Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-1035/2024 06.03.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abbasov Zaur Vahid oğlu İddiaçı (ərizədə “ərizəçi” kimi qeyd olunmuşdur) X1 “müflis elan edilmə barədə” ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri araşdıraraq müəyyənetdi: İddiaçı (ərizədə “ərizəçi” kimi qeyd olunmuşdur) X2 “müflis elan edilmə barədə” xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, X1 müflis elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində Maraqlı şəxs1 MMC ilə süd məhsullarının alqı-satqısı barədə 13 saylı müqavilə bağlamışdır. Həmin müqavilə əsasında Maraqlı şəxs1 MMC ona müxtəlif adda süd məhsulları verir və o da məhsulları müxtəlif ticarət şəbəkələrinə paylayırdı. Lakin Maraqlı şəxs1 MMC satmaq üçün verdiyi malları geri götürmədiyinə görə həmin malların dəyərinin ödənməsində müəyyən çətinliklər yaranmışdır. Eyni zamanda iddiaçı həmin süd məhsullarını Maraqlı şəxs1 MMC-dən aldıqdan sonra soyducuda saxlayırdı. Lakin rayon ərazisində mütəmadi olaraq elektrik enerjisinin verilməsində fasilələr olduğu üçün həmin bu soyuducu sisteminə də elektrik enerjisinin verilməsi dayandırılırdı. Təbii ki, bunun nəticəsində də götürdüyü süd məhsulları istifadəyə yararsız hala düşürdü. Həmçinin o, bu məhsulları müxtəlif mağazalara nisyə şəkildə paylayırdı və həmin mağazalarda müəyyən miqdarda mal qalığı saxlamaqla həmin bu süd məhsullarını götürməyə razılıq verirdilər. Bunun nəticəsində də nisyə şəkildə mal verilmiş həmin mağazaların bəziləri də öz fəaliyyətlərini dayandırdığı üçün onlarda olan malın dəyərinin ödənilməsində də müəyyən çətinliklər yaranmışdır. Bunun nəticəsində də iddiaçının Maraqlı şəxs1 MMC-yə ümumilikdə 53532 manat məbləğində borcu yaranmışdır. Bundan əlavə iddiaçı "xxxx" MMC ilə də süd məhsullarının satışı barədə xx.xx.2022-ci il tarixində müqavilə bağlamışdır. Onlardan götürdüyü süd məhsullarının satışı ilə əlaqədar da "xxxx" MMC-yə 19480 manat dəyərində borcu yaranmışdır. Eyni zamanda Maraqlı şəxs2 MMC ilə də süd məhsullarının satışı barədə xx.xx.2022-ci il tarixli müqavilə bağlanmışdır. Onlara da hal-hazırda 11200 manat məbləğində borcu qalmışdır. Süd məhsullarının istehsalı və satışı riskli sahibkarlıq sahələrindən biri olduğu üçün mütəmadi olaraq bu sahədə fəaliyyət göstərən sahibkarlar müxtəlif məbləğlərdə ziyan çəkirlər. Adətən bu sahədə işləyən sahibkarlar dövlət tərəfindən dotasiya alır. Lakin iddiaçının heç bir köməyi olmadığı üçün dəfələrlə götürdüyü mallar xarab olduğuna görə və istehlaka yararsız olduğuna görə iddiaçı tamamilə müflis olmuşdur. Artıq onun həmin borclar qarşısında öz borcunu ödəmək qabiliyyəti yoxdur. İddiaçının mülkiyyətində nə daşınar, nə də daşınmaz əmlak yoxdur ki, onları sataraq bu vəziyyətdən çıxa bilsin. Borclular da yenidən öz sahibkarlıq fəaliyyətini bərpa edərək bu çətin vəziyyətdən çıxmağa imkan vermədikləri üçün günü-gündən maddi vəziyyəti daha da çətinləşir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə geri qaytarılmalıdır. Belə ki, əvvəla ərizə xüsusi icraat qaydasında maraqlı şəxslərə qarşı tərtib olunmasına baxmayaraq elektron sistemdə icraatın növü iddia icraatı kimi seçilmişdir. Bununla da ərizənin tərtibatında uyğunsuzluğa yol verilmişdir. Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci və 149.2.3-cü maddələrinə əsasən, iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Məhkəmə əlavə olaraq qeyd edir ki, iflas haqqında ərizənin məzmununa və ərizəyə əlavə edilməsi zəruri olan sənədlərə dair qanunvericiliyin göstərişlərinə əməl olunmaması əsası ilə də ərizənin icraatı mümkün hesab edilməməlidir. Belə ki, ərizəyə “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sənədlər əlavə edilməmişdir. Halbuki, adı çəkilən Qanunun 4-cü maddəsinin 2-ci bəndində iflas haqqında məhkəməyə verilən ərizədə, bütün məlum kreditorların (adları, atalarının adları, soyadları), poçt ünvanı və onların borcluya qarşı irəli sürdüyü tələblərin məbləğlərinin, borclu iflas haqqında məhkəməyə ərizə verdikdən sonra bir il ərzində onun vaxtı çatacaq borc öhdəliklərinə dair məlumatın, bu Qanuna müvafiq surətdə borclunun ödəmə qabiliyyətsizliyinin özü tərəfindən təsdiq edilməsi və ya sübut olunmasına dair halların göstərilməsi, 5-ci maddəsində isə ödənilməli və alınmalı məbləğlər müfəssəl göstərilməklə, borclunun kreditorlarının və debitorlarının siyahısının, bu Qanunun müddəalarına uyğun olaraq tələblərin müəyyənləşdirilmiş məbləğini göstərən sənədin ərizəyə əlavə edilməsinin zəruri olduğu nəzərdə tutulmuşdur. Yenə həmin Qanunun 8-ci maddəsinə əsasən, iflas haqqında məhkəməyə verilmiş ərizənin (iddia ərizəsinin) bu Qanunun tələblərinə uyğun gəlməməsi, o cümlədən ona əlavə olunmalı sənədlərin həmin ərizə ilə birlikdə təqdim edilməməsi qanunvericilikdə nəzərdə tutulan müvafiq prosessual nəticələrə (məhkəmənin ərizəsini qəbul etməkdən imtina etməsinə, onu baxmadan saxlamasına, hərəkətsiz saxlamasına, yaxud qaytarmasına) səbəb ola bilər. Qeyd edilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, ərizə “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununun və Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də ərizənin məhkəmə icraatı mümkün deyildir. Odur ki, ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qəraraaldı: İddiaçı X1 “müflis elan edilmə barədə” ərizəsi geri qaytarılsın. Ərizəçiyı izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-1035/2024
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-1035/2024
06.03.2024 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver