Məhkəmə qərarları › İş №e-2-2(119)-891/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-891/2025

04.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-891/2025 04.06.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 3000,69 (üç min manat, altmış doqquz qəpik) manat məbləğində əsas borc, gecikdirilmiş müddət üçün hesablanmış 12,51 (on iki manat, əlli bir qəpik) manat məbləğində faiz borcu, hüquqi xidmətin göstərilməsi ilə əlaqədar ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqının və 54 (əlli dörd) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3367,2 (üç min üç yüz altmış yeddi manat, iyirmi qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında distribütora məxsus malların diler tərəfindən satışını həyata keçirən və satış şərtlərini əks etdirən 17 avqust 2022-ci il tarixli diler müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən, distribütor (iddiaçı) dilerə (cavabdehə) özünə məxsus olan malları təklif edir və bunun əsasında diler tərəflərin distribütora məxsus olan malların satışını müqaviləyə və tərəflərin razılaşdırdıqları digər sənədlərdəki şərtlərə uyğun olaraq həyata keçirir. Tərəflər arasında imzalanmış 29 oktyabr 2024-cü il tarixli üzləşmə aktının məzmunundan görünür ki, 28 oktyabr 2024-cü il tarixinə cavabdehin iddiaçıya olan borcu 4000,69 manat təşkil edir. 27 mart 2025-ci il tarixli 152 nömrəli maliyyə arayışının məzmunundan aydın olur ki, cavabdeh borc məbləğindən qismən ödəniş həyata keçirdiyindən, onun iddiaçıya olan borcunun məbləği 3000,69 manatdır. Həmçinin ödəniş həyata keçirmək üçün pretenziyada müəyyən olunmuş müddət nəzərə alındığından borclunun öhdəliyi icra etmək vəzifəsi 13 mart 2025-ci il tarixindən başlandığına görə cavabdeh tərəfindən borcun gecikdirilməsi üzrə faiz borcu hesablanmış və həmin faiz borcunun məbləğinin 1 ay üçün ((3000,69 * 5%):12)*1=12,51 manat təşkil etdiyi qeyd edilmişdir. Tərəflər arasında olan razılaşmaya əsasən diler yaranmış borcu iddiaçının ilk yazılı tələbi ilə geri qaytarmalıdır. Bununla əlaqədar cavabdehə 13 mart 2025-ci il tarixində pretenziya məktubu göndərilərək borcun ödənilməsi tələb edilmiş, lakin cavabdeh öhdəliyin icrasından yayınmışdır. Buna görə də ödənilməli olan pul vəsaitinin cavabdehdən məhkəmə qaydasında tələb edilməsi zərurəti yaranmışdır. Məhkəmə iddiaçının cavabdehə qarşı iddia ərizəsinə dair kommersiya işinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, bununla əlaqədar Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik iddialara dair işlər üzrə ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan 17 avqust 2022-ci il tarixli 1153 nömrəli diler müqaviləsinin 1.1-ci bəndinə əsasən, distribütor (iddiaçı) və diler (cavabdeh) arasında münasibətlər bu müqavilənin şərtlərinə əsasən tənzimlənəcəkdir. Bu müqaviləyə əsasən, distribütor tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən dilerə, özünə məxsus olan malları təklif edir. Diler öz növbəsində tərəflərin bu müqaviləyə və onun tərkib hissəsi olan digər sənədlərə əsasən bu malların satışını həyata keçirir. Tərəflər arasında satışın həyata keçirilməsini tənzimləyən əlavələr müqavilənin ayrılmaz tərkib hissəsi olacaq. Satılan malın miqdarı, qiyməti malın üzərində təqdim olunan qaiınələrdə öz əksini tapacaq. Malın satışı zamanı malların keyfiyyət, uyğunluq və lazım olan digər sertifikatlarını distribütor təqdim edəcək, həmçinin malın dilerə çatdırılmasını distribütor öz hesabına həyata keçirəcək. Həmin müqavilənin 2.4.7-ci yarımbəndinə əsasən, distribütordan aldığı mala görə ödənişi öncədən həyata keçirmək dilerin öhdəliyidir. İş materiallarında olan iddiaçının nümayəndələri və cavabdeh tərəfindən imzalanmış 29 oktyabr 2024-cü il tarixli üzləşmə aktına əsasən, Cavabdeh 28 oktyabr 2024-cü il tarixinə İddiaçı QSC-yə olan borcunun məbləği 4000,69 manat təşkil edir. İş materiallarında olan 27 mart 2025-ci il tarixli 152 nömrəli maliyyə arayışının məzmununda üzləşmə aktı imzlandıqdan sonra cavabdeh tərəfindən qismən ödəniş həyata keçirildiyi və cavabdehin iddiaçıya 27 mart 2025-ci il tarixinə 3000,69 manat məbləğində borcu olduğu qeyd edilmişdir. Tətbiq edilən hüquq: Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 390.4-cü maddəsinə əsasən, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 800.1-ci maddəsinə əsasən, konsessiya müqaviləsi istehsalçı və ya tacir (tapşıran) ilə sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan şəxs (konsessioner) arasında elə bir ümumi razılaşmadır (birtipli müqavilədir) ki, onun əsasında konsessioner tapşırandan müəyyən malları (kontrakt mallarını) vaxtaşırı satın almağı, bu malları öz adından və öz hesabına başqasına satmağı və bu zaman kontrakt mallarını müəyyən ərazilərdə və (və ya) müəyyən müştərilərə (müqavilə ərazisi və müqavilə müştəriləri) satmağı öhdəsinə götürür. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, tərəflər arasında bağlanmış 17 avqust 2022-ci il tarixli 1153 nömrəli diler müqaviləsinə əsasən distribütor qismində çıxış edən İddiaçı QSC müxtəlif növ malları diler olaraq satışının həyata keçirilməsi üçün Cavabdeh təhvil vermiş, cavabdeh həmin malların dəyərini iddiaçıya tam ödəmədiyindən qalıq borcun tutulması üçün iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Yuxarıda - “İş materialları” bölməsində qeyd edildiyi kimi, tərəflərin hər ikisi tərəfindən müvafiq qaydada imzalanaraq möhürlənmiş 29 oktyabr 2024-cü il tarixli üzləşmə aktının məzmunundan da göründüyü kimi, cavabdehin 28 oktyabr 2024-cü il tarixinə iddiaçıya olan borcunun məbləği 4000,69 manat təşkil etmişdir. Cavabdeh tərəfindən borc məbləğindən müəyyən məbləğdə ödənişlər edilmiş və 27 mart 2025-ci il tarixli 152 nömrəli maliyyə arayışı tərtib edilərək borc məbləğinin 3000,69 manat olduğu qeyd edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 3000,69 manat məbləğində əsas bоrcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bundan başqa, iddia tələbinin pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə illik beş faizlə hesablanmış 12,51 manat məbləğində faiz borcunun tutulmasına dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzmununa əsasən, faiz borcu hesablanarkən pretenziyada müəyyən olunmuş müddət nəzərə alınmış və borclunun öhdəliyi icra etmək vəzifəsinin 13 mart 2025-ci il tarixindən başlandığı qeyd edilərək 1 ay müddətinə faiz borcunun hesablanmalı olduğu qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, pretenziya mahiyyət etibarilə tərəflər arasındakı mübahisənin məhkəmədənkənar həll qaydası olduğundan, istinad edilən pretenziya məktubunun məzmununda gecikdirilmiş faiz borcunun tutulacağı qeyd edilmədiyindən (faiz borcunun hesablanması üçün pretenziya məktubuna istinad edilməsi nəzərə alındıqda) və həmin pretenziya məktubunda borcun ödənilməsi üçün yeddi günlük müddət müəyyən edildiyindən iddia tələbi bu hissədə əsaslı hesab edilə bilməz. Bundan əlavə, iddia tələbinin hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 300 manat məbləğində xidmət haqqının əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə hissəsinə gəldikdə, iş materiallarına əlavə edilmiş “Ödəniş metodunun əməliyyat nömrəsi” 74581330 olan ödəniş tapşırığı ilə müəyyən edilir ki, iddiaçının qanuni təmsilçisi tərəfindən “Sirius” vəkil bürosunun hesabına 300 manat məbləğində ödəniş həyata keçirilmişdir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərin sırasına aiddir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbinin bu hissəsi tam təmin edilməli, iddiaçı tərəfindən vəkilin göstərdiyi yardıma görə ödənilmiş 300 manat məbləğində xidmət haqqının əvəzi cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Bunlardan əlavə, iddia tələbinin ödənilmiş 54 manat dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 02 may 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən müəyyən edilir ki, məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 54 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia qismən təmin edildiyindən və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilməli dövlət rüsumunun məbləği 50 manat təşkil etdiyindən Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəməyə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 3000,69 manat məbləğində əsas borc, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 300 manat məbləğində xidmət haqqının və 50 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3350,69 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 3000,69 (üç min manat, altmış doqquz qəpik) manat məbləğində əsas borc, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqının və 50 (əlli) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3350,69 (üç min üç yüz əlli manat, altmış doqquz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar