Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-753/2024 29.07.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Əsədli Şəfa Zahir qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “müqavilə üzrə borcun və digər ödənişin tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilə üzrə borcun və digər ödənişin tutulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehlə aralarında bağlanmış 01 aprel 2010-cu il tarixli 114 nömrəli kabel kanalizasiya qurğularından istifadə edilməsi və FO (Fiber Optik) kabelinə texniki xidmət göstərilməsi barədə müqavilə üzrə 45652,20 (qırx beş min altı yüz əlli iki manat, iyirmi qəpik) manat məbləğində borc və 227 (iki yüz iyirmi yeddi) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 01 aprel 2010cu il tarixli 114 nömrəli kabel kanalizasiya qurğularından istifadə edilməsi və FO (Fiber Optik) kabelinə texniki xidmət göstərilməsi barədə müqavilə imzalanmışdır. Cavabdehin müqavilə üzrə iddiaçıya 01 mart 2022 - 31 oktyabr 2023-cü il tarixləri aralığında 45652,20 manat məbləğində borcu yaranmışdır. Cavabdehlə mübahisənin pretenziya qaydasında həll edilməsinə cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı 03 iyun 2024-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən 61973,52 manat məbləğində borcun və 227 manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin ərizə onunla əsaslandırılmışdır ki, tərəflər arasında müqavilə münasibətləri davam etdiyindən cavabdehin 31 may 2024-cü il tarixinə qədər iddiaçıya 61973,52 manat məbləğində borcu yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı və iddia tələbinin həcminin artırılması barədə ərizəni müdafiə edərək iahatında bildirdi ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında xx.xx.2010-cu il tarixli 114 saylı kabel kanalizasiya qurğularından istifadə edilməsi və Fiber Optik kabelinə texniki xidmət göstərilməsi barədə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı cavabdehin kabeldən fasiləsiz istifadə etməsini təmin edəcəyinə, eyni zamanda zərurət olduğu təqdirdə müvafiq texniki xidmətlər göstərməyi öhdəsinə götürmüşdür. İddiaçı üzərinə düşən öhdəliyi lazımi qaydada icra etsə də, cavabdeh öhdəliklərini tam yerinə yetirməmiş və müəyyən məbləğdə borcu yaranmışdır. İddiaçının nümayəndəsi, müqaviləyə 11 dekabr 2023-cü il tarixindən birtərəfli qaydada xitam verilməsi ilə bağlı cavabdeh tərəfə müraciət məktubu ünvanlanmasına baxmayaraq, 2023-cü ilin 31 oktyabr tarixinə qədər yaranmış borclarla yanaşı, həmin tarixdən 2024-cü ilin 31 may tarixinədək yaranmış borcların tələb edilməsi ilə bağlı suala cavab olaraq bildirdi ki, iddiaçının maliyyə departamentinin əməkdaşları məktubu hazırlayarkən texniki səhvə yol verərək xidmətin dayandırılması əvəzinə müqaviləyə xitam verilməsi barədə qarşı tərəfə məktub göndərmişlər. Cavabdehin izahatında qeyd etdiyi kabel xətlərinə 17-yə yaxın əlavə qoşulmaların olması ilə əlaqədar məlumata malik deyildir. Cavabdehə göstərilən xidmətlərlə bağlı 31 may 2024-cü il tarixdən etibarən borcun hesablanması dayandırılmışdır, ödəniş edilmədiyi halda xidmət də göstərilə bilməz. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək bildirdi ki, cavabdeh "xxxx" MMC ödəniş edilməyən 01 mart 2022-ci il tarixdən etibarən müqavilənin predmeti olan kabel xətlərindən istifadə etmir. Bu barədə iddiaçıya məlumat da verilmiş, lakin qarşı tərəf hansısa cavab verməmişdir. Hazırda cavabdeh "xxxx" MMC "xxxx" MMMdən aldığı xətlərdən istifadə edir, xətlərin çəkilməsi, qazıntı işləri "xxxx" MMC-in hesabına həyata keçirildiyinə görə iddiaçı ilə hazırkı mübahisənin predmeti olan müqaviləyə birtərəfli qaydada xitam verilməsi ilə bağlı təşəbbüs göstərilməmişdir. Lakin hazırkı müqavilənin predmeti olan müqaviləyə birtərəfli qaydada xitam verilməsi ilə bağlı qarşı tərəfin xəbərdarlıq məktubu cavabdehə daxil olmuş və bununla əlaqədar müqaviləyə 2023-cü oktyabr ayından etibarən xitam verilmişdir. Bundan əlavə, cavabdeh "xxxx" MMC "xxxx" MMM ilə birlikdə kabel xəttinə əlavə qoşulmalarla bağlı akt tərtib etmiş, həmin aktlaşdırma prosesində iştirak etmələri üçün iddiaçıya da bildiriş və məktub ünvanlansa da, onlar tərəfindən hər hansı cavab verilməmişdir. Həmin xətlərə əlavə qoşulmaların olmasının cavabdehin ödəniş etməməsinin birbaşa deyil, dolayı səbəbi kimi göstərir, eyni zamanda onlarda olan məlumata gröə iddiaçı "xxxx" MMC-in "xxxx" MMM-ə borcu olduğu üçün müqavilə bağlamaqdan yayınır. Bununla əlaqədar "xxxx" MMM, "xxxx" MMC və "xxxx" MMC arasında üçtərəfli müqavilə bağlanılmamış, təmsil etdiyi şirkət hazırkı iddiaçıya - "xxxx" MMC-yə müqavilə bağlanılmasını, həmin xətlərdən "xxxx" MMM-in istifadə etdiyini və "xxxx" MMM-in ödənişi etməyə hazır olduğunu bildirsə də, iddiaçı buna razılıq verməmişdir. Hazırkı müqavilənin predmeti olan müqaviləyə xitam verilməsi ilə bağlı iddiaçının cavabdehə ünvanlandığı məktub olduğuna görə həmin məktubda göstərilən tarixdən müqaviləyə xitam verilmişdir. Əgər iddiaçı həmin dövrdən sonra da internet trafiki ötürdüyünü iddia edirsə, həmin internetdən "xxxx" MMC yox, "xxxx" MMM istifadə etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia ərizəsinin dəqiqləşdirilməsi haqqında ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: Belə ki, iş materiallarında olan 01 aprel 2010-cu il tarixli 114 nömrəli kabel kanalizasiya qurğularından istifadə edilməsi və FO (Fiber Optik) kabelinə texniki xidmət göstərilməsi barədə müqavilənin 1-ci hissəsinə əsasən, müqaviləyə uyğun olaraq istifadəyəverən (İddiaçı MMC) tərəfindən istifadəçiyə (cavabdeh "xxxx" MMC-yə) Aztelekom İB-dən başlayaraq Tbilisi propekti - Sumqayıt şossesi boyunca - Xırdalan - H.Əliyev prospekti 11000 metr məsafə (FO-12 kabeli) istifadəyəverənə məxsus kabel kanalizasiya qurğuları istifadəyə verilir. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, istifadəyəverənə məxsus kabel kanalizasiya qurğularından keçən istifadəçiyə məxsus 11000 metrlik FO-12 kabelinə İddiaçı X3 X1 tərəfindən texniki xidmət göstəriləcəkdir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən, kabel kanalizasiya quyularından istifadə üçün nəzərdə tutulmuş ödənişlər aparılmadıqda, istifadəçini xəbərdar etməklə görülən işi dayandırmaq və müqaviləni ləğv etmək, eyni zamanda istifadəçiyə məxsus kabelləri istifadəyəverənə məxsus kanalizasiya qurğularından çıxararaq kənarlaşdırmaq istifadəyəverənin hüququdur. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, kabelləri özbaşına qoymamaq və ya yerinin dəyişməsinə yol verməmək istifadəçinin vəzifəsidir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən, kanaldan istifadəyə görə aylıq hesablama - kabel kanalizasiyasından aylıq istifadə haqqı 11 km x 116,7 manat = 1283,70 manat, xidmət haqqı 11 km x 50 manat = 550 manat olmaqla, cəmi 1833,7 manat təşkil edir. Həmin müqavilənin 7.1-ci və 7.2-ci bəndlərinə əsasən, müqavilə kabellərin kanalizasiya quyularına qoyulduğu tarixdən etibarən qüvvədədir və 2 il müddətində qüvvədə olacaqdır. Həmin müqavilənin əsasən, əgər müqavilənin qüvvədə olduğu müddətin son 15 gün ərzində tərəflərdən birinin müqaviləni ləğv etmək üçün rəsmi müraciəti olmazsa, müqavilənin müddəti növbəti 1 il üçün uzadılmış hesab edilir. İş materiallarında olan 27 noyabr 2023-cü il tarixli. 3-27-108/2-6913/2023 nömrəli maliyyə arayışından görünür ki, 01 aprel 2010-cu il tarixli 114 nömrəli kabel kanalizasiya qurğularından istifadə edilməsi və FO (Fiber Optik) kabelinə texniki xidmət göstərilməsi barədə müqavilə üzrə 01 mart 2022-ci il tarixindən 31 oktyabr 2023-cü il tarixinədək cavabdehin iddiaçıya 45652,20 manat məbləğində borcu vardır. İş materiallarında olan 30 may 2024-cü il tarixli. 3-27-108/2-3495/2024 nömrəli maliyyə arayışından görünür ki, 01 aprel 2010-cu il tarixli 114 nömrəli kabel kanalizasiya qurğularından istifadə edilməsi və FO (Fiber Optik) kabelinə texniki xidmət göstərilməsi barədə müqavilə üzrə 01 mart 2022-ci il tarixindən 31 may 2024-cü il tarixədək cavabdehin iddiaçıya 61973,52 manat məbləğində borcu vardır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə aşağıdakı elektron qaimə-fakturalar təqdim edilmişdir: - 2022-ci ilin mart ayından həmin ilin avqust ayına qədər olan müddət ərzində 11002,20 manatlıq 01 noyabr 2022-ci il tarixli EBCİ seriyalı 396044 nömrəli; - 2022-ci ilin sentyabr ayından həmin ilin dekabr ayına qədər olan müddət ərzində 9902,20 manatlıq 14 dekabr 2022-ci il tarixli EBCL seriyalı 180278 nömrəli; - 2023-cü ilin yanvar ayından 2024-cü ilin may ayına qədər olan müddət ərzində 42072,7999 manatlıq 24 may 2024-cü il tarixli MT2405 seriyalı 11039636 nömrəli. İş materiallarında olan 04 dekabr 2023-cü il tarixli 3-27/108/2-7074/2023 nömrəli iddiaçı tərəfindən cavabdehə ünvanlanmış müqavilələrə xitam verilməsi barədə xəbərdarlıq məktubundan görünür ki, iddiaçı 01 aprel 2010-cu il tarixli 114 nömrəli kabel kanalizasiya qurğularından istifadə edilməsi və FO (Fiber Optik) kabelinə texniki xidmət göstərilməsi barədə müqavilə üzrə cavabdehin 01 mart 2022-ci il tarixdən 31 oktyabr 2023-cü il tarixədək olan dövr ərzində 45650,22 manat məbləğində borcu yarandığını, həmin müqavilənin 2.4-cü bəndində nəzərdə tutulan istifadəyəverən istifadəçini xəbərdar etməklə görülən işi dayandırmaq və müqaviləni ləğv etmək hüququ olduğunu bildirərək öhdəliyin pozuntusu aradan qaldırılmadığı təqdirdə müqaviləyə xx.xx.2024-cü il tarixdən birtərəfli qaydada xitam veriləcəyini bildirmişdir. İş materiallarında olan cavabdeh "xxxx" MMC-dən İddiaçı MMC-yə ünvanlanmış 25 fevral 2022-ci il tarixli AZT/X/130 saylı bildirişdə qeyd edilir: “"xxxx" MMC və "xxxx" MMM arasında xx.xx.2022-ci tarixində bağlanmış AZTX/031 saylı müqavilənin 8.1-ci bəndinə əsasən, "xxxx" MMC FO-12 kabelindən istifadə hüququnu "xxxx" MMM-ə vermişdir. Hər üç tərəfin iştirakı ilə təhvil-təslim prosesini başlamaq üçün İddiaçı MMC tərəfindən səlahiyyətli nümayəndələr təyin etməyinizi, işə cəlb etməyinizi və bizə təhvil-təslim prosesinin tərəfinizdən başlanma tarixi ilə bağlı məlumat verməyinizi xahiş edirik. Əlavə olaraq, kabel kanalizasiya strukturundan istifadə məqsədilə "xxxx" MMM-ə imkan yaratmağınızı xahiş edirik.”. İş materiallarında olan cavabdeh "xxxx" MMC-dən İddiaçı MMC-yə ünvanlanmış 17 noyabr 2022-ci il tarixli məktubun məzmununda qeyd edilir: “Sizə xx.xx.2022-ci il tarixində AZT/X/130 saylı bildiriş ünvanlanmışdır. "xxxx" MMC tərəfindən FO-12 kabelindən istifadə hüququnun "xxxx" MMM-ə verilməsi və hər üç tərəfin iştirakı ilə təhvil-təslim prosesinə başlamaq üçün İddiaçı MMC tərəfindən məlumat verilməsi, nümayəndələr cəlb olunması, habelə tərəflər arasında 3 tərəfli müqavilənin bağlanması bildirişdə öz əksini tapmışdır. Həmin bildirişə cavab olaraq tərəfinizdən xx.xx.2022-ci il tarixli 102-2-11/2/1679-22 saylı mövcud müqavilənin dəyişdirilməsi və bağlanılması barədə məktub daxil olmuş və məktubda qeyd edilmişdir ki, AZT/X/130 saylı xx.xx.2022-ci il tarixli müraciətə İddiaçı MMC tərəfindən baxılmışdır. Əlavə olaraq məktubda qeyd olunmuşdur ki, kabelin istifadə hüququ "xxxx" MMM-ə verildiyindən İddiaçı MMC-nin Abşeron filialı Kabel X1 və X4 Stansiyası ilə bağlanan müqavilələrin şərtlərinə uyğun təhvil-təslim prosesinin başlanmasına, həmçinin mövcud müqavilələrdəki hesablaşma və digər müvafiq şərtlər saxlanılmaqla İddiaçı MMC, "xxxx" MMC və "xxxx" MMM arasında üçtərəfli müqavilənin bağlanmasına etiraz olunmur. Lakin həmin tarixdən cari tarixədək İddiaçı MMC tərəfindən nə "xxxx" MMC-yə, nə də "xxxx" MMM-ə 3 tərəfli müqavilə forması və təhvil-təslim aktı forması ünvanlanmamışdır... Sizə ünvanlanan xx.xx.2022-ci il tarixli AZT/X/130 saylı bildirişin tələblərini nəzərə alaraq həmin tarixdən etibarən qüvvəyə minən 3 tərəfli müqaviləni bizə təqdim edəsiniz.”. İş materiallarında olan cavabdeh "xxxx" MMC-dən İddiaçı MMC-yə ünvanlanmış 07 noyabr 2023-cü il tarixli AZT/X/360 nömrəli bildirişdə "xxxx" MMC və İddiaçı MMC arasında bağlanmış müqavilə maddələrinə uyğun olaraq İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə hansı xidmətlərin göstərildiyi, göstərilən həmin xidmətlərə dair sübutedici sənədlərin və istifadə olunan kabel kanalizasiya xətlərinin tam şəkildə hansı şəkildə qorunması barədə məlumatların təqdim edilməsi xahiş edilmişdir. İş materiallarında olan 22 iyun 2023-cü il tarixli, 1 nömrəli telefonaqrammadan görünür ki, İddiaçı MMC-nin texnoloji binasından "xxxx" MMC-nin Abşeron ərazisində yerləşən müəssəsi arasında çəkilmiş FO-12 kabelinin kabel-kanalizasiya qurğularından istifadəyə görə yaranmış borcların ödənilməməsinə görə İddiaçı MMC-nin 14 iyun 2023-cü il tarixli məktubuna əsasən xidmətlərin dayandırılması məsələsi qaldırılmış və bununla əlaqədar 23 iyun 2023-cü il tarixdə saat 11:00-da Abşeron qovşağının qarşısında baxış keçirilməsi məqsədilə cavabdehdən həmin ünvanda nümayəndəsinin iştirakının təmin edilməsi xahiş olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Həmin Məcəllənin 404.1-ci və 404.2-ci maddələrinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 686-cı maddəsinə əsasən, əgər tərəflərdən biri öhdəliklərini öz təqsiri üzündən o dərəcədə pozursa ki, otaqların kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsi digər tərəf üçün yolverilməz olur, onda hüquq münasibətləri xəbərdarlıq müddəti gözlənilmədən ləğv edilə bilər. Tərəflərin bu maddənin göstərişlərinə zidd olan razılaşmasının qüvvəsi yoxdur. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında göstərilir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Həmin Qərarda, həmçinin qeyd edilir ki, müqavilələr hüququnda iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri də məhz birbaşa bu məqsədə nail olmaq üçün təsbit edilmişdir (Məcəllənin 6.1.2, 6.1.5, 12.2 və 390-cı maddələri). Mülki Məcəllənin 389.1-ci maddəsinin mənasına görə müqavilə tərəflər arasında məhz iradə ifadələri nəticəsində yaranan razılaşmadır. Odur ki, müqavilənin bağlanması və qüvvədə qalması tərəflərin birgə iradəsinə əsaslandığı üçün, onların qabaqcadan xüsusi ləğvetmə əsaslarını müəyyən etmək hüququna malik olması da mülki qanunvericiliyin tələblərindən irəli gəlir. Bu səbəbdən də Mülki Məcəllənin 421.2-ci maddəsində “müqavilədə nəzərdə tutulan digər hallarda” və Məcəllənin 421.3-cü maddəsində “tərəflərin razılaşması ilə yol verildikdə” ifadələri ilə tərəflərin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq imkanı tanınmışdır. Burada “tərəflərin razılaşması ilə yol verildikdə” müddəasının “əvvəlcədən müqavilədə nəzərdə tutulan hallarda” mənasını ehtiva etdiyi xüsusilə qeyd edilməlidir. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinin dispozisiyasından göründüyü kimi, burada hüquqi tənzimetmə qarşılıqlı razılaşma ilə deyil, məhz müqavilənin bilavasitə birtərəfli qaydada ləğv edilməsi (maddədə “imtina” olaraq ifadə edilib) ilə bağlıdır. Məhkəmənin mövqeyi: Beləliklə, yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında icarə və podrat müqavilələrinin elementlərindən ibarət olan 01 aprel 2010-cu il tarixli 114 nömrəli kabel kanalizasiya qurğularından istifadə edilməsi və FO (Fiber Optik) kabelinə texniki xidmət göstərilməsi barədə müqavilə bağlanılmışdır. Həmin müqavilə üzrə iddiaçı özünə məxsus olan uzunluğu 11000 metr olan kabel kanalizasiya qurğusunu cavabdehin istifadəsinə verməyi və həmin qurğudan keçən cavabdehə məxsus olan eyni uzunluqda olan FO-12 kabelinə texniki xidmət göstərməyi öhdəsinə götürmüşdür. Cavabdeh isə bunun müqabilində həmin kabel kanalizasiya qurğusundan istifadəyə görə aylıq 1283,7 manat, FO-12 kabelinə texniki xidmət göstərilməsinə görə isə aylıq 550 manat olmaqla, cəmi 1833,7 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzərinə götürdüyü icra etsə də, cavabdeh 2022-ci ilin mart ayından etibarən razılaşdırılmış ödənişləri ödəməməklə öhdəliyini lazımınca icra etməmişdir. İş materiallarından aydın olur ki, ilkin iddia tələbi xx.xx.2022-ci il tarixdən xx.xx.2023cü il tarixədək olan dövrü əhatə edən ödənişlərin cavabdeh tərəfindən ödənilməməsinə görə 45652,20 manat məbləğində borcun ondan tutulmasından ibarət olmuş, daha sonra iddia tələbinin həcmi artırılmış və xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövrə görə ödənilməyən 61973,52 manat məbləğində borcun cavabdehdən tutulması xahş edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş, iddiaçı tərəfindən cavabdehə ünvanlanmış 04 dekabr 2023-cü il tarixli 3-27/108/2- 7074/2023 nömrəli müqaviləyə xitam verilməsi barədə xəbərdarlıq məktubundan görünür ki, iddiaçı 01 aprel 2010-cu il tarixli 114 nömrəli kabel kanalizasiya qurğularından istifadə edilməsi və FO (Fiber Optik) kabelinə texniki xidmət göstərilməsi barədə müqavilə üzrə cavabdehin 01 mart 2022-ci il tarixdən 31 oktyabr 2023-cü il tarixədək olan dövr ərzində 45650,22 manat məbləğində borcunun yarandığını, həmin müqavilənin 2.4-cü bəndində nəzərdə tutulan istifadəyəverən istifadəçini xəbərdar etməklə görülən işi dayandırmaq və müqaviləni ləğv etmək hüququ olduğunu və öhdəliyin pozuntusu aradan qaldırılmadığı təqdirdə müqaviləyə xx.xx.2024-cü il tarixdən birtərəfli qaydada xitam veriləcəyini bildirmişdir. Göründüyü kimi, iddiaçı cavabdeh tərəfindən 2022-ci ilin 01 mart tarixindən başlayaraq cavabdehin müqavilə öhdəliklərini pozaraq hər hansı ödəniş etmədiyini əsas gətirərək aralarında bağlanmış müqavilənin 2.4-cü bəndində nəzərdə tutulan hüququndan, o cümlədən bu qətnamənin “Tətbiq edilən hüquq” hissəsində istinad edilmiş Mülki Məcəllənin 421.2-ci, 421.3-cü və 686-cı maddələrində nəzərdə tutulmuş hüquqlarından istifadə edərək qarşı tərəfə birtərəfli iradə ifadəsi bildirməklə məhkəmədən kənar qaydada xx.xx.2024-cü il tarixdən etibarən müqaviləni ləğv etmişdir. Belə olduğu təqdirdə, məhkəmə iddiaçının cavabdehdən ödənilməyən borca görə xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan borcu tələb etməsini qanuni və ədalətli hesab etmir və belə qənaətə gəlir ki, müqavilə iddiaçının tələbi ilə xx.xx.2023-cü il tarixdən ləğv olunduğuna görə o, məhz həmin dövrə qədər olan yaranmış borcu tələb etməkdə haqlıdır. Bu cür mövqe, həm də yuxarıda istinad edilmiş “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında müəyyən edilmiş hüquqi mövqelərə də uyğundur. Belə ki, həmin qərarda ifadə edildiyi kimi, “Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.”. Məhkəmə iclasında iddiaçının nümayəndəsi müqavilənin xx.xx.2023-cü il tarixdən etibarən ləğv olunması barədə cavabdehə məktub göndərilməsinə baxmayaraq xx.xx.2024-cü il tarixədək olan borcların tələb olunması barədə suala cavab olaraq iddiaçı təşkilatın maliyyə departamentinin əməkdaşlarının məktubu hazırlayarkən texniki səhvə yol verdiklərini, xidmətin dayandırılması əvəzinə müqaviləyə xitam verilməsi barədə qarşı tərəfə məktub göndərildiyi kimi cavab vermişdir. Məhkəmə bu cür əsaslandırmanı inandırıcı və əsaslı hesab etmir. Digər tərəfdən, o da nəzərə alınmalıdır ki, iddiaçının nümayəndəsi izahatında xidmətlərlə bağlı 31 may 2024-cü il tarixdən etibarən borcun hesablanmasının dayandırıldığını qeyd etmişdir. Belə olduğu təqdirdə 31 may 2024-cü il tarixindən sonrakı dövrdə həqiqətən də tərəflər arasında müqavilə münasibətləri mövcuddursa və davam edirsə, hansı əsasla borcun hesablanmasının dayandırıldığı sualı meydana çıxmaqdadır. Bu qeyd edilənlər onu göstərir ki, iddiaçı cavabdehə xx.xx.2023-cü il tarixli məktubu göndərməklə - birtərəfli iradə ifadəsi ilə aralarında bağlanmış və hazırkı mübahisənin predmeti olan müqaviləni məhkəmədən kənar qaydada ləğv etmiş və tərəflər arasında müqavilə öhdəliklərinə həmin məktubda göstərilən tarixdən – xx.xx.2023-cü il tarixdən etibarən xitam verilmişdir. Məhkəmə hesab edir ki, həmin tarixdən, yəni xx.xx.2023-cü il tarixindən sonrakı dövr ərzində iddiaçı özünün istifadəsində olan kabelə kanalizasiya qurğularından cavabdehin (və ya cavabdehin istinad etdiyi kimi "xxxx" MMM-in) istifadə etdiyini və onun tərəfindən FO-12 kabelinə texniki xidmət göstərildiyini iddia edirsə, aralarındakı mövcud müqaviləyə xitam verildiyi üçün, bu artıq müqavilədən yaranan öhdəlik deyil, müqavilədən kənar qaydada yaranan öhdəlik (Mülki Məcəllənin səkkizinci bölməsində nəzərədə tutulmuş qanundan əmələ gələn öhdəliklər) hesab edilir və iddiaçının, məhz həmin əsaslarla müvafiq iddia qaldırmaq hüququ vardır. Tələb edilən borcun məbləğinin müəyyən edilməsinə gəldikdə, məhkəmə hesab edir ki, borcun hesablanması zamanı iddiaçının məhkəməyə təqdim etdiyi maliyyə arayışı, cavabdehə təqdim etdiyi elektron qaimə-fakturalar və aralarında bağlanmış müqavilənin 4.2-ci bəndində əks edilmiş kabel kanalizasiya qurğularından istifadəyə və texniki xidmətlər göstərilməsinə görə tərəflər arasında razılaşdırılmış məbləğ nəzərə alınmalıdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən və iş materiallarına əlavə edilmiş 27 noyabr 2023-cü il tarixli 3-27-108/2-6913/2023 nömrəli maliyyə arayışından görünür ki, müqavilə üzrə 01 mart 2022-ci il tarixindən 31 oktyabr 2023-cü il tarixinədək cavabdehin iddiaçıya 45652,20 manat məbləğində borcu vardır. Göründüyü kimi, xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək olan dövr ərzində borcun məbləği 45652,20 təşkil edir. Belə olduğu halda, xx.xx.2023-cü il tarixdən müqavilənin ləğv edildiyi xx.xx.2023-cü il tarixədək olan borc hesablanmalı və alınan məbləğ 45652,20 məbləğində borcun üzərinə gəlməklə yekun borc məbləği müəyyən edilməlidir. Yuxarıda qeyd edildiyi kimi, tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndinə əsasən, kabel kanalizasiyasından aylıq istifadə haqqı 1283,70 manat, xidmət haqqı isə 550 manat olmaqla, cavabdehin aylıq ödəməli olduğu məbləğ 1833,7 manat təşkil edir. İlk növbədə, 2023-cü ilin noyabr ayı üzrə ödənilməmiş borc məbləği olan 1833,7 manat xx.xx.2023-cü il tarixədək hesablanmış 45652,20 manat məbləğində borcun üzərinə əlavə edilməlidir (45652,20 manat + 1833,7 manat = 47485,9 manat). Daha sonra isə müqavilənin xx.xx.2023-cü il tarixdən ləğv edildiyi nəzərə alınaraq dekabr ayının ilk ongünlüyünə aid olan borc hesablanmalıdır. Müqavilədə aylıq istifadə və texniki xidmət haqqı 1833,7 manat nəzərdə tutulduğundan ayın üçdə biri hesab edilən ongünlüyə münasibətdə həmin məbləğ 3-ə bölünməli və alınan məbləğ hesablanan borcun üzərinə əlavə edilməklə yekun borc məbləği müəyyən edilməlidir: - 1833,7 manat / 3 = 611,23 manat; - 47485,9 manat + 611,23 manat = 48097,13 manat. Bu cür hesablanma iddiaçının özünün də cavabdehə göndərilən elektron qaiməfakturalarda qeyd edilən qaydaya uyğundur. Məsələn, iş materiallarında olan 01 noyabr 2022-ci il tarixli EBCİ seriyalı 396044 nömrəli elektron qaimə-faktura üzrə 2022-ci ilin mart ayından həmin ilin avqust ayına qədər olan müddət ərzində 11002,20 manatlıq borc hesablanmışdır. Göründüyü kimi, 6 aylıq (mart, aprel, may, iyun, iyul və avqust) borc hesablanarkən ayların sayı aylıq xidmət haqqına vurulmaqla (6 x 1833,7 manat = 11002,20 manat) həmin qaimə-fakturada qeyd edilən məbləğ alınmaqdadır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 01 aprel 2010-cu il tarixli 114 nömrəli kabel kanalizasiya qurğularından istifadə edilməsi və FO (Fiber Optik) kabelinə texniki xidmət göstərilməsi barədə müqavilə üzrə 61973,52 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi qismən təmin edilərək 48097,13 manat manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə, iddia tələbinin 227 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 06 aprel 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən müəyyən edilir ki, məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 227 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi təşkil edir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia qismən təmin edildiyindən və iddianın təmin olunan hissəsinə (48097,13 manat) mütənasib olaraq ödənilməli dövlət rüsumunun məbləği 234,29 manat təşkil etdiyindən Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəməyə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 227 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, 01 aprel 2010-cu il tarixli 114 nömrəli kabel kanalizasiya qurğularından istifadə edilməsi və FO (Fiber Optik) kabelinə texniki xidmət göstərilməsi barədə müqavilə üzrə 48097,13 manat məbləğində borc və 227 manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 48234,13 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Bundan əlavə, yuxarıda istinad edilən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, hazırkı iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olaraq hesablanmış dövlət rüsumunun iddiaçı tərəfindən ödənilməyən qalıq məbləği - 7,29 manat məbləğində pul vəsaiti cavabdehdən dövlət mədaxilinə tutulmalıdır. Digər tərəfdən, müəyyən edilmişdir ki, iddiaçı tərəfindən iddia tələbinin həcmi 45652,20 manatdan 61973,52 manata artırılsa da, artırılmış məbləğlə əlaqədar dövlət rüsumu ödənilməmişdir. Hazırkı qətnamə ilə iddia tələbi 48097,13 manat məbləğində təmin edildiyindən iddia tələbində tələb olunan məbləğlə iddianın təmin edilmiş hissəsi arasında yaranan fərqə görə (61973,52 manat - 48097,13 manat = 13876,39 manat) hesablanmış 131,63 manat məbləğində dövlət rüsumu iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 01 aprel 2010-cu il tarixli 114 nömrəli kabel kanalizasiya qurğularından istifadə edilməsi və FO (Fiber Optik) kabelinə texniki xidmət göstərilməsi barədə müqavilə üzrə 45652,20 (qırx beş min altı yüz əlli iki manat, iyirmi qəpik) manat məbləğində manat məbləğində əsas borc və 227 (iki yüz iyirmi yeddi) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 45879,2 (qırx beş min səkkiz yüz yetmiş doqquz manat, iyirmi qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddiaçındən 138,96 (yüz otuz səkkiz manat, doxsan altı qəpik) manat məbləğində ödənilməmiş dövlət rüsumu dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-753/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-753/2024
29.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver