Məhkəmə qərarları › İş №e-2-2(121)-1177/2025

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-1177/2025

07.02.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-1177/2025 07.02.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abbasov Zaur Vahid oğlu, iddiaçı 9 saylı X1 Mərkəzinin Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, müəyyən etdi: İddiaçı 9 saylı X1 Mərkəzinin Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9 saylı X1 Mərkəzinin 1 saylı meşəbəyliyinin 4 saylı dolayının 10-cu kvartalında qanunsuz olaraq mişar daşlarından 1 ədəd 9x12 metr ölçüsündə iki mərtəbədən ibarət tikdirdiyi tikilinin öz vəsaiti hesabına sökülməsi, ərazinin əvvəlki vəziyyətə gətirilərək boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 9 saylı X1 Mərkəzinin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə Mərkəzin 1 saylı meşəbəyliyinin 4 saylı dolayının 10-cu kvartalında reyd keçirilən zaman Ağcabədi şəhəri S.Vurğun küçəsi 224 saylı evdə qeydiyyatda olan Cavabdeh qanunsuz olaraq mişar daşlarından 1 ədəd 9x12 metr ölçüsündə iki mərətəbədən ibarət tikili tikdirərək, çayxana və yeməkxana kimi fəaliyyət göstərdiyi faktı müəyyən edilmişdir. Meşə Məcəlləsinin 78-ci maddəsinin tələblərinə görə meşələrin istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Məcəllənin 79-cu maddəsində göstərilmişdir ki, meşə qanunvericiliyinin pozulmasında təqsiri olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun intizam, inzibati, mülki və cinayət məsuliyyəti daşıyırlar. X2 təyinatının dəyişdirilməsi yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətindədir. Azərbaycan Respublikası Torpaq İslahatı haqqında qanunun 2-ci fəslinin 6-cı maddəsinin 4-cü bəndində və Meşə Məcəlləsinin 11-ci maddəsinə əsasən, X4 müstəsna dövlət mülkiyyəti olmaqla, özəlləşdirilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 1 may tarixli 78 nömrəli qərarı ilə təsdiq edilmiş ”Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası qaydaları”nın 1.3-cü bəndinə əsasən meşə fondunun mühafizəsi və qorunmasında məqsəd meşələrin yanğından, qanunsuz qırılmalardan, meşə fondundan istifadənin müəyyən edilmiş qaydalarının pozulması hallarından və meşələrə zərər vuran digər hərəkətlərdən, zərərvericilərdən, xəstəliklərdən mühafizə etmək və qorumaqdır. Adıçəkilən Qaydaların 2.2-1-ci maddəsinə əsasən, meşə qanunvericiliyinə riayət edilməsini, meşə fondunun səmərəli istifadəsini, meşələrin qanunsuz qırılmadan qorunmasını təmin etmək üçün müəyyən olunmuş qaydada dövlət nəzarətini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir. Həmin Qaydaların 2.3-cü maddəsinə əsasən, meşə fondunun mühafizəsini və qorunmasını həyata keçirən vəzifəli şəxslər öz səlahiyyətləri hüdudlarında meşə fondu ərazisində meşə qanunvericiliyinə riayət olunmasına nəzarət etmək, meşələrin istifadəsi, mühafizəsi, qorunması və bərpasında inzibati xətaları və cinayət törədilməsi hallarını aşkar etmək, müvafiq qaydada rəsmiləşdirmək, hüquq-mühafizə və məhkəmə orqanlarına, yaxud inzibati xəta haqqında işə baxan səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) göndərmək hüquqlarına malikdirlər. Sözügedən Qaydaların İİ hissəsinə əsasən meşə fondundan istifadə edilməsi, onun mühafizəsi, qorunması, bərpası sahəsində hüquq pozuntularının qarşısının alınması, onların aradan qaldırlması, təqsirkar fiziki və hüquqi şəxslərin qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi meşələrin mühafizəsi tədbirləri kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il tarixli 27 mart tarixli 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti haqqında Əsasnaməyə əsasən Xidmətin - meşə istifadəçiləri meşə qanunvericiliyinin tələblərini pozduqda, istifadə hüququnun dayandırılması və ya məhdudlaşdırılması, habelə istifadə hüququnun məhdudlaşdırılmasına və ya dayandırılmasına səbəb olmuş vəziyyət və şərtlər aradan qaldırıldıqda, bu hüququn tam həcmdə bərpa edilməsinə dair qərar qəbul etmək, müvafiq sahə üzrə pozuntuların aradan qaldırılmasına dair fiziki şəxslərə, eləcə də vəzifəli və hüquqi şəxslərə qarşı tələblər irəli sürmək vəzifələri vardır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırki mübahisənin və tərəflər arasında olan hüquq münasibətinin mülki (kommersiya) xarakteri daşımaması və buna görə də iddia tələbinə mülki (kommersiya) mübahisələrinə dair iş kimi mülki məhkəmə icraatı qaydasında baxılmasının mümkün olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina olunmalıdır. Belə ki, işin materiallarından aydın olur ki, 9 saylı X1 Mərkəzi – Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin tabeliyində olan bir Mərkəzdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti haqqında əsasnamənin 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti (bundan sonra – Xidmət) meşə fondundan istifadə, onun mühafizəsi, qorunması, meşəsalma və meşələrin bərpası sahəsində (bundan sonra - müvafiq sahə) dövlət siyasətinin həyata keçirilməsində iştirak edən, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra – Nazirlik) strukturuna daxil olan qurumdur. Əsasnamənin 1.3-cü bəndinə əsasən, Xidmət bu Əsasnamədə nəzərdə tutulan vəzifələri və hüquqları Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və yerli bölmələri vasitəsilə həyata keçirir. Həmin əsasnamənin 2.0.6-cı bəndinə əsasən, meşələrin qorunması, meşə fondundan səmərəli istifadə, meşələrin məhv olmaqdan, zədələnməkdən, xəstəlik və zərərvericilərdən, yanğından, çirklənmədən və digər mənfi təsirlərdən mühafizəsi məqsədilə fəaliyyəti həyata keçirmək Xidmətin fəaliyyət istiqamətlərindəndir. Qeyd edilən əsasnamənin 3.0.28-ci bənidinə əsasən, meşə istifadəçiləri meşə qanunvericiliyinin tələblərini pozduqda, istifadə hüququnun dayandırılması və ya məhdudlaşdırılması, habelə istifadə hüququnun məhdudlaşdırılmasına və ya dayandırılmasına səbəb olmuş vəziyyət və şərtlər aradan qaldırıldıqda, bu hüququn tam həcmdə bərpa edilməsinə dair qərar qəbul etmək Xidmətin vəzifələrindəndir. Göründüyü kimi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti dövlət (inzibati) orqandır. Həmçinin, iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 9 saylı X1 Mərkəzi özü də dövlət (inzibati) orqandır. Belə ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Departamentinin Lənkəran X1 Mərkəzi haqqında əsasnamənin 1.1-ci bəndinə əsasən, 9 saylı X1 Mərkəzi (bundan sonra “Mərkəz”) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra “Nazirlik”) 2018-ci il 13 iyul tarixli 374/ü nömrəli əmri ilə yaradılmışdır. Əsasnamənin 1.3-cü bəndinə əsasən, Mərkəz öz xidməti ərazisində meşələrin qorunub mühafizə edilməsi, onların bərpası, yeni meşə sahələrinin salınması işlərini, aralıq istifadə üçün aparılan qırmaları və sanitar qırmalarını, bundan əldə edilən oduncağın (işlik odun, şax və çırpı) həmçinin ikinci dərəcəli meşə ehtiyyatlarının və meşədən əlavə istifadə zamanı əldə olunan məhsulların tədarükünə və istifadəsinə aid olan fəaliyyəti, o cümlədən meşə fondu torpaqlarından istifadəyə nəzarəti həyata keçirən dövlət qurumudur. Həmin əsasnamənin 1.6-cı bəndinə əsasən, Mərkəz müstəqil balansa, Nazirlik tərəfindən onun operativ idarəçiliyinə verilən dövlət mülkiyyətində olan əmlaka, üzərində Azərbaycan Respublikasının dövlət gerbinin təsviri, nazirliyin departamentin və öz adı əks olunmuş möhürə, muvafiq ştamplara və blanklara malikdir. Qeyd edilən əsasnamənin 1.7-ci bəndinə əsasən, Mərkəzin maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsi, fond, büdcədənkənar xüsusi vəsaitlər, habelə qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına həyata keçirilir. Göstərilən əsasnamənin 2.1.2, 2.1.9-cu və 2.1.10-cu bəndindlərinə əsasən, meşə qanunvericiliyinin pozulması hallarının qarşısını almaq, meşə qanunvericiliyinin tələblərinə əməl edilməsinə mütəmadi və operativ nəzarəti təşkil etmək və həyata keçirmək; Meşə istifadəçiləri tərəfindən köküstə oduncaq buraxılışı qaydalarının yerinə yetirilməsinə, ot çalınmasına, mefə fondu torpaqlarında digər istifadə növlərinə dair normativ hüquqi aktlara riayət olunmasına nəzarət etmək; Mərkəzin fəaliyyəti barədə Nazirliyin müvafiq struktur bölmələrinə müəyyən olunmuş qaydada, hesabatlar təqdim etmək Mərkəzin əsas vəzifələrindəndir. Əsasnamənin 3.1-ci bəndinə əsasən, meşə qanunvericiliyinin pozulması hallarının qarşısını alır, meşə qanunvericiliyinin tələblərinə əməl edilməsinə nəzarəti təşkil edir və həyata keçirir. Həmin əsasnamənin 5.1-ci bəndinə əsasən, Mərkəzə Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad olunan direktor rəhbərlik edir. Qeyd edilən əsasnamənin 5.3.4-cü bəndinə əsasən, Direktor Mərkəzin xidməti ərazisində meşə qanunvericiliyinin tələbləri pozulduqda inzibati xətalar haqqında işlər üzrə icraata başlayır, inzibati araşdırma aparır və inzibati xətalar haqqında işlərə baxır, təqsirkarların inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi barədə materialları müvafiq orqanlara göndərir. Göstərilən əsasnamənin 5.14-cü bəndinə əsasən, Mərkəzin ştat cədvəli müəyyən olunmuş qaydada hazırlanır və Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən təsdiq edilir. Göründüyü kimi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 9 saylı X1 Mərkəzi dövlət (inzibati) orqandır. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi, hazırki tələb əşya hüquqi tələbidir. Belə ki, iddiaçı 9 saylı X1 Mərkəzi Cavabdeh tərəfindən qanunsuz olaraq inşa edilmiş tikilinin sökülməsini və zəbt edilmiş dövlət mülkiyyətində olan torpaq sahəsinin boşaldılaraq geri təhvil verilməsini tələb edir. İddiaçı göstərilən məzmunda iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnun, yəni hazırki tələblə çıxış etməsi üçün subyektiv hüququnun mövcud olmasını isə özünün və tabe olduğu qurumun Əsasnamələri ilə müəyyən edildiyini qeyd edir. Beləliklə yuxarıda göstərilənlərə əsasən müəyyən olunur ki, hazırki mübahisənin tərəflərinin biri dövlət (inzibati) orqanı, digəri isə sahibkarlıq subyektidir, mübahisənin predmeti dövlət mülkiyyətində olan torpaqlar üzərində dövlətin müstəsna mülkiyyət hüququnun həmin torpaqların qanunsuz zəbt edilməsi yolu ilə pozulmasının aradan qaldırılması barədədir. Qeyd edilən predmet üzrə cavabdehə qarşı iddia tələbi ilə çıxış etməsini iddiaçı, torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsinə dair müvafiq normativ aktla (əsasnamə ilə) müəyyən edilmiş vəzifəsinə və bu vəzifəni yerinə yetirmək üçün nəzərdə tutulmuş məhkəmədə iddia qaldırmaq hüququna istinad etməklə əsaslandırmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında hüquq münasibətlərinin xarakterinin müəyyən edilməsində yuxarıda sonuncu göstərilən xüsusat əsas götürülməlidir. Belə ki, hazırki mübahisə üzrə tərəflər arasında münasibətin yaranmasına səbəb iddiaçının normativ hüquqi aktlarla müəyyən edilmiş nəzarət funksiyasını yerinə yetirməsi, cavabdehin isə iddia ərizəsində göstərildiyi kimi dövlət mülkiyyətində olan torpaq sahəsini qanunsuz zəbt etməsi olmuşdur. Məhkəmə qeyd edir ki, cavabdehin mübahisəli torpaq sahəsini zəbt etməsini həmin torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olması məqsədi ilə əlaqələndirmək mümkün olsa da, iddiaçının dövlət orqanı olaraq dövlət mülkiyyətində olan torpaqların mühafizəsinə nəzarət funksiyasını həyata keçirməklə bağlı yaranmış hazırki tələbini heç bir halda iddiaçının mülki hüquq subyekti olaraq həyata keçirdiyi fəaliyyətindən, o cümlədən sahibkarlıq fəaliyyətindən irəli gələn tələb kimi qəbul etmək olmaz. Bu tələb əşya hüquqi tələb olmaqla, iddiaçının dövlət orqanı kimi nəzarət səlahiyyətlərindən yaranan tələbdir. Bu tələbə isə mülki, o cümlədən kommersiya xarakterli mübahisədən yaranan tələb kimi baxıla bilməz. Məhkəmə gəldiyi nəticənin maddi və prosessual hüquqi əsaslandırılması ilə bağlı qeyd edir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015ci il 10 aprel tarixli, 4 nömrəli qərarında göstərilir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə “MPM”) 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə “İPM”) 2-ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır (1-ci bənd). Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir (2-ci bənd). Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir (3.1-ci bənd). İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır 3.2-ci bənd). İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır (4-cü bənd). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Həmin Məcəllənin 24.3-cü maddəsinə əsasən, məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2 və 153.21-ci maddələrinin birgə tələbinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən, iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Beləliklə məhkəmə, hazırkı iddiaya mülki məhkəmə icraatı qaydasında Şirvan Kommersiya Məhkəməsində baxılmalı olmadığını nəzərə alaraq hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməli və iddiaçıya aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Eyni zamanda iddiaçıya izah edilməlidir ki, Azərbaycan Respublikası MPM-nin 403- 1.3-cü maddəsinə əsasən, məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24, 25, 26, 32, 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı 9 saylı X1 Mərkəzinin Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddiaçıya hazırki tələbi ilə əlaqədar inzibati icraat qaydasında aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar