Məhkəmə qərarları › İş №e-2-2(119)-968/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-968/2024

05.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-968/2024 05.07.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “pul tələbi” barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək 03 dekabr 2019-cu il tarixli 3561 nömrəli müqavilə üzrə 234 (iki yüz otuz dörd) manat məbləğində 39 aylıq abunə borcu, qeydiyyatdan çıxma aktının qarşılığında 35 (otuz beş) manat olmaqla, cəmi 269 (iki yüz altmış doqquz) manat məbləğində borcun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xüsusi icazəsi ilə Merkuri 130 F-01 markalı nəzarət kassa aparatlarına xidmət edir. Cəmiyyətin fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 1995-ci il tarixli 266 saylı Qərarı ilə tənzimlənməkdədir. Həmin qərarın 10.9.1-ci bəndinə əsasən vergi ödəyicisi kassa aparatını qeydiyyata salan zaman xüsusi icazəsi olan STXM (servis texniki xidmət mərkəzi) ilə müqavilə bağlamalıdır. Bu qərara əsasən İddiaçı ilə Cavabdeh (VÖEN **********) arasında 03 dekabr 2019-cu il tarixdə 3561 nömrəli müqavilə imzalanmışdır və nəzarət kassa aparatı qeydiyyata alınaraq istifadəsinə icazə verilmişdir. Həmin müqaviləyə əsasən vergi ödəyiciləri hər ay üçün 6 manat xidmət pulu ödəməyi öhdəsinə götürür. Vergi ödəyici olan Cavabdeh həmin öhdəliyini 15 fevral 2021-ci il tarixədək yerinə yetirərək ödənişləri etmiş, sonradan öhdəliyini yerinə yetirməmişdir. Beləliklə, Cavabdeh tərəfindən 2021-ci ildən 10 ay, 2022-ci ildən 12 ay, 2023-cü ildən 12 ay, 2024- cü ildən 5 ay ərzində xidmət pulu ödənilməmişdir. Cavabdeh tərəfindən 39 ay abunə borcu olan 234 (iki yüz otuz dörd) manat və qeydiyyatdan çıxma aktı üzrə 35 (otuz beş) manat borcu ödənilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə, kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki servis texniki xidmət mərkəzi İddiaçı ilə istehlakçı Cavabdeh arasında bağlanmış 03 dekabr 2019-cu il tarixli 3561 nömrəli müqavilənin 1-ci bəndinə əsasən istehlakçı “Merkuri-130F-01” markalı və zavod nömrəsi 00173561 olan nəzarət kassa aparatına istismar qaydalarına uyğun servis texniki xidmət göstərməyi servis texniki xidmət mərkəzinə tapşırır, servis texniki xidmət mərkəzi isə həmin istismar qaydalarına uyğun tapşırığı öz üzərinə götürür. Həmin müqavilənin 5-ci bəndinə əsasən, mütəmadi və fasiləsiz xidmət göstərmək üçün, istehlakçı tərəfindən servis texniki xidmət mərkəzinə (STXM) hər ay 6 manat məbləğində vəsait ödənilir və həmin müddətdə nəzarət kassa aparatına göstərilən texniki xidmət və təmirin dəyəri STXM-nin üzərinə düşür. İş materiallarında olan maliyyə arayışında göstərilir ki, 03 dekabr 2019-cu il tarixli 3561 nömrəli müqavilə üzrə Cavabdeh İddiaçınə aylıq abunə haqqını (6 manat) borclu olduğu dövr xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixlərini əhatə etməklə ümumilikdə 39 ay təşkil edir və bununla əlaqədar 234 (iki yüz otuz dörd) manat məbləğində, o cümlədən qeydiyyatdan çıxma aktı üzrə 35 (otuz beş) manat məbləğində borc olmaqla, cəmi 269 (iki yüz altmış doqquz) manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; - 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında 03 dekabr 2019-cu il tarixli 3561 nömrəli servis texniki xidmət göstərilməsinə dair müqavilə bağlanılmış, iddiaçı cavabdehin istifadəsində olan “Merkuri 130 F-01” markalı nəzarət kassa aparatına servis texniki xidmətlər göstərməyi, cavabdeh isə bunun müqabilində aylıq 6 manat məbləğində abunə haqqı ödəməyi öhdəsinə götürmüş, iddiaçı tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilsə də, cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək, yəni 39 ay müddətində müqavilə öhdəliklərini yerinə yetirməyərək aylıq abunə haqqını ödəməmiş, nəticədə onun iddiaçıya 234 (iki yüz otuz dörd) manat məbləğində borcu yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 03 dekabr 2019-cu il tarixli 3561 nömrəli servis texniki xidmət göstərilməsinə dair müqaviləyə əsasən cavabdehdən iddiaçının xeyrinə 234 (iki yüz otuz dörd) manat məbləğində abunə haqqı borcunun tutulması hissəsində iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbində cavabdeh, həmçinin qeydiyyatdan çıxma aktının qarşılığında cavabdehdən iddiaçının xeyrinə 35 (otuz beş) manat məbləğində pulun tutulması xahiş edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən qeydiyyatdan çıxma aktının qarşılığında cavabdehdən 35 (otuz beş) manat pulun tələb edilməsinə baxmayaraq, həmin aktın özü iş materiallarına əlavə edilməmişdir. Buna görə məhkəmə həmin aktın həqiqətən tərtib edilibedilməməsi, tələb edilən məbləğin həmin aktın məzmununda qeyd edilib-edilməməsi, cavabdehin həmin aktla tanış olub-olmaması və bu kimi digər məsələləri, yəni iddia tələbinin bu hissəsinin əsaslılığını yoxlamaq imkanından məhrum olmuşdur. Eyni zamanda tərəflər arasında bağlanmış 03 dekabr 2019-cu il tarixli müqavilənin məzmununda bununla bağlı hər hansı müddəa nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qeydiyyatdan çıxma aktının qarşılığında 35 (otuz beş) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində rədd edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. İddia tələbinin “30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki iş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət olunan zaman 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Buna görə iddia tələbi həmin hissədə də, təmin edilməli və iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 234 (iki yüz otuz dörd) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 264 (iki yüz altmış dörd) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 234 (iki yüz otuz dörd) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 264 (iki yüz altmış dörd) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar