Məhkəmə qərarları › İş №e-2-2(119)-835/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-835/2025

29.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-835/2025 29.07.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək tərəflər arasında bağlanmış 01 mart 2022-ci il tarixli HP-C01-220301-014 nömrəli podrat müqaviləsi üzrə ödənilmiş 5950 (beş min doqquz yüz əlli) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 01 mart 2022-ci il tarixli HP- C01-220301-014 nömrəli podrat müqaviləsi bağlanılmışdır. Müqaviləyə əsasən cavabdeh 03 oktyabr 2022-ci il tarixli 04 nömrəli qiymət razılaşma protokolunda razılaşdırılmış işləri görməyi öz öhdəsinə götürmüş, bu məqsədlə cavabdehə avans olaraq 02 noyabr 2022-ci il tarixində 5950 manat məbləğində pul vəsaiti ödənilmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh razılaşdırılmış işlərin icrasını həyata keçirməmiş, o cümlədən ödənilmiş pulu geri qaytarmamışdır. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək, həmçinin bildirmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin predmetini kabinə idarəetmə panelinin quraşdırılması və dəyişdirilməsi təşkil etmişdir. Bu həm razılaşma protokolunda, həm də cavabdehə 5950 manat məbləğində pul vəsaitinin ödənilməsini təsdiq edən kassa məxaric orderində qeyd edilmişdir. Belə ki, iş materiallarına cavabdeh tərəfindən "xxxx" MMC-yə təqdim edilmiş etibarnamə və 5950 manat məbləğində pul vəsaitinin alınması ilə bağlı kassa məxaric orderi əlavə edilmişdir. "xxxx" MMC ilə iddiaçının əlaqəsi ondan ibarətdir ki, iddiaçı şirkət həmin binanı inşa edən, "xxxx" MMC isə həmin binanı idarə edən şirkətdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsindən çıxarış da "xxxx" MMC-nin binanın təmizlik xidmətini həyata keçirdiyini təsdiq edir. Hər iki hüquqi şəxsin qeydiyyat ünvanı eynidir. Belə ki, "xxxx" MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti ev 15, İddiaçı QSC-nin hüquqi ünvanı da ünvan 2 cavabdeh şirkət X1 etibarnamələr verərək həmin şəxsə nağd qaydada ödənişləri qəbul etmək səlahiyyəti vermişdir. İddiaçı da etibarnamənin başqa şirkətə, yəni "xxxx" MMC-yə ünvanlanmasına baxmayaraq, cavabdeh tərəfindən verilmiş etibarnamə əsasında pul vəsaitini həmin şəxsə - X1 təhvil vermişdir. Belə ki, tərəflər arasında şifahi qaydada danışıqlar olmuş və hər dəfə etibarnamənin dəyişdirilməsinə zərurət olmamışdır. Cavabdeh etiraz ərizəsində 14 mart 2025-ci il tarixində pretenziya məktubuna cavab verdiyini və iddiaçıdan ödəniş tapşırıqlarının təqdim edilməsini tələb etdiyini, lakin hər hansı sənəd təqdim edilmədiyini bildirsə də, razılaşma protokolunda ödənişin nağd qaydada həyata keçiriləcəyi qeyd edilmişdir. Ödəniş tapşırığı yalnız bank hesabına köçürmələr vasitəsilə ödəniş icra edildiyi zaman mövcud olur. İddiaçının nümayəndəsi iddia ilə bağlı yekun çıxışında bildirdi ki, müvafiq şirkətlərin təşkilati-hüquqi formasını təsdiq edən sənədlər iş materiallarına əlavə edilmişdir. Bu şirkətlər eyni ünvanda satış və xidmət fəaliyyəti göstərmişdirlər. Buna görə də cavabdeh tərəfindən nümayəndəsinə verilmiş etibarnamələrdə, məhz hansı şirkətin adının yazılması mühüm əhəmiyyət kəsb etməmişdir. Digər tərəfdən cavabdeh tərəf iddia ərizəsinə ilk etirazında Tural Əliyev adlı şəxsin şirkətlə, ümumiyyətlə, hər hansı əlaqəsinin olmadığını bildirmiş, daha sonra isə Tural Əliyevə verilmiş etibarnamənin hazırkı iş üzrə iddiaçı şirkətə deyil başqa şirkətə verilməsini etirazının əsası kimi qeyd etmişdir. Eyni zamanda cavabdeh bildirmişdir ki, digər kassa məxaric orderlərində onların müqavilə ilə bağlılığı göstərilsə də, mübahisələndirilən hal üzrə mövcud olan kassa məxaric orderində müqavilə ilə bağlılıq öz əksini tapmamışdır. Cavabdeh bu etirazı ilə dolayı yolla digər kassa məxaric orderlərini qəbul etdiyini bildirmişdir. Deməli əgər cavabdeh digər kassa məxaric orderlərini qəbul edirsə, həm də Tural Əliyevin onun nümayəndəsi olmasını qəbul edir. Digər kassa məxaric orderlərindən də aydın olur ki, təcrübə bu cür formalaşmışdır ki, Tural Əliyev cavabdehin etibarnamə üzrə nümayəndəsi kimi ayrı-ayrı şirkətlərdən ödənişləri nağd qaydada əldə etmişdir. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh 08 may 2025-ci il tarixində iddiaya etirazla müraciət edərək qeyd etmişdir ki, iddiaçı cavabdehə hər hansı avans ödənişi ödəməmiş, bunun nəticəsində də tərəflər arasında bağlanmış müqavilə icrasız qalmışdır. Bununla bağlı iddiaçı tərəfindən təqdim edilmiş pretenziya məktubuna 14 mart 2025-ci il tarixdə müvafiq cavab verilmişdir. Həmin cavab məktubunda ödənişi təsdiq edən müvafiq ödəniş tapşırığının təqdim edilməsi tələb olunsa da, hər hansı bir geri dönüş edilməmişdir. Əlavə edilən kassa məxaric orderini imzalayan şəxsin cavabdehin səlahiyyətli nümayəndəsi olub-olmaması ilə bağlı iş materiallarına hər hansı sübut əlavə edilməmişdir. Kassa məxaric orderində ödəniş edən tərəfin hər hansı bir imzası yoxdur. Müvafiq orderin birtərəfli qaydada imzalandığı açıqaşkar görünür. Cavabdeh göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh 23 may 2025-ci il tarixində yenidən iddiaya etirazla müraciət edərək qeyd etmişdir ki, əlavə olunan 02 noyabr 2022-ci il tarixli etibarnamə iddiaçıya yox, "xxxx" MMCyə təqdim edilmişdir. Həmçinin iş materiallarına əlavə edilən şəhadətnamələrdə "xxxx" MMC ilə İddiaçı QSC-nin bağlılığı öz əksini tapmır. Eyni zamanda iddia tələbi üzrə əlavə edilən ilkin kassa məxaric orderinin nə tərəflər arasında bağlanılan müvafiq müqavilə ilə bağlılığı (digər orderlərin əsas hissəsində hansı işə aid olduğu qeyd edilir), nə də həmin məbləğin iddiaçının hesabından çıxmasını sübut edən məlumat vardır (heç bir orderdə iddiaçının məsul şəxsi tərəfindən atılan imza yoxdur). Cavabdeh göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini, iddia ərizəsinə etirazları və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materialları: İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh MMC arasında bağlanmış 01 mart 2022-ci il tarixli HP-C01-220301-014 nömrəli podrat müqaviləsinin 1-ci bəndinə əsasən, podratçı (cavabdeh) sifarişçinin (iddiaçının) sifarişi ilə bu müqavilədə və layihə sənədlərində göstərilən şərtlər əsasında qiymət razılaşma protokolunda göstərilən işləri yerinə yetirməyi, sifarişçi isə podratçının yerinə yetirdiyi işləri qəbul edib dəyərini bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, müqavilə ilə görülməsi nəzərdə tutulmuş işlərin qiyməti müqavilənin aynlmaz tərkib hissəsi sayılan qiymət razılaşma protokolu ilə müəyyənləşdiriləcəkdir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən, podratçının faktiki olaraq yerinə yetirdiyi işlərin miqdarı və həcmi sifarişçinin nümayəndəsi tərəfindən hesablanacaq və həmin işləri sübüt edən sənədlərdə (aktlar, Forma N°2 və s.) əks olunaraq ödəniləcəkdir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən, müqavilə qiymətinin ödənilmə qrafiki qiymət razılaşma protokolu ilə müəyyən edilir. İcraçının əsaslandırılmış məktubuna əsasən, zərurət yarandıqda, avans ödənilə bilər. Həmin müqavilənin 2.6-cı bəndinə əsasən, bu müqavilə üzrə ödənişlər nağd və ya köçürmə qaydasında həyata keçiriləcəkdir. Həmin müqavilənin 3.1.13-cü yarımbəndinə əsasən, podratçı, işlərin icra qrafikinə uyğun vaxtda və (ya) keyfiyyət tələbnaməsinə uyğun keyfiyyətdə yerinə yetirilməməsinə, habelə digər səbəblərə görə onun təqsiri üzündən sifarişçinin məruz qaldığı real zərəri sifarişçinin tələbi ilə 1 ay ərzində ödəməlidir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, tərəflər bu müqavilənin şərtlərinə və Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq təqsirli hərəkətləri nəticəsində bir-birlərinə vurduqları zərərə görə məsuliyyət daşıyırlar. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən, podratçı bu müqavilədə nəzərdə tutulmuş işlərin icrasına keyfiyyət tələbnaməsinə uyğun surətdə müqavilə imzalandığı gündən başlamalıdır. Həmin müqaviləyə 03 saylı Əlavə olan 01 mart 2022-ci il tarixli Keyfiyyət Tələbnaməsinin 1-ci bəndinə əsasən, podratçı işləri yüksək keyfiyyətdə, işçi və layihə çertyojlarına müvafiq, sifarişçinin irad və təkliflərini nəzərə almaqla, Azərbaycan Respublikasında qəbul olunmuş texniki norma və standartlara uyğun şəkildə yerinə yetirməlidir. Həmin Tələbnamənin 4-cü bəndinə əsasən, podratçı müqavilə üzrə yerinə yetirməli olduğu işlərin keyfiyyətlə görülməsinə mane olan, gələcəkdə görülən işlərin nəticəsinə mənfi təsir göstərə biləcək hallar meydana çıxdıqda, onları vaxtında öz hesabına aradan qaldırmalı, əgər bu mümkün olmasa bu barədə dərhal sifarişçiyə yazılı məlumat verməlidir. Həmin müqaviləyə 01 saylı Əlavə olan 03 oktyabr 2022-ci il tarixli 04 nömrəli qiymət razılaşma protokolunun 1-ci bəndinə əsasən, podratçı kabina idarəetmə paneli (COP) ilə bağlı olan işləri qeyd edilmiş qiymətlərə (11900 manat) uyğun olaraq yerinə yetirməyi, sifarişçi isə həmin işləri qəbul edib dəyərini ödəməyi öhdəsinə götürür. Həmin Protokolun 2-ci bəndinə əsasən, podratçıya bu protokolda göstərilən işlərlə bağlı 50% avans ödəniləcəkdir. Həmin Protokolun 3-cü bəndinə əsasən, görülmüş işlərə görə qalan ödəniş müqaviləyə əsasən işlərin təhvil verilməsini əks etdirən sənədlərin (Forma 2, Akt) təsdiqindən sonra 10 iş günü ərzində nağd qaydada həyata keçiriləcəkdir. Həmin Protokolun 4-cü bəndinə əsasən, bu protokolda göstərilən işlər avans ödənildikdən 60 gün sonra tam şəkildə təhvil veriləcəkdir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən verilmiş 24 yanvar 2023-cü il tarixli 016 nömrəli etibarnamənin məzmununda Cavabdeh MMC-nin direktorunun "xxxx" MMCdən nağd pul vəsaitlərinin götürülməsini X1 etibar etdiyi və həmin etibarnamənin 31 dekabr 2023-cü il tarixinədək qüvvədə olduğu qeyd edilmişdir. İş materiallarında olan 02 oktyabr 2022-ci il tarixli 2456 nömrəli kassa məxaric orderindən görünür ki, iddiaçı tərəfindən 5950 manat məbləğində pul vəsaiti “HP yaşayış kompleksində liftin kabina idarəetmə panelinin yenisi ilə əvəz edilməsi işlərinə görə müqavilə dəyərindən 50 % avans” əsası ilə nağd qaydada X1 verilmişdir. İş materiallarında olan 12 iyun 2017-ci il tarixli **********979100 nömrəli Kommersiya qurumunun dövlət reyestrindən çıxarış sənədindən görünür ki, İddiaçı Mənzil Tikinti Kooperativinin hüquqi ünvanı ünvan 3019-cu il tarixli **********003400 nömrəli Kommersiya qurumunun dövlət reyestrindən çıxarış sənədindən görünür ki, İddiaçı QSC 29 iyul 2013cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış İddiaçı MTK-nın təşkilati-hüquqi formasının dəyişməsi ilə yenidən təşkil edilmişdir və onun hüquqi varisidir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi İnternet Vergi İdarəsindən çıxarışdan görünür ki, "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 4rbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş götməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, tərəflər arasında bağlanmış 01 mart 2022-ci il tarixli HP-C01-220301-014 nömrəli müqavilə və həmin müqaviləyə 01 saylı Əlavə olan 03 oktyabr 2022-ci il tarixli 04 nömrəli qiymət razılaşma protokolu üzrə cavabdeh kabina idarəetmə paneli (COP) ilə bağlı olan işləri həyata keçirməyi, iddiaçı isə görülən işlərin dəyərini 50 % avans ödəniş həyata keçirmək şərtilə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən öhdəliklərinə uyğun olaraq 5950 manat məbləğində ödəniş həyata keçirilsə də, cavabdeh razılaşdırılmış işləri icra etməyərək öhdəliklərini pozmuşdur, eyni zamanda həmin məbləği iddiaçıya qaytarmamışdır. Belə ki, iş materiallarında olan 02 oktyabr 2022-ci il tarixli 2456 nömrəli kassa məxaric orderindən görünür ki, iddiaçı tərəfindən 5950 manat məbləğində pul vəsaiti nağd qaydada X1 (cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsinə) verilmişdir. Cavabdehin iddia ərizəsinə etirazda qeyd edilən dəlillərinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir:

1. Ödənişin həyata keçirilməsini təsdiq edən ödəniş tapşırığının təqdim edilməməsi: Tərəflər arasında bağlanmış 03 oktyabr 2022-ci il tarixli 04 nömrəli qiymət razılaşma protokolunun 3-cü bəndinə əsasən, görülən işlərin dəyərinin nağd qaydada ödəniləcəyi tərəflər arasında razılaşdırılmışdır. Ödəniş tapşırığı müvafiq bank hesablarına köçürmə yolu ilə həyata keçirilən ödənişləri təsdiq edən sənəd olduğundan cavabdehin iddiaçı ilə yaranmış müqavilə münasibətləri çərçivəsində həmin sənədin təqdim edilməsini tələb etməsi əsassızdır.

2. Kassa məxaric orderini imzalayan şəxsin cavabdehin səlahiyyətli nümayəndəsi olmaması və "xxxx" MMC ilə İddiaçı QSC arasında bağlılığın təsdiqini tapmaması: İş materiallarına əlavə edilmiş Cavabdeh MMC tərəfindən verilmiş 24 yanvar 2023-cü il tarixli 016 nömrəli etibarnamənin məzmununda Cavabdeh MMC-nin "xxxx" MMC-dən nağd pul vəsaitlərinin götürülməsini X1 etibar etdiyi qeyd edilmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş 12 iyun 2017-ci il tarixli **********979100 nömrəli Kommersiya qurumunun dövlət reyestrindən çıxarış sənədi və Azərbaycan Respublikası Vergilər Nazirliyi İnternet Vergi İdarəsindən çıxarışdan görünür ki, İddiaçı Mənzil Tikinti Kooperativinin (hazırkı iddiaçının hüquqi varisi olduğu 13 may 2019-cu il tarixli **********003400 nömrəli Kommersiya qurumunun dövlət reyestrindən çıxarış sənədi ilə təsdiq olunur) və "xxxx" MMC-nin hüquqi ünvanları eynilik təşkil edir. Eyni zamanda, dövlət reyestrindən çıxarışa əsasən, "xxxx" MMC-nin əsas fəaliyyət növü “binaların təmizlənməsi və yığışdırılması”dır. İşin bu halı ilə bağlı iddiaçının nümayəndəsi qeyd etmişdir ki, iddiaçı şirkət binanın inşası ilə məşğul olan, "xxxx" MMC ilə həmin binanı idarə edən şirkət olduğundan cavabdehin görməli olduğu liftin kabinə idarəetmə panelinin yenisi ilə əvəz edilməsi işlərinə görə iddiaçı ilə cavabdeh arasında bağlanmış podrat müqaviləsi üzrə 03 oktyabr 2022-ci il tarixli 04 nömrəli qiymət razılaşma protokolu ilə razılaşdırılmış 11900 manat məbləğində pulun yarısının alınması ilə bağlı etibarnamə, məhz "xxxx" MMC-yə ünvanlanmışdır.

3. Kassa məxaric orderinin tərəflər arasında bağlanılan 01 mart 2022-ci il tarixli HP- C01-220301-014 nömrəli müqavilə ilə bağlılığının olmaması: İş materiallarına əlavə edilmiş iddiaçı ilə cavabdeh arasında bağlanmış podrat müqaviləsi üzrə 03 oktyabr 2022ci il tarixli 04 nömrəli qiymət razılaşma protokolu ilə görülən işlərin ümumi dəyərinin 11900 manat məbləğində müəyyənləşdirilməsini (Protokolun 1-ci bəndi) və iddiaçının həmin məbləğin 50 %-ni əvvəlcədən ödəməyi öhdəsinə götürməsini (Protokolun 2-ci bəndi) və həmin məbləğin nağd qaydada (Protokolun 3-cü bəndi) ödənilməsinin razılaşdırıldığı nəzərə alaraq məhkəmə qeyd edir ki, 02 oktyabr 2022-ci il tarixli 2456 nömrəli kassa məxaric orderində məhz 5950 manat (11900 manat məbləğində vəsaitin 50 %-ni) məbləğində pul vəsaiti ödənildiyindən və həmin kassa məxaric orderinin tərtib edilməsi əsası kimi “liftin kabina idarəetmə panelinin yenisi ilə əvəz edilməsi işləri” qeyd edildiyindən həmin sənədin tərəflər arasında bağlanmış 01 mart 2022-ci il tarixli müqavilə ilə bilavasitə bağlı olduğu təsdiq edilməkdədir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, cavabdehdən iddiaçının xeyrinə 5950 manat məbləğində pul vəsaitinin tutulması ilə bağlı iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bunlardan əlavə, iş materiallarında olan 21 aprel 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 80 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia təmin edildiyindən yuxarıda istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən ödənilmiş 80 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 5950 manat məbləğində bоrc və 80 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 6030 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehndən 5950 (beş min doqquz yüz əlli) manat məbləğində bоrc və 80 (səksən) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 6030 (altı min otuz) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar