Məhkəmə qərarları › İş №e-2-2(119)-944/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-944/2023

29.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-944/2023 29.08.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə oğlunun iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinin icraata götürülməsinin mümkünlüyü haqqında məsələyə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti 13 iyul 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 14 iyul 2023-cü il tarixli e-2-2(119)-944/2023 nömrəli qərardadı ilə həmin iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci və 152.1.6-1-ci maddələrinin tələblərinə əsasən iddiaçıya geri qaytarılmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Sumqayıt Kommersiya Məhkəməsinin 14 iyul 2023cü il tarixli e-2-2(119)-944/2023 nömrəli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul olunmasını xahiş etmişdir. Lakin, Sumqayıt Kommersiya Məhkəməsinin 24 iyul 2023-cü il tarixli e-2-2(119)-944/2023 nömrəli qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt Kommersiya Məhkəməsinin 14 iyul 2023-cü il tarixli e-2-2(119)-944/2023 nömrəli qərardadından şikayəti təmin edilməmiş və həmin şikayət iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 14 avqust 2023-cü il tarixli 2-2(105)-119/2023 nömrəli qərardadı ilə iddiaçının şikayəti təmin edilərək, Sumqayıt Kommersiya Məhkəməsinin 14 iyul 2023-cü il tarixli e-2-2(119)-944/2023 nömrəli qərardadı ləğv edilmiş və İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinin yenidən müzakirə edilməsi Sumqayıt Kommersiya Məhkəməsinə həvalə edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 151.2-ci maddəsinə əsasən, zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. Qeyd olunanlara əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 14 avqust 2023-cü il tarixli 2-2(105)-119/2023 nömrəli qərardadı nəzərə alınmaqla, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.2-ci maddəsinin tələblərinə uyğun olaraq, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinin mümkünlüyünün yoxlanılması haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə tərəflərin iştirakı ilə baxılması üçün 29 avqust 2023-cü il tarixə məhkəmə iclası təyin edilmişdir. Həmin məhkəmə iclasına İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə gəlmiş olsa da, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və Cavabdeh2 məhkəməyə gəlməmişlər. Məhkəmə, cavabdehlərin iştirakı olmadan məhkəmə iclasında iddia ərizəsinin mümkünlüyünə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinin icraata götürülərək, Sumqayıt Kommersiya Məhkəməsində baxılmasını xahiş etdi və həmin iddia ərizəsi üzrə məhkəməyə müraciət edilənədək tərəflər arasında ilkin mediasiya sessiyasının təşkil olunması və keçirilməsi ilə əlaqədar tərtib edilmiş bütün sənədləri məhkəməyə təqdim etdi. Məhkəmə, proses iştirakçısını dinləyib, iddiaçının nümayəndəsinin təqdim etdiyi sənədləri, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddiaçının nümayəndəsinin iştirakı ilə məhkəmə iclasında iddia ərizəsinin mümkünlüyü yoxlanılarkən məhkəməyə müraciət edilənədək tərəflər arasında ilkin mediasiya sessiyasının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun təşkil olunaraq keçirilməsi təsdiq edilmədiyinə görə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi aşağıda göstərilənlərə əsasən geri qaytarılmalıdır. Belə ki, məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, iddiaçı tərəfindən rəsmi ünvanları Abşeron rayonunun Xırdalan şəhərində yerləşən cavabdehlərə 05 may 2023-cü il tarixli “mediasiya prosesinin tətbiqi barədə” təklif göndərilmiş və həmin təklif cavabdehlərin ünvanlarına 08 may 2023-cü ildə təqdim olunmuşdur. Lakin, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq təklifi aldıqları gündən 10 iş günü ərzində cavabdehlər tərəfindən həmin təklifə heç bir münasibət bildirilməsə də, İddiaçı ASC tərəfindən qeyd olunan “10 iş günü” müddətinin bitməsi gözlənilmədən 19 may 2023-cü ildə (9-cu iş günündə) ilkin mediasiya prosesinin həyata keçirilməsi məqsədilə mediatorun seçilməsi üçün Mediasiya Şurasına müraciət olunaraq, həmin Müraciətin özündə mediasiyanı keçirməli olan mediasiya təşkilatı qismində Bakı şəhərinin Səbail rayonu ərazisində yerləşən Bakı 9 saylı Mediasiya Təşkilatı qeyd olunmuşdur. Halbuki, cavabdehlərə göndərilmiş məlum “Təklif”in özündə də cavabdehlərə - "bu təklifin 10 (on) iş günü ərzində qəbul edilmədiyi və ya mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlinmədiyi təqdirdə, təklifdə göstərilən mübahisə üzrə ilkin mediasiya sessiyası mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılacağı” da izah olunmuş və həmin “Təklif”də qeyd olunan bu müddət ərzində tərəflərin qarşılıqlı razılığı ilə hər hansı bir mediator və yaxud Mediasiya Təşkilatı seçilməmişdir. Qeyd olunan 19 may 2023-cü il tarixli müraciət əsasında da Bakı 9 saylı Mediasiya Təşkilatının mediatoru X1 tərəfindən mediasiya sessiyası təşkil olunaraq, “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə 05 iyun 2023-cü il tarixli MŞB/9/2023-01054 nömrəli Arayış tərtib olunmuşdur. Həmin Arayışın məzmunu ilə müəyyən olunur ki, ilkin mediasiya sessiyasında Cavabdeh2 iştirak etmiş olsa da, mediasiya prosesini davam etdirməyə razılıq verməyən tərəf kimi İddiaçı ASC-nin adı qeyd olunmuşdur. Lakin, cavabdehlər "xxxx" MMC-nin və Cavabdeh2 mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar mövqeləri isə həmin Arayışda hər hansı bir formada öz əksini tapmamışdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə həmin Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən, mediasiya könüllü (bu Qanunun 28-ci və 29-cu maddələri nəzərə alınmaqla) xarakter daşıyır və tərəflər mediatorun seçilməsində sərbəstdirlər. Həmin Qanunun 5.2-ci maddəsinə əsasən, mediasiya tərəflərin qarşılıqlı razılığı ilə bağlanan “mediasiya prosesinin tətbiqi barədə müqavilə” əsasında (bu Qanunun 21.1-ci maddəsi nəzərə alınmaqla) həyata keçirilir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, mediasiya prosesi tərəflər arasında bağlanan “mediasiya prosesinin tətbiqi barədə müqavilə” əsasında və ya bu Qanunun 28ci və 29-cu maddələrinə uyğun olaraq ilkin mediasiya sessiyasında iştirak etməklə həyata keçirilir. Həmin Qanunun 21.6-cı maddəsinin tələblərinə görə, tərəflərdən biri mediasiya prosesinin tətbiqi barədə yazılı formada digər tərəfə bu Qanunun 22-ci (22.1.1-ci, 22.1.4cü, 22.1.7-ci və 22.1.8-ci maddələr istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları, həmçinin tərəflərin qarşılıqlı razılaşdığı mediator (mediatorlar) və ya mediasiya təşkilatı varsa, bu barədə məlumatı, olmadıqda isə bu barədə təklifləri əks etdirən təklifi göndərməlidir. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Həmin Qanunun 28.2-ci maddəsinə əsasən, bu Qanunun 28.1-ci maddəsində qeyd edilən mübahisələr üzrə ilkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparır. Həmin Qanunun 28.3-cü maddəsinə əsasən, tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. Həmin Qanunun 28.4-cü maddəsinə əsasən, məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı mövcud olmadıqda və ya həmin mediasiya təşkilatında işə baxılması mümkün olmadıqda, tərəflərdən hər hansı birinin müraciəti əsasında Mediasiya Şurası ilkin mediasiya sessiyasının aparılması üçün mediator müəyyən edə bilər. Həmin Qanunun 29.2-ci maddəsinə əsasən, tərəflər və ya onlardan biri onlara mediatorun (mediasiya təşkilatının) və ya digər tərəfin bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və ilkin mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən ilkin mediasiya sessiyası barədə bildirişi təqdim etməsindən sonra tərəflər və ya onlardan biri ilkin mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən bildiriş tərəflərə ilkin mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. Göründüyü kimi, Qanunvericiliyin yuxarıda istinad olunan normalarının tələblərinə görə iddiaçı Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etməli olduğu iddia ərizəsi ilə əlaqədar mübahisənin mediasiya qaydasında həll edilməsi üçün Bakı şəhərində yerləşən hər hansı bir Mediasiya Təşkilatına deyil, məhz Sumqayıt Kommersiya Məhkəməsinin yerləşdiyi Sumqayıt şəhərində fəaliyyət göstərən Sumqayıt 1 saylı Mediasiya Təşkilatına müraciət etməli idi. Lakin, hansı səbəblərdənsə, iddiaçı Qanunvericiliyin bu tələblərini nəzərə almadan, rəsmi ünvanları Abşeron rayonu Xırdalan şəhərində yerləşən cavabdehlərə qarşı Sumqayıt Kommersiya Məhkəməsinə verməli olduğu iddia ərizəsi üzrə mediasiya prosesinin aparılması üçün Sumqayıt şəhərində yerləşən Mediasiya Təşkilatına deyil, özünün (iddiaçının) hüquqi ünvanının yerləşdiyi ünvan 4diasiya Təşkilatına müraciət etmişdir. Halbuki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda mediasiyanın keçirilməli olduğu yerin seçilməsi - tərəflərin, yəni iddiaçı və yaxud cavabdehin ünvanları ilə deyil, bilavasitə və mübahisəsiz olaraq iddia ərizəsi ilə müraciət olunacaq məhkəmənin yerləşdiyi yerlə əlaqələndirilmişdir. Hətta, cavabdehlərdən hər hansı birinin davam etdirilməyən ilkin mediasiya sessiyasında iştirak etməsi də, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinin yuxarıda qeyd olunan tələblərinin başqa qaydada icra olunmasına əsas verə bilməz. Çünki, Qanunvericilik birmənalı qaydada müəyyən etmişdir ki, mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlinmədikdə “ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı” tərəfindən keçirilməli və yalnız müraciət olunacaq məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı olmadıqda isə, ən yaxın və yaxud rayonda yerləşən mediasiya təşkilatına müraciət olunur. Deməli, iddia ərizəsinin verildiyi Sumqayıt Kommersiya Məhkəməsinin yerləşdiyi şəhərdə müvafiq Mediasiya Təşkilatı mövcud olduğu üçün, Qanunvericiliyin ”ən yaxın şəhər” tələbinə də istinad olunması zərurəti aradan qalxmış olur. Beləliklə də, yuxarıda təsvir olunan işin konkret halları və qanunvericilik normaları ilə müəyyən olunur ki, Sumqayıt Kommersiya Məhkəməsinə verilmiş hazırkı iddia ərizəsi üzrə mediasiya - Sumqayıt Kommersiya Məhkəməsinin yerləşdiyi Sumqayıt şəhərində fəaliyyət göstərən ünvan 5 ünvanının olduğu ünvan 6eçirilmişdir. Halbuki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda qeyd olunan tələblərinə görə “tərəflərin qarşılıqlı razılıqları əsasında mediator seçilmədikdə” (həmin Qanunun 5.2-ci maddəsinə əsasən bu razılıq tərəflərin arasında bağlanan müqavilə ilə rəsmiləşdirilir), ilkin mediasiya sessiyası mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatında keçirilməlidir. Yəni, mübahisə üzrə tərəflər arasında mediator seçilməsi ilə əlaqədar müvafiq qaydada müqavilə bağlanmadıqda, iddiaçı - mediator təyin olunması üçün müvafiq müraciətlə Mediasiya Şurasına deyil, mediasiya prosesinin keçirilməsi üçün hazırkı mübahisənin aidiyyəti üzrə aid olduğu Sumqayıt Kommersiya Məhkəməsinin yerləşdiyi Sumqayıt şəhərində fəaliyyət göstərən Sumqayıt 1 saylı Mediasiya Təşkilatına müraciət etməli idi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. Həmin Məcəllənin “mülki məhkəmə icraatının vəzifələrinin” təsbit olunduğu 2.2-ci maddəsində isə birmənalı olaraq göstərilmişdir ki, mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. Həmin Məcəllənin 4.1-ci madəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 4.6-cı madəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Məcəllənin 150.1.7-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Yuxarıda qeyd olunanlardan da görünür ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin tələblərinə görə mediasiya prosesi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq təşkil edilməli və keçirilməlidir (MPM-in 1.1-ci, 2.2-ci, 4.1-ci, 4.6-cı, 150.1.7-ci və s. maddələri). “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsində isə iddiaçı tərəfindən məhkəməyə müraciət edilənədək tərəflər arasında ilkin mediasiya sessiyasının keçirilməli olduğu yer müəyyən edilmişdir və bu normanın tələblərinə riayət edilməsi - keçirilməli olan “mediasiyanın yeri” ilə əlaqədar mübahisələri və subyektiv yanaşmaları aradan qaldırır. Çünki, həmin Qanunun 28.3-cü maddəsində imperativ qaydada təsbit olunur ki, “tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə - mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır”. Həmin Qanunun 28.4cü maddəsində də “məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı mövcud olmadıqda” və ya “həmin mediasiya təşkilatında işə baxılması mümkün olmadıqda” - tərəflərdən hər hansı birinin müraciəti əsasında Mediasiya Şurası tərəfindən ilkin mediasiya sessiyasının aparılması üçün mediatorun müəyyən oluna bilməsi nəzərdə tutulmuşdur. Yəni, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun yuxarıda qeyd olunan tələblərinə riayət edilməklə alınmış mediasiya arayışı - Mülki-Prosessual Məcəllənin 150.1.7-ci maddəsi ilə nəzərdə tutulan sənəd olaraq nəzərə alına bilər. Lakin, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilmədən və hətta, həmin Qanunun tələblərinin pozulması ilə əldə edilən mediasiya arayışı – məhkəmə tərəfindən mötəbər sənəd kimi tanına və qəbul edilə bilməz. Ona görə də, Bakı 9 saylı Mediasiya Təşkilatının mediatoru tərəfindən tərtib edilərək imzalanmış 05 iyun 2023-cü il tarixli MŞB/9/2023-01054 nömrəli “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə Arayış – Sumqayıt Kommersiya Məhkəməsinə verilmiş hazırkı iddia ərizəsi üzrə Qanunvericiliyin tələblərinə uyğun mediasiya prosesinin qaydalarına, yəni mediasiya prosesinin təşkil edilərək keçirilməsi qaydalarına əməl edilməsini təsdiq edən sənəd kimi qəbul oluna bilməz. Çünki, məhkəmə Qanunvericilikdə (“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda) nəzərdə tutulan qaydada təşkil edilməyən mediasiya ilə əlaqədar verilmiş “arayış”ı Mülki-Prosessual Məcəllənin 150.1.7-ci maddəsində nəzərdə tutulan sənəd qismində qəbul etdiyi halda, iddiaçı tərəfindən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmaqla təşkil edilmiş və keçirilmiş “mediasiyanı” qəbul etmiş olur ki, bununla da qanunvericiliyin pozulması ilə əldə edilən sənədi əsaslı və qanuni sənəd hesab etməklə, mediatoru və mediasiyaya müraciət edən şəxsləri mütəmadi olaraq məlum Qanunvericiliyin tələblərini pozmağa təşviq edər və yaxud, bu kimi pozuntulara şərait yaradar. Bu isə fəaliyyətini yalnız qanunvericilikdə müəyyən olunan normalar əsasında həyata keçirən və qəbul etdiyi qərarların qanuni və əsaslı olması tələb olunan məhkəmələr üçün yolverilməz və qanuna zidd hərəkət olardı. Ona görə də, iddia ərizəsinin verilməsinin və icraata qəbul edilməsinin prosessual qaydalarını müəyyən edən Mülki- Prosessual Məcəllənin tələbləri müvafiq qanunvericilik və prosessual normalarda nəzərdə tutulan qaydada yerinə yetirildiyi halda, qəbul edilməlidir. Eyni zamanda, Mülki-Prosessual Məcəllənin 149.2.4-1-ci, 150.1.7-ci, 152.1.6-1-ci və 259.0.13-cü maddələri bilavasitə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət olunmadıqda, iddia ərizəsinin geri qaytarılmasını və yaxud baxılmamış saxlanmasını nəzərdə tutur. Bundan əlavə, iddiaçıya mediasiya prosesindən sonra müraciət olunacaq olan məhkəmənin məhz “Sumqayıt Kommersiya Məhkəməsi” olması əvvəlcədən məlum olduğuna və həmçinin, cavabdehlərin rəsmi ünvanların yerləşdiyi Abşeron rayonu Xırdalan şəhərinə ən yaxın şəhərdə yerləşən Mediasiya Təşkilatının da Sumqayıt şəhərində yerləşən Sumqayıt 1 saylı Mediasiya Təşkilatı olduğuna görə, iddiaçı tərəfindən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq ilkin mediasiya sessiyasının keçirilməsi üçün mübahisənin aid olduğu Sumqayıt Kommersiya Məhkəməsi ilə eyni şəhərdə yerləşən mediasiya təşkilatına, yəni Sumqayıt 1 saylı Mediasiya Təşkilatına müraciət etməsini mümkünsüz edən heç bir hal mövcud olmamışdır və hüquqi müəyyənlik prinsipi baxımından “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinin fərqli qaydada tətbiq edilməsi də yolverilməzdir. Çünki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda, yəni Mülki-Prosessual Məcəllənin yuxarıda sadalanan normalarında bilavasitə istinad olunan Qanunda “mediasiyanın keçirilməli olduğu yerin seçilməsi” - tərəflərin, yəni iddiaçı və yaxud cavabdehin ünvanları ilə deyil, bilavasitə və mübahisəsiz olaraq iddia ərizəsi ilə müraciət olunacaq məhkəmənin yerləşdiyi yerlə əlaqələndirilmişdir. Halbuki, iddiaçının Qanunvericiliyin yuxarıda qeyd olunan məlum tələblərini pozmaqla, onun özü tərəfindən seçilmiş fərqli ərazidə yerləşən mediatorun çağırışı ilə gələn cavabdehin hər hansı bir etiraz bildirib-bildirməməsindən asılı olmayaraq, yol verilən məlum qanun pozuntuları aradan qalxmış olmur. Eləcə də, Mülki-Prosessual Məcəllənin 149-150-ci maddələrinin tələblərinin yoxlanması və həmin Məcəllənin 152-153-cü maddələrinin tələblərinin tətbiq olunması üzrə məhkəmənin səlahiyyətləri - cavabdeh tərəfin mövqeyi, razılığı, istəyi və s. ilə əlaqələndirilməmişdir. Eyni zamanda, məhkəmə qeyd etməyi lazım bilir ki, Mülki-Prosessual Məcəllənin 4.6cı və 150.1.7-ci maddələrinin tələblərinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməli olduğundan, “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə 05 iyun 2023-cü il tarixli MŞB/9/2023-01054 nömrəli Arayış həmin halın sübutu kimi hazırkı iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim olunmuşdur. Lakin, yuxarıda qeyd olunanlarla müəyyən olunur ki, həmin sübuti əhəmiyyətli sənəd, yəni məlum “Arayış” iddiaçı tərəfindən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri pozulmaqla əldə edilmişdir. Bu halda isə həmin “Arayış” qanunu pozmaqla əldə edilmiş sübut hesab edilməli və bu mübahisə üzrə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əldə edilən mötəbər sübut (sənəd) qismində qəbul edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar - sübutlar hesab olunur. Həmin Məcəllənin 76.3-cü madəsinə əsasən, qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Beləliklə də, yuxarıda qeyd olunan hallar məhkəməyə müraciət edilənədək tərəflər arasında ilkin mediasiya sessiyasının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun təşkil olunaraq keçirildiyini təsdiq etmir (təqdim olunan məlum mediasiya “Arayışı”nın - “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun aparılan mediasiya hərəkətlərinin nəticəsi kimi qəbul olunması mümkün deyildir). Çünki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu kommersiya mübahisələri üzrə məhkəməyə müraciət olunması ilə əlaqədar təşkil olunması tələb olunan mediasiya prosesinin keçirilməsi qaydaları və mediatorun seçilməsi üzrə iddiaçı üçün vəzifələr müəyyən etmişdir ki, iddiaçı - həmin vəzifələri düzgün yerinə yetirməklə, yəni həmin Qanunun tələblərini pozmadan müvafiq arayış alıb məhkəməyə təqdim etməlidir. Halbuki, iddiaçının həmin vəzifələri düzgün yerinə yetirməməsi - onun tərəfindən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasını ehtiva edir. Ona görə də, Bakı 9 saylı Mediasiya Təşkilatının mediatoru tərəfindən tərtib edilərək imzalanmış 05 iyun 2023-cü il tarixli MŞB/9/2023-01054 nömrəli “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə Arayış – Sumqayıt Kommersiya Məhkəməsinə verilmiş hazırkı iddia ərizəsi üzrə Qanunvericiliyin tələblərinə uyğun mediasiya prosesinin qaydalarına, yəni mediasiya prosesinin təşkil edilərək keçirilməsi qaydalarına əməl edilməsini təsdiq edən sənəd kimi qəbul oluna bilməz. Göründüyü kimi, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun və Mülki-Prosessual Məcəllənin yuxarıda qeyd olunan tələblərinə riayət edilməklə verilmədiyinə görə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.6-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması - nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Eyni zamanda, məhkəmə iddiaçı tərəfin diqqətinə çatdırmağı lazım bilir ki, iddia ərizəsinin Mülki-Prosessual Məcəllənin tələblərinə, o cümlədən də 149-150-ci maddələrinin və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib edilərək məhkəməyə təqdim olunması - iddiaçının vəzifəsidir və iddia ərizəsində Mülki-Prosessual Məcəllədə nəzərdə tutulan tələblərdən (qaydalardan) hər hansı birinə riayət edilməməsi isə mübahisənin məhkəmədə baxılmasını mümkünsüz edir. Çünki, iddia ərizəsinin tərtibi və məhkəməyə təqdim olunması ilə əlaqədar Mülki- Prosessual Məcəllədə müəyyən edilmiş tələblərin müvafiq qaydada yerinə yetirilməməsi gələcəkdə hazırkı mübahisəni mahiyyəti üzrə həll edəcək məhkəmə aktının qanuniliyini və əsaslılığını şübhə altına ala biləcəyindən - iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən Mülki-Prosessual Məcəllənin müvafiq tələblərinin lazımi qaydada yerinə yetirilməsi iddiaçının maraq və mənafeyinə uyğun tələblərdir. Həmçinin, həmin tələblər - qanuni və icrası mümkün olan tələblərdir və həmin tələblərdən hər hansı birinin yerinə yetirilməməsi və yaxud, mübahisə yaradacaq dərəcədə düzgün yerinə yetirilməməsi - prosessual qanunvericiliyin tələblərinin pozulmasıdır. Ona görə də, iddia ərizəsinin verilməsinin və icraata qəbul edilməsinin prosessual qaydalarını müəyyən edən Mülki-Prosessual Məcəllənin tələbləri - iddiaçı tərəfindən müvafiq qanunvericilikdə və prosessual normalarda nəzərdə tutulan qaydada yerinə yetirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması - nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar