Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-77/2024 18.12.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Əsədli Şəfa Zahir qızının katibliyi ilə, İddiaçı Sumqayıt bələdiyyəsi tərəfindən Cavabdehnə qarşı verilmiş “torpaq sahəsindən çıxarılma və həmin torpaq sahəsində inşa edilmiş tikililərin sökülməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Sumqayıt bələdiyyəsi 06 noyabr 2023-cü il tarixində “Elektron məhkəmə” İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı verilmiş “pul məbləğinin tutulması, torpaq sahəsindən çıxarılma və həmin torpaq sahəsində inşa edilmiş tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ünvan 1 ünvanında yerləşən iddiaçının mülkiyyətində olan və icarə müqaviləsi əsasında cavabdehin icarəsinə verilmiş sahəsi 2878 kvadrat metr olan torpaq sahəsindən istifadəyə görə 2022-ci ilin 01 yanvarından etibarən kompensasiya kimi hesablanmış 2302,40 (iki min üç yüz iki manat, qırx qəpik) manat məbləğində icarə haqqının və 70 (yetmiş) manat məbləğində mediasiya xərcinin əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması, torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılması və həmin torpaq sahəsində inşa olunmuş tikililərin cavabdehin hesabına sökülməsi, torpağın əvvəlki vəziyyətinə qaytarılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və “kompensasiya kimi hesablanmış 2302,40 manat məbləğində icarə haqqının iddiaçıdan tutulması” hissəsinin iddia tələblərindən çıxarılmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 23 fevral 2024-cü il tarixli e-2-2(119)-77/2024 nömrəli qərardadı ilə iddiaçı Sumqayıt bələdiyyəsi tərəfindən Cavabdehnə qarşı verilmiş “torpaq sahəsindən çıxarılma və həmin torpaq sahəsində inşa edilmiş tikililərin sökülməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə məhkəmə tikinti-texniki ekspertizalsı təyin edilmiş və kommersiya işi üzrə icraatın Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən ekspertiza rəyi alınanadək dayandırılması qərara alınmışdır. Həmçinin Sumqayıt Kommersiya Məhkəməsinin 07 avqust 2024-cü il tarixli qərardadı ilə Sumqayıt Kommersiya Məhkəməsinin 23 fevral 2024-cü il tarixli qərardadında ekspert qarşısında qoyulmuş sualların hər ikisinin cavablandırılması zərurəti ilə əlaqədar 2 saylı Sumqayıt ərazi idarəsindən 01 avqust 2024-cü il tarixli 3-21-3-31/2-2829/2024 nömrəli məktubla 07 avqust 2024-cü il tarixində məhkəməyə daxil olmuş mütəxəssis rəyi də əlavə edilərək iş materialları yenidən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmiş və həmin kommersiya işinin icraatı ekspert rəyi alınanadək dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən e-2-2(119)-77/2024 nömrəli kommersiya işi üzrə keçirilmiş məhkəmə tikintitexniki ekspertizası ilə bağlı 30 oktyabr 2024-cü il tarixli 10/6589 nömrəli ekspert rəyi 29 noyabr 2024-cü il tarixində Sumqayıt Kommersiya Məhkəməsinə təqdim edilmişdir. İddiaçı 18 dekabr 2024-cü il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında yaranmış mübahisənin qarşılıqlı razılaşma əsasında məhkəmədən kənar qaydada həll edildiyini bildirmiş və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsaslanaraq işin baxılmamış saxlanılması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının ərizənin baxılmamış saxlanılması haqqında ərizəsi təmin edilməli və onun tərəfindən cavabdehlə qarşı verilmiş "torpaq sahəsindən çıxarılma və həmin torpaq sahəsində inşa edilmiş tikililərin sökülməsi" barədə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30 oktyabr 2024-cü il tarixli 10/6589 nömrəli ekspert rəyinə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılan ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.4-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəmə xərclərinin bölünməsi barədə hər hansı razılıq barədə məlumat təqdim edilmədiyindən 100 yüz manat məbləğində ekspertiza xərcinin 50 manat məbləğində olan hissəsi iddiaçıdan, 50 manat məbləğində olan digər hissəsi isə cavabdehdən tutularaq dövlət nəfinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D I: İddiaçı Sumqayıt bələdiyyəsinin ərizənin baxılmamış saxlanılması barədə ərizəsi təmin edilsin. İddiaçı Sumqayıt bələdiyyəsi tərəfindən Cavabdehnə qarşı verilmiş “torpaq sahəsindən çıxarılma və həmin torpaq sahəsində inşa edilmiş tikililərin sökülməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaitinin 50 manat məbləğində olan hissəsi iddiaçı Sumqayıt bələdiyyəsindən, 50 manat məbləğində olan digər hissəsi Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-77/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-77/2024
18.12.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver