Məhkəmə qərarları › İş №e-2-2(119)-778/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-778/2023

08.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-778/2023 08.06.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh “Prestij-Kimya" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “borcun tutulması” tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti 05 iyun 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh “Prestij-Kimya" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdən 20410 manat məbləğində əsas borcun, mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 205 manat məbləğində haqqın və məhkəmənin qərar qəbul edəcəyi günədək olan müddət ərzində ödənilməsi gecikdirilən hər gün üçün ödənilməmiş məbləğin 1%-i (bir faizi) miqdarında peniyanı hasablayıb, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Lakin, iddia ərizəsinin məzmunu və eyni zamanda, iddia ərizəsinə əlavə edilərək “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti 23 sentyabr 2022-ci ildə də cavabdeh “Prestij-Kimya" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 56950 manat məbləğində borcun və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 410 manat məbləğində haqqın iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətin xeyrinə tutulması” barədə qətnamə qəbul olunmasını xahiş etmiş və həmin iddia ərizəsinə dair kommersiya işi üzrə qəbul edilmiş Sumqayıt Kommersiya Məhkəməsinin 29 dekabr 2022ci il tarixli e-2-2(119)-1803/2022 nömrəli qərardadı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 21 dekabr 2022-ci il tarixli Barışıq sazişi təsdiq edilərək, həmin e-2-2(119)-1803/2022 nömrəli kommersiya işi üzrə icraata xitam verilmişdir. Eləcə də, həmin Qərardadda “işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi” tərəflərə izah olunmuşdur. Göründüyü kimi, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair iddia ərizəsi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan kommersiya işinə (mübahisəyə) tərəflərin tərtib edərək imzaladıqları Barışıq sazişinin təsdiq edilməsi ilə əlaqədar işi üzrə icraata xitam verilmişdir. Bununla belə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti hazırkı iddia ərizəsi ilə eyni cavabdehə qarşı, eyni predmet barəsində və eyni əsaslarla təkrarən məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa - iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunur. Beləliklə də, məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 05 iyun 2023-cü ildə cavabdeh “Prestij-Kimya" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “borcun tutulması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, yuxarıda göstərilənlərə əsasən yolverilməzliyinə görə həmin iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Eyni zamanda, məhkəmə iddiaçının diqqətinə çatdırmağı lazım bilir ki, tərəflər arasında imzalanmış və məhkəmə qərardadı ilə təsdiq olunmuş Barışıq Sazişi icra olunmadığı halda, iddiaçı onun icraya yönəldilməsi üçün məhkəməyə müraciət edə və icra qaydasında Barışıq Sazişinin icrasına nail ola bilər. Qeyd etmək lazımdır ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hazırkı iddia ərizəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə verilmiş olduğundan, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər də iddiaçı tərəfindən elektron kabinetə yerləşdirilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-153, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: İddianın yolverilməzliyinə görə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh “Prestij-Kimya" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar