Məhkəmə qərarları › İş №e-2-2(119)-847/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-847/2024

23.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-847/2024 23.08.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi ilə iddiaçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutu tərəfindən Cavabdeh qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutu “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3541,42 (üç min beş yüz qırx bir manat qırx iki qəpik) manat məbləğində borcun və 55 (əlli beş) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışıdır ki, fiziki şəxs Cavabdeh Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutuna müraciəti əsasında iddiaçı tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, 3018-ci məhəllə, Alı Mustafayev küçəsi, 21 saylı binanın yanında inşa edilən on mərtəbəli yaşayış binasının tikintisində istifadə edilən inşaat materiallarının sınaq işləri aparılmışdır. Həmin müraciət əsasında yuxarıda qeyd edilən ünvanda inşa edilən yaşayış binasının tikintisində istifadə edilən materialların sınağı ilə əlaqədar cavabdeh ilə S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutu arasında 24 sentyabr 2018-ci il tarixli 1047/18 nömrəli müqavilə bağlanılmışdır. Müqavilənin şərtlərinə əsasən İnstitut tərəfindən öhdəliklər tam yerinə yetirilərək yaşayış binalarının tikintisində istifadə edilən inşaat materiallarının keyfiyyətinin sınaq işləri aparılmışdır. Sınaq işlərinin aparılması ilə əlaqədar 1047/18 nömrəli müqavilə üzrə qalıq məbləğ 3541,42 (üç min beş yüz qırx bir manat qırx iki qəpik) manat bu günədək İnstitutun hesabına ödənilməmişdir. Cavabdeh ilə görülmüş işlərin qalıq dəyərinin ödənilməsi barədə uzun müddət aparılan danışıqlar nəticəsiz qalmışdır. Mövcud problem uzun müddətdir davam edir və S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutu təsərrüfat hesablı müəssisə olduğu üçün debitor borcların yığılması İnstitutun üçüncü şəxslər qarşısında öz öhdəliklərini vaxtında və lazımınca yerinə yetirməməsinə səbəb olub, bu da müəssisənin mənafeyinə və işgüzar nüfuzuna mənfi təsir göstərir. 22 avqust 2024-cü il tarixdə iddiaçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutunun nümayəndəsi Nümayəndə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə verərək məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin ediməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasının iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan sifarişçi Cavabdeh ilə icraçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutu arasında bağlanmış sınaq işlərinin aparılmasına dair 24 sentyabr 2018-ci il tarixli 1047/18 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilə icraçı tərəfindən Azərbaycan Respublikasında qüvvədə olan normativ-texniki sənədlərin, standartların tələblərinə uyğun olaraq, sifarişçinin yerinə yetirdiyi tikintiquraşdırma işlərində yükdaşıyan konstruksiyaların tikintisində istifadə ediləcək tikinti materiallarının keyfiyyət göstəricilərinin və konstruksiyalarda betonun möhkəmliyinin layihəyə uyğunluğunun müəyyən etməsini nəzərdə tutur. Həmin müqavilənin: - 2.1-ci bəndinə əsasən sifarişçi ünvan 1 ünvanında yerləşən 21 saylı binanın yanında inşa olunacaq zirzəmili, 10 (on) mərtəbəli (+texmərtəbə) yaşayış binasının tikintisində istifadə olunacaq tikinti materiallarının keyfiyyətinin və konstruktiv elementlərin betonunun naturada möhkəmlik göstəricilərinin layihəyə uyğunluğunun təyin edilməsi üçün Azərbaycan Respublikasında qüvvədə olan standartlara uyğun olaraq sınaq işlərinin həyata keçirilməsini icraçıya həvalə edir, icraçı isə sınaq işlərinin həyata keçirilməsini öz öhdəsinə götürür. - 3.1-ci bəndinə əsasən bina üzrə ümumi sınaq sahəsi - 6567,08 m2-dir. Sınaq işlərinin hər m2-i üçün - 1 (bir) manat dəyərində razılaşdırılır və bu müqavilənin 2.1-ci bəndi üzrə ümumi qiymət (ƏDV-siz) - 6567,08 manat, ƏDV-18% - 1182,07 manat olmaqla, cəmi 7749,15 manat təşkil edir. - 3.2-ci bəndinə əsasən sifarişçi görüləcək sınaq işlərinə görə icraçının hesabına ümumi məbləğin 30%-ni avans şəklində əvvəlcədən ödəyir. Ödənilən avansın həcmində işlər icarçı tərəfindən yerinə yetirildikdən sonra sifarişçi onları təhvil-qəbul aktı ilə qəbul edir. - 3.3-cü bəndinə əsasən müqavilə qiymətinin qalan hissəsinin (70%-i) ödənişi görülmüş işlərin həcmindən asılı olaraq ayrı-ayrılıqda təqdim edilmiş təhvil-qəbul aktına və hesab-fakturaya uyğun aparılır. İş materiallarında olan “Yoxlama-sınaq işlərinin aparılmasına dair” 24 sentyabr 2018ci il tarixli 1047/18 nömrəli müqaviləyə dəyişikliklər və əlavələr edilməsi barədə 29 noyabr 2019-cu il tarixli 1 nömrəli Qiymətin razılaşdırılma protokolunda göstərilir ki, ünvan 2 ünvanında yerləşən binanın yanında inşa olunan zirzəmili, 10 (on) mərtəbəli (+ texmərtəbə) yaşayış binasının layihə dəyişikliyi nəticəsində əlavə inşa olunacaq 11-14-cu mərtəbələrinin ümumi sınaq sahəsi - 1515 48 m2 təşkil edir. Beləliklə, 1047/18 saylı müqavilənin həcminə və dəyərinə əlavə olunacaq sahə və məbləğ (ƏDV-18% ilə birlikdə) aşağıdakı kimidir: 1515 48 m2 x 1 manat x 18% = 1788,27 (min yeddi yüz səksən səkkiz manat iyirmi yeddi qəpik) manat təşkil edir. Sınaq işlərinə gorə hər ay xidmət göstərilən işlərə uyğun təqdim edilən hesab-faktura üzrə ödəniş aparılır. İş materiallarında olan 1047/18 nömrəli müqavilə əsasında Cavabdeh ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutu tərəfindən tərtib edilərək imzalanmış 30 sentyabr 2020-ci il tarixli 751/20 nömrəli “Yoxlama-sınaq işlərinin təhvil-qəbul aktı”ndan görünür ki, icraçı tərəfindən ünvan 3 ünvanında inşa olunan yaşayış binasının tikintisində istifadə inşaat materiallarının keyfiyyət göstəricilərinin yoxlanılması ilə bağlı ƏDV daxil 9537,39 manat dəyərində yoxlama-sınaq işləri görülmüşdür. İş materiallarında olan kassa-mədaxil orderlərindən görünür ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutuna 22 avqust 2019-cu il tarixdə 1000 manat, 29 oktyabr 2019-cu il tarixdə 1000 manat, 18 sentyabr 2020-ci il tarixdə 3996 manat məbləğində ödəniş olunmuşdur. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş maliyyə arayışında göstərilir ki, sifarişçi Cavabdeh ilə icraçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutu arasında 18 % ƏDV daxil olmaqla ümumi dəyəri 9537,42 manat olan 24 sentyabr 2018-ci il tarixli 1047/18 nömrəli müqavilə bağlanmışdır. 18 mart 2024-cü il tarixədək həmin müqavilə üzrə ƏDV daxil olmaqla 5996 (beş min doqquz yüz doxsan altı) manat məbləğində ödəniş olunmuşdur. Sifarişçi Cavabdeh borcu ƏDV daxil 3541,42 (üç min beş yüz qırx bir manat qırx iki qəpik) manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Beləliklə, iddia ərizəsinin məzmunu və iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında sınaq işlərinin aparılmasına dair 24 sentyabr 2018-ci il tarixli 1047/18 nömrəli müqavilə bağlanılmış, həmin müqavilə üzrə iddiaçı tərəfindən 9537,42 manat dəyərində sınaq işləri həyata keçirilərək nəticələri yoxlama-sınaq işlərinin təhvil-qəbulu aktına əsasən Cavabdeh təhvil verilmiş, cavabdeh isə 5996 (beş min doqquz yüz doxsan altı) manat məbləğində ödəniş etsə də, həmin işlərin dəyərini tam ödəməmişdir. Buna görə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutu ödənilməmiş 3541,42 (üç min beş yüz qırx bir manat qırx iki qəpik) manat məbləğində borcun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia sözügedən müqavilə üzrə ödənilməmiş 3541,42 (üç min beş yüz qırx bir manat qırx iki qəpik) manat məbləğində borcun Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutuna ödənilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin “ödənilmiş 55 (əlli beş) manat dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət olunan zaman 55,42 (əlli beş manat qırx iki qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Buna görə iddia tələbi həmin hissədə də təmin edilməli və iddiaçı tərəfindən ödənilmiş 55 (əlli beş) manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3541,42 (üç min beş yüz qırx bir manat qırx iki qəpik) manat məbləğində borc və 55 (əlli beş) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3596,42 (üç min beş yüz doxsan altı manat qırx iki qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutuna ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 3541,42 (üç min beş yüz qırx bir manat qırx iki qəpik) manat məbləğində borc və 55 (əlli beş) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3596,42 (üç min beş yüz doxsan altı manat qırx iki qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutuna ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar