Məhkəmə qərarları › İş №e-2-2(121)-1223/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1223/2024

27.05.2024 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1223/2024 27.05.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Astanov Amid Gülbala oğlunun katibliyi, X2 vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, X2 “fiziki şəxsin ödəmə qabiliyyəti olmayan hesab edilməsi (müflisləşmə)” tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: X3 “fiziki şəxsin ödəmə qabiliyyəti olmayan hesab edilməsi (müflisləşmə)” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X5 müflis elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.2021-ci il tarixində Maraqlı şəxs2 MMC ilə süd məhsullarının alqı-satqısı barədə 13 saylı müqavilə bağlamışdır. Həmin müqavilə əsasında Maraqlı şəxs2 MMC ərizəçiyə müxtəlif adda süd məhsulları verir və ərizəçi də onu müxtəlif ticarət şəbəkələrinə paylayırdı. Lakin Maraqlı şəxs2 MMC satmaq üçün verdiyi malları geri götürmədiyinə görə həmin malların dəyərinin ödənməsində müəyyən çətinliklər yaranmışdır. Ərizəçi həmin süd məhsullarını Maraqlı şəxs2 MMC-dən aldıqdan sonra soyducuda saxlayırdı. Lakin rayon ərazisində mütəmadi olaraq elektrik enerjisinin verilməsində fasilələr olduğu üçün həmin bu soyuducu sisteminə də elektrik enerjisinin verilməsi dayandırılırmış, bunun nəticəsində də süd məhsulları istifadəyə yararsız hala düşmüşdür. Ərizəçi bu məhsulları müxtəlif mağazalara nisyə şəkildə paylayırdı və həmin mağazalarda müəyyən miqdarda mal qalığı saxlamaqla həmin bu süd məhsullarını götürməyə razılıq verirdilər. Bunun nəticəsində də nisyə şəkildə mal verilmiş həmin mağazaların bəziləri də öz fəaliyyətlərini dayandırdığı üçün onlarda olan malın dəyərinin ödənilməsində də müəyyən çətinliklər yaranmışdır. Bunun nəticəsində də ərizəçinin Maraqlı şəxs2 MMC-yə ümumilikdə 53532 manat məbləğində borcu yaranmışdır. Bundan əlavə ərizəçi "xxxx" MMC ilə də süd məhsullarının satışı barədə xx.xx.2022-ci il tarixində müqavilə bağlamışdır. Onlardan götürdüyü süd məhsullarının satışı ilə əlaqədar da "xxxx" MMC-yə 19480 manat dəyərində borcu yaranmışdır. Eyni zamanda Maraqlı şəxs3 MMC ilə də süd məhsullarının satışı barədə xx.xx.2022-ci il tarixli müqavilə bağlanmışdır. Onlara da hal-hazırda 11200 manat məbləğində borcu qalmışdır. Süd məhsullarının istehsalı və satışı riskli sahibkarlıq sahələrindən biri olduğu üçün mütəmadi olaraq bu sahədə fəaliyyət göstərən sahibkarlar müxtəlif məbləğlərdə ziyan çəkirlər. Adətən bu sahədə işləyən sahibkarlar dövlət tərəfindən dotasiya alır. Lakin ərizəçinin heç bir köməyi olmadığı üçün dəfələrlə götürdüyü mallar xarab olduğuna görə və istehlaka yararsız olduğuna görə tamamilə müflis olmuşdur. Artıq ərizəçinin həmin borclar qarşısında öz borcunu ödəmək qabiliyyəti yoxdur. Ərizəçinin mülkiyyətində nə daşınar, nə də daşınmaz əmlak yoxdur ki, onları sataraq bu vəziyyətdən çıxa bilsin. Borclular da yenidən onun sahibkarlıq fəaliyyətini bərpa edərək bu çətin vəziyyətdən çıxmağa imkan vermədikləri üçün günü-gündən maddi vəziyyəti daha da çətinləşir. Məhkəmə iclasında iştirak edən X2 vəkili və nümayəndəsi Vəkil2 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə, ərizəçinin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatına və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsassız olduğuna görə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan fiziki şəxs sahibkarlıq subyekti haqqında məlumatdan görünür ki, X1 subyekti kimi xx.xx.2012-ci il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və o, sahibkarlıq subyekti kimi qeydiyyata alınmışdır. İş materiallarında olan X7 ilə Maraqlı şəxs2 MMC, "xxxx" MMC və Maraqlı şəxs3 MMC arasında ayrı-ayrılıqda bağlanmış müqavilələrin surətlərindən görünür ki, ərizəçi həmin alğı-satqı müqavilələri üzrə alıcının vəzifələrinə dair müvafiq öhdəlikləri öz üzərinə götürmüşdür. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e- 2-2(121)-2217/2022 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Maraqlı şəxs2 MMC-nin cavabdeh X6 qarşı pul tələbinə dair iddiası təmin edilərək, cavabdeh X4 52.922,72 manat əsas borc, vəkil tərəfindən hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş 210 manat, Bakı şəhəri 4 saylı Mediasiya Təşkilatına ödənilmiş 400 manat, cəmi 53.532,72 manat məbləğində pulun tutularaq iddiaçı Maraqlı şəxs2 MMC-yə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(106)-189/2024 nömrəli qərarından görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 20 gün müddətə inzibati qaydada həbs edilməsi barədə İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(036)-364/2024 nömrəli qərarından X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, iş üzrə müəyyən edilmiş halları nəzərə alaraq bu nəticəyə gəlir ki, ərizəçi ödəmə qabiliyyəti olmayan hesab edilməsini (müflis elan edilməsini) təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir, bununla da öz tələbinin əsas kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Belə ki, əvvəla ərizəçi tərəfindən ərizədə qeyd olunan borcların ödənilməsi üçün kifayət edəcək aktivlərinin olmamasını təsdiq edən sübutlar, o cümlədən müflis elan edilmə barədə ərizənin verildiyi tarixə fərdi borclunun maliyyə balansı ilə bağlı məlumat məhkəməyə təqdim edilməmişdir. Məhkəmə əlavə olaraq qeyd edir ki, ərizəçinin ərizəsinə əlavə etdiyi müqavilələr və qaimələr ərizəçinin kreditorları qarşısında müqavilə öhdəliklərinin olmasını və ona müəyyən məbləğdə mal verilməsini təsdiq edən sənədlərdir. Lakin ərizəçi kreditorları siyahısında qeyd etdiyi Maraqlı şəxs2 MMC-nin qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təsdiq edilmiş tələbindən başqa, digər kreditorlarının ona qarşı vaxtı çatmış və ya gecikdirilmiş borcla bağlı tələb irəli sürmələrini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə, kreditor Maraqlı şəxs2 MMC-nin qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təsdiq olunmuş tələbinin ərizəçi tərəfindən ödənilə bilinməməsi ilə bağlı ərizəçinin istinad etdiyi hala münasibətdə qeyd edir ki, iş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(106)-189/2024 nömrəli qərarından görünür ki, məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, borclu X5 Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(121)-2217/2022 nömrəli qətnaməsi ilə qət edilmiş tələbi qərəzli olaraq icra etməməsi tam təsdiq olunur. Belə ki, X5 ötən müddət ərzində tələbi hissə-hissə olsa da icra etmək imkanının olmasına baxmayaraq, onun bu ödəmələri etməməsi məhkəmənin qənaətini təsdiq edir. Beləliklə məhkəmə hesab edir ki, ərizəçinin iş materialları ilə təsdiqini tapan tələb üzrə öhdəliyini yerinə yetirməməsi onun üzürlü səbəblərə əsasən ödəmə qabiliyyətinin olmaması ilə əlaqəli deyil, qərəzli şəkildə həmin öhdəliyi icra etməməsi ilə əlaqəli olduğu qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmişdir. Şərh olunanları nəzərə alaraq məhkəmə bu nəticəyə gəlir ki, X5 “fiziki şəxsin ödəmə qabiliyyəti olmayan hesab edilməsi (müflisləşmə)” tələbinə dair ərizəsi əsassızdır və buna görə də təmin olumamalıdır. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanunununda nəzərdə tutulan müddəalara görə: “Maddə 3. Ödəmə qabiliyyətsizliyi anlayışının məzmunu Borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki: a) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 (iki) ay ərzində tam icra etməmişdir; b) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir; c) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir.” “Maddə 11. İflas haqqında iş üzrə məhkəmə baxışının prosessual nəticələri

1. İflas haqqında işə məhkəmə iclasında baxıldıqdan sonra məhkəmə qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakılar barədə müvafiq qərar çıxarır: a) borclunun müflis elan olunması və əmlak inzibatçısının təyin edilməsi barədə; b) müvəqqəti əmlak inzibatçısının təyin edilməsi və ya təyinatının uzadılması barədə; c) borclunu müflis elan etməkdən imtina barədə.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5).

Nəticə hissəsi:

Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

X2 “fiziki şəxsin ödəmə qabiliyyəti olmayan hesab edilməsi (müflisləşmə)” tələbi barədə ərizəsi təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar