Məhkəmə qərarları › İş №e-2-2(119)-79/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-79/2025

22.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-79/2025 22.08.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh3yla aralarında bağlanmış 12 sentyabr 2023-cü il tarixli SHMFS-394 nömrəli kredit müqaviləsi üzrə 9183,78 (doqquz min yüz səksən üç manat, yetmiş səkkiz qəpik) manat məbləğində əsas borc, 753,82 (yeddi yüz əlli üç manat, səksən iki qəpik) manat məbləğində faiz borcu, 87,9 (səksən yeddi manat, doxsan qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 10025,5 (on min iyirmi beş manat, əlli qəpik) manat məbləğində pul vəsaitinin, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 14 saylı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 (əlli bir) manat rüsumun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 121 (yüz iyirmi bir manat) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması, tələbin mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 91,5 kv.m olan mənzilə yönəldilməsi, ilkin satış qiyməti müəyyənləşdirilməklə bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh3 12 sentyabr 2023-cü il tarixli kredit müqaviləsi üzrə cəmi 10025,5 (on min iyirmi beş manat, əlli qəpik) manat məbləğində borcunun, bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 (əlli bir) manat rüsumun və 121 (yüz iyirmi bir manat) manat məbləğində xidmət haqqının əvəzinin iddiaçıya ödənilməsi, satışdan əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Şamaxı filialı ilə Cavabdeh3 arasında bağlanmış 12 sentyabr 2023-cü il tarixli SHMFS-394 nömrəli kredit müqaviləsinə əsasən həmin cavabdehə kredit verilmişdir. Eyni zamanda bank qarşısında öhdəliklərinin icrasının təmini üsulu kimi Cavabdeh1 və Cavabdeh2 ilə iddiaçı arasında 12 sentyabr 2023-cü il tarixli SHMFS-394 nömrəli zaminlik müqavilələri bağlanılmışdır. 12 sentyabr 2023-cü il tarixli SHMFS-394 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 91,5 kv.m olan mənzil iddiaçı qarşısında 12 sentyabr 2023-cü il tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İpoteka predmeti notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. İddia ərizəsinə əlavə edilmiş maliyyə arayışına əsasən, cavabdehin 12 sentyabr 2023-cü il tarixli SHMFS-394 nömrəli kredit müqaviləsi üzrə 9183,78 manat məbləğində əsas borc, 753,82 manat məbləğində faiz borcu, 87,9 manat məbləğində cərimə olmaqla, cəmi 10025,5 manat məbləğində borcu vardır. Kredit müqaviləsinin 4.3.5-ci yarımbəndinə əsasən, borc alan həmin müqavilə üzrə ona verilmiş krediti və onun faizini vaxtında ödəmədikdə (lazımınca ödəmək öhdəliyin ən azı bir dəfə pozduqda), habelə bu müqavilə ilə müəyyən edilmiş hər hansı bir öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, kreditor bu müqaviləyə xitam verilib-verilməməsindən asılı olmayaraq kreditin hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl qaytarılmasını borcalandan tələb edə bilər. İddiaçı 02 sentyabr 2024-cü il tarixində məhkəməyə “İddia tələbinin həcminin artırılması” barədə ərizə ilə müraciət edərək Cavabdeh3yla aralarında bağlanmış 12 sentyabr 2023-cü il tarixli SHMFS-394 nömrəli kredit müqaviləsi üzrə 9183,78 (doqquz min yüz səksən üç manat, yetmiş səkkiz qəpik) manat məbləğində əsas borc, 1241,89 (min iki yüz qırx bir manat manat, səksən doqquz qəpik) manat məbləğində faiz borcu, 272,06 (iki yüz yetmiş iki manat, altı qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 10697,73 (on min altı yüz doxsan yeddi manat, yetmiş üç qəpik) manat məbləğində pul vəsaitinin, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 14 saylı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 (əlli bir) manat rüsumun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 123 (yüz iyirmi üç) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması, tələbin mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 91,5 kv.m olan mənzilə yönəldilməsi, ilkin satış qiyməti müəyyənləşdirilməklə bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına yuxarıda qeyd edilən məbləğlərin iddiaçının xeyrinə tutulması, satışdan əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 23 sentyabr 2024-cü il tarixində məhkəməyə vəsatətlə müraciət edərək məhkəmədən ipoteka predmeti olan tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 91.5 kv.m olan mənzilin likvid və bazar dəyərinin müəyyən edilməsi zərurəti yarandığından, həmin ipoteka predmetinin likvid və bazar dəyərinin müəyyən edilməsi məqsədilə müvafiq ekspertizanın təyin edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli e-2-2(119)- 1426/2024 nömrəli qərardadı ilə həmin vəsatət təmin edilərək iş üzrə məhkəməəmtəşünaslıq ekspertizasının təyin edilməsi qərara alınmışdır. İddiaçı 14 avqust 2025-ci il tarixdə məhkəməyə “iddia tələbinin həcminin dəqiqləşdirilməsi” barədə ərizə ilə müraciət edərək Cavabdeh3yla aralarında bağlanmış 12 sentyabr 2023-cü il tarixli SHMFS-394 nömrəli kredit müqaviləsi üzrə 4183,78 (dörd min yüz səksən üç manat, yetmiş səkkiz qəpik) manat məbləğində əsas borc, 753,82 (yeddi yüz əlli üç manat, səksən iki qəpik) manat məbləğində faiz borcu, qalıq əsas borca illik 5 % ilə hesablanmış 555,43 (beş yüz əlli beş manat, qırx üç qəpik) manat məbləğində əldən çıxmış fayda, 1970,58 (min doqquz yüz yetmiş manat, əlli səkkiz qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 7463,41 (yeddi min dörd yüz altmış üç manat, qırx bir qəpik) manat məbləğində pul vəsaitinin, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 14 saylı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 (əlli bir) manat məbləğində rüsumun, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 123 (yüz iyirmi üç) manat məbləğində dövlət rüsumunun və "xxxx" MMC-nin hesabına ödənilmiş 500 (beş yüz) manat məbləğində qiymətləndirmə xərcinin əvəzinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması, tələbin mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 91,5 kv.m olan mənzilə yönəldilməsi, ilkin satış qiyməti müəyyənləşdirilməklə bu əmlakın hərracda satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh3 12 sentyabr 2023-cü il tarixli kredit müqaviləsi üzrə cəmi 7463,41 (yeddi min dörd yüz altmış üç manat, qırx bir qəpik) manat məbləğində pul vəsaitinin, bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 (əlli bir) manat rüsumun, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 123 (yüz iyirmi üç) manat məbləğində dövlət rüsumunun və "xxxx" MMC-nin hesabına ödənilmiş 500 (beş yüz) manat məbləğində qiymətləndirmə xərcinin əvəzinin iddiaçıya ödənilməsi, satışdan əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 22 avqust 2025-ci il tarixində məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilərək iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirdi ki, borc məbləği üzrə sonuncu dəfə 5000 manat məbləğində ödəniş həyata keçirmişdir. İddiaçı təşkilatın səlahiyyətli nümayəndəsi ilə əldə olunan razılığa əsasən cavabdeh 2026-cı ilin fevral ayına qədər borc məbləği üzrə ödənişləri tam şəkildə həyata keçirəcəkdir və ipoteka predmeti olan əmlakın satılmasına ehtiyac qalmayacaqdır. Cavabdeh1 məhkəmədən tutulacaq cərimənin ilkin iddia ərizəsində göstərilən məbləğdə nəzərə alınmasını xahiş etdi. Digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülk Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq, işə iddiaçının nümayəndəsinin və cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini, iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə ərizələri və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materialları: Belə ki, iş materiallarında olan iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 12 sentyabr 2023-cü il tarixli SHMFS-394 nömrəli kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən, borc verən (İddiaçı ASC) bu müqavilənin şərtləri daxilində borc alana (Cavabdeh3) əsas vəsaitlərin artırılması məqsədilə 10000 (on min) manat məbləğdə kredit verməyi, borc alan isə aldığı krediti bu müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan “Kreditin ödəniş cədvəli”nə (1 saylı Əlavə) uyğun olaraq borcverənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürür (müqavilə zamin qismində Cavabdeh2 və Cavabdeh1 tərəfindən də imzalanmışdır). Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, kredit 36 (otuz altı) ay müddətinə verilir. Borc alana kredit bir dəfə və ya hissə-hissə verilir. Kreditin ilk dəfə verilən məbləği 10000 manatdan çox olmamalıdır. Kredit borcalan tərəfindən bir dəfəyə və ya hissə-hissə istifadə oluna bilər. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, kreditə görə illik 22% (iyirmi iki) faiz hesablanır. Müqavilə üzrə faktiki illik faiz dərəcəsi (FİFD) 23% təşkil edir. Həmin müqavilənin 2.14.2-ci yarımbəndinə əsasən, müqavilənin müddəti ərzində “kreditin ödəniş cədvəli” üzrə ödənişlərin gecikməsi zamanı vaxtında ödənilməmiş məbləğin 1 (bir) faizi (gecikmənin birinci günündən başlayaraq) məbləğində borcalan cərimə ödəməlidir. Həmin müqavilənin 4.1.1-ci yarımbəndinə əsasən, əgər borcalan bu müqavilənin 2.2ci bəndində təsbit edilmiş kredit şərtlərini müqavilədə göstərilən müddətdə ödəməyərək pozarsa və buna görə də, borcverən borcun tutulması ilə bağlı məhkəməyə və ya icra qeydi almaq üçün notariusa müraciət edərsə, iş üzrə icra sənədi çıxarıldıqdan sonrakı müddət ərzində hesablanmış faizləri, o cümlədən vaxtı keçmiş ikiqat faizləri və borcun tutulması üçün bank tərəfindən çəkilmiş müəyyən xərcləri borcalan özünün borcu kimi etiraf və qəbul edir və həmin faiz və ikiqat faiz borcunu ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 4.1.3-cü yarımbəndinə əsasən, müqavilə ilə üzərinə götürdüyü vəzifələri vaxtında və lazımi qaydada yerinə yetirmək borcalanın öhdəliyidir. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən, müqavilə üzrə borc alanın öhdəliklərinin icrası dəbbə pulu (cərimə, peniya) girov, ipoteka, zaminlik və digər təminatla təmin edilir. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən, borc alan kreditin ödəniş cədvəlinə əsasən ödənişi gecikdirərsə, hər gecikdirilmiş günə görə hazırkı müqavilənin 2.13-cü bəndinə əsasən dəbbə pulu (cərimə) ödəməlidir. İş materiallarında olan ödəniş qrafikindən görünür ki, Cavabdeh3 banka olan borcunun həmin qrafikə uyğun olaraq son ödəniş tarixi 19 sentyabr 2026-cı il tarixi olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan İddiaçı ASC ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 12 sentyabr 2023-cü il tarixli SHMFS-394 nömrəli zaminlik müqavilələrinin 1.1-ci bəndlərinə əsasən, bu müqavilənin predmeti 12 sentyabr 2023-cü il tarixli SHMFS-394 kredit müqaviləsinə əsasən, bankdan kredit götürmüş borcalan (Cavabdeh3) tərəfindən bu öhdəliklərin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminlərin (cavabdehlər Cavabdeh2 və Cavabdeh1) öz üzərinə götürməsidir. Həmin müqavilələrin 4.1-ci bəndlərinə əsasən, zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, zaminlər və borcalan borcverən qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan İddiaçı ASC və ipoteka qoyan qismində Cavabdeh2 və borc alan qismində Cavabdeh3 arasında bağlanmış 12 sentyabr 2023-cü il tarixli SHMFS-394 nömrəli ipoteka müqaviləsinin 1.1-ci bəndinə əsasən, bu müqavilənin 3.1-ci bəndində göstərilən müqavilə (müqavilələr) üzrə yaranmış öhdəliklərin təminatı olaraq bu müqavilənin 2.1-ci bəndində qeyd olunmuş əmlak (əmlaklar) ipoteka ilə yüklü edilir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, ipotekanın predmeti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi RX ******* nömrəli **********63-05101-093001 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 31 oktyabr 2017-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh2 mülkiyyət hüququ üzrə məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 91,5 kv.m olan mənzildir. Həmin müqavilənin 2.2-ci bəndində ipoteka predmetinə tutmanın yönəldilməsi zamanı ipoteka predmetinin satış qiymətini müəyyən edən qiymətləndirici şirkətlərin adları sadalanmış və həmin qiymətləndiricilərdən biri kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti qeyd edilmişdir. Həmin müqavilənin 9.1.1-ci yarımbəndinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayana ipoteka predmetinə tutma yönəltmək hüququ verir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən dövlət reyestrində 2 nömrəli reyestr kitabının 27 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 91,5 kv.m olan mənzil İddiaçı ASCnin xeyrinə ipoteka ilə yüklü edilmiş, əsas öhdəliyin mahiyyəti 12 sentyabr 2023-cü il tarixli SHMFS-394 nömrəli müqavilə göstərilmişdir. İş materiallarında olan 06 iyun 2024-cü il tarixli RB-02/PK-2574 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh3 12 sentyabr 2023-cü il tarixli SHMFS-394 nömrəli kredit müqaviləsi üzrə 9183,78 manat məbləğində əsas borc, 753,82 manat məbləğində faiz borcu, 87,9 manat məbləğində cərimə olmaqla, cəmi 10025,5 manat məbləğində borcu vardır. İş materiallarında olan 14 avqust 2025-ci il tarixli RB-02/PK-3379 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh3 12 sentyabr 2023-cü il tarixli SHMFS-394 nömrəli kredit müqaviləsi üzrə 4183,78 manat məbləğində əsas borc, 753,82 manat məbləğində faiz borcu, 03 iyun 2024-cü il tarixdən qalıq əsas borca illik 5 %-lə hesablanmış 555,43 manat məbləğində əldən çıxmış fayda, 1970,58 manat məbləğində cərimə olmaqla, cəmi 7463,61 manat məbləğində borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 05 may 2025-ci il tarixli 10/8109, 9/8400 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasına dair ekspert rəyinin nəticə hissəsində “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yaxın ərazilərdə yerləşən analoji fərdi yaşayış evləri barədə məlumat olmadığından, sözügedən fərdi yaşayış evinin mövcud orta bazar və likvid qiymətini müəyyən etmək mümkün olmadı” qeyd edilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş 07 iyul 2025-ci il tarixli PR/466/2025 nömrəli mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 91,5 kv.m olan mənzilin 07 iyul 2025-ci il tarixinə likvid dəyəri 48000 manat, bazar dəyəri 57000 manat məbləğində təşkil edir. İş materiallarına, həmçinin hesabdan çıxarış sənədləri əlavə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü və 269.5-ci maddələrinə əsasən, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci 319.4-cü maddələrinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və (və ya) ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən, işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 226.2-ci maddəsinə əsasən, məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Məhkəmənin mövqeyi: Təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 12 sentyabr 2023-cü il tarixli SHMFS-394 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə illik 22% faiz dərəcəsi olmaqla 36 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək ödənilməli olan əsas və faiz borclarını tam ödəməmiş və bununla da iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmiş, nəticədə onun sözügedən kredit müqaviləsi üzrə borcu yaranmışdır. Həmin müqavilə üzrə o, öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən, zaminlik müqavilələrinin şərtlərinə əsasən, onunla birlikdə, həmçinin zaminlər Cavabdeh2 və Cavabdeh1 də kreditor qarşısında borclu ilə eyni həcmdə birgə məsuliyyətləri yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 12 sentyabr 2023-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada 4183,78 manat məbləğində əsas borcun və 753,82 manat məbləğində faiz borcunun iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin “qalıq əsas borca illik 5 % ilə hesablanmış 555,43 manat məbləğində əldən çıxmış fayda”nın cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 14 avqust 2025-ci il tarixdə elektron iş materiallarına əlavə edilmiş arayışdan görünür ki, qalıq əsas borca illik 5 faizlə hesablanmış 555,43 manat məbləğində əldən çıxmış fayda 03 iyun 2024-cü il tarixdən başlanılmaqla hesablanılmışdır. Hazırkı iddia ərizəsi ilə 06 avqust 2024-cü il tarixdə məhkəməyə müraciət edilmiş, məhkəmənin 27 avqust 2024-cü il tarixli qərardadı ilə işə məhkəmə baxış iclasında baxılması qərara alınmışdır. Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçının qalıq əsas borca illik 5 faizlə hesablanmış əldən çıxmış faydanı tələb etmək hüququ özünün tərtib etdiyi arayışda qeyd etdiyi kimi 03 iyun 2024-cü il tarixində yaranmış olsa da, o, həmin müddətdən təxminən iki ay sonra - 06 avqust 2024-cü il tarixində məhkəməyə ünvanladığı iddia ərizəsində belə bir əsasla hər hansı məbləği tələb etməmiş, eyni zamanda məhkəmə baxış iclası təyin edilənədək (27 avqust 2024-cü il tarixinədək) bu hüququndan istifadə etməmişdir. Mülki-prosessual qanunvericiliyin istinad edilən normasına əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddia tələbinin həcmini artırmağa haqlıdır, məhkəmə baxışı zamanı isə iddia tələbinin həcminin artırılmasına bunun üçün əsasların məhkəmə baxışı gedişində əmələ gəldiyi halda yol verilir. Hazırkı iş üzrə iddiaçı qalıq əsas borca illik 5 faizlə hesablanan əldən çıxmış fayda məbləğinin tutulması barədə tələbi iddia ərizəsi ilə tələb etmədiyindən, eyni zamanda işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər bu əsasa istinad edərək iddia tələbinin həcmini artırmadığından, eyni zamanda iddia tələbinin həcminin artırılmasına səbəb olan olan bu əsas məhkəmə baxışı gedişində əmələ gəlmədiyindən iddia tələbi həmin hissədə əsaslı hesab edilə və təmin edilə bilməz. İddia tələbinin cavabdehlərdən 12 sentyabr 2023-cü il tarixli SHMFS-394 nömrəli kredit müqaviləsi üzrə 1970,58 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh3 kredit müqaviləsi üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və bağlanmış kredit müqaviləsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan (kredit müqaviləsinin 2.14.2-ci yarımbəndi) iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə hesab edir ki, tələb olunan cərimənin əsas borc məbləğinə nisbəti nəzərə alınmaqla, iddia tələbinin cavabdehlərdən 1970,58 manat məbləğində cərimənin tutulmasına aid hissəsi qismən təmin olunmalı, tələb olunan cərimənin məbləği azaldılaraq cavabdehlərdən müştərək qaydada iddia ərizəsində göstərilən məbləğdə, cəmi 87,9 manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı və cavabdehlər ipoteka qoyan qismində Cavabdeh2 və borc alan qismində Cavabdeh3 arasında bağlanmış 12 sentyabr 2023-cü il tarixli SHMFS-394 nömrəli ipoteka müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 91,5 kv.m olan mənzil ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə müvafiq pul vəsaitlərinin ipoteka ilə yüklü edilmiş həmin mənzilə yönəldilməsi barədə tələb Mülki Məcəllənin 317-ci və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğundur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iş üzrə "xxxx" MMC tərəfindən təqdim edilmiş 07 iyul 2025-ci il tarixli PR/466/2025 nömrəli mütəxəssis rəyini nəzərə alaraq hesab edir ki, ipotekaya qoyulmuş əmlakın ilkin satış (likvid) qiyməti 48000 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 05 may 2025-ci il tarixli 10/8109, 9/8400 nömrəli ekspert rəyinin nəticə hissəsində ipoteka predmetinə yaxın ərazilərdə yerləşən analoji fərdi yaşayış evləri barədə məlumat olmadığına görə sözügedən fərdi yaşayış evinin mövcud orta bazar və likvid qiymətini müəyyən etmək mümkün olmadığı qeyd edildiyindən, məhkəmə ipoteka predmetinin ilkin satış qiymətini müəyyənləşdirərkən 07 iyul 2025-ci il tarixli PR/466/2025 nömrəli mütəxəssis rəyini mötəbər sübut kimi qəbul edir. Məhkəmə iddia tələbinin “satışdan əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin cavabdehlərdən tutulması”na dair hissəsi ilə bağlı məhkəmə yuxarıda göstərilənləri və iş üzrə məhkəmə araşdırması zamanı müəyyən olunan digər halları, o cümlədən Mülki Məcəllənin, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun və "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərini nəzərə alaraq hesab edir ki, tələbin həmin hissədə əsaslılığı müəyyən olunmadığı üçün təmin edilməməlidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, borcun yönəldiyi ipoteka predmetinin satışından əldə edilən vəsait cavabdedən tutulan borcu tam ödəmədikdə, ödənilməyən hissənin cavabdehdən alınması, yəni qətnamə əsasında verilmiş icra sənədi ödənilməyən hissədə yuxarıda qeyd olunan Məcəllə və Qanunların tələblərinə uyğun olaraq ümumi qaydada icra edilir. Yəni satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərə aid olduğundan iddianın həmin hissədə əsassız hesab edilərək təmin edilməməlidir. Bundan başqa, iddia tələbinin “iddiaçı tərəfindən ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 51 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəməyə təqdim edilmiş müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişlərindən görünür ki, iddiaçı tərəfindən ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 15 manat məbləğində dövlət rüsumu və 36 manat məbləğində xidmət haqqı olmaqla, ümumilikdə 51 manat məbləğində pul vəsaiti ödənilmişdir. Buna görə də iddiaçı tərəfindən ödənilmiş 36 manat məbləğində xidmət haqqının, 15 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi təşkil edir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı iddia tələbi üzrə dövlət rüsumunun məbləği 120,08 manat təşkil etdiyindən (9183,78 + 753,82 + 87,9 = 10025,5, hazırda əsas borcun məbləği 4183,78 manat olsa da, həmin borcun 5000 manat məbləğində olan hissəsi məhkəmə prosesləri dövründə ödənildiyindən dövlət rüsumunun məbləği hesablanarkən ilkin iddia ərizəsində qeyd edilmiş əsas borc, faiz borcu və cərimə məbləğləri nəzərə alınmalıdır) həmin məbləğdə pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Bunlardan əlavə, iş materiallarında olan 10 iyul 2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən "xxxx" MMC-nin bank hesabına aparılan mütəxəssis tədqiqatı ilə bağlı 500 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Hazırkı iddia ərizəsi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 500 manat məbləğində pul vəsaitinin əvəzi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 may 2025-ci il tarixli 10/8109, 9/8400 nömrəli ekspert rəyinə əlavə olunmuş ekspertiza xərclərinə dair bildiriş üzrə aparılan ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. Hazırkı iddia ərizəsi qismən təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti Mülki Prosessual Məcəllənin yuxarıda istinad edilmiş 119.1-ci maddəsinə əsasən, cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdеhlərdən müştərək qaydada 4183,78 manat məbləğində əsas borc, 753,82 manat məbləğində faiz borcu, 87,9 manat məbləğində cərimə, ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı ödənilmiş 36 manat məbləğində xidmət haqqının, 15 manat məbləğində dövlət rüsumunun, 500 manat məbləğində mütəxəssis tədqiqatı ilə bağlı ödənilmiş xidmət haqqının və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 120,08 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5696,58 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, cavabdеhlərdən tutulmalı olan pul vəsaiti iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 91.5 kv.m. olan mənzilə yönəldilməli və həmin ipoteka predmeti açıq hərracda satılaraq iddiaçıya olan cəmi 5646,75 manat məbləğində borc ödənilməli, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti 48000 manat məbləğində müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti cavabdеhlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdеhlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4183,78 (dörd min yüz səksən üç manat, yetmiş səkkiz qəpik) manat məbləğində əsas borc, 753,82 (yeddi yüz əlli üç manat, səksən iki qəpik) manat məbləğində faiz borcu, 87,9 (səksən yeddi manat, doxsan qəpik) manat məbləğində cərimə, ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı ödənilmiş 36 (otuz altı) manat məbləğində xidmət haqqının, 15 (on beş) manat məbləğində dövlət rüsumunun, 500 (beş yüz) manat məbləğində mütəxəssis tədqiqatı ilə bağlı ödənilmiş xidmət haqqının və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 120,08 (yüz iyirmi manat, səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5696,58 (beş min altı yüz doxsan altı manat, əlli səkkiz qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdеhlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 tutulmalı olan cəmi 5696,58 (beş min altı yüz doxsan altı manat, əlli səkkiz qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 91.5 kv.m. olan mənzilə yönəldilsin və həmin ipoteka predmeti açıq hərracda satılaraq iddiaçı "xxxx" ASC-yə olan cəmi 5696,58 (beş min altı yüz doxsan altı manat, əlli səkkiz qəpik) manat məbləğində borc ödənilsin. İpoteka predmeti olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 91.5 kv.m. olan mənzilin ilkin satış qiyməti 48000 (qırx səkkiz min) manat məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdеhlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar