Məhkəmə qərarları › İş №e-2-2(119)-781/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-781/2024

04.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-781/2024 04.06.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı “KODİS" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “müqavilə üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı “KODİS" Məhdud Məsuliyyətli Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “müqavilə üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış 22 may 2020-ci il tarixli soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında müqavilə üzrə cavabdehdən 1200 (min iki yüz) manat məbləğində pul vəsaitinin və 32 (otuz iki) manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında 22 may 2020ci il tarixli KOD-S 022/2020 nömrəli soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında müqavilə və həmin müqaviləyə 01 saylı əlavə olan təhvil-təslim aktı imzalanmış və cavabdehin istifadəsinə dəyəri 600 manat olan “X1 Cool-350P” markalı soyuducu verilmişdir. Həmin müqavilənin 2.10-cu bəndinə əsasən istifadəyə verilən soyuducunun istifadəçi tərəfindən normal fiziki aşınma halı istisna olmaqla, nomalara uyğun olmayan şəraitdə istismar edilməsi, hər hansı formada üçüncü şəxsə verilməsi, itirilməsi, istifadəyə yararsız hala düşməsi aşkar edildikdə, həmçinin müqavilənin 2.1.2-ci bəndinin tələbləri pozulduqda istifadəçi əmlakın ümumi dəyərinin 2 mislini istifadəyə verənə ödəyir. Sözügedən soyuducunun qaytarılması ilə bağlı cavabdehə 18 dekabr 2023-cü il tarixində pretenziya məktubu göndərilsə də, əmlak iddiaçıya qaytarılmadığından məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iddiaçının cavabdehə qarşı iddia ərizəsinə dair kommersiya işinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, bununla əlaqədar Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik iddialara dair işlər üzrə ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı ilə cavabdeh arasında bağlanmış 22 may 2020-ci il tarixli, KOD-S 022/2020 nömrəli soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında müqavilənin 1.1-ci bəndinə əsasən, istifadəyəverən (İddiaçı MMC) satışını təşkil etdiyi spirtli və spirtsiz içkilərin istifadəçi tərəfindən üçüncü şəxslərə sərinləşdirilmiş şəkildə satılmasını, satışının həcminin artırılmasını və reklamını təşkil etmək üçün bu müqavilənin 2.1.1-ci bəndində göstərilmiş (istifadəyəverənin mülkiyyətində olan) soyuducunu istifadəçiyə (Cavabdeh) əvəzsiz istifadəyə verməyi, istifadəçi isə istifadəyəverənin tələbilə bu müqavilənin 2.1.1-ci bəndində göstərilmiş avadanlıqları işlək vəziyyətdə (normal köhnəlmə nəzərə alınmaqla) geri qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən, istifadəyəverən müqavilə şərtlərinə əsasən mülkiyyətində olan 1 ədəd 600 manat dəyərində “X1 Cool-350P” soyuducusunu istifadəçiyə əvəzsiz istifadəyə verir. İstifadəyə verilmiş soyuducu üçün heç bir formada istifadə haqqı tələb etmir. Həmin müqavilənin 2.1.2-ci bəndinə əsasən, soyuducunu istifadəçinin istifadə üçün yararlı vəziyyətdə, əmtəə görkəmli və heç bir xəsarəti olmayan formada istifadəçiyə 1 nömrəli əlavədə göstərilən təhvil-təslim aktı vasitəsi ilə təhvil verir. Həmin müqavilənin 2.9-cu bəndinə əsasən, istifadəyəverən istifadəyə verilən soyuducunun istənilən vaxt geri qaytarılmasını tələb edə bilər. Belə tələb irəli sürüldükdn sonra 5 gün ərzində istifadəçi tərəfindən soyuducu geri qaytarılmadıqda və ya bu müqavilənin 2.1.2-ci maddənin tələblərinə uyğun olmayan vəziyyətdə geri qaytarıldıqda, istifadəyəverənin soyuducunun dəyərinin 2 misli həcmində cərimə tələb etmək hüququ yaranır. Həmin müqavilənin 2.10-cu bəndinə əsasən, istifadəyə verilən soyuducunun istifadəçi tərəfindən normal fiziki aşınma halı istisna olmaqla, normalara uyğun olmayan şəraitdə istismar edilməsi, hər hansı formada üçüncü şəxsə verilməsi, itirilməsi, istifadəyə yararsız hala düşməsi, aşkar edildikdə, həmçinin bu müqavilənin 2.1.2-ci bəndinin tələbləri pozulduqda istifadəçi əmlakın ümumi dəyərinin 2 mislini istifadəyəverənə ödəyir. İş materiallarında olan 22 may 2020-ci il tarixli, KOD-S 022/2020 nömrəli soyuducuların əvəzsiz istifadəyə verilməsi müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, 1 ədəd 600 manat dəyərində “X1 Cool-350P” markalı soyuducu iddiaşı tərəfindən cavabdehin əvəzsiz istifadəsinə verilmişdir. Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən, müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin Mülki Məcəlləsinin 732-ci maddəsinə əsasən, əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. Həmin Məcəllənin 734.2-ci maddəsinə əsasən, kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanın müqavilə üzrə istifadəsi çərçivəsində dəyişməsi və ya pisləşməsi üçün məsuliyyət daşımır. Həmin Məcəllənin 736-cı maddəsinin tələblərinə görə, kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur (maddə 736.1); Əgər əvəzsiz istifadə müddəti müəyyənləşdirilməyibsə, kirayəçi əşyanı əvəzsiz istifadə məqsədlərinə uyğun istifadə etdikdən sonra qaytarmalıdır. Əgər kirayəçinin əşyadan istifadə edə bilməsi üçün yetərli olan müddət bitərsə, kirayəyə verən əşyanın daha əvvəl qaytarılmasını tələb edə bilər (maddə 736.2); Əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər (maddə 736.3). Beləliklə, yuxarıda təsvir olunanlara əsasən müəyyən edlir ki, iddiaçı və cavabdeh arasında 22 may 2020-ci il tarixli, KOD-S 022/2020 nömrəli soyuducuların əvəzsiz istifadəyə verilməsi müqaviləsi bağlanılmış, həmin müqavilə əsasında iddiaçı tərəfindən 600 manat dəyərində olan 1 ədəd “X1 Cool-350P” markalı soyuducu müqavilə üzrə istifadəçi qismində çıxış edən cavabdehin əvəzsiz istifadəsinə verilmişdir. Lakin iddiaçı istifadəyə verilmiş həmin soyuducunun qaytarılmasını tələb etsə də, cavabdeh həmin əmlakı qaytarmamış və bununla da tərəflər arasında bağlanmış müqavilənin əvəzsiz istifadəyə verilmiş əmlakın qaytarılması barədə öhdəliyini yerinə yetirməmişdir. İddiaçı tərəfindən iddia ərizəsində cavabdehlə aralarında bağlanmış müqavilənin 2.10-cu bəndinə istinad edilərək cavabdehdən müqavilə predmeti olan soyuducunun qiymətinin 2 mislinin iddiaçının xeyrinə tutulması xahiş edilmişdir. Müqavilənin 2.10-cu bəndində qeyd edilir ki, istifadəyə verilən soyuducunun istifadəçi tərəfindən normal fiziki aşınma halı istisna olmaqla, - normalara uyğun olmayan şəraitdə istismar edilməsi; - hər hansı formada üçüncü şəxsə verilməsi; - itirilməsi; - istifadəyə yararsız hala düşməsinin aşkar edildiyi; - bu müqavilənin 2.1.2-ci bəndinin tələbləri pozulduğu hallarda istifadəçi əmlakın ümumi dəyərinin 2 mislini istifadəyəverənə ödəyir. Müqavilənin 2.1.2-ci bəndində isə qeyd edilir: İstifadəyəverən müqavilə şərtlərinə əsasən mülkiyyətində olan 1 ədəd 600 manat dəyərində “X1 Cool-350P” soyuducusunu istifadəçiyə əvəzsiz istifadəyə verir və istifadəyə verilmiş soyuducu üçün heç bir formada istifadə haqqı tələb etmir. Hazırkı iş materiallarında müqavilənin iddia ərizəsində istinad edilən 2.10-cu bəndinin şərtlərindən hər hansı birinin mövcudluğunu, yəni soyuducunun normalara uyğun olmayan şəraitdə istismar edilməsinin, onun hər hansı formada üçüncü şəxsə verilməsinin, itirilməsinin, istifadəyə yararsız hala düşməsinin aşkar edildiyini təsdiq edən sübutlar yoxdur, eyni zamanda müqavilənin 2.1.2-ci bəndində isə, göründüyü kimi, istifadəyəverənin qeyd edilən soyuducusunu istifadəçiyə əvəzsiz istifadəyə verməsi və bunun üçün heç bir formada istifadə haqqı tələb etmədiyi qeyd edilir. Bundan başqa, iddiaçı iddia ərizəsində qeyd edilən müqavilənin 2.10-cu bəndinə istinad edərək daha sonra qeyd etmişdir ki, “istifadəçiyə soyuducunun qaytarılması ilə bağlı xx.xx.2023-cü il tarixində pretenziya məktubu göndərilmiş, lakin soyuducu qaytarılmamışdır”. Göründüyü kimi, ərizənin özündə də yalnız müqavilənin 2.10-cu bəndinə istinad edilməklə kifayətlənilmiş, cavabdehin öhdəliyini icra etməməsi həmin bənddə göstərilən hallarla (soyuducunun normalara uyğun olmayan şəraitdə istismar edilməməsi, onun hər hansı formada üçüncü şəxsə verilməsi, itirilməsi, istifadəyə yararsız hala düşməsinin aşkar edilməsi) deyil, istifadəçiyə soyuducunun qaytarılması ilə bağlı xx.xx.2023-cü il tarixində pretenziya məktubu göndərilməsinə baxmayaraq, həmin soyuducunun qaytarılmaması ilə əlaqələndirilmişdir. Başqa sözlə, nə iddia ərizəsində, nə də ki, ərizəyə əlavə edilmiş digər sənədlərdə müqavilənin 2.10-cu bəndində göstərilən halların hər hansı birinin mövcudluğu şərh edilməmiş, soyuducunun normalara uyğun olmayan şəraitdə istismar edilməməsi yaxud onun hər hansı formada üçüncü şəxsə verilməsi yaxud itirilməsi və yaxud istifadəyə yararsız hala düşməsinin aşkar edilməsi ilə bağlı hallara toxunulmamışdır. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Digər tərəfdən nəzərə alınmalıdır ki, qeyd edilən müqaviləyə əsasən iddiaçının özünün satışını təşkil etdiyi sərinləşdirici spirtli və spirtsiz içkilərin cavabdeh tərəfindən üçüncü şəxslərə sərinləşdirilmiş şəkildə satılmasını, satışının həcminin artırılmasını və reklamını təmin etmək məqsədilə soyuducunun ona əvəzsiz istifadəyə verilməsi (reklam xarakterli olmaqla), mahiyyəti etibarilə iddiaçının məhz istifadəyə verilmiş həmin soyuducunun özündən hər hansı birbaşa gəlir əldə etməsini deyil, əksinə cavabdeh tərəfindən iddiaçının məhsullarının satılmasını və reklamının təşkil edilməsini nəzərdə tutur və həmin müqavilənin şərtlərinə əsasən “soyuducu geri qaytarılarkən onun normal köhnəlməsi” nəzərə alınmalıdır (Mülki Məcəllənin 734.2-ci maddəsinin tələblərinə görə kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanın müqavilə üzrə istifadəsi çərçivəsində dəyişməsi və ya pisləşməsi üçün məsuliyyət daşımır). Bütün bu hallara görə müəyyən olunur ki, həm tərəflər arasında bağlanmış müqavilənin əvəzsiz xarakteri, həm də iddiaçı tərəfindən soyuducunun cavabdehə təhvil verildiyi 22 may 2020-ci il tarixdən geri qaytarılması tələb olunan 18 dekabr 2023-cü il tarixədək olan təxminən üç il yarımdan çox müddət ərzində soyuducunun normal köhnəlməsi nəzərə alındığı halda, 600 manat dəyərində olan soyuducunun dəyərinin 2 misli həddində olmaqla 1200 manat məbləğində pulun ödənilməsinin tələb edilməsi əvəzsiz istifadə müqaviləsinin hüquqi təbiətinə uyğun gəlmir. Yuxarıda istinad edilən Mülki Məcəllənin 736.1-ci, 736.2-ci və 736.3-cü maddələrinin tələblərinə əsasən, kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur, belə müddət müəyyənləşdirilməyibsə, kirayəçi əşyanı əvəzsiz istifadə məqsədlərinə uyğun istifadə etdikdən sonra qaytarmalıdır, əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər. Beləliklə, məhkəmə təsvir edilənləri və istinad edilən qanunvericilik normalarını, o cümlədən Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 88-ci maddələrinin, Mülki Məcəllənin 736.1-ci, 736.2-ci və 736.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi mahiyyətcə soyuducunun özünün deyil, onun dəyərinin geri qaytarılmasından ibarət olduğundan, tərəflər arasında bağlanmış müqavilənin iddiaçı tərəfindən istinad edilən 2.10-cu bəndində göstərilən hallar iş materialları ilə təsdiq edilmədiyindən iddia qismən təmin edilməli, həmin soyuducunun dəyərinin 2 misli deyil, 1 misli, yəni 600 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə, iddia tələbinin 32 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 09 aprel 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən müəyyən olunur ki, məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 32 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi təşkil edir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia tələbinin təmin edilmiş hissəsinə (600 manat) mütənasib olaraq ödənilməli olan dövlət rüsumunun məbləği “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən 30 manat təşkil edir və Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq məhkəməyə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 32 manat məbləğində dövlət rüsumunun ödənilmiş tələbin məbləğinə mütənasib olaraq hesablanmış 30 manatlıq hissəsinin əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, yuxarıda qeyd edilən 22 may 2020-ci il tarixli soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında müqavilə üzrə 600 manat məbləğində borc, həmçinin 30 manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 630 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 22 may 2020-ci il tarixli KOD-S 022/2020 nömrəli soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında müqavilə üzrə 600 (altı yüz) manat məbləğində borc və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 630 (altu yüz otuz) manat məbləğində pul vəsaiti iddiaçı “KODİS" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar