Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1207/2024 04.07.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Astanov Amid Gülbala oğlunun katibliyi İddiaçı X1 ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-dən 6100 manat (altı min yüz manat) məbləğində əsas borcun, 1098 manat (min doxsan səkkiz manat) ƏDV borcunun, 353,80 manat (üç yüz əlli üç manat səksən qəpik) cərimə məbləğinin, 90 manat (doxsan manat) dövlət rüsumunun alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı (İddiaçı MMC) Cavabdehlə (Cavabdeh ASC) xx.xx.2022-ci il tarixdə “Xidmətlərin göstərilməsi haqqında” Müqavilə (Reklam işlərinin görülməsi) bağlamışdır və işini layiqincə yerinə yetirmişdir. xx.xx.2022-ci il tarixli Seriya: EBCB 494581 saylı və xx.xx.2023-cü il tarixli Seriya: EBDM 690290 saylı (Reklam işlərinin görülməsi-Marka brendinqi (Qalıq ödəniş 50%)) elektron qaimələr də xidmətlərin iddiaçı tərəfindən nöqsansız və vaxtında göstərildiyini təsdiq edir. Yuxarıda qeyd edilmiş “Malların,işlərin və xidmətlərin təqdim edilməsi” qaimələrinə əsasən, ümumi olaraq 25960 manat (ƏDV daxil) (iyirmi beş min doqquz yüz altmış manat) məbləğində yekun borc yaranmışdır (22000 manat (ƏDV xaric) (iyirmi iki min manat) xx.xx.2022-ci il tarixli Seriya: EBCB 494581 saylı və xx.xx.2023-cü il tarixli Seriya:EBDM 690290 saylı elektron qaimələrdə qeyd edildiyi üzrə, xx.xx.2023-cü il tarixində əsas borcun 50%-i ilkin olaraq alınmış, 11000 manat (on bir min manat) qalıq borc yaranmışdır. Cavabdeh tərəfindən ödənişlər qrafikə uyğun keçirilməmiş və borc öhdəliklərinə laqeyd yanaşılmışdır. xx.xx.2023-cü il tarixində “Borcun hissə-hissə ödənilməsi barədə qarşılıqlı razılaşma Aktı” imzalanmışdır. Bu Akta əsasən, xx.xx.2023-cü il tarixində 3.000 AZN (+ƏDV) , xx.xx.2023cü il tarixində 2700 AZN (+ ƏDV), xx.xx.2023-cü il tarixində 2700 AZN (+ ƏDV), xx.xx.2023-cü il tarixində 2600 AZN (+ ƏDV) ödənişləri Cavabdeh ASC tərəfindən İddiaçı MMC-nin "xxxx" ASC bankındakı hesablaşma hesabına ödənilməli idi. Qeyd olunduğu üzrə xx.xx.2023-cü il tarixində 3.000 AZN (+ƏDV) ödənildi. Lakin digər ödənişlər qrafikə uyğun ödənilməmişdir. xx.xx.2023-cü il tarixində ödənilməli olan 2700 AZN (+ ƏDV) çoxsaylı tələblərə rəğmən 1 ay (bir) gecikdirilərək və azaldılaraq xx.xx.2023 tarixində 1900 AZN (+ƏDV) ödənildi. Qeyd edilənlərə əsasən son ödəniş tarixi xx.xx.2023-cü ildə olmuş və Cavabdehə verilmiş invoys üzrə 6100 manat (altı min yüz manat)+ ƏDV 1098 manat (min doxsan səkkiz manat) xidmət haqqı ödəniş müddəti pozulmaqla bugünə kimi şirkətə ödənilməmişdir. Müqavilənin 6.2 maddəsinə əsasən, Sifarişçi müqavilənin 3.3 bəndində nəzərdə tutulan tələblərə riayət etmədiyi halda, hər ötmüş gün üçün Agentliyə vaxtında ödənilməmiş məbləğin 0.1%-i həcmində cərimə ödəməlidir. (Son ödəniş tarixindən (xx.xx.2023) xx.xx.2024 tarixinə qədər gecikdirilmiş hər gün üçün ümumi olaraq cərimə məbləği 353,80 manat (üç yüz əlli üç manat səksən qəpik) təşkil edir. Cavabdeh (Cavabdeh ASC) müxtəlif bəhanələrlə xidmət haqqını ödəməkdən imtina edir. Göstərilən səbəbdən İddiaçı MMC-yə xeyli miqdarda zərər dəymiş və belə hal, şirkətin iş prosesimdə çətinliklər yaratmışdır. Mübahisələrin məhkəmədən kənar qaydada həlli məqsədi ilə xx.xx.2023-cü il tarixində “X4 ASC-yə” Xəbərdarlıq məktubu (pretenziya) göndilərək 5 (beş) iş günü ərzində borcun ödənilməsi tələb edilsə də, xəbərdarlığa əhəmiyyət verilməmişdir Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)- 1207/2024 nömrəli qərardadı ilə iddiaçı Admedia.az” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair iş üzrə sadələşdirilmiş icraat qaydasında materiala iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı X2 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə sübutlarının olmadığını qeyd edərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh Açıq Səhmdar Cəmiyyəti məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarını nəzərə alaraq, iş materiallarında olan sənədlərə, iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatına və digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan “İddiaçı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Xidmətlərin göstərilməsi haqqında” müqavilənin: 1.1-ci bəndinə əsasən, Sifarişçi tapşırır, İcraçı isə öz riski ilə bu müqavilənin şərtləri əsasında və müddəti ərzində aşağıdakı xidmətlərin göstərilməsini öhdəsinə götürür: A) Marka Kimliyinin hazırlanması B) Brendinq və məhsul qutularının hazırlanması C) Veb sayt və dizayn proqramlaşdırma; 2.1.6-cı bəndinə əsasən, İcraçı, hər ayın sonuncu iş günü və ya göstərilən xidmətlərin sonuncu günü göstərilən xidmətləri haqqında yekun olaraq işlərin təhvil-təslim aktını təsdiq edilb Sifarişçiyə təqdim edir; 3.2-ci bəndinə əsasən, bu müqavilədə nəzərdə tutulan xidmətlərin dəyəri 22000 manat + 18% ƏDV olaraq müəyyən edilir. İlkin ödəniş 50% olaraq nəzərdə tutulur; 3.3-cü bəndinə əsasən, Sifarişçi bu müqavilə ilə göstərilən xidmətlərin dəyərini İcraçı tərəfindən elektron qaimə-faktura təqdim edildiyi gündən 10 gün ərzində tam ödəyir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli EBCB seriyalı 494581 nömrəli və xx.xx.2023-cü il tarixli EBDM seriyalı 690290 nömrəli elektron qaimələrə əsasən, İddiaçı tərəfindən görülmüş işlərin ümumi dəyəri ƏDV daxil olmaqla 25960 manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli ödəniş tapşırıqlarının surətlərindən görünür ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı MMC-nin hesabına ümumilkdə cəmi 4900 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, həmin məktubda İddiaçı ilə Cavabdeh ASC-dən 12980 manat məbləğində qalıq borcun 5 iş günü ərzində ödənilməsi tələb olunmuş, əks halda həmin borcun və hesablanacaq cərimələrin ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh ASC-nə xəbərdarlıq edilmişdir. Məhkəmənin, iş materiallarında olan sənədlərə, məhkəmə iclasında tədqiq olunmuş dəlillərə əsasən müəyyən etdiyi işin faktiki halları belədir ki, iddiaçı tərəfindən cavabdehin sifarişi əsasında marka kimliyinin hazırlanması, brendinq və məhsul qutularının hazırlanması, veb sayt və dizayn proqramlaşdırma işlərinin görülməsi və görülən işlərin nəticəsinin cavabdehə təhvil verilməsinə, cavabdehin isə görülən işlərin qarşılığında müvafiq haqqın iddiaçıya ödənilməsinə dair tərəflər arasında razılıq əldə olunmuşdur və həmin razılığı onlar “Xidmətlərin göstərilməsi haqqında Müqavilə” adlandırdıqları xx.xx.2022-ci il tarixli müqavilə ilə rəsmiləşdirmişlər. İddiaçı qeyd edilən müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra edərək cavabdehin sifarişi əsasında razılaşdırılmış işləri görərək cavabdehə təhvil verdiyini, lakin cavabdehin görülən işlərin qarşılığında ƏDV daxil 7198 manat məbləğində ödənilməmiş borcunun qaldığını iddia edir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasını iş görülməsi (podrat) müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 39-cu fəslində yer alan normalar təşkil edir. Belə ki, işin faktiki hallarına Mülki Məcəllənin 752.1-ci maddəsində nəzərdə tutulan podrat müqaviləsinin dispozisiya şərtləri uyğun gəlir. Məhkəmə, iddia tələbinin maddi hüquqi əsasının müəyyən edilməsi ilə bağlı əlavə olaraq qeyd edir ki, tərəflər arasında bağlanan müqavilə “Xidmətlərin göstərilməsi haqqında Müqavilə” adlandırılsa da, müqavilənin məzmunundan və şərtlərindən, eləcə də işin məhkəmə tərəfindən müəyyən edilən hallarından aydın olur ki, tərəflər arasında iş görülməsi (podrat) müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, işin mübahisəsiz hallarından (cavabdehin sifarişi ilə iddiaçının müvafiq işlərin görülməsi və işin nəticəsinin təhvil verilməsinə, cavabdehin isə görülən işlərin haqqının iddiaçıya ödənilməsinə dair razılığa gəlinməsi) görünür ki, tərəflərin iradə ifadəsi məhz podrat müqaviləsinin bağlanmasına yönəlmişdir. Bu halda məhkəmə hesab edir ki, tərəflərin müqavilə münasibətlərinə daxil olarkən ifadə etdikləri iradələrinin əsil məzmunu əsas götürülməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci və 404.2-ci maddələrinin tələblərinə görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağladıqları müqavilənin etibarsızlığına dair, müqavilənin şərtləri və onların təfsiri ilə əlaqədar mübahisə yoxdur. İşin mübahisəli halları belədir ki, iddiaçı iddia edir ki, cavabdeh müqavilə üzrə öhdəliyini lazımınca icra etməyərək görülən işlərin haqqını iddiaçıya tam ödəməmişdir və nəticədə cavabdehin iddiaçıya ümumilikdə 7198 manat borcu qalmışdır. İddiaçı öz tələbinin faktiki əsası kimi tərəflər arasında bağlanmış müqaviləyə, elektron qaimə-fakturalara, ödəniş tapşırıqlarına və görülən işin ödənilməsi qaydası ilə bağlı tərəflər arasında imzalanmış akta istinad edir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iddia tələbinə dair münasibətini bilrməmişdir. Göründüyü kimi mübahisənin predmetini görülən işin dəyərinin (muzdun) tam ödənilməməsi təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, mübahisə sübutetmə ilə əlaqədardır və baxılan iş üzrə mübahisə sübutların mümkünlüyü, yetərliliyi və mötəbərliliyi əsasında sübutetmə yükünün tərəflər arasında bölüşdürülməsi prinsipinə uyğun həll edilməlidir. Məhkəmə hesab edir ki, hansı məbləğdə iş görülməsini və görülən işlərin nəticəsinin təhvil verilməsini sübut etmək yükü iddiaçının, görülən işlərin dəyərini təşkil edən muzdun hansı məbləğdə (tam və ya qismən) ödənilməsini sübut etmək yükü cavabdehin üzərinə düşür. Məhkəmə, lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin məhkəmə iclaslarında iştirak etmədiyini, həmçinin cavabdehin iddia tələbinə münasibətini bildirməməsini, zəruri sübutların tərəflərindən məhkəməyə təqdim edildiyinə dair iddiaçının ərizəsini və nümayəndəsinin izahatını nəzərə alaraq qeyd edir ki, mübahisə işdə olan sübut qismində təqdim edilmiş sənədlərin qiymətləndirilməsi yolu ilə həll edilməlidir. Məhkəmə onu da vurğulayır ki, tərəflər arasında yaranmış münasibətləri tənzimləyən yazılı müqavilə mövcud olduğuna, iddiaçının hazırki tələblə çıxış etməsi üçün subyektiv hüququnun həmin müqavilə üzrə cavabdehin öhdəliklərini yerinə yetirməməsi nəticəsində yarandığı iddia edildiyinə görə, iddia tələbinin faktiki əsası kimi təqdim olunmuş sübutlar qeyd edilən müqavilə şərtləri əsas götürülərək qiymətləndirilməli, tərəflər arasında mövcud olmuş həqiqi münasibətlərin xarakteri də həmin müqavilə şərtləri çərçivəsində müəyyən edilməlidir. İşin hallarından görünür ki, iddiaçı tələbinin faktiki əsası kimi cavabdehə göndərilmiş elektron-qaimələrə istinad edərək hesab edir ki, həmin qaimələrə əsasən cavabdehə görülən işlərin nəticəsinin təhvil verilməsi öz təsdiqini tapır. İddiaçının bu arqumenti ilə əlaqədar məhkəmə qeyd edir ki, əvvəla adı çəkilən elektron qaimə-fakturalar öz-özlüyündə görülən işlərin nəticəsinin iddiaçı tərəfindən cavabdehə təhvil verilməsi faktını sübut etmək üçün kifayət hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları” nın: 1.2-ci bəndinə əsasən, elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir; 2.5.3-cü yarımbəndinə əsasən, elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhvil-təslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaiməfakturanın “Əsas” sətrində qeyd olunur; 3.2-ci bəndinə əsasən, elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir; 3.4-cü bəndinə əsasən, bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaiməfaktura proqram təminatı tərəfindən təsdiq edilir. “Qaydalar”ın qeyd olunan bəndlərinə əsasən müəyyən edilir ki, elektron qaiməfaktura Azərbaycan Respublikasının Vergi Məcəlləsinin məqsədləri üçün vergi ödəyicisi olan fiziki və hüquqi şəxslər arasında mal dövriyyəsinin, görülən iş və xidmətlərin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir. “Qaydalar”ın 2.5.3-cü bəndinin tələblərindən və “Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaiməfaktura”nın forma və məzmununu müəyyən edən “Qaydalar”a 1 nömrəli Əlavədən görünür ki, elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhviltəslim aktları və s.) əsasında doldurulur və onun hansı əsasla tərtib edilməsi elektron qaimə-fakturanın “Əsas” sətrində qeyd olunur. Məhkəmə qeyd edir ki, baxılan işdə istinad olunan elektron qaimə-fakturalardan görünür ki, həmin qaimələrdə görülən işlərin nəticəsinin faktiki olaraq cavabdehə təhvil verilməsi və cavabdeh tərəfindən həmin işləri təhvil alması öz əksini tapmamışdır. İddiaçının istinad etdiyi həmin elektron qaimələrin “Əsas” sətrində (qrafasında) işlərin təhvil verilməsi və qəbul edilməsi barədə sənədin adı və digər rekvizitləri göstərilməmişdir. Həmçinin elektron qaimələrin məzmunu görülmüş işlərin təhvil verilmə faktını təsdiq etmir. Məhkəmə nəzərə alınmasını vacib hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə, İcraçı (iddiaçı) hər ayın sonuncu iş günü və ya göstərilən xidmətlərin sonuncu günü göstərilən xidmətləri haqqında yekun olaraq işlərin təhvil-təslim aktını təsdiq edilb Sifarişçiyə (cavabdehə) təqdim etməlidir. Məhkəmə hesab edir ki, müqavilə şərtlərinə uyğun olaraq görülən işlərin nəticələrinin təhvil-təslim edilməsinə dair müvafiq qaydada tərtib və təsdiq olunan sənədlər iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyinə, həmçinin tərəflərin şərtləşdirdikləri kimi müqavilə üzrə ödənişin (muzdun) işlərin nəticələrinin təhvil verilməsindən sonra qaiməfakturalara əsasən həyata keçiriləcəyi nəzərdə tutulduğuna görə, iddiaçının istinad etdiyi elektron qaimələrdə görülən işlərin təhvil verilməsi öz təsdiqini tapmalı idi. İstinad olunan elektron qaimələrdə isə göstərilən məbləğdə işlərin nəticələrinin cavabdehə təhvil verilməsi öz təsdiqini tapmamışdır. Buna görə də, özündə ödəniləcək pul vəsaitinin məbləğləri barədə məlumatı əks etdirən və heç bir halda tərəflər arasında imzalanmış müqavilənin şərtlərinə uyğun olaraq görülən işlərin nəticələrinin həqiqətən də təhvil verilməsinə dair məlumatları ehtiva etməyən elektron qaydada tərtib edilmiş qaimə ilə iddia edilən məbləğdə işlərin nəticələrinin cavabdehə təhvil verilməsinin müəyyən olunması mümkün deyildir. Məhkəmə qeyd edir ki, bir tərəfin digər tərəfə göndərdiyi elektron qaimə-fakturanın mötəbər və yetərli sübut vasitəsi kimi malların verilməsi, iş görülməsi və ya xidmət göstərilməsini təsdiq etmək üçün kifayət etmədiyi, “HTM Holding" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 20 aprel tarixli Qərarında da qeyd edilmişdir. Belə ki, adı çəkilən Qərarda əks edilmiş hüquqi mövqeyə görə, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, tərəflər arasında imzalanmış müqavilədə tərəflərin qarşılıqlı razılığa gələrək şərtləşdirdikləri qaydaya əsasən, görülən işlərin təhvil verilməsi təhviltəslim aktı ilə rəsmiləşdirilməli idi. Lakin iş materiallarında belə təhvil-təslim aktı mövcud deyildir və məhkəmə prosesinin gedişində iddiaçı tərəfindən adı çəkilən sənədlər məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, baxılan işdə görülən işlərin nəticələrinin təhvil-təslimi işlərinin təsdiqi ilə əlaqədar müqavilə şərtlərinə əməl olunmadığından, təhvil-təslimə dair müvafiq sənədlər tərtib edilmədiyindən, yəni hazırkı halda elektron qaimə-fakturaların əsasında işlərin görülməsinə dair hər iki tərəfin təsdiq etdiyi işlərin nəticələrinin təhvil-təslimi barədə akt dayanmadığından, həmin elektron qaimə-fakturalar iddia edilən işlərin nəticələrinin cavabdehə təhvil verilməsi faktının təsdiq edilməsi üçün kifayət etmir. Məhkəmə iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi qarşılıqlı üzləşmə aktına və cavabdehə ünvanlanmış pretenziya məktublarına hüquqi qiymət verərək bu qənaətə gəlir ki, adları çəkilən sənədlər iddianın təsdiqi üçün yetərli sübut kimi qəbul edilə bilməz. Məhkəmə qeyd edilənlərin yekunu olaraq bu nəticəyə gəlir ki, əgər tərəflər arasında bağlanmış müqavilə varsa və müqavilə şərtləri onun iştirakçıları tərəfindən mübahisələndirilməmişdirsə, müqavilənin şərtlərinə əsasən mübahisənin həlli qanuni və buna görə də ədalətli hesab edilməlidir. Məhkəmə bu qənaətə gəlir ki, iddiaçı tələbini əsaslandıran halları mötəbər və yetərli dəlillərlə sübut edə bilməmişdir. Buna görə də iddia əsassız olduğuna görə təmin edilməməlidir. Məhkəmə, gəldiyi nəticənin maddi hüquqi əsaslandırılması ilə bağlı qeyd edir ki, baxılan işdə iddiaçının gördüyü işin nəticəsini cavabdehə təhvil verməsini sübut etməklə mükəlləf hesab edilməsi üçün hüquqi əsas, tərəflər arasında mövcud olmuş podrat müqaviləsi üzrə icraçının vəzifə və məsuliyyətini müəyyən edən Mülki Məcəllənin müvafiq normaları təşkil edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən, əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Yenə həmin Məcəllənin 770-ci maddəsinə əsasən, əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsi təmin edilmədiyinə görə hesablanmış cərimə məbləğinin və ödənilmiş dövlət rüsumu məbləğinin cavabdehdən tutulmasına dair hissəsində də iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia ərizəsi təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-1207/2024
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1207/2024
04.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver