Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-933/2024 21.05.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı tərəfindən cavabdeh X2 qarşı verilmiş “əmtəə nişanının sahibinin razılığı olmadan ondan istifadənin qarşısının alınması və kompensasiyanın ödənilməsi” tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdeh X2 qarşı “əmtəə nişanının sahibinin razılığı olmadan ondan istifadənin qarşısının alınması və kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının adına qeydiyyata alınmış və Azərbaycan Respublikasının ərazisində qorunan “trendyol” əmtəə nişanından və ya onunla qarışdırılacaq dərəcədə oxşar olan hər hansı digər əmtəə nişanlarından istifadənin cavabdehə qadağa edilməsi, habelə cavabdehə məxsus Abşeron rayonu, Məhəmmədli qəsəbəsində yerləşən mağazanın giriş hissəsindən, reklam lövhələrindən, çap olunmuş materiallardan və fiziki olaraq məhsullardan iddiaçıya məxsus həmin əmtəə nişanının və ya onunla qarışdırılacaq dərəcədə oxşar olan hər hansı digər əmtəə nişanlarının sökülməsi, iddiaçıya vurulmuş ziyanın və çəkdiyi xərclərin əvəzinə 50000 (əlli min) manat məbləğində kompensasiyanın və 240 (iki yüz qırx) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki iş materialları nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən mübahisənin məhkəməyəqədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd “Elektron Məhkəmə” İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehə göndərilmişdir. Lakin, “Elektron Məhkəmə” İnformasiya sistemində olan məlumatlarla cavabdehin “Elektron məhkəmə” İnformasiya sistemində elektron kabinetə malik olmadığı müəyyən olunur. Yəni, iddiaçı tərəfindən məhkəməyə müraciət olunan zaman mübahisənin məhkəməyəqədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən müvafiq sənədin cavabdeh tərəfindən alınmasını təsdiq edən sənəd iş materiallarına əlavə olunaraq məhkəməyə təqdim edilməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin tələblərinə görə kommersiya mübahisələri ilə əlaqədar işlər üzrə iddiaçı məhkəməyə müraciət edərkən həmin Məcəllənin 150.2-ci maddəsi ilə müəyyən edilmiş qaydada yuxarıda qeyd olunan hərəkətləri yerinə yetirməli və həmin hərəkətlərin yerinə yetirilməsini təsdiq edən müvafiq sənədləri məhkəməyə təqdim etməlidir. Mülki Prosessual Məcəllənin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən müvafiq sənəd Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 22 yanvar 2000-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.12-ci bəndinə əsasən, həmin Məcəllənin 150.2ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi nəzərdə tutulur Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.72-ci maddəsinə əsasən, elektron kabinet - vergi ödəyicisi kimi uçota alınma zamanı təqdim edilən ərizəyə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılan, gücləndirilmiş elektron imza və (və ya) vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifədir. Göründüyü kimi, hazırda Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsində kommersiya mübahisələri üzrə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair sənədin cavabdehə çatdırılmasının xüsusi qaydası müəyyən edilmiş və yuxarıda qeyd olunan sənədin cavabdehə həmin qaydada göndərilməli olması həmin Məcəllənin 150.1.6-cı maddəsində imperativ qaydada təsbit edilmişdir. Lakin yuxarıda qeyd olunan sənədin cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada göndərilməsini və çatdırılmasını təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmiş və bununla da hazırkı iddia ərizəsi Mülki Prosessual Məcəllənin 150.1.6-cı və 150.2-ci maddələrinin tələblərinə riayət edilməklə verilməmişdir. Mülki Prosessual Məcəllənin 152.1.6-cı maddələrinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinin “Tərəflər” bölməsində Cavabdeh ünvanı “ünvan 2şdir. Ərizənin mətnində isə cavabdehin ünvanı “Qubadlı rayonu, Mahruzlu kəndi”, faktiki ünvanı “ünvan 4 “Elektron məhkəmə” İnformasiya sistemindən əldə edilmiş məlumatlarla isə müəyyən edilir ki, cavabdeh Qubadlı rayonunun Mahruzlu kəndi üzrə rəsmi qeydiyyata alınmışdır. Göründüyü kimi, iddia ərizəsinin “Tərəflər” bölməsində cavabdehin rəsmi qeydə alındığı ünvan, o cümlədən məlumdursa, faktiki yaşadığı yer qeyd edilməmişdir. Bu isə Mülki Prosessual Məcəllədə iddia ərizəsinə dair tələbləri əks etdirən 149.2.2-ci maddəsinin tələbləri baxımından yolverilən deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda - iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Göründüyü kimi, iddia ərizəsinin “Tərəflər” bölməsində cavabdehin rəsmi qeydə alındığı ünvanın, o cümlədən əgər məlumdursa, faktiki yaşayış yerinin göstərilməsi imperativ qaydada müəyyən edilsə də, iddiaçı tərəfindən həmin tələbə riayət edilməmişdir. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin Mülki- Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə riayət edilməklə verilmədiyinə görə iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D I: İddiaçı tərəfindən cavabdeh X2 qarşı verilmiş “əmtəə nişanının sahibinin razılığı olmadan ondan istifadənin qarşısının alınması və kompensasiyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-933/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-933/2024
21.05.2024 · Əqli mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmtəə nişanından qanunsuz istifadə ilə əlaqədar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver