Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-902/2025 08.08.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı Sumqayıt bələdiyyəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Sumqayıt bələdiyyəsi tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Sumqayıt bələdiyyəsi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt bələdiyyəsinin 19 avqust 2005-ci il tarixli 43 saylı iclasının qərarı ilə ofis binasının tikintisi məqsədilə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin icarəsinə verilmiş Sumqayıt şəhərinin 45-ci məhəlləsi ərazisində Nəriman Nərimanov küçəsində yerləşən sahəsi 168 kvadrat metr olan torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılması, həmin torpaq sahəsinin cavabdehin qeyri-qanuni sahibliyindən alınaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt bələdiyyəsinin 19 avqust 2005-ci il tarixli 43 nömrəli iclasının qərarı ilə Sumqayıt şəhərinin 45-ci məhəlləsi ərazisində Nəriman Nərimanov küçəsində ofis binasının tikintisi məqsədilə “Respublika” X3 (hazırda Cavabdeh Açıq Səhmdar Cəmiyyəti) icarə əsasında 168 kvadrat metr torpaq sahəsi ayrılmışdır. Tərəflər arasında icarə münasibətlərinin davam etdirilməsi məqsədilə Sumqayıt bələdiyyəsi tərəfindən yeni icarə müqaviləsinin bağlanılması barədə Cavabdeh ASC-nin İdarə Heyətinin rəhbərliyinə 17 iyul 2024-cü il tarixli 2529 saylı məktubla müraciət edilsə də, cavabdeh icarə münasibətlərinin davam etdirilməsindən imtina etmişdir. Cavabdeh icarə münasibətlərinin davam etdirilməsindən və ona ünvanlanmış yeni torpaq icarə müqaviləsini imzalamaqla bağlı təklifdən imtina etməklə torpağın mülkiyyətçisi olaraq Sumqayıt bələdiyyəsinin maraqlarını və qanuni mənafeyini pozmuşdur. Sumqayıt bələdiyyəsi tərəfindən yeni icarə müqaviləsinin bağlanılması ilə əlaqədar cavabdehə dəfələrlə təklif göndərilərək yeni icarə müqaviləsinin bağlanılması ilə bağlı xəbərdarlıqlar edilsə də, Cavabdeh ASC tərəfindən bu günədək icarə münasibətlərinin davam etdirilməsi istiqamətində hər hansı addım atılmamışdır. Belə olan halda icarə müqaviləsinin müddəti başa çatdığından və cavabdeh icarə münasibətlərinin davam etdirilməsində maraqlı olmadığından, Sumqayıt bələdiyyəsi mübahisələndirilən torpaq sahəsinin geri qaytarılması üçün qanunamüvafiq tədbirlər görmək məcburiyyətində qalmışdır. Belə ki, Cavabdeh ASC bələdiyyə qərarı ilə icarəsinə verilmiş sadalanan torpaq sahəsindən hər hansı icarə müqaviləsi olmadan qanunsuz istifadə etməkdədir. Buna baxmayaraq, cavabdeh icarə müddəti başa çatmış torpaq sahəsini boşaldaraq bələdiyyəyə geri qaytarmaqdan da imtina edir. Göstərilən hallar Sumqayıt bələdiyyəsinin torpaq üzərində mülkiyyət hüququnun qorunması, pozulmuş hüquqlarının bərpası və cavabdeh tərəfindən yol verilmiş yuxarıda göstərilən qanunsuzluqların aradan qaldırılması üçün məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qoymuşdur. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək, həmçinin qeyd etmişdir ki, 19 avqust 2005-ci il tarixli 43 saylı protokol qərarına əsasən 168 kvadrat metr torpaq sahəsi cavabdehin icarəsinə verilmişdir. Məhkəmənin sorğusuna müvafiq orqan tərəfindən verilmiş cavab məktubunda torpaq sahəsinin 2019-cu il tarixindən dövlət mülkiyyəti olduğu bildirilsə də, bu mövqeyi qəbul etmir. Çünki xəritə rəsmi sənəd deyildir, eyni zamanda cavab məktubuna çıxarış və çıxarışın verilməsinə əsas olan sənəd kimi bələdiyyənin qərarı əlavə edilmişdir. İş materiallarında olan 06 noyabr 2010-cu il tarixli çıxarışa əsasən, torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir və bu çıxarış hazırkı vaxtadək qüvvədədir. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi 29 iyul 2025-ci il tarixində məhkəməyə ərizə ilə müraciət edərək ərizədə göstərmişdir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 0.0168 ha torpaq sahəsi icarə hüququ ilə, onun üzərindəki sahəsi 378.2 kv.m olan qeyriyaşayış binası isə xüsusi mülkiyyət hüququ ilə cavabdehə məxsusdur. Yəni cavabdehin torpaq sahəsinə və onun üstündəki binaya sahibliyi qeyri-qanuni deyil, əksinə, qanunidir və hər iki hüququ reyestrdə qeydə alınmışdır. Belə vəziyyətdə iddianın təmin olunması cavabdehin qanunla qorunan əmlak, o cümlədən mülkiyyət hüququnun pozulmasına səbəb olacaqdır. Cavabdehin nümayəndəsi qeyd olunanlara əsasən, işə onların iştirakı olmadan mahiyyəti üzrə baxılaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını, ərizənin baxılmamış saxlanılması üçün Mülki Prosessual Məcəllənin 259.0.7-ci və 259.0.11-ci maddələrdə göstərilən əsaslar yarandıqda isə işə mahiyyəti üzrə baxılmasının tələb edildiyinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İş materialları: İş materiallarında olan Sumqayıt şəhər bələdiyyəsinin 19 avqust 2005-ci il tarixli 43 nömrəli qərarının 1-ci bəndinə əsasən, Sumqayıt şəhər Memarlıq və Şəhərsalma idarəsinin rəyini nəzərə alaraq, “Respublika” X3 N.Nərimanov küçəsində ofis binasının tikintisi məqsədilə 168 kv.m. torpaq sahəsinin ayrılması qərara alınmışdır. Həmin qərarın 2.3-cü bəndinə əsasən, sifarişçiyə qanunvericiliyə uyğun olaraq icarə müqaviləsinin bağlanması tapşırılmışdır. Həmin qərarın 4-cü bəndinə əsasən, ayrılmış torpaq sahəsi hüdudları (sərhədləri) göstərilməklə yerində (naturada) nişanlanaraq bələdiyyənin baş memarı tərəfindən təsdiq edilmiş müvafiq aktla “Respublika” X2 nümayəndəsinə təhvil verildikdən sonra qərar qüvvəyə minir. İş materiallarında olan Sumqayıt şəhər Memarlıq və Şəhərsalma idarəsinin 05 avqust 2005-ci il tarixli 349 nömrəli rəyinə əsasən, “Respublika” X3 N.Nərimanov küçəsində ofis binasının tikintisi məqsədilə 168 kv.m. torpaq sahəsinin ayrılmasına etiraz edilmədiyi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* nömrəli 06 noyabr 2010-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********81-06301 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0.0168 ha torpaq sahəsi üzərində olan 168 kv.m. sahədən ibarət qeyri-yaşayış binası Cavabdeh ASC-nin xüsusi mülkiyyətindədir. Həmin çıxarışın “Torpaq sahəsinin mülkiyyət növü” bölməsində “Bələdiyyə”, “Torpaq sahəsinin hüququn növü” bölməsində “İcarə” qeyd edilmişdir. İş materiallarından görünür ki, məhkəmə tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə ünvanlanmış 25 iyun 2025-ci il tarixli sorğu ilə Sumqayıt şəhəri, 45-ci məhəllə, Nəriman Nərimanov küçəsində yerləşən torpaq sahəsinin - hazırda dövlət, yaxud bələdiyyə mülkiyyətində olması, dövlət mülkiyyətində olduğu halda hansı tarixdən etibarən dövlət mülkiyyətinə keçməsi barədə məlumat verilməsi, həmçinin daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 98 nömrəli vərəqində qeydiyyata alınan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın verilməsinə səbəb olmuş sənədlərin təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsinin təmin edilməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş 18 iyul 2025-ci il tarixli 3-21-3-31/2-2525/2025 nömrəli cavab məktubunda 2019-cu ildə təsdiqlənmiş Sumqayıt şəhər Bələdiyyə xəritəsinə əsasən sözügedən daşınmaz əmlakın dövlət mülkiyyətində olması qeyd edilmiş, həmçinin “**********81-06301 reyestr nömrəli daşınmaz əmlaka dair hüquqmüəyyənedici sənədlərin surəti təqdim olunur” qeyd edilmişdir. Əlavə edilmiş sənədlər yuarıda istinad edilmiş Sumqayıt şəhər bələdiyyəsinin 19 avqust 2005-ci il tarixli 43 nömrəli qərarı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsinin tərtib etdiyi Mövqe Planı olmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 1 saylı protokolunun “Mülkiyyətin müdafiəsi” adlanan 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən. mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 154.1-ci maddəsinə əsasən, qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. Həmin Məcəllənin 155.1-ci və 155.2-ci maddələrinə əsasən, Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. Fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir. Həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən, bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 8-ci maddəsinin 2-ci abzasına əsasən, qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində həyata keçirdiyi səlahiyyətlərinə daxildir. Həmin Məcəllənin 47-ci maddəsinin 6-cı hissəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 12-ci maddəsinin birinci cümləsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. “N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 mart 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, daşınmaz əşyalar üzərində əşya hüquqlarının şəffaflığı daşınmaz əşyaların dövlət reyestrindəki qeydiyyatla təmin edilir. Belə ki, daşınmaz əşya üzərində əşya hüquqlarının qeydiyyatını dövlət özü aparır və qəbul etdiyi qanunlar vasitəsilə də şəxsləri özünün apardığı bu qeydiyyata görə hərəkət etməyə vadar və məcbur edir. Bu səbəbdən də mülki hüquq subyektləri dövlət tərəfindən aparılan bu qeydiyyata arxayın olaraq daşınmaz əşya ilə bağlı əşya hüquqlarını əldə etdiklərini güman etməkdə tam haqlı hesab olunurlar. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən, şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, hazırkı iddia ərizəsi ilə Sumqayıt şəhəri, 45-ci məhəllə, N.Nərimanov küçəsində yerləşən sahəsi 168 kvadrat metr olan torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılması, həmin torpaq sahəsinin cavabdehin qeyri-qanuni sahibliyindən alınaraq iddiaçıya təhvil verilməsi xahiş edilsə də, həmin torpaq sahəsinin hazırda iddiaçının mülkiyyətində olması iş materiallarındakı sübutlarla öz təsdiqini tapmır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 18 iyul 2025-ci il tarixli 3-21-3-31/2-2525/2025 nömrəli məktubu ilə müəyyən edilir ki, sözügedən torpaq sahəsi dövlət mülkiyyətindədir. Bununla yanaşı, Sumqayıt şəhəri, 45-ci məhəllə, Nəriman Nərimanov küçəsində yerləşən sahəsi 168 kvadrat metr olan torpaq sahəsinin hazırda, məhz onun mülkiyyətində olması barədə iddiaçı hər hansı müvafiq təsdiqedici sənədi məhkəməyə təqdim etməmişdir. Eyni zamanda iddia ərizəsində “tərəflər arasında icarə münasibətlərinin davam etdirilməsi”, “yeni icarə müqaviləsinin bağlanılması barədə cavabdehə müraciətlər edilməsi”, “yeni torpaq icarə müqaviləsini imzalamaqla bağlı təklifdən imtina edilməsi”, “icarə müddəti başa çatmış torpaq sahəsi” kimi ifadələrdən istifadə edilsə də, həmin topraq sahəsi ilə bağlı əvvəllər tərəflər arasında icarə münasibətlərinin mövcud olması da iş materialları ilə təsdiq edilmir, iddiaçının nümayəndəsinə bu barədə müvafiq sual ünvanlansa da, məhkəməyə hər hansı icarə müqaviləsi və digər oxşar sənəd təqdim edilməmişdir. Bütün bunlarla yanaşı, qeyd edilməlidir ki, iş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* nömrəli, 06 noyabr 2010-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********81-06301 reyestr nömrəli çıxarışla təsdiq edilir ki, ünvan 1 ünvanında yerləşən 0.0168 ha torpaq sahəsi üzərində inşa edilmiş 168 kv.m. sahədən ibarət qeyri-yaşayış binası cavabdehin xüsusi mülkiyyətindədir. Həmin çıxarışın “Torpaq sahəsinin mülkiyyət növü” bölməsində “Bələdiyyə”, “Torpaq sahəsinin hüququn növü” bölməsində “İcarə” qeyd edilsə də, 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş yuxarıda istinad edilmiş 18 iyul 2025-ci il tarixli 3-21-3-31/2-2525/2025 nömrəli məktuba əsasən, sözügedən torpaq sahəsi 2019-cu ildə təsdiqlənmiş Sumqayıt şəhər Bələdiyyə xəritəsinə hazırda dövlət mülkiyyətindədir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən xx.xx.2010-cu il tarixli Qərarında göstərilən “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir” və xx.xx.2020-ci il tarixli Qərarında təsbit edilən “daşınmaz əşya üzərində əşya hüquqlarının qeydiyyatını dövlət özü aparır və qəbul etdiyi qanunlar vasitəsilə də şəxsləri özünün apardığı bu qeydiyyata görə hərəkət etməyə vadar və məcbur edir” müddəaları bu nəticəyə gəlməyə imkan verir ki, cavabdeh ünvan 1 ünvanında yerləşən 0.0168 ha torpaq sahəsi üzərində olan 168 kv.m. sahədən ibarət qeyri-yaşayış binasına mülkiyyət hüququ əldə etmişdir və bu mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla rəsmiləşdirilmişdir. Bu rəsmiləşdirmə nəticəsində o, həmin qeyri-yaşayış obyektinə mülkiyyət hüququ əldə etməklə yanaşı, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 1 saylı protokolunda qeyd edilən “öz mülkiyyətindən maneəsiz istifadə hüququna” malikdir. Bunlarla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həminazadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Eyrenin İrlandiyaya qarşı” iş üzrə qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Sumqayıt bələdiyyəsi hazırkı mübahisənin predmeti olan iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul oluna bilməz, bu isə o deməkdir ki, cavabdehə qarşı iddianı tələb hüququ olmayan şəxs irəli sürmüşdür. Belə olduğu halda isə iddiaçı tərəfindən cavabdehə qarşı verilmiş “torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbi barədə iddia ərizəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı Sumqayıt bələdiyyəsi tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbi barədə iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-902/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-902/2025
08.08.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver