Məhkəmə qərarları › İş №e-2-2(119)-957/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-957/2024

05.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-957/2024 05.08.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı “pul tələbi” barədə kiçik mübahisələr üzrə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh 58 aylıq abunə borcu olan 348 (üç yüz qırx səkkiz) manat, kassa aparatının dəyərindən ödənilməyən 130 (yüz otuz) manat, qeydiyyatdan çıxma aktı üçün 35 (otuz beş) manat olmaqla, cəmi 513 (beş yüz on üç) manat borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xüsusi icazəsi ilə “Merkuri 130 F-01” markalı nəzarət kassa aparatlarına xidmət edir. Cəmiyyətin fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 1995-ci il tarixli 266 saylı Qərarı ilə tənzimlənməkdədir. Həmin Qərarın 10.9.1-ci bəndinə əsasən vergi ödəyicisi kassa aparatını qeydiyyata salan zaman xüsusi icazəsi olan servis texniki xidmət mərkəzi ilə müqavilə bağlamalıdır. Bu Qərara əsasən İddiaçı ilə Cavabdeh arasında 28 iyun 2019-cu ildə 6762 nömrəli müqavilə imzalanmışdır və nəzarət kassa aparatı qeydiyyata alınaraq istifadəsinə icazə verilmişdir. Həmin müqaviləyə əsasən vergi ödəyiciləri hər ay üçün 6 manat xidmət pulu ödəməyi öhdəsinə götürür. Vergi ödəyici olan Cavabdeh həmin öhdəliyini 15 iyul 2019-ci il tarixədək yerinə yetirərək ödənişləri etmiş, sonradan öhdəliyini yerinə yetirməmişdir. Beləliklə, Cavabdeh tərəfindən 2019-cu ildən 9 ay, 2020-ci ildən 12 ay, 2021-ci ildən 12 ay, 2022-ci ildən 12 ay, 2023-cü ildən 12 ay, 2024cü ildən 5 ay ərzində xidmət pulu ödənilməmişdir. Cavabdeh tərəfindən 58 ay abunə borcu olan 348 (üç yaz qırx səkkiz) manat, kassa aparatının dəyərindən ödənilməyən 130 (yüz otuz) manat və qeydiyyatdan çıxma aktı üzrə 35 (otuz beş) manat borc ödənilməmişdir. Cavabdeh 30 may 2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, o, 2019-cu ildə 260 (iki yüz altmış) manat ödəyərək “Merkuri-130F-01” markalı kassa aparatı almış, 26 oktyabr 2021-ci il tarixdə həmin kassa aparatını qeydiyyatdan çıxarmış və o vaxtdan fəaliyyət göstərməmişdir. Həmçinin alqı-satqı zamanı onunla İddiaçı arasında heç bir müqavilə bağlanmamışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş müqavilədə onun imzası yoxdur və o, həmin müqavilənin mətni ilə tanış deyildir. Göstərilənlərə əsasən Cavabdeh hazırkı ərizəyə onun iştirakı təmin olunmaqla baxılmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 31 may 2024-cü il tarixli e-2-2(119)-957/2024 nömrəli qərardadı ilə İddiaçı tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı verilmiş “pul tələbi” barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı tərəfindən 05 avqust 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə verilərək məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsinə etiraz etmədikləri bildirilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında İddiaçı tanımadığını, iddiaçı ilə aralarında hər hansı müqavilə bağlanmadığını, nəzarət-kassa aparatını vergi ödəyicisinin eyniləşdirmə nömrəsini aldıqdan sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin yaxınlığındakı obyektdən, Vasif və Samir adlı şəxsdən nağd qaydada 230 (iki yüz otuz) manata aldığını və həmin aparatın qeydiyyata alınmasına əlavə 30 (otuz) manat verdiyini bildirmişdir. O, nəzarət-kassa aparatı itdiyi üçün 2021-ci ilin oktyabr ayında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə müraciət etdiyini, lakin araşdırma müsbət nəticə vermədiyindən nəzarət-kassa aparatının qeydiyyatdan çıxarılması barədə ərizəsinə əsasən 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən aparatın qeydiyyatdan çıxarıldığını qeyd etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş **********214300 nömrəli nəzarət-kassa aparatının qeydiyyata alınma aktından görünür ki, “Merkuri 130 F-01” markalı 00206762 zavod nömrəli nəzarət kassa aparatı 28 iyun 2019-cu il tarixdə Cavabdeh adına qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis bölməsinin 19 oktyabr 2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis bölməsinə müraciət edərək ona məxsus “Merkuri 130 F-01” markalı nəzarət kassa aparatının naməlum şəraitdə itdiyini bildirmiş, bu barədə zəruri yoxlama aparılsa da, müsbət nəticə əldə edilməmişdir. İş materiallarından görünür ki, Cavabdeh 22 oktyabr 2021-ci il tarixdə “Merkuri 130 F- 01” markalı nəzarət-kassa aparatının qeydiyyatdan çıxarılması barədə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət etmiş və həmin ərizəyə əsasən **********-29004 kodlu təsərrüfat subyektində quraşdırılmış “Merkuri 130 F-01” markalı nəzarət-kassa aparatı qeydiyyatdan çıxarılmışdır. İş materiallarından görünür ki, İddiaçı tərəfindən 24 may 2024-cü il tarixdə Cavabdeh 35 ay xidmət göstərilməsi ilə əlaqədar 210 (iki yüz on) manat dəyərində elektron qaimə təqdim edilmişdir. İş materiallarında olan iddia tərəfindən məhkəməyə təqdim olunmuş maliyyə arayışında göstərilir ki, 28 iyun 2019-cu il tarixli 6762 nömrəli müqavilə üzrə Cavabdeh İddiaçınə aylıq abunə haqqını (6 manat) borclu olduğu dövr xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixlərini əhatə etməklə ümumilikdə 58 ay təşkil edir və bununla əlaqədar 348 (üç yüz qırx səkkiz) manat, “Merkuri-130F-01” markalı kassa aparatının dəyərindən ödənilməyən 130 (yüz otuz) manat, o cümlədən qeydiyyatdan çıxma aktı üzrə 35 (otuz beş) manat məbləğində borc olmaqla, cəmi 513 (beş yüz on üç) manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır; - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; - 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunur ki, İddiaçı məhkəməyə müraciət edərək Cavabdeh ilə aralarında servis texniki xidmət göstərmək məqsədi ilə 28 iyun 2019-cu il tarixdə bağlandığını bildirdiyi 6762 nömrəli müqavilə üzrə 2019-cu ildən 9 ay, 2020-ci ildən 12 ay, 2021-ci ildən 12 ay, 2022-ci ildən 12 ay, 2023-cü ildən 12 ay, 2024cü ildən 5 ay olmaqla 348 (üç yüz qırx səkkiz) manat məbləğində 58 aylıq abunə borcunun tutulmasını xahiş etsə də, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş həmin müqavilə cavabdeh tərəfindən imzalanmamışdır. Eyni zamanda iddia ərizəsində cavabdeh tərəfindən 2021-ci ildən 12 ay, 2022-ci ildən 12 ay, 2023-cü ildən 12 ay, 2024-cü ildən 5 ay ərzində xidmət pulu və qeydiyyatdan çıxma aktı üçün 35 manat ödənilmədiyi qeyd olunsa da, Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin məktubundan görünür ki, cavabdehin ərizəsinə əsasən 2021-ci ilin oktyabr ayında **********-29004 kodlu təsərrüfat subyektində quraşdırılmış “Merkuri 130 F-01” markalı nəzarət kassa aparatı qeydiyyatdan çıxarılmışdır. Göründüyü kimi, İddiaçı tərəfindən Cavabdeh hər hansı xidmət göstərilməsi ilə bağlı məhkəməyə mötəbər sübut təqdim olunmamışdır. Bununla yanaşı məhkəmə qeyd etməyi lazım bilir ki, İddiaçı iddia ərizəsində qeyd etdikləri, eyni zamanda tələbi ilə təqdim etdiyi elektron qaimə ziddiyyət təşkil edir. Belə ki, iddia ərizəsində Cavabdeh öhdəliyini 15 iyul 2019-ci il tarixədək yerinə yetirərək ödəniş etdiyi (həmin ödənişi təsdiq edən sübut təqdim olunmamışdır) qeyd olunsa da, daha sonra cavabdehin 2019-cu ildən 9 ay xidmət pulunu ödəmədiyi bildirilir. Halbuki, 15 iyul 2019-cu il tarixdən 2019-cu ilin sonunadək olan müddət 5 ay təşkil edir. Bundan başqa iddiaçı 22 may 2024-cü il tarixdə məhkəməyə müraciət edərək iddia ərizəsində 58 aylıq xidmət haqqının ödənilmədiyini qeyd edib 348 (üç yüz qırx səkkiz) manat məbləğində borcun tutulmasını tələb etməsinə baxmayaraq bir gün əvvəl - 21 may 2024-cü il tarixdə Cavabdeh 210 (iki yüz on) manat məbləğində 35 aylıq xidmət haqqının ödənilməsi ilə bağlı elektron qaimə göndərmişdir. Məhkəmə iddia tələbinin “kassa aparatının dəyərindən ödənilməyən 130 (yüz otuz) manat məbləğində pulun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, həmin hissədə iddia tələbinin əsaslılığına dair iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut (alqı-satqı müqaviləsi, kassa aparatının dəyərinin bir hissəsinin ödənilməsini təsdiq edən sənəd və s.) təqdim edilməmişdir. Beləliklə, yuxarıda təsvir olunanlardan müəyyən olunur ki, məhkəmə araşdırması zamanı iddiaçının hazırkı iddia tələbinin əsaslılığı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiası rədd edilməli, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar