Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-119/2025 04.03.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı "xxxx" QSC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" QSC-nin Cavabdeh MMC-yə qarşı – pul tələbi barəsində iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" QSC Cavabdeh MMC-yə qarşı – 2022-ci ilin iyul, noyabr, dekabr və 2023-cü ilin aprel və iyun aylarında göstərilmiş stansiya xidmətlərinə görə hesablanmış 14.207,44 manat əsas borc, 5.362,30 manat cərimə borcu, 149 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli 183928 nömrəli stansiya xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən iddiaçı ona məxsus olan yük əməliyyatı həyata keçirilən dəmir yolu stansiyalarında cavabdehin sifarişinə əsasən vaqon və konteynerlərlə təmin edilməsi üzrə xidmətləri və yük daşımaları üzrə əlavə xidmətləri göstərməyi, cavabdeh isə göstərilmiş xidmətlər müqabilində bu Müqavilənin əlavəsi ilə müəyyən edilən xidmət haqqını iddiaçıya ödəməyi öhdəsinə götürür. Qeyd edilən müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə 2022-ci ilin iyul, noyabr, dekabr və 2023-cü ilin aprel və iyun aylarında stansiya xidmətləri göstərilmiş və həmin xidmətlərə görə yığımlar hesablanmışdır. Belə ki, iddiaçının Salyan stansiyasında göstərilmiş xidmətlərə (“ümumiləşmiş vahid yığım”, “yüklərin mühafizəsinə görə yığım” və s.) görə cavabdehə 14.207,44 manat yığım hesablanmışdır. Müqavilənin 5-ci bəndinə əsasən tərəflər müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərin pozulmasına, vəzifələri, habelə öhdəliklərini yerinə yetirməməyə və ya lazımınca yerinə yetirməməyə görə məsuliyyət daşıyırlar və müqavilədən irəli gələn öhdəliklərin pozulmasına görə əldən çıxmış fayda istisna olmaqla, qarşı tərəfə vurulmuş real zərərin əvəzini ödəyirlər. Müqavilə üzrə ödəniş vaxtında olmadığı təqdirdə sifarişçi hər gecikdirilmiş gün üçün icraçıya gecikdirilmiş məbləğin 0,1%-i dəyərində cərimə ödəyir, lakin bu cərimənin ümumi məbləği xidmət haqqının ümumi dəyərinin 30%-dən çox olmamalıdır. MMC tərəfindən müqaviləyə əsasən Salyan stansiyası üzrə yaranmış 14.207,44 manat borca münasibətdə öhdəliklərin vaxtında icra edilməməsi səbəbindən 5.362,30 manat əlavə olaraq cərimə (penya) hesablanmışdır. Bununla bağlı, cavabdeh xx.xx.2024-cü il tarixində pretenziya ünvanlanmış, lakin pretenziya tələbi icra edilməmişdir. Ona görə də iddiaçı pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının "xxxx" QSC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" QSC ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli, 183928 saylı “stansiya xidmətlərinin göstərilməsinə dair” müqavilə bağlanmışdır. Həmin müqavilə ilə bu müqaviləyə əsasən müqaviləyə əlavədə nəzərdə tutulduğu kimi “İcraçı” ona məxsus olan yük əməliyyatı həyata keçirilən dəmir yolu stansiyalarında “Sifarişçi”nin sifarişinə əsasən vaqon və konteynerlərlə təmin edilməsi üzrə xidmətləri və yük daşımaları üzrə əlavə xidmətləri göstərməyi, “Sifarişçi” isə göstərilmiş xidmətlər müqabilində bu müqavilənin əlavəsi ilə müəyyən edilən xidmət haqqını “İcraçı”ya ödəməyi öhdəsinə götürmüşdür. Qeyd edilən müqavilənin 2.1-ci bəndinə əsasən, vaqonların qəbulu və təhvil verilməsi müəyyən olunmuş qaydaya uyğun stansiyada həyata keçirilir və göstərilən xidmətlərin təhvil-tsəlimi “İcraçı”nın daxili qayda və sənədlərinə əsasən ümumi formalı akt (QU-23), yaddaş vərəqəsi (QU-45) və digər təsdiqedici sənədlər ilə tənzimlənir. İş materiallarında olan sənədlərin (elektron qaimə-fakturalar, qəbul-təhvilçinin yaddaş vərəqələri (Forma QU-45), əlavə yığımlar üçün yığım vərəqələri, hesab fakturalar) surətlərindən görünür ki, "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə xidmətlər göstərilmişdir. Cavabdehin 14.207,44 manat məbləğində borcu qalmışdır. İş materialında olan xx.xx.2024-cü il tarixli “xx.xx.2022-xx.xx.2024-cü illər ərzində göstərilmiş stansiya xidmətlərinə görə tətbiq olunmuş yığımlardan yaranan debitor borc barədə” arayışın və “stansiya xidmətlərinin göstərilməsinə dair cərimənin hesablanması cədvəli”nin surətlərindən görünür ki, cavabdehin 14.207,44 manat məbləğində əsas borc, xx.xx.2024-cü il tarixinə hesablanmış 5.362,3 manat məbləğində cərimə olmaqla, cəmi 19.569,74 manat məbləğində borcu vardır. İş materialında olan "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış məktub(lar)ın surət(lər)indən görünür ki, cavabdehə ödənilməmiş 14.207,44 manat borcun və 5.362,3 manat cərimə borcunun ödənilməsinin təmin edilməsi barədə xəbərdarlıq edilmişdir. İşə əlavə olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/9986 saylı, xx.xx.2024-cü il tarixli rəyi ilə 183928 saylı, xx.xx.2022-ci il tarixli “stansiya xidmətlərinin göstərilməsinə dair” müqavilə üzrə Cavabdeh MMC tərəfindən "xxxx" QSC-yə 2022-ci ilin iyul, noyabr, dekabr və 2023-cü ilin aprel və iyun aylarında 14.207,44 manat əsas borcu, həmin borca görə isə hesablanmış cərimə 5.362,3 manat məbləğində müəyyən edilir. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında “stansiya xidmətlərinin göstərilməsinə dair” müqavilə bağlanılmışdır. Həmin müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə vaqon və konteynerlərlə təmin edilməsi üzrə xidmətlər və yük daşımaları üzrə əlavə xidmətlər göstərilmişdir. Cavabdehə göstərilmiş xidmətlərin ümumi dəyəri 14.207,44 manat təşkil etmişdir. İddiaçı tərəfindən göstərilmiş xidmətlər cavabdeh tərəfindən təhvil alınsa da, cavabdeh təhvil aldığı xidmətlərin dəyərini ödəməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.4-cü maddəsinə əsasən, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə(lər) əsasında cavabdeh iddiaçıdan iddiaçının xidmətlərindən istifadə etmək hüququna malik olduğu kimi, eyni zamanda müqavilə(lər) əsasında zidmətin dəyərini iddiaçıya ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə(lər) əsasında iddiaçının xidmətlərindən istifadə etməsinə dair hüququndan istifadə etmiş, lakin müqavilə üzrə vəzifələrini tam yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, iddiaçı göstərilən borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də, iddia qeyd edilən hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Qeyd edilən Məcəllənin 777.4-cü maddəsinə əsasən, bu Məcəlləyə uyğun olaraq müqavilələrin hər hansı növünə aid olan müqavilələrə, o cümlədən podrat müqaviləsinə tapşırıq müqaviləsi haqqında qanunvericilik yalnız subsidiar şəkildə (əlavə vasitə kimi) tətbiq edilir. Göstərilən Məcəllənin 850.1 və 850.2-ci maddələrinə əsasən, yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. Yenə həmin Məcəllənin 851-ci maddəsinə əsasən, yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, iddia əsas borcun tutulması hissəsində əsaslıdır. Buna görə də, iddia həmin hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Məhkəmə eyni zamanda iddianın 5.362,3 manat məbləğində cərimə borcunun ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən cərimənin 5.362,3 manat məbləğində deyil, 375 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq və ədalətli sayır. Məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdeh(lər)dən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia qismən təmin edilməli olduğundan, məhkəmə xərcinə daxil olan 149 manat məbləğində dövlət rüsumunun 133,75 manatı (yəni, 14.582,44 manat münasibətdə) cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ekspertiza xərci cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 14.207,44 manat əsas borc, 375 manat cərimə borcu olmaqla, cəmi 14.582,44 manat məbləğində pul vəsaiti və 133,75 manat məbləğində dövlət rüsumu Cavabdeh MMC-dən alınaraq "xxxx" QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-119/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-119/2025
04.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver