Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1274/2023 12.09.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı – dəymiş maddi ziyanın ödənilməsi barəsində iddiasına dair işə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı – 1 ədəd Belarus-622 markalı traktorun tam bərpası üçün hesablanmış 5545 manat məbləğində dəymiş ziyanın və 105 manat mediasiya xərcinin, cəmi 5650 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 04/01906 nömrəli, xx.xx.2022-ci il tarixli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Belarus- 622 markalı traktor ona istifadəyə verilmişdir. Lizinq alanın həmin müqavilə üzrə texnikanı saz və dəst halda geri qaytarmaq öhdəliyi olmasına baxmayaraq texnika nasaz vəziyyətdə saxlanca verilmişdir. Müqavilə əsasında cavabdehin istifadəsinə verilmiş Belarus-622 markalı traktora baxış keçirilmiş və nəticədə texnikaya 5545 manat məbləğində zərərin dəydiyi müəyyən edilmişdir. Həmin traktorun işlək vəziyyətə gətirilməsinə sərf olunacaq xərclər haqqında arayış tərtib olunmuşdur. Tərtib olunmuş arayışa əsasən texnikanın tam bərpa edilməsi üçün onlara tələb olunan ehtiyat hissələrinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq müəyyən edilmişdir. Belə ki, Belarus-622 markalı traktorun tam bərpası üçün 5545 manat dəymiş maddi ziyan hesablanmışdır. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmədə iddiaya etiraz edərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsasızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan tərəflər arasında bağlanmış 04/01906 saylı xx.xx.2022-ci il tarixli İddiaçı ASC-yə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqavilədən görünür ki, 1 ədəd Belarus-622 markalı traktor İddiaçı ASC tərəfindən Cavabdeh lizinqə verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İddiaçı ASC-yə məxsus olan texnikanın texniki vəziyyəti barədə 1 saylı aktdan görünür ki, İddiaçı ASC-nin Cəlilabad RN-nin Lənkəran-Lerik-Astara rayon bölməsinin istifadəsində olan texnika saz vəziyyətdə mexanizator Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli iltizamın surətindən görünür ki, Cavabdeh 04/01906 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilə əsasında müvəqqəti istifadəyə götürdüyü 1 ədəd Belarus-622 markalı traktor təyinatı üzrə istifadə etməyi, istismar zamanı zəruri texniki qulluq işlərinin vaxtında həyata keçirməyi, istismar zamanı yaranmış nasazlığı müqavilə (istifadə) müddəti ərzində öz hesabına aradan qaldırmağı, istismar zamanı GPS avadanlığı dəstinin qorunub saxlanmasını və müqavilə (istifadə) müddəti bitdikdən sonra texnikanı saz və dəst təhvil verməyi, taxıl yığımı zamanı ilkin olaraq 50 ha-dan kiçik ölçülü taxıl sahələrində işləməyi, iri təsərrüfat sahələrində isə Mərkəzi Aparatın qabaqcadan razılığı ilə taxıl yığımını həyata keçirməyi və Cəmiyyət tərəfindən müəyyən edilmiş dislokasiya planına riayət etməyi, müqavilə müddəti (istifadə) bitməmişdən əvvəl təhvil verməyindən, texnikanın istismarı zamanı baş vermiş nasazlıq səbəbi ilə boş dayanmalardan və texnikanın saz vəziyyətə gətirilməsinə çəkilən xərcdən asılı olmayaraq, yuxarıdakı cədvəldə nəzərdə tutulmuş məbləği lizinq verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, arxa qol dəyişilib, qapı dəstəkləri yoxdur, rulavoy kalonka dəyişilib, arxa paylayıcı dəyişilib, qabaq diferin kordanı yoxdur, vom dəyişilib-əyridir, ox yoxdur, arxa körpü qırılıb, sol asqı qolu dəyişilib və qaynaqlıdır, orta qol dəyişilib-yararsızdır, iki ədəd təmizləyici yük (qruz) yoxdur, palesi yoxdur, qoşqu yoxdur, difer sökülüb-işləmir, qabaq padfarniklər dəyişilib, radiator dəyişilib, slindir dəyişilib, rolun altında nasos dəyişilib (vomu fırladan), arxa faralar dəyişilib, hava vuran konpressorun üst hissəsi dəyişilib, qapıların və pəncərələrin amartizatorları yoxdur, işıqların kulçatorları dəyişilib, 1 qaldırıcının trosu yoxdur, matorda yağ qapağı yoxdur, yağ ölçən şup yoxdur, mühərrik qızdırılıb vəziyyətində mexanizator X2 tərəfindən təhvil verilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən məhkəməyə təqdim edilmiş “Belarus- 622” markalı traktorun işlək vəziyyətə gətirilməsinə sərf olunacaq xərclər barədə arayışın surətindən görünür ki, texnikanın saz vəziyyətə gətirilməsi üçün 5545 manat məbləğində ehtimal xərclər müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, texnikaya dəymiş 5545 manat məbləğində zərər tez bir zamanda İddiaçı ASC-yə ödənilməsi xahiş edilmiş, əks halda texnikaya dəymiş maddi ziyan üzrə borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə məlumat verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında 04/01906 saylı, xx.xx.2022-ci il tarixli operativ lizinq müqaviləsi bağlanılmış və tərəflərin müqavilə üzrə hüquq və vəzifələri müəyyən olunmuşdur. Həmin müqavilə əsasında “Belarus-622” markalı traktorun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək cavabdehə lizinqə verilmişdir. Sözügedən texnika cavabdeh tərəfindən nasaz vəziyyətdə iddiaçıya təhvil verilmişdir. Texnika iddiaçıya təhvil verilərkən iddiaçının nümayəndələri tərəfindən texnikaya baxış keçirilmişdir. Baxış nəticəsində texnikanın nasaz vəziyyətdə olması müəyyən edilmişdir. Bununla bağlı qüsur aktı tərtib edilərək texnikaya dəymiş zərərin ehtimal olaraq 5545 manat olması müəyyən edilmişdir. Cavabdehə dəymiş zərərin ödənilməsi barədə xəbərdarlıq göndərilsə də, sonuncu yaranmış borcunu ödəməmişdir. Cavabdehin dəymiş zərərin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanılmış 04/01906 saylı, xx.xx.2022-ci il tarixli operativ lizinq müqaviləsinin 2.2.5-ci, 2.2.6cı və 2.2.8-ci maddələrində, o cümlədən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 748-7.1-ci maddəsində təsbit edilmişdir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, zərərin ödənilməsi ilə bağlı tələbdə təqsirin mövcud olması əsas şərtlərdən biridir. İlkin olaraq qanunsuz hərəkət və ya hərəkətsizliklə zərərin yaranması arasında səbəbli əlaqə mövcud olmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı, zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və hüquqa zidd əməli, əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. “Azərbaycan Respublikası Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqe ondan ibarətdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Hazırki halda iddiaçı, cavabdehin qanunsuz hərəkətləri nəticəsində hüquqi şəxsə maddi ziyan vurulduğunu iddia etsə də, dəymiş maddi zərər barədə məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının sübut olaraq təqdim etdiyi “Belarus-622” markalı traktor işlək vəziyyətə gətirilməsinə sərf olunacaq ehtimal xərclər barədə arayış mötəbər sübut kimi qəbul edilə bilməz. Arayışdan da göründüyü kimi, iddiaçı dəymiş zərəri xüsusi biliyə malik olan mütəxəssislərin və ya digər aidiyyəti şəxslərin iştirakı olmadan yalnız öz nümayəndələrinin iştirakı ilə təxmini olaraq hesablayaraq belə bir qənaətə gəlmişdir. Halbuki, “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Bundan əlavə, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 751-ci maddəsi lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-750-ci maddələrinə zidd olmayan müddəalarının müvafiq surətdə tətbiqini mümkün hesab edir. Belə ki, mülki qanunvericiliyin lizinq münasibətlərini tənzimləyən normalarının məzmunundan göründüyü kimi lizinq müqaviləsi əmlak kirayəsi (icarəsi) müqaviləsinin xüsusi növü kimi çıxış edir. Bununla yanaşı, lizinq müqaviləsini kirayə hüquq münasibətindən fərqləndirən əsas cəhətlərdən biri lizinq alanın müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək imkanının olmasıdır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normasına əsasən hesab edir ki, iddiaçının dəymiş maddi ziyanla bağlı tələbi Mülki Məcəllənin 697.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla həll edilməlidir. Həmin maddəyə əsasən kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, kirayəyə verənin (hazırki işdə lizinqə verənin) maddi zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun icarəyə (lizinqə) verilmiş əşyanı, əmlakı geri aldığı andan başlanır. Həmin normada müəyyən edilmiş 6 aylıq müddət kəsici müddətdir və qanunda bu müddətin dayandırılması və ya kəsilməsi mümkünlüyü müəyyən edilməmişdir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, iddiaçı (lizinqə verən) əmlakı lizinq alandan geri aldığı andan 6 (altı) ay ərzində həmin əmlaka dəymiş maddi ziyanın ödənilməsinə dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə iddiaçı bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir. Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır. İş materiallarında olan texnikanın iddiaçıya geri qaytarılmasına dair tərtib edilmiş texniki vəziyyət haqqında 2 saylı aktdan görünür ki, texnika xx.xx.2022-ci il tarixində iddiaçıya təhvil verilmişdir və həmin tarixdə tərtib edilmiş qüsur aktı ilə texnikaya zərərin dəydiyi müəyyən olunmuşdur. Belə olduğu təqdirdə iddiaçı öz hüquqlarının cavabdeh tərəfindən pozulduğunu xx.xx.2022-ci il tarixində bilmiş, hazırkı iddianı isə xx.xx.2023-cü ildə, yəni hüququnun pozulduğunu bildiyi vaxtdan 7 ay sonra qaldırmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2021-ci il tarixli qərarındakı hüquqi mövqeyə əsasən kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Məhkəmə, qanunvericiliyin yuxarıda sadalanan normalarına əsasən hesab edir ki, tərəflər arasında bağlanılmış lizinq müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq normalarına əsasən iddiaçının cavabdehə qarşı maddi zərərin ödənilməsi ilə bağlı tələb hüququ olsa da, onun tələb etmək hüququ Mülki Məcəllənin 697.4cü maddəsinin tələbinə uyğun olaraq müddətin keçməsinə görə qüvvədən düşdüyündən, iddia tələbi təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilən Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən və iddiaçı məhkəmə xərclərindən azad edilmədiyindən iş üzrə iddiaçı tərəfindən mediasiya xərci ilə əlaqədar ödənilmiş 105 manat rüsum İddiaçı ASC-yə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçı ASC-nin Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi barəsində iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-1274/2023
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1274/2023
12.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver