Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-94/2025 19.05.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Atakişiyeva Nülufər Nizami qızının katibliyi, iddiaçı Azərbaycan Respublikası Sumqayıt şəhəri Sumqayıt Bələdiyyəsinin nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi Vəkil iştirakı ilə iddiaçı Azərbaycan Respublikası Sumqayıt şəhəri Sumqayıt Bələdiyyəsinin Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması və cavabdehin hesabına əvvəlki vəziyyətinə qaytarılaraq iddiaçıya təhvil verilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Sumqayıt şəhəri Sumqayıt Bələdiyyəsi Cavabdeh qarşı “icarə haqqının tutulması, torpaq sahəsinin boşaldılması və cavabdehin hesabına əvvəlki vəziyyətinə qaytarılaraq iddiaçıya təhvil verilməsi” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh icarəsinə verilmiş ünvan 1 ünvanında yerləşən 1 (bir) ha torpaq sahəsindən istifadəyə görə yaranmış 14400 (on dörd min dörd yüz) manat məbləğində icarə haqqı borcunun iddiaçının xeyrinə tutulması, həmin torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılması və onun hesabına əvvəlki vəziyyətinə qaytarılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, notarial qaydada bağlanılmış 19 yanvar 2017-ci il tarixli AN-İ№059861 saylı “hüququn alqı-satqısı müqaviləsi” əsasında bələdiyyə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən sahəsi 1 ha olan torpaq sahəsi üzərində icarə hüququ Cavabdeh keçmişdir. Adı çəkilən sənəd əsasında Sumqayıt Bələdiyyəsi ilə Cavabdeh arasında ünvan 1 ünvanında yerləşən sahəsi 1 ha olan torpaq sahəsinin icarəyə verilməsi barədə 26 yanvar 2017-ci il tarixli 18 saylı torpaq icarə müqaviləsi bağlanılmışdır. Sözügedən icarəmüqaviləsinin qüvvədə olma müddəti 31 dekabr 2021-ci il tarixədək müəyyən edilmişdir. Torpaq icarə müqaviləsinin şərtlərinə əsasən icarəyə verilmiş torpaq sahəsinin 1 kvadrat metrinin illik icarə haqqı 0,48 (qırx səkkiz qəpik) manatdan hesablanmış və illik icarə haqqının məbləği 4800 (dörd min səkkiz yüz) manat olaraq müəyyən edilmişdir. Lakin Cavabdeh icarə müqaviləsinin müddəti başa çatdıqdan sonra icarə münasibətlərinin davam etdirilməsindən imtina etmişdir. Belə ki, Cavabdeh bazar məzənnələri nəzərə alınmaqla yeni icarə qiymətləri əsasında qanunverciliklə müəyyən edimiş qaydada yeni torpaq icarə müqaviləsi bağlanılaraq icarə münasibətlərinin davam etdirilməsi təklif olunsa da, sonuncu bu təklifdən imtina etmişdir. Cavabdeh tərəfindən icarə münasibətlərinin davam etdirilməsindən və ona ünvanlanmış yeni torpaq icarə müqaviləsini imzalamaqdan imtina etməklə torpağın mülkiyyətçisi olaraq Sumqayıt Bələdiyyəsinin maraqlarını və qanuni mənafeyini pozmuşdur. İcarə müqaviləsinin müddəti başa çatdığından və cavabdeh icarə münasibətlərinin davam etdirilməsində maraqlı olmadığından Sumqayıt Bələdiyyəsi mübahisələndirilən torpaq sahəsinin geri qaytarılması üçün qanunamüvafiq tədbirlər görmək məcburiyyətində qalmışdır. Belə ki, Cavabdeh icarəsinə verilmiş sadalanan torpaq sahəsindən 2021-ci ilin 31 dekabrından sonra qeyriqanuni istifadə etməkdədir. Buna baxmayaraq cavabdeh icarə müddəti başa çatmış torpaq sahəsini boşaldaraq bələdiyyəyə geri qaytarmamışdır. Cavabdeh yazılı xəbərdarlıqlarla müraciət olunaraq yaranmış mübahisənin məhkəməyəqədər həlli qaydasında nizama salınması, torpağın boşaldılaraq bələdiyyəyə qaytarılması təklif olunsa da, cavabdeh mübahisənin həlli ilə bağlı hər hansı addım atmamışdır. Bütün bu sadalananlar Sumqayıt Bələdiyyəsini torpaq üzərində mülkiyyət hüququnun qorunması, pozulmuş hüquqlarının bərpası və cavabdeh tərəfindən yol verilmiş yuxarıda göstərilən qanunsuzluqların aradan qaldırılması üçün məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qoymuşdur. 07 yanvar 2025-ci il tarixdə iddiaçı Azərbaycan Respublikası Sumqayıt şəhəri Sumqayıt Bələdiyyəsi tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verilərək Cavabdeh icarəsinə verilmiş ünvan 1 ünvanında yerləşən 1 (bir) ha torpaq sahəsinin boşaldılması və cavabdehin hesabına əvvəlki vəziyyətinə qaytarılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. 07 yanvar 2025-ci il tarixdə Cavabdeh nümayəndəsi Vəkil tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçının boşaldılmasını tələb etdiyi sahə xx.xx.2017-ci il tarixdə DƏDRX Sumqayıt ərazi idarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh xüsusi mülkiyyət huququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və ünvan 2 ünvanda yerləşən 'Xovlu İplik” fabriki ərazisidir. Cavabdeh həmin ünvanda sahibkarlıq fəaliyyəti ilə məşğul olur, dövlətə, o cümlədən bələdiyyəyə əmlak və icarə haqqı vergilərini vaxtı-vaxtında ödəyir. İddiaçı qeyd olunan torpaq sahəsinə dair yeni icarə müqaviləsinin bağlanılmasını tələb etsə də, həmin torpaq sahəsi üzərində hər hansı hüququnun olması barədə cavabdehə hüquqmüəyyənedici sənəd təqdim etməmişdir. Sumqayıt bələdiyyəsi hesab edirsə ki, bu torpaq sahəsi hər hansı hüquqmüəyyənedici sənəd əsasında ona məxsusdur, bu zaman həmin hüquqları daşınmaz əmlakın dövlət reyestrində ilkin olaraq qeydə aldırmalı, daha sonra icarə müqaviləsi bağlanılması tələbi ilə cavabdehə müraciət etməli idi. Hazırkı vəziyyətdə isə Sumqayıt bələdiyyəsi geri qaytarılmasını tələb etdiyi torpaq sahəsi üzərində hər hansı hüququnu dövlət qeydiyyatına aldırmamış, eləcə də həmin torpaq sahəsini torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə mülkiyyət və ya icarəyə verilməsini təklif etməmişdir. Bələdiyyə torpaqları üzərində icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Torpaq hərracları və ya müsabiqələrlə bağlı məlumat əldə etmək üçün hüquqi şəxsin nümayəndəsi və ya fiziki şəxs bələdiyyəyə müraciət edə bilər. Bələdiyyə mülkiyyətində olan torpaqların torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilməsini bələdiyyələr sərbəst həyata keçirirlər. Bələdiyyə mülkiyyətində olan torpaqların hərraclar və ya müsabiqələr vasitəsilə icarəyə verilməsini qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyi orqanı təşkil edir. İddiaçının çıxarılmasını tələb etdiyi ərazi xüsusi mülkiyyət hüququ ilə cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və sahibkarlıq fəaliyətini həyata keçirdiyi sahədir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. 15 yanvar 2025-ci il tarixdə Cavabdeh nümayəndəsi Vəkil tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə məlumat təqdim edilərək bildirilmişdir ki, iddiaçının çıxarılmasını tələb etdiyi torpaq sahəsi məhz Cavabdeh xüsusi mülkiyyətində olmaqla, ünvan 2 ünvanda yerləşən və xx.xx.2017ci ildə notarial qaydada bağlanılmış alqı-satqı müqaviləsi əsasında dəyərini tam ödədiyi, Xovlu iplik fabrikin ərazisidir. 27 yanvar 2017-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı çıxarış da məhz cavabdehin əmlak kompleksi kimi müəssisə üzərində mülkiyyət hüquqlarının qeydə alınmasını sübut edir. Lakin iddiaçı iddia tələbində çıxarılmasını tələb etdiyi 1 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir. Habelə iddiaçının təqdim etdiyi 26 yanvar 2017-ci il tarixli icarə müqaviləsinə baxış zamanı müəyyən olunur ki, həmin müqavilədə icarəyəgötürən qismində Cavabdeh rekvizitləri ümumiyyətlə qeyd edilməmiş, Cavabdeh müqavilədəki imzanın ona məxsus olmadığını bildirir. Cavabdeh fabrik üzərində mülkiyyət hüquqları hələ 27 yanvar 2017-ci il tarixdə dövlət qeydiyyatına alındığı halda, ondan 1 gün əvvəl 26 yanvar 2017-ci il tarixdə onunla hansı əsasla müqavilə bağlanıb? Eləcə də, həmin müqavilənin 6.2-ci bəndində də icarə müqaviləsinin torpaq hərracları vasitəsilə uzadılması qeyd edilmişdir ki, hazırkı vəziyyətdə bu torpaq sahəsi ilə bağlı hər hansı hərrac keçirilməmiş və cavabdehə təklif edilməmişdir. Habelə cavabdehin həmin torpaq sahəsi və xüsusi mülkiyyətində olan müəssisəyə görə bələdiyyəyə heç bir vergi borcu və ya öhdəliyi mövcud deyildir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. O, torpaq icarəsi müqaviləsinin müddəti bitdikdən sonra da Cavabdeh tərəfindən icarə haqqının ödənildiyini və ona qarşı pul tələblərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Vəkil etirazın məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni, etirazı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan icarəyəverən Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsi ilə icarəçi Cavabdeh arasında bağlanılmış 26 yanvar 2017-ci il tarixli 18 nömrəli torpaq icarəsi müqaviləsinin 1-ci bəndinə əsasən icarəyəverən daşınmaz əmlakın 19 yanvar 2017-ci il tarixli AN-İ 059861 nömrəli alqı-satqı müqaviləsi əsasında ünvan 1 ünvanında yerləşən 10000 kv.m (ha) torpaq sahəsini müvəqqəti istifadə üçün icarəçiyə verir, icarəçi isə həmin torpaq sahəsini qəbul edir. Həmin müqavilənin 3.2-ci bəndinə görə icarəçi hər illik ümumi icarə haqqı 4800 manatdır. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması Azərbaycan Respublikası mülki qanunvericiliyində və ya müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Müqavilə dəyişdirilərkən tərəflərin öhdəlikləri dəyişdirilmədən saxlanılır. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən icarə müqaviləsi 19 yanvar 2017-ci il tarixdən 31 dekabr 2021-ci il tarixədək bağlanılmışdır. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən icarə müqaviləsində müəyyən edilmiş müddət başa çatdıqdan sonra “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 28 oktyabr 2008-ci il tarixli Qanununun 9-cu maddəsinə əsasən əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin icarəsində olan sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililər inşa edilmiş, habelə bu Qanun qüvvəyə minənədək (12 dekabr 2008-ci il) sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olmaqla, digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 1 ha torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir, ümumi sahəsi 4075,7 kvadrat metr olan əmlak kompleksi kimi müəssisə Cavabdeh xüsusi mülkiyyətindədir və torpaq sahəsi üzərində hüququn növü icarədir. İş materiallarında olan 16 yanvar 2024-cü il tarixli tədiyyə bildirişinə əsasən Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsi tərəfindən Cavabdeh 1221,71 manat borc hesablanmışdır. İş materiallarında olan 23 yanvar 2023-cü il tarixli ********* nömrəli ödəniş qəbzinə əsasən Cavabdeh tərəfindən Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsinə 4800 manat məbləğində ödəniş həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə əsasən kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. - 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 706.1-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. “İcarə haqqında” Qanunun 13.5-ci maddəsinə əsasən müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqavilə yeni müddət üçün uzadılarkən onun şərtləri tərəflərin razılığı ilə dəyişdirilə bilər. İcarə müqaviləsinin ayrı-ayrı növləri üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə başqa qaydalar da müəyyən edilə bilər. Göründüyü kimi, iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, icarəyə verən Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsi ilə icarəçi Cavabdeh arasında bağlanmış 26 yanvar 2017-ci il tarixli 18 nömrəli torpaq icarəsi müqaviləsinə əsasən icarəyəverən daşınmaz əmlakın 19 yanvar 2017-ci il tarixli AN-İ 059861 nömrəli alqı-satqı müqaviləsi əsasında ünvan 1 ünvanında yerləşən 10000 kv.m (ha) torpaq sahəsini müvəqqəti istifadə üçün illik icarə haqqı 4800 manat olmaqla 19 yanvar 2017-ci il tarixdən 31 dekabr 2021-ci il tarixədək icarəçiyə istifadəyə vermişdir. Hazırda Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsi Cavabdeh qarşı torpaq icarə müqaviləsinin müddətinin başa çatması əsası ilə həmin torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılması və onun hesabına əvvəlki vəziyyətinə qaytarılaraq iddiaçıya təhvil verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, “İcarə haqqında” Qanununun 13.5-ci maddəsinin tələblərinə əsasən icarə müqaviləsində müəyyən edilmiş icarə müddəti bitdikdə müqaviləyə avtomatik olaraq xitam verilmir. Əksinə tərəflərdən birinin müqavilənin xitam verilməsi barədə ərizə verildiyi hallar istisna olmaqla müqavilənin müddəti eyni müddətə uzadılmış hesab edilir. Hazırkı halda isə 26 yanvar 2017-ci il tarixli 18 nömrəli torpaq icarəsi müqaviləsinin müddəti bitdikdə tərəflərdən hər hansı birinin müqaviləyə xitam verilməsi barədə ərizə verməsi iş materialları ilə müəyyən edilmir. Bununla yanaşı məhkəmə araşdırması zamanı tərəflər arasında icarə münasibətlərinin davam etdiyi, Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsi tərəfindən Cavabdeh müqavilə müddəti bitdikdən sonra tədiyyə bildirişi göndərildiyi, cavabdehin icarə haqqı ödədiyi, habelə sözügedən müqavilənin 6.2-ci bəndinə əsasən həmin torpaq sahəsi ilə bağlı hər hansı hərrac və ya müsabiqə keçirilmədiyi müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikasının Sumqayıt Bələdiyyəsinin Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması və cavabdehin hesabına əvvəlki vəziyyətinə qaytarılaraq iddiaçıya təhvil verilməsi” tələbi barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Sumqayıt şəhəri Sumqayıt Bələdiyyəsinin Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması və cavabdehin hesabına əvvəlki vəziyyətinə qaytarılaraq iddiaçıya təhvil verilməsi” tələbi barədə iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Azərbaycan Respublikası Sumqayıt şəhəri Sumqayıt Bələdiyyəsinin Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması və cavabdehin hesabına əvvəlki vəziyyətinə qaytarılaraq iddiaçıya təhvil verilməsi” tələbi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-94/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-94/2025
19.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver