Məhkəmə qərarları › İş №e-2-2(119)-792/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-792/2025

04.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-792/2025 04.06.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış 02 may 2024-cü il tarixli 01/02684 nömrəli operativ lizinq müqaviləsinə əsasən, 3000 (üç min) manat məbləğində borcun və 50 (əlli) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında 02 may 2024cü il tarixli 01/02684 nömrəli operativ lizinq müqaviləsi bağlanmış və 1 ədəd “CLAAS Dominator-130” markalı taxılyığan kombayn sonuncunun istifadəsinə verilmişdir. Bunun müqabilində cavabdeh iddiaçıya 5000 manat məbləğində ödəniş etməli olsa da, 2000 manat məbləğində ödəniş etmiş və nəticədə onun iddiaçıya 3000 manat məbləğində borcu yaranmışdır. Həmin borc məbləği dəfələrlə ondan tələb edilsə də, cavabdeh müxtəlif bəhanələrlə öhdəliyin icrasından yayınmışdır. Bununla əlaqədar ödənilməli olan pul vəsaitinin cavabdehdən məhkəmə qaydasında tələb edilməsi zərurəti yaranmışdır. Məhkəmə iddiaçının cavabdehə qarşı iddia ərizəsinə dair kommersiya işinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, bununla əlaqədar Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik iddialara dair işlər üzrə ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materialları: İş materiallarında olan 02 may 2024-cü il tarixli 01/02684 nömrəli operativ lizinq müqaviləsinin 1.1-ci bəndinə əsasən, hazırkı müqavilə şərtlərinə əsasən, iddiaçı tərəfindən 1 ədəd “CLAAS Dominator-130” markalı taxılyığan kombayn mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərtilə 01 iyun 2024-cü il tarixdən 15 avqust 2024-cü il tarixinədək istifadə haqqı 5000 manat məbləğində müəyyən edilməklə cavabdehin istifadəsinə verilmişdir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, lizinq alan (istifadəçi) texnikanın müqavilə müddəti bitməmişdən əvvəl təhvil verilməsindən, texnikanın istismarı zamanı baş vermiş nasazlıq səbəbi ilə boş dayanmalardan və texnikanın saz vəziyyətə gətirilməsinə çəkilən xərclərdən asılı olmayaraq, bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş məbləği lizinq verənə tam şəkildə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1.4-cü yarımbəndinə əsasən, lizinq alan tərəfindən müqavilənin şərtlərinə əməl edilmədikdə lizinqə (istifadəyə) verən onu yazılı xəbərdarlıq etməklə bu müqaviləni birtərəfli qaydada ləğv etmək, texnikanı geri götürmək, habelə ödənişdən qalan borcun və texnikaya dəymiş zərərin ödənilməsini qanuna müvafiq qaydada tələb etmək hüququna malikdir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, tərəflər bu müqavilənin şərtlərini yerinə yetirmədikdə mövcud qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İş materiallarında olan 03 may 2024-cü il tarixli 01/02684 nömrəli nömrəli aktdan görünür ki, İddiaçı ASC-nin Şəmkir RN-nin Göygöl-Daşkəsən rayon bölməsinin istifadəsində olan 1 ədəd “CLAAS Dominator-130” markalı taxılyığan kombayn (buraxılış ili - 2014, dövlət qeydiyyat nömrəsi 25-T-403, şassi nömrəsi: ********) saz vəziyyətdə cavabdehə təhvil verilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən imzalanmış 03 may 2024-cü il tarixli iltizamlardan görünür ki, Cavabdeh 02 may 2024-cü il tarixli 01/02684 nömrəli operativ lizinq müqaviləsinə əsasən istifadəyə götürdüyü “CLAAS Dominator-130” markalı taxılyığan kombaynı (buraxılış ili-2014, dövlət qeydiyyat nömrəsi 25-T-403, şassi nömrəsi: ********) təyinatı üzrə istifadə etməyi, saz və dəst halda təhvil verəcəyi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim edilmiş 17 mart 2025-ci il tarixli maliyyə arayışından görünür ki, 02 may 2024-cü il tarixli 01/02684 nömrəli operativ lizinq müqaviləsi üzrə cavabdehin iddiaçıya qalıq borcunun məbləği 3000 manat təşkil edir. Tətbiq edilən hüquq: Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş götməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-2-ci maddəsinə əsasən lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Həmin Məcəllənin 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 1 ədəd “CLAAS Dominator-130” markalı taxılyığan kombaynın 01 iyun 2024-cü il tarixdən 15 avqust 2024cü il tarixinədək istifadə haqqı 5000 manat müəyyən edilməklə cavabdehin istifadəsinə verilməsi ilə bağlı tərəflər arasında 02 may 2024-cü il tarixli 01/02684 nömrəli İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə” müqavilə bağlanılmış, texnika 03 may 2024-cü il tarixli aktla həmin tarixdə cavabdehə təhvil verilmiş, cavabdeh tərəfindən istifadə haqqından 2000 manat məbləğində ödəniş edilsə də, o, öhdəliyini tam icra etməyərək texnikadan istifadə üzrə yaranmış 3000 manat məbləğində borcunu iddiaçıya ödəməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 02 may 2024-cü il tarixli 01/02684 nömrəli operativ lizinq müqaviləsinə əsasən cavabdehdən 3000 manat məbləğində borcun iddiaçının xeyrinə tutulması hissəsi əsaslıdır və təmin edilməlidir. Bundan əlavə, iddia tələbinin ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə hissəsinə gəldikdə, iş materiallarında olan 10 aprel 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzi ilə müəyyən edilir ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət edən zaman iddiaçı tərəfindən 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi təşkil edir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia təmin edildiyindən istinad edilən qanunvericilik normalarının tələblərinə əsasən məhkəməyə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, 02 may 2024-cü il tarixli 01/02684 nömrəli müqavilə üzrə 3000 manat məbləğində borc və 50 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3050 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia təmin edilsin. Cavabdеh Cavabdeh 02 may 2024-cü il tarixli 01/02684 nömrəli müqavilə üzrə 3000 (üç min) manat məbləğində borc və 50 (əlli) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3050 (üç min əlli) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar