Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-779/2024 24.05.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı “Technical İnspectı̇ on Solutı̇ ons" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdeh Zaur Firmasına qarşı verilmiş “müqavilə üzrə borcun və digər ödənişin tutulması” tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı “Technical İnspectı̇ on Solutı̇ ons" Məhdud Məsuliyyətli Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdeh Zaur Firmasına qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “müqavilə üzrə borcun və digər ödənişin tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış 10 mart 2023-cü il tarixli müqavilə üzrə cavabdehdən 826 (səkkiz yüz iyirmi altı) manat məbləğində borcun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, aralarında bağlanmış 10 mart 2023cü il müqaviləyə əsasən icraçı qismində iştirak edən iddiaçı sifarişçinin, yəni hazırkı iş üzrə cavabdehin cavabdehin tapşırığı əsasında təhlükə potensiallı obyektlərdə istismar olunan avadanlıqların və qurğuların texniki təhlükəsizlik ekspertizasının və diaqnostikasının həyata keçirilməsi, tutumlarda daxili baxış, hidravlik sınaq və texniki pasportların hazırlanması, layihənin işlənməsi və dövlət reyestr qeydiyyatından keçirilməsi üçün konsultasiya xidmətlərinin göstərilməsini öz üzərinə götürmüş və həmin işlər yerinə yetirmiş, aralarında tərtib edilmiş təhvil-təslim aktına əsasən həmin aktda qeyd edilmiş işlər cavadehə təhvil verilmiş, lakin cavabdeh bunun müqabilində ödəməli olduğu 826 manat məbləğində vəsaiti iddiaçıya ödəməmişdir. Cavabdehlə mübahisənin pretenziya qaydasında həllinə cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iddiaçının cavabdehə qarşı iddia ərizəsinə dair kommersiya işinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, bununla əlaqədar Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik iddialara dair işlər üzrə ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı ilə cavabdeh arasında bağlanmış 10 mart 2023-cü il tarixli 042/03-23 nömrəli xidmət müqaviləsinin 1.1-ci bəndinə əsasən, icraçı (“Technical İnspecti̇ on Soluti̇ ons" MMC) sifarişçinin (Zaur Firmasinin) tapşırığı əsasında təhlükə potensiallı obyektlərdə istismar olunan avadanlıqların və qurğuların texniki təhlükəsizlik ekspertizasının və diaqnostikasının həyata keçirilməsi, tutumlarda daxili baxış, hidravlik sınaq və texniki pasportların hazırlanması, layihənin işlənməsi və dövlət reyestr qeydiyyatından keçirilməsi üçün konsultasiya xidmətinin göstərilməsini öhdəsinə götürür. Sifarişçi isə həmin xidmətləri qəbul edərək bu müqavilənin şərtlərinə uyğun olaraq xidmət haqqı ödəyir. Həmin müqavilənin 2.1.2-ci yarımbəndinə əsasən müqavilə ilə şərtləndirilmiş qaydada və müddətdə xidmətin dəyərini ödəmək sifarişçinin öhdəliyidir. İş materiallarında olan 10 mart 2023-cü il tarixli 042/03-23 nömrəli müqavilə üzrə 1 nömrəli qiymətlərin razılaşdırılması protokolundan görünür ki, həcmi 15,5 və 61,1 kub metr olan yanacaq çəninə texniki təhlükəsizlik sertifikatının alınması üçün vizual baxışın keçirilməsi, parametrlərinin yoxlanılması, istismarının normativ sənədlərə uyğunluğunun müəyyənləşdirilməsi haqqında ekspert rəyinin verilməsinə görə cavabdehin iddiaçıya ƏDV daxil olmaqla 826 manat məbləğində pul vəsaitini ödəməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan 10 mart 2023-cü il tarixli, 042/03-23 nömrəli müqavilə üzrə xidmətlərin təhvil-qəbul aktına əsasən, 2 ədəd yanacaq çəninə texniki təhlükəsizlik sertifikatının alınması üçün vizual baxışın keçirilməsi, parametrlərinin yoxlanılması, istismarının normativ sənədlərə uyğunluğunun müəyyənləşdirilməsi haqqında ekspert rəyi cavabdehə təqdim edilmiş, cavabdeh isə həmin xidməti iddiaçıdan təhvil almışdır. Xidmətlərin ümumi dəyəri ƏDV daxil olmaqla 826 manat təşkil edir. İş materiallarında olan 17 mart 2024-cü il tarixli EBDB seriyalı, 986677 nömrəli elektron qaiməyə əsasən iddiaçı tərəfindən 2 ədəd yanacaq çəninə texniki təhlükəsiz sertifikatının alınması üçün vizual baxışın keçirilməsi, parametrlərinin yoxlanılması, istismarının normativ sənədlərə uyğunluğunun müəyyənləşdirilməsi haqqında ekspert rəyinin verilməsi ilə əlaqədar olaraq 826 manat məbləğində xidmət göstərilmişdir. Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında 10 mart 2023-cü il tarixli, 042/03-23 nömrəli xidmət müqaviləsi bağlanılmış, icraçı qismində çıxış edən iddiaçı müqavilə öhdəliklərinə uyğun olaraq həmin müqavilənin predmeti olan xidmətləri cavabdehə göstərmiş, sifarişçi qismində iştirak edən cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək görülən işlərin dəyərini tam olaraq ödəməmiş və bununla da öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 10 mart 2023-cü il tarixli müqavilə üzrə 826 manat məbləğində borc məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bundan başqa, iddia tələbinin ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına aid hissəsinə gəldikdə, iş materiallarında olan 19 aprel 2024-cü il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia təmin edildiyindən istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 826 manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 856 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh Zaur Firmasından 10 mart 2023-cü il tarixli müqavilə üzrə 826 (səkkiz yüz iyirmi altı) manat məbləğində borc və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 856 (səkkiz yüz əlli altı) manat məbləğində pul vəsaiti iddiaçı “Technical İnspectı̇ on Solutı̇ ons" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-779/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-779/2024
24.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver