kibertəhlükəsizlik” (Sabah) qruplarında yeni məzmunun yaradılması və tədrisin təşkili xidmətlərini göstərməyi öhdəsinə götürmüşdür. Müqavilədə nəzərdə tutulan xidmətlər iki il müddətinə - xx.xx.2021-xx.xx.2023-cü il tarixlərdə həyata keçirilməli idi. 2021-ci ilin sentyabrında ilk tədris ilinin ödənişləri, müəllimlərin əmək haqqı ödənilməli olduğu halda gecikmələr başlanmış, iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə müraciət etdikdən sonra əmək haqlarının müəyyən hissəsi köçürülmüşdür. Bundan sonra, bir neçə dəfə cavabdeh təşkilatın rəhbərliyinə xidmətlər və xidmətlərə sərf olunacaq vəsaitlər barədə hesab-faktura da göndərilsə də, 87769.60 manat məbləğində pul vəsaitinin bu günə qədər ödənilməsindən imtina edilir. Bu barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət edilmiş, hər iki qurumdan qrant layihəsi üzrə 210000 manat məbləğində pul vəsaitinin tam şəkildə cavabdehin hesabına köçürüldüyü qeyd edilmişdir. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçının nümayəndəsi 30 iyun 2024-cü il tarixində iddia tələbinin həcminin azaldılması haqqında ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, cavabdehdən tələb edilən 87769,60 manat məbləğində pul məbləğinin 39000 manatı iddiaçının hesabına köçürülmüşdür. Bununla əlaqədar iddiaçı sözügedən qrant müqaviləsi üzrə 48769 (qırx səkkiz min yeddi yüz altmış doqquz) manat məbləğində borc, gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz hesablanmaqla 4876,9 (dörd min səkkiz yüz yetmiş altı manat, doxsan qəpik) manat məbləğində faiz borcu və 380 (üç yüz səksən) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 53025 (əlli üç min iyirmi beş) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi 06 may 2024-cü il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə etirazla müraciət edərək iddiaçı tərəfindən cavabdehə qarşı qaldırılmış iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında 03 avqust 2021-ci il tarixli qrant müqaviləsi bağlanmış, müqavilənin predmetini universitetin nəzdində “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisasının “Kibertəhlükəsizlik” ixtisaslaşmasının “Sabah” layihəsi üzrə yeni məzmunun hazırlanması və tədrisinin təşkili xidmətlərinin göstərilməsi, qrant layihəsi çərçivəsində müəyyən işlərin görülməsi təşkil etmişdir. İcraçı, yəni iddiaçı tərəfindən müqavilə çərçivəsində işlərin görülməsi, xidmətlərin yerinə yetirilməsi ilə bağlı yazılı heç bir sənəd təqdim edilməmiş, müqavilənin müvafiq maddəsinə əsasən təhvil-təslimin şifahi qaydada aparıla biləcəyi bildirilmişdir. Dəfələrlə qarşı tərəfin nümayəndələri ilə başda universitetin maliyyə-təsərrüfat işləri üzrə prorektoru olmaqla səlahiyyətli şəxslər tərəfindən danışıqlar aparılmış, iddia ərizəsində göstərilən ödənişlərin ödənilə bilməsi üçün xərclərlə bağlı müvafiq maliyyə sənədlərinin təqdim edilməli olduğu bildirilmişdir. Layihə üzrə xx.xx.2022-ci il tarixində 75956 manat, xx.xx.2023-cü il tarixində 46274 manat məbləğlərində ödənişlər edilmişdir. xx.xx.2022-ci il tarixində edilən ödənişdə nəzərdə tutulan işlərlə, xidmətlərlə bağlı vəd verilsə də, daha sonra heç bir hesabat sənədi təqdim edilməmişdir. Universitet rəhbərliyi qarşı tərəfin daha sonra müvafiq sənədləri təqdim edəcəyi ilə bağlı vədlərini nəzərə alaraq ümumi məbləğin 35%-ə yaxın bir hissəsini ödəmişdir. İkinci dəfə edilən ödəniş isə əsasən işçilərin əmək haqları olduğu üçün universitetin rəhbərliyi yenə də qarşı tərəfin tələb olunan sənədləri təqdim etməməsində işçilərin hər hansı təqsirinin olmadığını nəzərə alaraq ödənişin köçürülməsi ilə bağlı qərar qəbul etmişdir. Qalan və hazırda iddianın predmeti olan 87769 manat məbləğində pul vəsaitinin isə zəruri maliyyə hesabat sənədləri təqdim edildikdən sonra ödəniləcəyi dəfələrlə şifahi və yazılı formada qarşı tərəfin nəzərinə çatdırılmışdır. İddiaçının ödəniş edilməsi barədə xx.xx.2024-ci il tarixli müraciətinə cavab olaraq qalan məbləğin əhəmiyyətli hissəsini təşkil edən 39120 manatın da hesab-fakturanın buna uyğun olaraq yenidən tərtib edilib göndəriləcəyi təqdirdə ödəniləcəyi qeyd edilmişdir. Etirazda, daha sonra iddiaçının cavabdehə təqdim etdiyi 29 avqust 2023-cü il tarixli 005 nömrəli hesab fakturasında qeyd edilənlərə aşağıdakı formada münasibət bildirilmişdir: 1) Dərs vəsaiti (6000 manat) - Ümumi məbləği 6000 manat məbləğində göstərilən dərs vəsaitləri universitetə təqdim edilməmiş, bununla bağlı hər hansı təhvil-təslim sənədi yoxdur. Qarşı tərəf kitabların elektron formada hazır olduğunu, nəşr etdirmək üçün vəsaitlərinin olmadığını əsas göstərmiş və kitabları təqdim etməmişdir. Həmin kitablar tədris dövründə tədris üçün zəruri olan kitablardır və həmin dövrdə (layihənin icra edilməli olduğu dövr) mövcud olmayan və istifadə edilməyən kitabın təhvil verilmiş kimi xərcinin tələb edilməsi əsasssızdır. Hətta təhvil verilmiş kimi qəbul edilsə belə, həmin 6000 manat xərclə bağlı sənədlərin təqdim edilməsi tələb edildikdə, xərclərlə bağlı ödəmələrin kartdankarta edildiyi, əldən ödənildiyi kimi səbəblər göstərilərək xərclərin dürüstlüyünü və həqiqiliyini təsdiq edəcək heç bir sənədin olmadığı bildirilmişdir; 2) “Windows” əməliyyat sisteminin yazılması (870 manat) - müqavilədə nəzərdə tutulan layihə üçün təsis edilən laboratoriyada mövcud olan kompüterlərdə müxtəlif əməliyyat sistemləri var, lakin həmin proqramların hamısı pirat versiya və ödənişsiz olaraq internet üzərindən endirilib yüklənilə biləcək proqramlardır. Universitetin bu sahəyə cavabdeh İnformasiya hesablama mərkəzi əməkdaşlarının bildirdiyinə görə həmin sistemlər şöbənin əməkdaşları tərəfindən də internet üzərindən endirilib yüklənilə biləcək proqramlardır. Belə olan təqdirdə qeyd olunan məbləğin nəyin xərci olduğu məlum deyil. Çünki həmin proqramlar üçün heç bir xərc çəkilməmiş və ya çəkilən xərc barədə heç bir sənəd təqdim edilməmişdir. Çünki həmin sistemlərin original, lisenziyalı versiyalarının qiyməti daha yüksəkdir. Əgər bu xərc qarşı tərəfin işçilərinin həmin sistemləri internet üzərindən əldə etməsi və yükləməsi ilə bağlı xərclərdirsə, o zaman işçilərin əmək haqları bəndində nəzərdə tutulan ayrı xərc maddəsinin mahiyyəti başadüşülən deyil; 3) Kibertəhlüksəzilik əməliyyat sistemlərinin və proqram təminatının yazılması (1450 manat) - Universitetin İnformasiya hesablama mərkəzinin mütəxəssislərindən alınan məlumata görə kibertəhlüksəzilik əməliyyat sistemləri adlı bir sistem mövcud deyildir. Bu təyinatla istifadə edilə biləcək müxtəlif adlı proqramlar mövcuddur. Qarşı tərəfin bu ad altında hansı proqramları nəzərdə tutduğu bəlli deyil, üstəlik mütəxəssislərin verdiyi məlumata görə həmin kompüterlərə yüklənmiş heç bir lisenziyalı proqram mövcud deyildir. Yuxarıdakı bənddə qeyd olunduğu kimi, bu tip proqramların da lisenziyasız, pirat versiyalarının əldə edilməsi və yüklənilməsi mümkündür. Belə olan təqdirdə bu başlıq altında qeyd olunan xərclərin əsasının nə olduğu bəlli deyil və təsdiq edici heç bir sənəd təqdim edilməmişdir; 4) Vinware Workstation (10150 manat) - bu proqramın da lisenziyasız, pirat versiyasının yüklənmiş olduğu müəyyən edilmişdir. Bu səbəblə qeyd olunan xərcin nəyə çəkilmiş olduğunu təsdiq edən heç bir sənəd təqdim edilməmişdir; 5) Sair proqram təminatı (5400 manat) - bu xərc maddəsi altında hansı proqramlardan söhbət getdiyi müəyyən ediilməmişdir. Ümumiyyətlə, kompüterlərdə heç bir lisenziyalı, ödənişli bir proqram mövcud deyildir. Yuxarıda bir neçə xüsusi adlı proqram qeyd edildikdən sonra sair proqram təminatı deyərək qeyri-müəyyən bir xərc maddəsinin heç bir hüquqi və maliyyə əsası mövcud deyil və bu barədə də hər hansı bir sənəd təqdim edilə bilməmişdir. Nə olduğu bəlli olmayan bir başlıq altında nəzərdə tutulan məbləğin xərc kimi qəbul edilib ödənilməsinin maliyyə hesabatı baxımından öhdəlik daşıyan bir tərəf üçün mümkünsüz olduğunu nəzərə alaraq qeyd edilməlidir ki, gələcəkdə hər bir ödənişin maliyyə hesabatını aidiyyəti qurumlar qarşısında vermək öhdəliyi universitetin üzərindədir və belə olan təqdirdə bu gün həmin təsdiqedici sənədlərin qarşı tərəfdən tələb edilməsi də universitetin ən təbii hüququ olmalıdır; 6) Cybernetics laboratoriyasına texniki dəstək (4799 manat) - Bakı Mühəndislik Universitetində Cybernetics laboratoriyası deyə bir laboratoriya mövcud deyildir. Universitetin bu məqsəd üçün təsis etdiyi laboratoriyalardan birində layihə həyata keçirilmişdir. Həmin laboratoriyalara da hər zaman texniki dəstək universitetin İnformasiya hesablama mərkəzinin əməkdaşları tərəfindən həyata keçirilmişdir. Universitet daxilində hər hansı bir laboratoriyada tədris fəaliyyətləri zamanı yaşanacaq texniki problemlərin həlli üçün daha operativ həll məqsədilə ilkin olaraq müraciət universitetin müvafiq şöbəsinə edilir və lazımi texniki dəstək həmin şöbənin əməkdaşları tərəfindən göstərilir. Bu günə qədər də həmin laboratoriyada yaşanan problemlər zamanı zəruri texniki dəstək universitet əməkdaşları tərəfindən göstərilmişdir. Kənardan heç bir texniki dəstək tələbi olmamış və belə bir dəstək göstərilməmişdir. Əgər burada texniki dəstək deyərkən ilkin olaraq həmin kompüterlərə proqramların yüklənməsi və sair xidmətlərin yerinə yetirilməsidirsə, bu işlərlə bağlı ayrıca əmək haqqı başlığı altında nəzərdə tutulan xərc maddəsi mövcuddur və ödəniş edilmişdir; 7) Laboratoriya serverinin kirayəsi (4400 manat), Sızma testi hədəfi sistemlərinin kirayəsi (15000 manat) - iddiaçı bu xidmətlərlə bağlı "xxxx" MMC şirkəti ilə xidmət müqaviləsi bağlamış, həmin müqaviləni də universitetə təqdim etmişdir. Lakin həmin xidmətlərin yerinə yetirilib-yetirilməməsi ilə bağlı tərəflər arasında təhvil-təslimin edilməsi barədə və ya digər formada heç bir təsdiqedici sənəd təqdim edilməmişdir. Xidmət alınması ilə bağlı müqavilə təqdim edilmiş, ancaq bu müqavilə həmin xidmətlərin göstərilib-göstərilmədiyini təsdiq etmək üçün yetərli deyildir və iddiaçının müvafiq təsdiq sənədlərini təqdim etməsi əhəmiyyət kəsb edir. Məhkəmənin xx.xx.2024-cü il tarixdə keçirilmiş iclasında iştirak etmiş iddiaçının qanuni təmsilçisi iddianı müdafiə edərək izahatında bildirdi ki, 2020-ci ildə Bakı Mühəndislik Universitetində “Sabah” qrupları üzrə kibertəhlükəsizlik ixtisasının yaradılması məqsədilə qrant müsabiqəsi elan edilmiş, həmin müsabiqədə iştirak edən İddiaçı MMC qalib gəlmiş və cavabdeh Bakı Mühəndislik Universiteti ilə qrant müqaviləsi bağlanılmışdır. 2021-ci ilin sentyabr ayında universitetdə dərslər başlayanda ilk dəfə olaraq kibertəhlükəsizliyin standartlarını müəyyənləşdirən, akademik səviyyədə bu fənnin tədris edilməsini təmin edən İddiaçı MMC olmuşdur. Bu təcrübədən daha sonra digər universitetlər də yararlanmışdır. Dərslər lazımi qaydada keçirilmiş, laboratoriya yaradılmış, imtahanlar təşkil edilmiş, bir sözlə cavabdehin tələb etdiyi bütün öhdəliklər yerinə yetirilmişdir. Qrant müqaviləsinin 4.2-ci bəndinə əsasən, cavabdeh 210000 manat məbləğində birdəfəlik ödəniş etməli idi. Cavabdeh ödənişlərin bir hissəsini müxtəlif vaxtlarda hissə-hissə həyata keçirmişdir, belə ki, müqavilənin bağlanmasından keçən 4 il ərzində cəmi 3 dəfə ödəniş edilmişdir. Sonuncu dəfə 2024-cü ilin yanvar ayında cavabdehə müraciət edilmiş və sonradan 39000 manat məbləğində ödəniş edilmişdir. Dərs vəsaitləri elektron formada hazırlanmış, həmin vəsaitlərdən tələbələrə müvafiq fənnlər tədris edilmiş, lakin ödəniş edilmədiyinə görə həmin vəsaitlər çap edilməmişdir. Dərslər lazımi qaydada keçirildiyinə görə tələbələr imtahanda da, diplom müdafiələrində də uğurlu olmuşlar. Həyata keçirilən bütün proseslərlə bağlı universitetin rəhbərliyi mütəmadi olaraq məlumatlandırılmışdır. Dərslər “Covid-19” pandemiyası dövrünə təsadüf etdiyinə görə laboratoriya onlayn təşkil edilmişdir. Həyata keçirilən proseslərlə bağlı “Zoom” proqramı vasitəsilə onlayn şəkildə kurator Mənafəddin müəllimə məlumat verilmişdir. Tələbələrə real “attack” (hücum) üzərindən dərslər izah edilmiş, tələblərin bir qismi “Red team”, bir qismi isə “Blue team” olaraq iki qrupa ayrılmış, bir qrup “attack” həyata keçirmiş, digər qrup isə onun qarşısını almağa çalışmışdır. “Windows” əməliyyat sistemi olmadan həmin prosesləri praktiki olaraq izah etmək mümkün olmazdı. Qrant layihəsi çərçivəsində cavabdehə ödənişlə bağlı dəfələrlə müraciətlər edilsə də, ödənişlər vaxtında ödənilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək izahatında bildirdi ki, cavabdehin etirazında qeyd etdiyi “Windows” əməliyyat sistemi və digər proqramlar universitetin əməkdaşlarının iştirakı ilə kompüterlərə yüklənilmişdir. Həmin vaxt universitet tərəfindən hansısa etiraz bildirilməməsinə baxmayaraq hazırda qrant müqaviləsi üzrə borc tələb edilərkən universitet etiraz edərək həmin proqramların pirat versiya olduğunu bildirir. Nəzərə alınmalıdır ki, layihə dövründə bütün kompüterlər işlək vəziyyətdə olmuş və tələbələrə təhsil dövrünün sonunda diplomlar verilmişdir. Cavabdehin iddiaya etirazının əsasını işlərin görülməsi ilə bağlı hesabatın təqdim edilməməsi təşkil edir. Qrant müqaviləsinin şərtlərində cavabdehə hesabat verilməli olması qeyd edilməmişdir, əksinə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən bildirilmişdir ki, görülən işlərlə bağlı hesabat nazirliyə təqdim edilməlidir. Bununla əlaqədar da iddiaçı müvafiq hesabatı həmin nazirliyə təqdim etmişdir. Bu məsələ ilə bağlı sözügedən nazirliyə onun tərəfindən sorğu ünvanlansa da, sorğunun qanunvericiliklə müəyyən edilmiş baxılıb cavablandırma müddətinin ötməsinə baxmayaraq hər hansı cavab verilməmişdir. Kitab çapı üçün pul ödənilmədiyi halda onların hansı vəsaitlə çap edilməli olması sual yaradır. Digər tərəfdən, dərs vəsaitlərinin qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verməli olduğu bəlli məsələdir. lakin universitet rəhbərliyinin dərs vəsaitlərinin qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verməməsi ilə bağlı etirazı varıydısa, bu etirazı əvvəlcədən bildirməli idi. Bunun əvəzinə, dərs vəsaitləri üçün avans olaraq 9000 manat məbləğində ödəniş həyata keçirilmişdir. xx.xx.2023-cü il tarixli hesab-fakturada və cavabdehin etirazında qeyd edilən sızma laboratoriyası və serverin kirayəyə götürülməsi ilə bağlı təmsil etdiyi təşkilatla "xxxx" MMC arasında laboratoriya serverinin kirayəsi müqaviləsinin mövcud olub-olmaması məsələsini dəqiqləşdirmiş, ona verilən məlumata görə, "xxxx" MMC ilə iddiaçı təşkilat arasında yalnız iş materiallarına əlavə edilmiş 05 avqust 2021-ci il tarixli müqavilə bağlanılmışdır. Bu müqavilə iddiaçının serveri kirayəyə götürdüyünü, bunun üçün müəyyən haqq ödədiyini, həmin serverden universitetdəki tələbələrə dərs tədris edilən zaman istifadə edildiyini sübut edir. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaslarında cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izahatında bildirdi ki, qrant layihəsinin icrası ilə əlaqədar Bakı Mühəndislik Universitetinin hesabına dövlət büdcəsindən 210000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Aralarında bağlanmış qrant müqaviləsinin şərtlərinə əsasən icraçı qismində iştirak edən iddiaçı tərəfindən görülən işlərin müqabilində sifarişçi qismində olan cavabdeh həmin vəsaitdən iddiaçıya pul ödəməlidir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən şifahi qaydada qrant layihəsinin icraçısı olan iddiaçının görülən işlərlə bağlı hesabatı cavabdehə təqdim etməli olduğu qeyd edilmişdir. Nəzərə alınmalıdır ki, hər hansı yoxlama olarsa, xərclərlə bağlı universitetin maliyyə sənədləri yoxlanılacaqdır. İddiaçı görülən işlərlə bağlı universitet qarşısında hesabatlılıq daşımadığını, hesabat sənədlərinin sözügedən nazirliyə təqdim edildiyini qeyd etsə də, qrant müqaviləsinin məzmununda iddiaçının sözügedən nazirlik qarşısında hesabat verməli olması da nəzərdə tutulmamışdır, əgər həqiqətən hesabat nazirliyə verilmişdirsə, həmin hesabat universitetə də təqdim edilə bilər. Cavabdehin etirazının əsası bundan ibarətdir ki, əgər hər hansı əməliyyat sisteminə və ya proqrama, tutaq ki, 125 ABŞ dolları məbləğində xərc çəkilibsə, həmin ödənişi sübut edən sənədlər cavabdehə təqdim edilməlidir. İddiaçı şifahi qaydada bildirir ki, proqramlara və kitab çapına görə onlar tərəfindən ödəniş edilmişdir, lakin bununla əlaqədar yazılı sübutlar cavabdehə təqdim edilmir. Universitetin yeni rəhbərliyi sənədlərlə təsdiq edilən ödənişləri həyata keçirmişdir. Qalan məsələlər qeyri-şəffaf görünür və müvafiq sənədlərlə öz təsdiqini tapmır. Qrant layihəsi üzrə ödənilməli məbləğ 210000 manatdır ki, bunun 170000 manata yaxın hissəsi ödənilmişdir. İddiaçıya ödənilmiş vəsaitlə bağlı onun tərəfindən hesabat təqdim edilib-edilməməsinə gəldikdə, ödənilmiş vəsaitin bir hissəsi müəllimlərin əmək haqları ilə bağlıdır. İddiaçı digər ödənişləri isə müəllimlərin narazılığı, üsyanı adı altında əldə etməyə çalışmışdır. Halbuki Azərbaycan Respublikasının Mülki Məcəllənin 566.4-cü maddəsində qeyd edildiyi kimi, verilmiş məlumatın lazımi vicdanlılıqla tərtib olunmadığını ehtimal etməyə əsas olduqda, kreditorun tələbi ilə borclu və ya vəkil edilmiş şəxs məlumatın vicdanla tərtib olunduğuna yazılı surətdə inandırmalıdır. Universitetin hazırkı rəhbərliyi universitetin əvvəlki rəhbərliyinin razılaşdırdığı məqamlara görə cavabdeh deyil, yeni rəhbərlik olaraq tələb edilən məhz Mülki Məcəllənin yuxarıda qeyd edilən maddəsinə uyğun olaraq tərtib edilmiş yazılı məlumatlardır. Tələb edilən məbləğin bir hissəsi dərs vəsaitlərinə görədir, məhkəmə iclasında Şahid3 bildirdi ki, müəllimlər mövzular üzrə mühazirələri ümumiləşdirərək tədris vəsaiti hazırlamışdırlar və tələb olunan məbləğ həmin vəsaitlərin çap edilməsi ilə bağlı deyil, müəllimlərin xidmət haqları ilə bağlıdır. Müəllimlərə həmin vəsaitləri hazırladıqlarına görə ödəniş edilməsi üçün həmin müəllimlərlə İddiaçı MMC arasında müqavilə bağlanılmalı idi. Bundan əlavə, Azərbaycan Respublikasının Təhsil nazirinin 17 dekabr tarixli 927 nömrəli əmri ilə təsdiq edilmiş “Tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi” Qaydalarına görə tədris vəsaitlərinə qrif verilməsi üçün tədris vəsaitinin əlyazması, əlyazmaya verilmiş müəssisədaxili və kənar 2 mütəxəssis rəyi, əlyazmasında başqa əsərlərdən və mənbələrdən qeyri-qanuni istifadə hallarına yol verilməməsi barədə müəllifin notarial qaydada təsdiq olunmuş ərizəsi olmalıdır. Üstəlik, adıçəkilən bu Qaydalar həm dərs vəsaitlərinə, həm də ki, tədris vəsaitlərinə aiddir. İddiaçı tərəfindən universitetə hər hansı dərs vəsaiti təqdim edilməmişdir və səbəb olaraq bildirilir ki, ödəniş edilmədiyi üçün vəsaitlər elektron formada saxlanılmış və çap edilməmişdir. İddiaçının qeyd etdiyi vəsaitlər sadəcə müxtəlif mühazirələrin toplusundan ibarət olmuşdur. Tələbələrin dərslər tədris edilən zaman həmin vəsaitlərdən istifadə etməsinin tərəflər arasında bağlanmış qrant müqaviləsinin 3.1.3-cü yarımbəndində qeyd edilmiş “göstərilmiş xidmət” anlayışına daxil olub-olmaması məsələsinə gəldikdə, bildirir ki, o özü də müəllim olaraq 2 fənn üzrə dərs tədris etsə də, dərslik yazmamış, müxtəlif vəsaitlərdən istifadə edərək həmin fənləri tədris edir. O, layihə dövründə müəllimlərin dərs keçdiyini də inkar etmir, amma həmin müəllimlər elmi dərəcəsi olan, kifayət qədər savadlı müəllimlərdirlər, onlar dərs və tədris vəsaiti üçün qrif lazım olduğunu bilməli idilər. Bununla əlaqədar müəllimlərlə İddiaçı MMC arasında müqavilə bağlanılmalı və istinad edilən “Tədris vəsaitlərinə nəşr hüququ(qrif) verilməsi” Qaydalarında göstərilən tələblərə əməl olunmalı idi. Həmçinin həmin vəsaitlərin qanunvericiliklə nəzərdə tutulmuş tələblərə uyğun hazırlanması üçün böyük məbləğ də tələb edilmir, yəni həmin vəsaitlərin çap edilməsi zəruri olmamışdır, sadəcə olaraq qrifi olan vəsaitlər təqdim olunmalı idi. Magistratura pilləsində təhsil alan tələbələr üçün 15 fənn üzrə tədris keçirilməsi nəzərdə tutulmuşdur, lakin iddiaçı təşkilat 5 kitab hazırlandığını bildirmişdir. Belə olan halda kitab hazırlanmayan fənnlərin tədris olunması inkar edilmiş olur. Tədris vəsaitlərinə görə nəzərdə tutulmuş 6000 manat məbləğində pul vəsaitinin hazırda ödənilməsindən imtina edildiyi halda, daha əvvəl 3 vəsaitə görə 9 min manat məbləğində pulun ödənilməsinin səbəbinə gəldikdə, həmin pul məbləği iddiaçıya avans olaraq köçürülmüş və həmin məbləğin məhkəmə qaydasında iddiaçıdan tələb edilməsi nəzərdə tutulur. Yəni cavabdeh tərəfindən avans olaraq bəzi ödənişlər həyata keçirilmiş və layihə əməkdaşları da vəd etmişdilər ki, dərs vəsaitləri təqdim ediləcəkdir. İddiaçı təşkilat 13 mart 2022-ci il tarixində cavabdehə məktub ünvanlamış və məktubda 75956 manat ödəniş edilməli olduğunu göstərmişdir. Əgər ödənişin birdəfəlik edilməsi iddia edilirsə, həmin vaxt bu cür məzmunlu məktubun göndərilməsinin səbəbi aydın deyildir. Həmin məktuba əlavə edilən fakturada 3000 manat dəyərində 2 dərs vəsaiti qeyd edilmişdir. Lakin daha öncə - 2022-ci ilin mart ayında ödənişi edilmiş dərs vəsaitləri onlara təqdim edilməmişdir. Hər hansı bir fənn üzrə dərs vəsaitinin məhz 3000 manat dəyərində olmasını təsdiq edən sənədlər cavabdehə təqdim edilməmişdir. Müqavilənin 3.1.3-cü yarımbəndində sifarişçinin vəzifələrindən biri kimi göstərilmiş xidmətin dəyərinin birdəfəlik ödənilməsi nəzərdə tutulmuşdur. Xidmət tam göstərilmədiyindən cavabdeh də ödənişi tam olaraq həyata keçirməmişdir. Cavabdehin nümayəndəsi izahatında daha sonra bildirdi ki, “Windows” əməliyyat sistemi universitetin əməkdaşları tərəfindən yazılmış, hətta sair proqram təminatlarının da iddiaçının təşkil etdiyi layihə əməkdaşları tərəfindən yazıldığı qeyd edilsə də, həmin proqramlardan da bəziləri universitetin öz əməkdaşları tərəfindən komputerlərə yüklənilmişdir. Universitetin hər bir kompüterində “Windows” əməliyyat sistemi mövcud olmuşdur, lakin iddiaçı təşkilatın əməkdaşları komputerlərin hard diski (SSD) dəyişdikdən sonra Windows əməliyyat sistemini yenidən yükləməli olmuşdur. İddiaçı tərəfindən cavabdehə təqdim edilmiş xx.xx.2023-cü il tarixli hesab-fakturada göstərilmiş “Sair proqram təminatı” ilə bağlı məsələyə gəldikdə, iddiaçı təşkilat sair proqramların əks olunduğu aktı universitetin əməkdaşına imzalamaq üçün təqdim etmiş və əməkdaş layihənin başa çatdığını bildirərək 2 il əvvəlki tarixə aid sənədi imzalamaqdan imtina etmişdir. Şahid3 universitetin prorektoru Mikayıl müəllimlə görüş zamanı ona 11 bənddən ibarət sənəd təqdim edildiyini və həmin sənəddə istifadə olunan sair proqram təminatının siyahısının əks olunduğunu bildirdiyi sənəd, yəqin ki, həmin sənəd olmuşdur. Lakin o, həmin sənədi tapa bilməmiş, ola bilər ki, həmin sənəd qeyri-rəsmi formada təqdim edilmişdir. Bundan başqa, o, “Universitetdə kibertəhlükəsizlik laboratoriyası yoxdur” ifadəsi işlətməmişdir, cavabdeh universitetdə İddiaçı adlı laboratoriyanın mövcud olduğunu inkar etmir, universitetin laboratoriyalarının birində İddiaçı MMC qrant layihəsini həyata keçirmişdir. İddiaçı tərəf texniki dəstəklə bağlı videogörüntülərin olduğu disk təqdim edəcəyini bildirir, bu necə mümkün ola bilər?! İddiaçının nümayəndələri laboratoriya qurduqdan sonra çıxıb getmişlər, kompüterlərdə hər hansısa bir texniki nasazlıq olduğu halda isə universitetin əməkdaşlarına müraciət edilmiş və texniki dəstəklə bağlı bu günə kimi iddiaçı tərəfdən hər hansı əməkdaş tərəfindən iş görülməmişdir. Cavabdehin nümayəndəsi izahatında daha sonra bildirdi ki, universitetə təqdim edilmiş iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 05 avqust 2021-ci il tarixli xidmət göstərilməsinə dair müqavilənin mövcudluğu inkar edilmir, sadəcə olaraq universitet rəhbərliyindən icazə almadan həmin serverin istifadə edilməsi mümkün deyildir. Belə görünür ki, kirayə ilə bağlı yalnız 1 müqavilə mövcuddur və 05 avqust 2021-ci il tarixli həmin müqavilə üzrə müəyyənləşdirilmiş haqq cəmi 30000 manatdır. Belə ki, müqavilənin 1.5-ci bəndində fiziki server üçün 5000 manat, laboratoriya sistemləri üçün 10000 manat məbləğində haqq müəyyən edilmişdir. Lakin iddiaçı laboratoriya serverinin kirayəsi üçün 4400 manat, sızma hədəf testinin kirayəsi üçün 15000 manat tələb edir. Əgər 1 illik haqq tələb olunursa, onda 15000 manat yox, 10000 manat tələb edilmiş olardı. Bundan əlavə, Şahid3 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixli hesab-fakturada qeyd edilən “Cybernetics laboratoriyasına texniki dəstək” dedikdə, laboratoriya yaratmaq və ona texniki dəstək göstərmək nəzərdə tutulur. "xxxx" MMC və "xxxx" MMC arasında bağlanmış 05 avqust 2021-ci il tarixli müqavilənin 3.2-ci bəndində qeyd edilmişdir ki, icraçı, yəni "xxxx" MMC xidmətdə aşkarlanan bütün növ nöqsanlar və çatışmazlıqlar üzrə tam məsuliyyət daşıyır. Yəni laboratoriyaya texniki dəstək göstərmək də "xxxx" MMC-in öhdəsində olmuşdur, bu səbəbdən texniki dəstəyi "xxxx" MMC bağlanmış müqavilədə nəzərdə tutulmuş öhdəliyi kimi həyata keçirməli idi və buna görə universitetdən ayrıca pul tələb edilməməlidir. Həmçinin həmin müqavilənin 1.1-ci bəndinin 4-cü sətrində “server və sızma testi sistemləri xidmətlərinin göstərilməsi” ifadəsi işlənilmiş, 1.2-ci bənddə serverin fiziki məkan olaraq iddiaçının təyin etdiyi məkanda quraşdırılacağı və konfiqurasiya olunacağı, 1.5-ci bənddə isə fiziki server üçün 5000 manat, sızma testi üçün 10000 manat məbləğ müəyyən olunduğu qeyd edilmişdir. Müqavilənin istinad etdiyi şərtlərini nəzərə alıb hesab edir ki, serverin kirayəsi də bu müqavilə ilə tənzimlənir, serverin kirayəsi ilə bağlı ayrıca müqavilə yoxdur. Bundan savayı, həmin müqavilənin 1.4-cü bəndində “zəruri hallarda sifarişçinin tələbinə əsasən yenidən konfiqurasiya olunması” ifadəsi işlədilmişdir. Hesab edir ki, həmin bənd proqramların mütəmadiliyinin təmin edilməsi anlayışını da ehtiva edir və xx.xx.2023-cü il tarixli hesab-fakturada göstərilmiş “Cybernetics laboratoriyasına texniki dəstək” başlığı ilə qeyd edilmiş texniki dəstəyin 4799 manat məbləğində müəyyən olunmasını təsdiq edən sənəd təqdim edilməmişdir. Cavabdehin nümayəndəsi izahatında iddiaçı və cavabdeh arasında bağlanmış qrant müqaviləsinin 3.1.2-ci yarımbəndində işi tam, vaxtında, keyfiyyətlə icra etdikdən sonra təhvil almaq vəzifəsinin cavabdehin öhdəliyi kimi müəyyən edildiyi halda, layihənin davam etdiyi 2 il ərzində görülən işlərin keyfiyyəti ilə bağlı məsələ qaldırılmamasının səbəbi barədə suala cavab olaraq bildirdi ki, cavabdeh qəbul edir ki, 2 il ərzində layihə həyata keçirilmiş, bu müddət ərzində dərslərin keçirilməsi inkar edilmir. Lakin cavabdehin hər zaman həmin dərslərə daxil olaraq müdaxilə etmək imkanı olmamışdır, həmçinin dərslərin keçirilməsi ilə bağlı tələbələrdən şikayət də daxil olmamışdır. Lakin 2 il ərzində texniki dəstəyə ehtiyac olmaya da bilər, lakin əgər texniki dəstək göstərilmişdirsə, bu sübut edilməlidir. Bundan başqa, iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş xx.xx.2023-cü il tarixli hesab-fakturaya rəsmi qaydada etiraz edilməmişdir, həmin hesab-faktura təqdim edilənədək iddiaçının hesabına köçürülmüş pul vəsaitləri isə avans şəkildə ödənilmişdir. Həmçinin müəllimlərə, layihə rəhbərlərinə son olaraq əmək haqqının ödənilməsi üçün 39000 manat məbləğində ödəniş edilmişdir. Həmçinin cavabdeh qəbul edir ki, iddiaçının təqdim etdiyi xx.xx.2023-cü il tarixli hesab-fakturada göstərilmiş “kibertəhlükəsizlik əməliyyat sisteminin və proqram təminatının yazılması” ilə əlaqədar layihə çərçivəsində universitetin kompüterlərinə iddiaçının nümayəndələri tərəfindən “Linux” əməliyyat sistemi yüklənmişdir. Cavabdeh nümayəndəsi izahatında, həmçinin bildirdi ki, iddiaçı ilə aralarında bağlanmış qrant müqaviləsində qeyd edilmişdir ki, ödəniş məbləği birdəfəlik ödənilir, amma hansı müddətə ödənilməsi qeyd edilməmişdir. Müqavilənin 3.1.2-ci və 3.1.3-cü yarımbəndlərinə əsasən, xidmət göstərildikdən sonra ödəniş həyata keçirilməli idi. İddiaçı MMC-yə göstərilmiş xidmətlərə görə ödəniş həyata keçirilməsinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən cavabdehə həvələ edilməsi ilə bağlı aralarında bağlanmış qrant müqaviləsində hər hansı şərt yoxdur, hesab edir ki, bu fikir müqavilənin 3.1.3-cü yarımbəndinin məzmunundan irəli gəlir. Məhkəmə iclasları zamanı tədqiq edilmiş sübutlarla iddiaçı ilə "xxxx" MMC arasında yalnız bir müqavilə bağlanıldığı, dərs vəsaiti adlandırılmış vəsaitlərin qanunvericiliyin tələblərinə uyğun olmadığı, “Windows” əməliyyat sisteminin universitetin əməkdaşları tərəfindən yüklənildiyi müəyyən edilmişdir. İddiaçı təşkilat tərəfindən göstərilmiş və müəyyən sənədlərlə təsdiq edilmiş xidmətlərin əvəzi ödənilsə də, digər xidmətlərin göstərildiyini təsdiq edən sənədlər təqdim edilməmişdir. Cavabdehin nümayəndəsi göstərilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia tələbinin həcminin azaldılması barədə ərizəni, cavabdehin etirazını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan 03 avqust 2021-ci il tarixli QM-08/21 nömrəli qrant müqaviləsinin 1.1-ci bəndinə əsasən, sifarişçi (cavabdeh“ Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsi) magistratura səviyyəsində “Kibertəhlükəsizlik” (SABAH) qruplarında yeni məzmunun hazırlanması və tədrisinin təşkili xidmətinin göstərilməsi üçün icraçıya (İddiaçı MMC-yə) razılaşdırılmış xidmət haqqı ödəmək şərtilə sifariş verir, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada və zamanda magistratura səviyyəsində “Kibertəhlükəsizlik” (SABAH) qruplarında yeni məzmunun yaradılması və tədrisinin təşkili xidmətini göstərməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, icraçı xidməti əyani və ya onlayn platforma üzərindən həyata keçirir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən, icraçının yerinə yetirdiyi işlər danışıqlar və ya yazılı (təqdimat) üsulu ilə sifarişçiyə bildirilir. Həmin müqavilənin 3.1.2-ci və 3.1.3-cü yarımbəndlərinə əsasən, işi tam, keyfiyyətli və vaxtında icra etdikdən sonra təhvil almaq və göstərilmiş xidmətin dəyərini birdəfəlik və vaxtında bank yolu ilə ödəmək sifarişçinin vəzifələrinə daxildir. Həmin müqavilənin 3.2.1-ci yarımbəndinə əsasən, müqavilədə nəzərdə tutulan qaydada sifarişçinin müəyyən etdiyi xidməti tam, keyfiyyətli və vaxtında icra etmək icraçının vəzifəsidir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, xidmətin göstərilməsinə dair xidmət haqqı, ümumilikdə 210000 manat təşkil edir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən, ödəniş birdəfəlik şəkildə icraçı tərəfindən sifarişçinin adına yazılacaq müraciət (təqdimat) əsasında həyata keçirilir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən, müqavilədə nəzərdə tutulan xidmətlər 2 il müddətinədək (xx.xx.2021-xx.xx.2023) həyata keçirilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin 01 sentyabr 2021-ci il tarixli Q-34/2021 nömrəli qrantın verilməsi haqqında qərarın qeydə alınması barədə bildirişinə əsasən, icra müddəti xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixədək olan “SABAH magistraturası” layihəsi çərçivəsində “Kiber təhlükəsizlik ixtisaslaşması” üzrə yeni məzmunun yaradılması və tətbiqi məqsədilə 210000 manat məbləğində qrant ayrılmışdır. Bildirişə əsasən, donor “Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsi, resipiyent isə İddiaçıdir. Cavabdeh tərəfindən tərtib edilmiş 03 avqust 2021 ci il tarixli 002 nömrəli aktda qeyd edilmişdir ki, “Windows” əməliyyat sisteminin yazılması - müqavilədə nəzərdə tutulan layihə üçün təsis edilən laboratoriyada mövcud olan kompüterlərdə müxtəlif əməliyyat sistemləri var, lakin həmin proqramların hamısı lisenziyasız, pirat versiyalardır və ödənişsiz olaraq internet üzərindən endirilib yüklənə biləcək proqramlardır. Kibertəhlükəsizlik əməliyyat sistemi və proqram təminatının yazılması - kibertəhlükəsizilik əməliyyat sistemi adlı bir sistem mövcud deyil və bu təyinatlı müxtəlif adlı proqramlar mövcuddur. Həmin kompüterlərə yüklənmiş heç bir lisenziyalı proqram müəyyən edilməmişdir. Ümumiyyətlə bu tip proqramların lisenziyasız, pirat versiyalarının internet üzərindən əldə edilməsi və yüklənilməsi mümkündür. Vinware Workstation proqramının yazılması - bu proqram da lisenziyasızdır, pirat versiyasının yüklənmiş olduğu müəyyən edilmişdir. Sair proqram təminatı - hansı proqramlardan söhbət getdiyi məlum deyil və kompütürlərdə ümumiyyətlə heç bir lisenziyalı, ödənişli bir proqram aşkarlanmamışdır. Cybernetics laboratoriyasına texniki dəstək - Bakı Mühəndislik Universitetində “Cybernetics laboratoriyası” deyə bir laboratoriya mövcud deyildir, layihə universitetin bu məqsəd üçün təsis etdiyi laboratoriyalardan birində həyata keçirilmişdir. Bu günə qədər də həmin laboratoriyada yaşanan problemlər zamanı zəruri texniki dəstək universitetin əməkdaşları tərəfindən göstərilmişdir. Kənardan heç bir texniki dəstək tələbi olmamış və belə bir dəstək göstərilməmişdir. Laboratoriya serverinin kirayəsi və Sızma testi hədəfi sistemlərinin kirayəsi - təhlükəsizlik məqsədi ilə Universitetin daxili kompüter şəbəkəsindən kənar server vəya şəbəkələrə daxil ola bilmək üçün sistem üzərindən xüsusi icazələrin verilməsi tələb olunur. Mərkəzə bu tip icazə ilə bağlı heç bir tələb daxil olmamış və hər hansı bir icazənin verildiyi müəyyən edilməmişdir. İş materiallarında iddiaçı tərəfindən cavabdehə göstərilmiş 87769,60 manat dəyərindəki xidmətlərlə əlaqədar 29 avqust 2023-cü il tarixli 005 nömrəli hesab-faktura, o cümlədən 5956,40 manat dəyərindəki xidmətlərlə əlaqədar 29 dekabr 2022-ci il tarixli 003 nömrəli hesab-faktura vardır. İş materiallarından görünür ki, iddiaçı tərəfində cavabdehə 75956,40 manat məbləğində xidmətlərin göstərilməsi ilə əlaqədar olaraq 29 dekabr 2022-ci il tarixli EBCM seriyalı 2014 nömrəli elektron qaimə-faktura təqdim edilmişdir. İş materiallarında olan qrant müqaviləsinin 2 saylı əlavəsinə əsasən hazırlanmış 15 iyul 2021-ci il tarixdən 21 dekabr 2021-ci il tarixədək olan dövrü əhatə edən 2021-ci il üzrə nəzərdə tutulan xərclərin ödəniş büdcəsindən görünür ki, əməyin ödənişi 18600 manat, əmək haqqına əlavə 4464 manat, məzmunun hazırlanması və adaptasiya xərcləri 24000 manat, laboratoriyanın yaradılması xərcləri 27600 və sair xərclər 1292,4 manat məbləğində olmaqla, cəmi 75956,40 manat məbləğində xərclərin olması iddiaçı tərəfindən təsdiqlənmişdir. İş materiallarında olan İddiaçı MMC və "xxxx" MMC arasında bağlanmış 05 avqust 2021-ci il tarixli xidmət göstərilməsinə dair müqaviləyə əsasən, icraçı ("xxxx" MMC) müqaviləyə əsasən sifarişçinin (İddiaçı MMC-nin) “SABAH” Magistratura layihəsi çərçivəsində Bakı Mühəndislik Universitetinin “Kiber Təhlükəsizlik” ixtisaslaşması üzrə yeni məzmunun yaradılması və tətbiqi məqsədilə Bakı Mühəndislik Universiteti ilə bağladığı müqavilənin icrası prosesində nəzərdə tutulmuş server və sızma testi sistemləri xidmətinin göstərilməsini, sifarişçi isə ona göstərilən xidmətin dəyərini icraçıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, server xidmətinin göstərilməsi zamanı server fiziki məkan olaraq İddiaçı MMC-nin təyin etdiyi məkanda quraşdırılacaq və konfiqurasiya ediləcək. Bakı Mühəndislik Universitetinin təhsilalanları serverə VPN qoşulma və əlavə təqdim olunan istifadəçi etimadnamələri ilə qoşulacaqdır. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən, sızma testi sistemləri serverin daxilində virtual sistemlər və konteynerlər olaraq aradan qaldırılacaq və hücum simulyasiyalarından sonra yenidən baxış keçiriləcəkdir. Zəruri hallarda sifarişçinin tələbinə əsasən yenidən konfiqurasiya ediləcəkdir. Həmin müqavilənin 1.5-ci bəndinə əsasən, xidmətin dəyəri fiziki server üçün illik 5000 manat, daxili konfiqurasiya edilmiş laboratoriya sistemləri üçün illik 10000 manat olmaqla, ümumilikdə 15000 manat, iki il müddətinə isə 30000 manat təşkil edir. İş materiallarına cavabdeh tərəfindən əlavə edilmiş maliyyə arayışından görünür ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə “Kiber təhlükəsizlik” ixtisaslaşması üzrə yeni məzmunun yaradılması və tətbiqi məqsədi ilə ayrılmış 210000 manat qrant vəsaiti dövlət büdcəsindən xx.xx.2020-ci il tarixində universitetin hesabına köçürülmüşdür. Həmin vəsaitdən 75956,40 manat vəsait 14 aprel 2022-ci il tarixində, 46274 manat vəsait 15 mart 2023-cü il tarixində, 39700 manat vəsait 17 may 2024-cü il tarixində universitetin hesabından İddiaçı MMC-nin təqdim etdiyi hesaba avans olaraq köçürülmüşdür. Qrant layihəsinin icrası üçün ayrılmış 210000 manat qrant vəsaitindən universitetin hesabında xx.xx.2024-ci il tarixə 48069,6 manat məbləğində qalıq vəsait qalmaqdadır. İş materiallarında olan iddiaçının nümayəndəsi tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə ünvanlanmış 10 avqust 2024-cü il tarixli 347-2/2024 nömrəli məktubla müəyyən edilir ki iddiaçının nümayəndəsi layihə çərçivəsində zəruri hesabatların təqdim edilməsini xahiş etmişdir. Bu məktubun cavabı məhkəməyə təqdim edilməmiş, sorğu müəllifi bunu sözügedən Nazirliyin məktubu cavablandırmaması və ya cavablandırıldığı halda, məktubun onda olmaması ilə izah etmişdir. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə içərisində layihə çərçivəsində Bakı Mühəndislik Universitetində qurulmuş laboratoriyaya aid görüntülərin olduğunu qeyd etdiyi disk təqdim edilmişdir. Məhkəmə iclasında həmin diskə baxış keçirilməsinə cəhd edilsə də, diskdəki fayl açılmadığına görə bu, mümkün olmamışdır. Bununla əlaqədar iddiaçının nümayəndəsi diskdə olması nəzərdə tutulmuş videogörüntünü mobil telefonunda məhkəməyə təqdim etmiş, məhkəmə iclasında görüntülərə baxış keçirilmişdir. Cavabdehin nümayəndəsi görüntülərin ona aydın olduğunu bildirərək baxış keçirməkdən imtina etmişdir. Məhkəmənin 16 iyul 2024-cü il tarixində keçirilmiş iclasında şahid qismində ifadə verən X2 ifadəsində göstərdi ki, cavabdehin etirazı ilə tanışdır və həmin etirazda qeyd edilmişdir ki, “Windows” əməliyyat sistemi lisenziya olmadan yüklənmişdir və həmin əməliyyat sistemi universitetin öz işçiləri tərəfindən yüklənilə bilərdi. Bildirir ki, “Windows” əməliyyat sistemi ilə əlaqədar tələb edilən məbləğ lisenziyanın məbləği deyildir, çünki həmin əməliyyat sisteminin lisenziyalı variantının qiyməti 100 dollardır. Cavabdehə məxsus kompüterlərdə SSD (Hard disk) dəyişdiyinə görə yaddaş sıfırlanmışdı və layihə çərçivəsində kompüterlərə yenidən “Windows” əməliyyat sistemi onlar tərəfindən yüklənməli olmuşdur. Tələb edilən məbləğ də sözügedən əməliyyat sisteminin yüklənməsinə görə xidmət haqqıdır. Müxtəlif mağazalardan kompüter alanda həmin kompüterə “Windows” əməliyyat sistemini yükləmək üçün 70-90 manat məbləğində əlavə ödəniş tələb edilir, onlar tərəfindən tələb edilən məbləğ isə bu əməliyyat sisteminin yazılması üçün minimal və ağlabatan məbləğdir. “Windows” əməliyyat sistemindən savayı, cavabdehə məxsus kompüterlərə “Linux” əməliyyat sistemini də yükləmişlər, çünki bu, kibertəhlükəsizlik ixtisası üçün ən çox lazım olan əməliyyat sistemidir. Universitetin rəhbərliyi bakalavrların da nəzərə alınmasını və ikili əməliyyat sistemini, həm “Windows”, həm “Linux” əməliyyat sistemlərinin quraşdırılmasını xahiş etmişlər. xx.xx.2023-cü il tarixli hesab-fakturada və cavabdehin etirazında qeyd edilən Vinware Workstation proqram təminatı üçün 10150 manat məbləğində ödəniş tələb olunması ilə bağlı bildirir ki, bu, lisenziyalı proqram təminatıdır və tələb olunan məbləğ lisenziya alınması üçün lazım olan məbləğdir. Ödəniş edilmədiyi üçün lisenziyalı variantı satın alınmamışdır, lisenziyasız əldə etdikdə isə həmin proqram təminatından istifadə olunma imkanları məhdudlaşır, müəyyən müddətdən sonra davamlılıq təmin olunsun deyə yenilənmələr edilmişdir. xx.xx.2023-cü il tarixli hesab-fakturada və cavabdehin etirazında qeyd edilən sair proqram təminatına gəldikdə, hər bir fənnin tədris metodikası fərqli olduğuna görə istifadə edilən proqramlar da müxtəlifdir. Məsələn “Network” (Şəbəkə) fənni tədris edilən zaman “X3” adlı proqram təminatından istifadə edilmişdir və bu proqramların yüklənməsi mürəkkəb prosesdir, əgər kompüterdə ikili əməliyyat sistemi mövcuddursa, prosedur daha da mürəkkəbləşir. “Microsoft Office” proqramlarını şəbəkə şəklində əldə etmək olsa da, kibertəhlükəsizliklə əlaqəli olan “CorelDraw”, “AutoCad” kimi proqramları şəbəkə şəklində yükləmək olmur. Şahid Rəfail Əliyev ifadəsində həmin proqramların kibertəhlükəsizlik ixtisası ilə əlaqəli olmadığını bildirsə də, həmin proqramlar universitetin əməkdaşlarının tələbi ilə yüklənilmişdir. Həmçinin həmin ərəfədə kompüterlərin SSD-si (Hard diski) dəyişiləndə universitet tərəfindən onlara əvvəlki bütün proqramların bərpa edilməsi tapşırılmışdı. Bu məsələ ilə bağlı əlavə olaraq bildirir ki, Bakı Mühəndislik Universitetinin prorektoru Mikayıl müəllimlə müəllimlərin əmək haqlarının gecikməsi ilə bağlı görüş zamanı həmin proqramların siyahısının da olduğu 11 bənddən ibarət sənədi o, universitetə təqdim etmişdir. xx.xx.2023-cü il tarixli hesab-fakturada və cavabdehin etirazında qeyd edilən İddiaçı laboratoriyasına texniki dəstəyin göstərilməsi ilə bağlı 4799 manat məbləğində ödənişin tələb olunması ilə bağlı bildirir ki, kompüterlərdə ikili əməliyyat sistemi yaradıldığı üçün “Linux” əməliyyat sistemində yaranan hər hansı problem avtomatik olaraq “Windows” əməliyyat sisteminin işinə təsir etmişdir. O və digər əməkdaşlar dəfələrlə dərslərdən əvvəl və sonra vaxt ayıraraq həmin problemləri aradan qaldırmışlar. xx.xx.2023-cü il tarixli hesab-fakturada və cavabdehin etirazında qeyd edilən sızma laboratoriyası və serverin kirayəyə götürülməsi ilə bağlı bildirir ki, iddiaçı və "xxxx" MMC arasında serverin kirayəyə götürülməsi ilə bağlı müqavilə imzalanmışdır. Universitetin texniki imkanlarından istifadə edərək “etik-xakerlik” prosedurunu həyata keçirmək mümkün olmazdı, çünki tələbələr serverdə boşluq aşkarlaya bilərdilər və bu universitetin elektron jurnal daxil olmaqla elektron qaydada həyata keçirdiyi bir çox proseslərə problem yaratmış olardı. Ona görə də kənar serverə qoşulmaq üçün müqavilə bağlanılmışdır. Hər bir tələbə üçün istifadəçi adı və parol nəzərdə tutulmuş, tələbələr həmin sistemə daxil olaraq nəzərdə tutulmuş tapşırıqları yerinə yetirmişlər. Serverdən istifadə edilməsi ilə əlaqədar birinci ildə ödəniş həyata keçirilmiş, lakin ikinci ildə ödəniş həyata keçirilməmişdir. Cavabdehin təqdim etdiyi etirazda universitetin kənar serverin qoşulması ilə bağlı icazəsinin olmadığı qeyd edilmişdir, lakin universitetin xəbəri olmadan bu prosesləri həyata keçirmək mümkün olmazdı. Universitetdə elektron qaydada həyata keçirilən proseslərin həyata keçirilməsi, icazə alınması mürəkkəb proses olsa da, internetə qoşulmaq üçün icazənin verilməsi kifayətdir, digər proseslər üçün icazə lazım olmamışdır və bütün proseslərdən universitetin əməkdaşı Mənafəddin müəllimin xəbəri olmuşdur. Şahid ifadəsində daha sonra qeyd etdi ki, bir hissəsi pandemiya dövrünə təsadüf etsə də, tədris tamamilə onlayn formada yox, hibrid qaydada təşkil edilmişdir: həftənin müəyyən günləri onlayn, digər günlər isə əyani şəkildə tədris həyata keçirilmişdir. İddiaçı laboratoriyasına texniki dəstək” başlığı altında texniki dəstəklə bağlı, həmçinin bildirir ki, həmin laboratoriyada otaqda 31 ədəd kompüter olmuş, bunlardan 29-u işlək vəziyyətdə olmuşdur, əgər universitet texniki dəstəyi öz əməkdaşlarının göstərə biləcəyini iddia edirsə, həmin vaxt gəlib kompüterləri düzəltmiş olardılar. Həmin kompüterlərə məhz layihə çərçivəsində iddiaçının əməkdaşları tərəfindən əməliyyat sistemləri yüklənilmiş, lakin lisenziyasız olduğuna görə davamlılığı təmin etmək üçün müəyyən müddət sonra yenilənmələr həyata keçirilmişdir. Texniki dəstəklə yanaşı, hər bir müəllim dərsi keçdiyi müddətdə mühazirələri sistemləşdirmiş və tədris vəsaiti tərtib etmişdir. Tələbələrin tədris vəsaitlərinə əlçatanlığını təmin etmək üçün 2 tədris vəsaiti öz hesablarına çap edilmişdir. O özü də “Cloud” (Bulud) texnologiyaları ilə bağlı fənn tədris etmiş və bu fənnlə bağlı azərbaycan dilində heç bir mənbə olmamışdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə tələbələrin azərbaycan dilində tədris vəsaiti ilə təmin edilməsi ilə bağlı razılığa gəlinmiş, yəni həmin müddət ərzində dərs vəsaitinin olması zəruri olmamışdır. Məhkəmənin 16 iyul 2024-cü il tarixində keçirilmiş iclasında şahid qismində ifadə verən Bakı Mühəndislik Universitetinin Maliyyə-təsərrüfat işləri üzrə prorektoru vəzifəsində işləyən Şahid1 ifadəsində bildirdi ki, universitetdə 2022-ci il iyulun 6-dan etibarən işləyir və tərəflər arasındakı qrant müqaviləsi həmin vaxtdan əvvəl bağlanmışdır. Qrant layihəsi çərçivəsində 210000 manat məbləğində pul vəsaiti universitetin hesabına köçürüldükdən sonra görülən bəzi işləri təsdiq edən sənədlər təqdim edilmiş və bununla əlaqədar iddiaçıya müəyyən məbləğlərdə ödənişlər edilmişdir. 2023-cü ildə universitetə təqdim edilmiş qaimədə görülməyən işlər öz əksini tapdığına görə cavabdeh vəsaiti ödəməkdən imtina etmiş, təsdiqedici sənədlər tələb etmiş, iddiaçı isə buna etiraz etmişdir. Müvafiq təsdiqedici sənədlər təqdim edilsə, qalan məbləğ də ödənilə bilər. Yüklənən əməliyyat sistemləri lisenziyasız olduğuna görə onların yüklənməsi üçün ödəniş həyata keçirilməmişdir. Dərs vəsaitlərinə gəldikdə, universitetə təqdim edilmiş dərs vəsaitlərinin pulu ödənilmişdir. Müqavilə şərtlərində əvvəlcədən avans ödənilməsi ilə bağlı müddəa nəzərdə tutulmadığı üçün kitablar təqdim edilmədiyinə görə tam ödəniş edilməmişdir. Hazırda çap edilməmiş tədris vəsaitlərinə görə ödəniş tələb edilir. Faktiki olaraq layihə həyata keçiriləndə həmin tədris vəsaitləri olmamışdır və layihə başa çatdıqdan onların çap edilməsinin heç bir əhəmiyyəti yoxdur. Qeyd etdiyi kimi, təqdim edilmiş dərs vəsaitlərinin ödənişi isə həyata keçirilmişdir. Serverin kirayə haqqının tələb olunması məsələsinə gəldikdə,universitetin texniki imkanları kifayət qədər yüksək səviyyədədir, ondan yararlana bilərdilər, əlavə serverə ehtiyac yox idi. Qrant müqaviləsinin şərtlərinə əsasən görülmüş iş və xidmətlərin nəticəsi təqdim edildikdən sonra pul köçürülməli idi. Server kirayə müqaviləsini ödənişi həyata keçirmək üçün tələb edilən maliyyə sənədi hesab etmək olmaz, çünki həmin müqavilə real olsaydı, "xxxx" MMC universitetə müraciət edərək universitetdən parol istəməli idi, çünki razılıq və ya parol olmadan həmin şirkətin serverinin universitetdə fəaliyyət göstərməsi mümkün deyildir. Serverin kirayəsi müqaviləsi mövcud olmadığı halda, birinci il üçün həmin kirayə haqqı ilə bağlı ödəniş edilməsinin səbəbi barədə bildirir ki, o, 2022-ci ilin iyul ayından universitetdə işləyir, bu barədə məlumatı yoxdur. Əgər həmin məbləğ təsdiqedici sənədlər olmadan ödənilmişdirsə, məbləğin geri qaytarılması ilə bağlı iddia qaldırılmalıdır. İddiaçının təqdim etdiyi hesab-fakturada göstərilən məbləğlərlə bağlı dəfələrlə şifahi qaydada müraciət edilmiş, təsdiqedici sənədlər tələb edilmiş, təqdim edilmədiyinə görə yazılı qaydada da müraciət edilmişdir. Məhkəmənin 16 iyul 2024-cü il tarixində keçirilmiş iclasında şahid qismində ifadə verən Bakı Mühəndislik Universitetinin İnformasiya texnologiyaları şöbəsində baş mütəxəssis vəzifəsində işləyən X1 ifadəsində bildirdi ki, universitetin komputerlərinə yüklənilən “Windows” əməliyyat sistemi lisenziyasız olmuşdur, lisenziya olmadan 30 gün istifadə etmək olur və sonradan problemlər yaranır. Həmin əməliyyat sistemnini yüklənilməsi üçün xidmət haqqı kimi tələb edilən 30 manat məbləğlə bağlı bildirir ki, o, universitetin əməkdaşı olduğuna görə həmin proqramı qarşılıqsız yükləmiş və xidmət haqqı barədə məlumatı yoxdur. Qrant layihəsi üzrə tədris keçilən kompüterlərin SSD-si (Sərt diski) dəyişilməmişdən əvvəl həmin əməliyyat sistemi kompüterdə mövcud olmuşdur, yenilənmə olduqdan sonra isə “Windows” əməliyyat sistemini layihə üzrə əməkdaşlar yükləmişlər. Kibertəhlükəsizlik üzrə əməliyyat sisteminin yüklənməsi üçün haqq kimi tələb olunan 1450 manatla bağlı bildirir ki, “Windows” əməliyyat sisteminin yazılması ilə digər əməliyyat sistemlərinin yazılması arasında böyük fərq yoxdur. xx.xx.2023-cü il tarixli hesab-fakturada və cavabdehin etirazında qeyd edilən sair proqram təminatına hansı proqramların daxil edildiyi barədə məlumatı yoxdur. Təhvil-təslim aktında sair proqram təminatına daxil edilən proqramların arasında “AutoCad” qeyd edilmişdir, amma həmin proqram kibertəhlükəsizlik ixtisası ilə əlaqəli deyildir. Komputerlərə texniki dəstəyi universitetin əməkdaşları göstərmişlər. Sözügedən hesab-fakturada qeyd edilən sızma laboratoriyası universitetin ümumi serverindən kənarda olduğu üçün universitetin əməkdaşlarının ora girişi olmamışdır. sızma testi hədəf sistemlərinin kirayəsi ilə bağlı tələb edilən məbləğin real olub-olmaması, o cümlədən laboratoriya serverinin kirayəsi ilə bağlı məlumatı yoxdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş götməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci və 445.2-ci maddələrinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi (445.2.1) və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi (445.2.2) borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən, əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Həmin Məcəllənin 770-ci maddəsinə əsasən, əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Qrant haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 1-ci hissəsinə əsasən qrant - humanitar, sosial və ekoloji layihələri, müharibə və təbii fəlakət nəticəsində ziyan çəkmiş ərazilərdə dağılmış istehsal, sosial təyinatlı obyektlərin və infrastrukturun bərpası üzrə işləri, təhsil, səhiyyə, mədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat və idman sahələrində proqramları, elm, tədqiqat və layihələşdirmə proqramlarını, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən digər proqramları hazırlamaq və həyata keçirmək üçün bu Qanunla nəzərdə tutulmuş qaydada göstərilən yardımdır. Qrant yalnız konkret məqsəd (məqsədlər) üçün verilir. Həmin Qanunun 4-cü maddəsinin 3-cü hissəsinə əsasən, qrant predmeti olan layihə həyata keçirilən dövrdə qrant kimi verilən, yaxud qrant hesabına əldə edilən dəyərlərin satılıb pula çevrilməsi yalnız qrant haqqında müqavilədə belə əməliyyatlar nəzərdə tutulduqda, əks təqdirdə isə donorun əlavə yazılı razılığı il mümkündür. Bu halda resipiyentin sərəncamına daxil olan maliyyə vəsaiti qrant predmeti ola bilən layihə və proqramların həyata keçirilməsinə sərf edilməlidir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci hissəsinə əsasən, donor və resipiyent bu Qanunun və qrant haqqında müqavilədə (qərarda) göstərilən şərtlərin pozulmasına görə qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyırlar. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 11 iyun 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini də ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, xx.xx.2021-ci il tагiхiпdən xx.xx.2023-сi tarixədək təşkil edilməsi nəzərdə tutulmuş “SABAH magistraturası” layihəsi çərçivəsində “Kibertəhlükəsizlik” ixtisaslaşması üzrə yeni məzmunun yaradılması və tətbiqi məqsədilə keçirilən qrant layihəsinin qalibi olan İddiaçı ilə cavabdeh “Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsi arasında 03 avqust 2021-ci il tarixli QM-08/21 nömrəli qrant müqaviləsi bağlanılmış, müqaviləyə əsasən cavabdeh (sifarişçi) magistratura səviyyəsində “Kibertəhlükəsizlik” (SABAH) qruplarında yeni məzmunun hazırlanması və tədrisinin təşkili xidmətinin göstərilməsi üçün iddiaçıya (icraçıya) razılaşdırılmış xidmət haqqı ödəmək şərtilə sifariş verməyi, iddiaçı isə sifarişçinin müəyyən etdiyi qaydada və zamanda magistratura səviyyəsində “Kibertəhlükəsizlik” (SABAH) qruplarında yeni məzmunun yaradılması və tədrisinin təşkili xidmətini göstərməyi öhdəsinə götürmüşdür. Layihə çərçivəsində donor kimi cavabdehin hesabına müqavilənin predmetini təşkil edən xidmətlərin göstərilməsi ilə əlaqədar resipiyent olan iddiaçıya ödənilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi vasitəsilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən 210000 manat məbləğində pul vəsaiti köçürülmüş və 2021-ci ildən 2023-cü ilədək dövrü əhatə edən tədris illəri üzrə iddiaçı tərəfindən Bakı Mühəndislik Universitetində magistratura səviyyəsində kibertəhlükəsizlik ixtisası üzrə tədris həyata keçirilmişdir. İddia tələbinin həcminin azaldılması haqqında ərizə ilə iddiaçı qrant müqaviləsi üzrə ödənilməmiş 48769 manat məbləğində pul vəsaitinin iddiaçıya ödənilməsini tələb etmiş və aparılan məhkəmə araşdırması da məhz tərkibi ayrı-ayrı xərc maddələrindən ibarət olan həmin məbləğin tələb edilməsinin əsaslılığının müəyyən edilməsinə yönəlmişdir. Cavabdehdən tutulması tələb edilən pul vəsaitinin tərkibinə daxil olan həmin məbləğlər və bununla əlaqədar tərəflərin izahatları, məhkəmə iclaslarında ifadə vermiş şahidlərin ifadələri, iş materiallarındakı sənədlərin və digər sübutların birgə təhlili və qiymətləndirilməsi əsasında məhkəmənin gəldiyi qənaət aşağıdakılardan ibarətdir: 1) Dərs vəsaiti (6000 manat) - iş materiallarında olan 29 avqust 2023-cü il tarixli hesab fakturadan aydın olur ki, bu məbləğ ümumi məbləği 6000 manat olan 2 dərs vəsaitinə görə tələb edilməkdədir. Lakin iddiaçı həmin vəsaitlərin adlarının nə olmalarını, onların müəllifi və ya həmmüəlliflərin kim olmasını, həmin vəsaitlərin dəyərinin məhz 6000 manat məbləğində olmasını, bu vəsaitlərin çap və ya çap olmayan (PDF) variantda hazırlanaraq cavabdehə təqdim edilməsini təsdiq edən hər hansı sənədi və ya sənədləri məhkəməyə təqdim etmədi. Müəyyən edildi ki, iddiaçı tərəfindən iş materiallarına 3 müxtəlif vəsait (“Python Müasir proqramlaşdırma dili, “Kompüter ekspertizası” və “Kibertəhlükəsizliyin əsasları”) əlavə edilmiş və hər iki tərəf təsdiq etdi ki, tədrisin birinci ilində dərs vəsaitlərinə görə cavabdeh tərəfindən 9000 manat məbləğində ödəniş edilmişdir. Görünən budur ki, 9000 manat məbləğində ödəniş məhz bu üç vəsaitə görə ödənilmişdir, lakin hazırda tələb edilən 6000 manat məbləğin hansı təsdiqedici sənədlərə əsasən tələb edilməsi iddiaçı tərəfindən əsaslandırılmamışdır. Burada məhkəmə tərəflər arasında bağlanmış qrant müqaviləsinin şərtlərinə istinad etməyi zəruri hesab edir, belə ki, müqavilənin 3.1.3-cü yarımbəndində qeyd edilir ki, göstərilmiş xidmətin dəyərini birdəfəlik və vaxtında bank yolu ilə ödəmək sifarişçinin vəzifəsidir. Göründüyü kimi, tərəflər müqavilədə ödəniş edilməsinin səbəbi kimi “göstərilmiş xidmət” anlayışından istifadə etmişlər. Belə olduğu halda, iddiaçı dərs vəsaitlərinə görə 6000 manat məbləğində pul tələb etdiyi halda, bu xidmətin göstərilmiş olduğunu, yəni həmin dərs vəsaitlərinin mövcudluğunu və məhz 6000 manat dəyərində olmasını sübut etmək vəzifəsi daşıyır. Məhkəməyə dərs vəsaitlərinin mövcudluğu, onların cavabdehə təqdim edilməsi və onların məhz 6000 manat məbləğində qiymətləndirilməsi barədə hər hansı sübut təqdim edilmədiyi üçün iddia tələbində tələb olunan məbləğin bu hissəsi əsaslı deyildir və bu vəsait cavabdehdən tutulmamalıdır; 2) “Windows” əməliyyat sisteminin yüklənilməsi (870 manat) - məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı Mühəndislik Universitetində həyata keçirilən layihə çərçivəsində iddiaçı tərəfindən universitetin 29 ədəd kompüterinə xidmət haqqı kimi biri 30 manatdan hesablanmaqla “Windows” əməliyyat sistemi yüklənilmişdir. Belə ki, işin bu halı ilə bağlı məhkəmə iclasında ifadə verən Şahid3 bildirdi ki, cavabdehə məxsus kompüterlərdə SSD (Hard disk) dəyişdiyinə görə yaddaş sıfırlanmışdı və layihə çərçivəsində kompüterlərə yenidən “Windows” əməliyyat sistemi onlar tərəfindən yüklənməli olmuşdur. Bu halla bağlı cavabdehin nümayəndəsi də oxşarməzmunlu izahat vermişdir: “Universitetin hər bir kompüterində “Windows” əməliyyat sistemi mövcud olmuşdur, lakin iddiaçı təşkilatın əməkdaşları komputerlərin hard diski (SSD) dəyişdikdən sonra “Windows” əməliyyat sistemini yenidən yükləməli olmuşdur”. Göründüyü kimi, universitetə məxsus 29 ədəd kompüterə sözügedən əməliyyat sisteminin iddiaçı tərəfindən yüklənildiyi təsdiq edilir. Cavabdehin etirazında həmin əməliyyat sisteminin lisenziyasız variantının yüklənməsi barədə dəlilinə gəldikdə, araşdırma zamanı müəyyən edildi ki, komputerlərə həmin əməliyyat sisteminin lisenziyasız variantının yüklənməsi işin mübahisəsiz halıdır, çünki iddiaçı tərəfindən də bunun əksi iddia edilmir. Tələb edilən məbləğ də məhz sözügedən əməliyyat sisteminin yüklənməsinə görə xidmət haqqıdır (29x30=870), proqramın lisenziyalı variantı daha bahalıdır (şahidin ifadəsinə əsasən bir ədədi 100 ABŞ dolları). Qeyd edilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbində tələb olunan məbləğin bu hissəsi əsaslıdır və bu vəsait cavabdehdən tutulmalıdır; 3) Kibertəhlükəsizlik əməliyyat sistemlərinin və proqram təminatının yüklənilməsi (1450 manat) - məhkəmə araşdırması zamanı müəyyən edildi ki, universitetə məxsus olan və dərslərin keçirildiyi 29 ədəd kompüterə kibertəhlükəsizlik əməliyyat sistemi kimi “Linux” yüklənilmişdir. İşin bu halı cavabdehin nümayəndəsi tərəfindən də inkar edilmədi və o, izahatında qeyd etdi ki, iddiaçının nümayəndələri tərəfindən bu proqramın yüklənilməsi cavabdeh tərəfindən qəbul edilir. Cavabdehin etirazında həmin əməliyyat sisteminin lisenziyasız variantının yüklənməsi barədə dəlilinə gəldikdə, araşdırma zamanı müəyyən edildi ki, “Windows” əməliyyat sistemində olduğu kimi, komputerlərə “Linux” əməliyyat sisteminin lisenziyasız variantının yüklənməsi işin mübahisəsiz halıdır. Tələb edilən məbləğ də məhz sözügedən əməliyyat sisteminin yüklənilməsinə görə xidmət haqqıdır (29x50=1450). Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbində tələb olunan məbləğin bu hissəsi də əsaslıdır və bu vəsait cavabdehdən tutulmalıdır; 4) Vinware Workstation (10150 manat) - məhkəmə araşdırması zamanı müəyyən edildi ki, qeyd edilən məbləğ bu proqram təminatının lisenziyalı variantının qiymətidir və universitetə məxsus kompüterlərə bu variant yüklənilməmişdir. İşin bu halı ilə bağlı məhkəmə iclasında ifadə verən Şahid3 qeyd etdi ki, “ödəniş edilmədiyi üçün bu proqramın lisenziyalı variantı satın alınmamışdır, lisenziyasız əldə etdikdə isə həmin proqram təminatından istifadə olunma imkanları məhdudlaşır”. Göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslı deyildir və bu vəsait cavabdehdən tutulmamalıdır; 5) Sair proqram təminatı (5400 manat) - məhkəmə araşdırması zamanı müəyyən edildi ki, qrant layihəsi çərçivəsində kibertəhlükəsizlik ixtisasının tədris edilməsi ilə əlaqədar “Windows” və “Linux” əməliyyat sistemləri ilə yanaşı, bir sıra digər proramlardan da istifadə edilmiş və bununla əlaqədar həmin proqramlar universitetə məxsus 29 ədəd kompüterə yüklənilmişdir. İşin bu halı ilə bağlı Şahid3 ifadəsində göstərdi ki, “hər bir fənnin tədris metodikası fərqli olduğuna görə istifadə edilən proqramlar da müxtəlifdir. Məsələn “Network” (Şəbəkə) fənni tədris edilən zaman “X3” adlı proqram təminatından istifadə edilmişdir və bu proqramların yüklənməsi mürəkkəb prosesdir, əgər kompüterdə ikili əməliyyat sistemi mövcuddursa, prosedur daha da mürəkkəbləşir. “Microsoft Office” proqramlarını şəbəkə şəklində əldə etmək olsa da, kibertəhlükəsizliklə əlaqəli olan “CorelDraw”, “AutoCad” kimi proqramları şəbəkə şəklində yükləmək olmur. Şahid Rəfail Əliyev ifadəsində həmin proqramların kibertəhlükəsizlik ixtisası ilə əlaqəli olmadığını bildirsə də, həmin proqramlar universitetin əməkdaşlarının tələbi ilə yüklənilmişdir Həmçinin həmin ərəfədə kompüterlərin SSD-si (Hard diski) dəyişiləndə universitet tərəfindən onlara əvvəlki bütün proqramların bərpa edilməsi tapşırılmışdı. Bu məsələ ilə bağlı əlavə olaraq bildirir ki, Bakı Mühəndislik Universitetinin prorektoru Mikayıl müəllimlə müəllimlərin əmək haqlarının gecikməsi ilə bağlı görüş zamanı həmin proqramların siyahısının da olduğu 11 bənddən ibarət sənədi o, universitetə təqdim etmişdir”. İşin bu halı ilə bağlı cavabdehin nümayəndəsi isə izahatında qeyd etdi ki, “Sair proqram təminatı” ilə bağlı məsələyə gəldikdə, iddiaçı təşkilat sair proqramların əks olunduğu aktı universitetin əməkdaşına imzalamaq üçün təqdim etmiş və əməkdaş layihənin başa çatdığını bildirərək 2 il əvvəlki tarixə aid sənədi imzalamaqdan imtina etmişdir. Şahid3 universitetin prorektoru Mikayıl müəllimlə görüş zamanı ona 11 bənddən ibarət sənəd təqdim edildiyini və həmin sənəddə istifadə olunan sair proqram təminatının siyahısının əks olunduğunu bildirdiyi sənəd, yəqin ki, həmin sənəd olmuşdur”. Həm şahidin, həm də cavabdehin nümayəndəsinin bəhs etdikləri bu 11 bənddən ibarət sənəd məhkəmə təqdim edilməsə də, onların ifadə və izahatı ilə müəyyən edilir ki, həqiqətən belə bir sənəd mövcud olmuş və həmin sənədin məzmununda sair proqramlar qeyd edilmişdir. Göstərilən bu halı, həmçinin yuxarıda adları çəkilən həmin proqramların kompüterlərə yüklənilməsini təsdiq edən şahidin ifadəsini nəzərə alan məhkəmə hesab edir ki, iddia tələbində tələb olunan məbləğin bu hissəsi də əsaslıdır və bu vəsait cavabdehdən tutulmalıdır; 6) Cybernetics laboratoriyasına texniki dəstək (4799 manat) - məhkəmə araşdırması zamanı müəyyən edildi ki, universitetə məxsus 29 ədəd kompüterə yüklənmiş “Windows”, “Linux” əməliyyat sistemlərinin, o cümlədən digər proqramların işləkliyinin və davamlılığının təmin edilməsi (əməliyyat sistemlərinin lisenziyasız olduğu nəzərə alındıqda, 30 gündən sonra onların mütəmadi yenilənməsi də nəzərə alınmaqla) məqsədilə iddiaçının nümayəndələri tərəfindən tədris prosesi dövründə, yəni iki il ərzində mütəmadi olaraq texniki xidmət göstərilmişdir. İşin bu halı ilə bağlı Şahid3 ifadəsində göstərdi ki, “kompüterlərdə ikili əməliyyat sistemi yaradıldığı üçün “Linux” əməliyyat sistemində yaranan hər hansı problem avtomatik olaraq “Windows” əməliyyat sisteminin işinə təsir etmişdir. O və digər əməkdaşlar dəfələrlə dərslərdən əvvəl və sonra vaxt ayıraraq həmin problemləri aradan qaldırmışlar”. Məhkəmə bu hissədə cavabdehin "xxxx" MMC və "xxxx" MMC arasında bağlanmış 05 avqust 2021-ci il tarixli müqavilənin 3.2-ci bəndinə əsasən icraçının, yəni "xxxx" MMC-nin xidmətdə aşkarlanan bütün növ nöqsanlar və çatışmazlıqlar üzrə tam məsuliyyət daşıması şərtinə əsasən laboratoriyaya texniki dəstək göstərilməsinin də "xxxx" MMC-in öhdəsində olması, bunun həmin müqavilədə nəzərdə tutulmuş öhdəliyi kimi həyata keçirməli olması və buna görə universitetdən ayrıca pul tələb edilməməli olması barədə dəlili ilə razılaşmır. Nəzərə alınmalıdır ki, istinad edilən həmin müqavilənin predmeti bilavasitə server və sızma testi sistemləri xidmətinin göstərilməsindən ibarətdir (1.1-ci bənd). Yəni həmin müqavilənin 3.2-ci bəndində nəzərdə tutulan "xxxx" MMC-nin xidmətdə aşkarlanan bütün növ nöqsanlar və çatışmazlıqlar üzrə tam məsuliyyət daşıması” şərti də bilavasitə həmin müqavilənin predmetini təşkil edən server və sızma testi sistemləri xidmətinin göstərilməsi zamanı ortaya çıxması ehtimal edilən nöqsanlar və çatışmazlıqları əhatə edir. Göstərilənləri nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, iddia tələbində tələb olunan məbləğin bu hissəsi də əsaslıdır və bu vəsait cavabdehdən tutulmalıdır; 7) Laboratoriya serverinin kirayəsi (4400 manat) və Sızma testi hədəfi sistemlərinin kirayəsi (15000 manat) - məhkəmə araşdırması zamanı müəyyən edildi ki, həm laboratoriya serverinin kirayəsi, həm də ki, sızma testi hədəfi sistemlərinin kirayəsi eyni müqavilə - "xxxx" MMC və "xxxx" MMC arasında bağlanmış 05 avqust 2021-ci il tarixli müqavilə ilə tənzimlənir və həmin müqavilənin 1.5-ci bəndinə əsasən, xidmətin dəyəri fiziki server üçün illik 5000 manat, daxili konfiqurasiya edilmiş laboratoriya sistemləri üçün illik 10000 manat olmaqla, ümumilikdə 15000 manat, iki il müddətinə isə 30000 manat təşkil edir. İş materialları ilə təsdiq edilir ki, həmin müqavilə cavabdehə təqdim edilmiş və bununla əlaqədar tədrisin birinci ilində iddiaçıya, ümumilikdə 21600 manat pul vəsaiti ödənilmişdir. Belə olduğu təqdirdə, məhkəmə hesab edir ki, iddia tələbində tələb olunan məbləğin bu hissəsi qismən əsaslıdır və qalıq 9400 manat (30000 manat - 21600 manat = 9400 manat) məbləğində pul vəsaiti cavabdehdən tutulmalıdır. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, iddia tələbinin 48769 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsi qismən təmin edilməli, 21919 manat (870 manat + 1450 manat + 5400 manat + 4799 manat + 9400 manat = 21919 manat) məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə, iddia tələbinin gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz hesablanmaqla 2 il üçün cəmi 4876,9 manat məbləğində faiz borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Həmin tələbin qanuni əsası Mülki Məcəllənin 445.7-ci maddəsidir, maddədə qeyd edilir: Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Kreditorun, yəni hazırkı iddiaçının gecikdirilmiş vaxta görə faiz borcunu tələb etmək hüququ o zaman yaranır ki, o özü də aktiv hərəkətləri ilə borc məbləğinin cavabdehdən ödənilməsini tələb etmə məqamının yarandığı andan etibarən tələb etmiş olsun. İş materialları ilə təsdiq edilir ki, müqavilə başa çatdıqdan sonra iddiaçı borc məbləğinin ödənilməsini cavabdehdən bir neçə dəfə tələb etmişdir, belə ki, iş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli 03/0061 nömrəli məktubun mətninin birinci abzasından görünür ki, iddiaçı müvafiq məktubla həmin borcu tələb etmişdir. Həmçinin iddiaçı borc məbləği ilə bağlı cavabdehə xx.xx.2023-cü il tarixli 005 nömrəli hesab faktura təqdim etmişdir. Mülki Məcəllənin 445.3-cü maddəsinə əsasən, əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Deməli, hazırkı iş üzrə cavabdeh məhkəmə araşdırması ilə təsdiqlənmiş borc məbləğini ödəməməklə öz öhdəliyinin icrasını xatırlatma üzrə gecikdirmiş sayılır və iş materiallarındakı istinad edilən sənədlərin (xx.xx.2024-cü il tarixli 03/0061 nömrəli məktub və hesab faktura), o cümlədən Mülki Məcəllənin 445.3-cü və 445.7-ci maddələrinin birgə təhlili ona söyləməyə əsas verir ki, iddiaçının cavabdehdən faiz borcunu tələb etməsi tamamilə qanunidir. Bununla belə, iddia ərizəsindən və iddia tələbinin həcminin azaldılması ilə bağlı ərizədən görünür ki, faiz borcu 2 il üçün hesablanmaqla tələb edilmişdir. Bu hissədə məhkəmə qeyd edir ki, tərəflər arasındakı bağlanmış qrant müqaviləsi hüquqi təbiəti etibarilə sifarişçinin sifarişi əsasında icraçının müəyyən işləri yerinə yetirməsini ehtiva edən podrat müqaviləsi olduğundan sifarişçinin (cavabdehin) ödəniş öhdəliyini icra etməsi məqamı ilə bağlı məhz mülki qanunvericiliyin podrat müqaviləsini tənzimləyən normalarına istinad edilməlidir. Mülki Məcəllənin 769-cu maddəsinə əsasən, əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Tərəflər arasında bağlanmış qrant müqaviləsinin məzmununda ödənişin (muzdun) hissə-hissə ödənilməsi nəzərdə tutulmadığından Mülki Məcəllənin 769-cu maddəsinin tələbinə əsasən cavabdehin sonuncu qalıq ödənişi ödəmək öhdəliyi iş yerinə yetirildikdən sonra yaranmış olur. Qrant müqaviləsinin məzmunundan görünür ki, xidmətlərin son icra müddəti xx.xx.2023-cü il tarixidir, o cümlədən iddiaçı cavabdehə xx.xx.2023-cü il tarixdə hesab-faktura təqdim etmişdir. Deməli, işlərin icrası başa çatdıqdan sonra iddiaçının cavabdehə xx.xx.2023-cü il tarixdə hesab-faktura təqdim etməsi nəzərə alındıqda, cavabdeh borc məbləğinin ödənilməsini 2 il müddətinə deyil, bir il müddətinə gecikdirmişdir və belə olan halda gecikdirilmiş məbləğə illik beş faiz hesablanması 2 il üçün deyil, 1 illik müddət nəzərə alınmaqla hesablanmalıdır. Beləliklə, cavabdehin iddiaçıya ödəməli olduğu borcun məbləği 21919 manat təşkil etdiyindən və bu məbləğin ödənilməsi müddəti bir ildən bir qədər artıq müddət ərzində gecikdirildiyindən həmin məbləğin beş faizi miqdarında, yəni 1095,95 manat məbləğində faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə, iddia tələbinin 380 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 19 fevral 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən müəyyən edilir ki, məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 380,43 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi təşkil edir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə (21919 manat + 1095,95 manat = 23014,95 manat) mütənasib olaraq dövlət rüsumunun məbləği 159,04 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 03 avqust 2021-ci il tarixli QM-08/21 nömrəli qrant müqaviləsi üzrə 21919 (iyirmi bir min doqquz yüz on doqquz manat məbləğində) borc, gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz hesablanmaqla 1095,95 (min doxsan beş manat, doxsan beş qəpik) manat məbləğində faiz borcu və 159,04 (yüz əlli doqquz manat, dörd qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 23173,99 (iyirmi üç min yüz yetmiş üç manat, doxsan doqquz qəpik) manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh “Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsindən 03 avqust 2021-ci il tarixli QM-08/21 nömrəli qrant müqaviləsi üzrə 21919 (iyirmi bir min doqquz yüz on doqquz) manat məbləğində borc, gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz hesablanmaqla 1095,95 (min doxsan beş manat, doxsan beş qəpik) manat məbləğində faiz borcu və 159,04 (yüz əlli doqquz manat, dörd qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 23173,99 (iyirmi üç min yüz yetmiş üç manat, doxsan doqquz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-747/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-747/2024
09.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver