Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-755/2025 28.04.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı 10 aprel 2025-ci il tarixdə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilə üzrə 1275,38 (min iki yüz yetmiş beş manat, otuz səkkiz qəpik) manat məbləğində borcun, 32,8 (otuz iki manat, səksən qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, aralarında bağlanmış 01 oktyabr 2021-ci tarixli ***-**** nömrəli mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən, cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməməsi nəticəsində iddiaçıya 1275,38 manat məbləğində borcu yaranmışdır. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhdlər edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı 11 aprel 2025-ci il tarixdə məhkəməyə iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək məhkəməyə təqdim edilmiş elektron qaimə-faktura və hesab fakturalarda cavabdehdən tələb olunan məbləğ 1245,38 olduğu üçün iddia tələbinin həcminin azaldıldığını bildirmiş və məhkəmədən 1245,38 manat məbləğində borcun, 32,8 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının cavabdehə qarşı iddia ərizəsinə dair kommersiya işinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, bununla əlaqədar Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə, iddia ərizəsini, iddia tələbinin həcminin azaldılması barədə ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: Belə ki, iş materiallarında olan 01 oktyabr 2021-ci tarixli ***-**** nömrəli mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilənin 1.1-ci bəndinə əsasən, şirkət (İddiaçı MMC) korporativ abunəçiyə (Cavabdeh MMC-yə) mobil rabitə xidmətləri göstərir, korporativ abunəçi isə bu xidmətləri qəbul edib bu müqavilənin tərkib hissəsi olan korporativ abunəçi tərəfindən şirkətin təqdim etdiyi və hazırkı müqavilənin 2 saylı qoşmasında əks olunmuş tariflərin arasından seçilmiş korporativ tarif əsasında xidmət haqqını vaxtı-vaxtında ödənilməsini təmin edir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, şirkət korporativ abunəçiyə şirkətin şəbəkəsindən istifadə etmək üçün “Sim kart” paketləri ilə birlikdə 302 ədəd nömrə təqdim edir. Müqavilə üzrə nömrələrin siyahısı 1 saylı Qoşmada əks olunur. Həmin müqavilənin 2.3.3-cü yarımbəndinə əsasən, istifadə edilmiş xidmətlərə görə ödənişləri vaxtlı-vaxtında etmək korporativ abunəçinin vəzifəsidir. İş materiallarında olan 01 oktyabr 2021-ci tarixli ***-**** nömrəli mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilənin 1 saylı Qoşmasında müqavilə üzrə cavabdehə təqdim edilmiş 302 ədəd nömrənin siyahısı, 2 saylı qoşmasında tariflərin siyahısı göstərilmişir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə 1245,38 manat dəyərində xidmət göstərilməsi ilə əlaqədar 14 fevral 2022-ci il tarixli EBRR seriyalı 116493 nömrəli elektron qaimə-faktura təqdim olunmuşdur. İş materiallarında olan xx.xx.2022-xx.xx.2022-ci il dövrləri əhatə edən hesabfakturadan görünür ki, cavabdehin 2022-ci il yanvar ayı üzrə 1055,4 manat məbləğində borc və 189,97 manat məbləğində ƏDV olmaqla, cəmi 1245,37 manat məbləğində borcu vardır. Tətbiq edilən hüquq: Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında 01 oktyabr 2021-ci tarixli ***-**** nömrəli mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanılmış, iddiaçı cavabdehə korporativ tariflər əsasında mobil rabitə xidmətləri göstərmiş, lakin korporativ abunəçi qismində iştirak edən cavabdeh müqavilə öhdəliklərini lazımınca yerinə yetirməyərək həmin xidmətlərin dəyərini iddiaçıya tam ödəməmiş, nəticədə onun iddiaçıya 1245,38 manat məbləğində borcu yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 01 oktyabr 2021-ci tarixli ***-**** nömrəli mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən cavabdehdən 1245,38 manat məbləğində borcun tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bundan başqa, iddia tələbinin 32,8 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına aid hissəsinə gəldikdə, iş materiallarında olan 10 aprel 2025-ci il tarixli **********16 nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət olunan zaman 32,8 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 32,45 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi təşkil edir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 01 oktyabr 2021-ci tarixli ***-**** nömrəli mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilə üzrə 1245,38 manat məbləğində borc və 32,45 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1277,83 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehndən 01 oktyabr 2021-ci tarixli ***-**** nömrəli mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilə üzrə 1245,38 (min iki yüz qırx beş manat, otuz səkkiz qəpik) manat məbləğində borc və 32,45 (otuz iki manat, qırx beş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1277,83 (min iki yüz yetmiş yeddi manat, səksən üç qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-755/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-755/2025
28.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver