Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-105/2023 29.03.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddiaya dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə müraciət edərək, 2019-cu il 1 iyun tarixli, 09/00024118 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 500,00 (bir min beş yüz) manat borcun və 60,00 (altmış) manat mediasiya xərcinin, cəmi: 1 560,00 (bir min beş yüz altmış) manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz təqdim edərək 1 ədəd Niva Effekt SK-5ME markalı taxılyığan kombaynı lizinqə götürdüyünü, müqavilədə göstərilən texnikanın işlək və saz vəziyyətdə olduğu deyilsə də “akkumlyator və starter” texnikanın üstündə olmadığını, bir neçə dəfə çatışmayan avadanlıqları filialın rəhbərindən tələb etsə də onları vermədiklərini, o isə məcbur olub avadanlıqlları öz vəsaiti hesabına aldığını, əlavə olaraq İddiaçı ASC-nin İmişli rayon filialının rəhbəri Bəxtiyar Nəsirova 1000 manat ödəniş etdiyini, Bəxiyar Nəsirov ödəniş qəbzini ona vermədiyini, müqavilənin vaxtı bitməmiş kombaynın baxış üçün geri çağırıldığını, müqavilənin vaxtı bitdikdən sonra X4 satıldığını bildirərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(121)-2787/2022 saylı qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış 2019-cu il 1 iyun tarixli 09/00024118 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Niva Effekt SK-5ME-1 markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətlə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən 5 000,00 (beş min) manat öhdəlikdən 3 500,00 (üç min beş yüz) manat ödəniş edilmişdir. Cavabdehin Cəmiyyətə hazırda 1 500,00 (bir min beş yüz) manat borcu vardır. Lakin cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığından iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də, cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə kreditora olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəmə iclasında izahat verərək, 1 ədəd Niva Effekt SK-5ME markalı taxılyığan kombaynı lizinqə götürdüyünü, lakin texnikanı müqavilənin vaxtı bitməmiş geri qaytardığını qeyd edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və sübutları tədqiq edərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də, iddia təmin edilməlidir. Belə ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən, kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı istehsal vasitələri ilə təminatının gücləndirilməsi, ölkədə aqrotexniki xidmətlər göstərilməsi ilə bağlı işlərin səmərəsinin artırılması və sistemliliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 09/00024118 saylı operativ lizinq müqaviləsinin surətindən görünür ki, qalıq dəyəri 5.000 manat olan 1 ədəd Niva Effekt SK- 5ME-1 markalı taxılyığan kombayn Cavabdeh lizinqə verilməsinə dair İddiaçı ASC ilə Cavabdeh arasında lizinq müqaviləsi imzalanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli İddiaçı ASC-yə məxsus olan texniki vəziyyəti haqqında 1 saylı aktdan görünür ki, 1 ədəd Niva Effekt SK-5ME-1 markalı taxılyığan kombayn İddiaçı ASC-nin Sabirabad RN-nin İmişli rayon bölməsinin rəhbəri tərəfindən Cavabdeh təhvil verilmiş və bu barədə tərəflər arasında akt tərtib olunaraq imzalanmışdır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış xx.xx.2019-cu il tarixli, 09/00024118 saylı müqaviləyə əsasən lizinqə götürdüyü qalıq dəyəri 5.000 manat olan kənd təsərrüfatı texnikası üçün cəmiyyətin hesabına qrafik üzrə ödəniş edilməmiş, Cavabdeh gecikdirilmiş borcu 1.500 manat təşkil edir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh ünvanladığı pretenziya məktubunun surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış müqaviləyə əsasən ödəniş qrafiki üzrə 1.500 manat borc yaranmışdır. Lizinq müqaviləsi üzrə əmələ gəlmiş əsas borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi və müqavilənin ləğv edilərək lizinq obyekti olan texnikaların saz vəziyyətdə geri qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Sabirabad 1 saylı Mediasiya Təşkilatının müvafiq bank hesabına 60 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ("xxxx" Açıq Səhmdar Cəmiyyəti) ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, 09/00024118 saylı lizinq müqaviləsi bağlanılmış və tərəflərin müqavilə üzrə hüquq və vəzifələri müəyyən olunmuşdur. Cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş, müqaviləyə əsasən lizinqə götürdüyü qalıq dəyəri 5.000 manat olan kənd təsərrüfatı texnikası üçün İddiaçıASC-nin hesabına tam ödəniş etməmiş, müqavilə üzrə xx.xx.2022-ci il tarixə 1.500 manat borcu qalmışdır. Cavabdehə borc məbləğinin ödənilməsi barədə xəbərdarlıq göndərilsə də, sonuncu lizinq müqaviləsi üzrə yaranmış borcunu ödəməmişdir. Bununla yanaşı, cavabdeh tərəfindən borcun ödənilməsini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanmış lizinq müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq lizinq müqaviləsinə əsasən lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur (maddə 747.1). Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır (maddə 748-1.8). Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır (maddə 748- 1.12.4). Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. Lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir (maddə 748-2.1, 748-2.1). Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir (maddə 748-10.1). Lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-ci, 750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir (maddə 751). Mülki qanunvericiliyin lizinq münasibətlərini tənzimləyən normalarının məzmunundan göründüyü kimi lizinq müqaviləsi əmlak kirayəsi (icarəsi) müqaviləsinin xüsusi növü kimi çıxış edir. Bununla yanaşı, lizinq müqaviləsini kirayə hüquq münasibətindən fərqləndirən əsas cəhətlərdən biri lizinq alanın müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək imkanının olmasıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1). Mülki Məcəllənin öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə, eyni zamanda cavabdehin etirazına münasibət bildirərək qeyd edir ki, cavabdeh texnikanı istifadə müddəti bitməmiş təhvil verdiyini qeyd etsə də həmin halı sübut edən mötəbər sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, cavabdehin etirazı öz təsdiqini tapmadığından etiraz əsassızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qeyd etdiyi hüquqi mövqeyə görə mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin Qərarda qeyd edilən digər hüquqi mövqeyə görə sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Göründüyü kimi, cavabdeh etirazının əsaslılığına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etmədiyindən, tərəflər arasında bağlanılmış lizinq müqaviləsi əsasında cavabdeh üzərinə düşən vəzifəni yerinə yetirmədiyindən mövcud iddia tələbi əsaslıdır. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə, həmçinin iddianın 60 manat mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli olduğundan, iddiaçı isə dövlət rüsumunu ödəməkdən azad olunduğundan, məhkəmə xərcinə daxil olan 35 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalı, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216cı, 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 01 iyun 2019-cu il tarixli, 09/00024118 nömrəli operativ lizinq müqaviləsi üzrə 1.500 manat borc və mediasiya xərci olaraq ödənilmiş 60 manat, ümumilikdə 1.560 (bir min beş yüz altmış) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. 35 (otuz beş) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-105/2023
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-105/2023
29.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver