Məhkəmə qərarları › İş №e-2-2(121)-1299/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1299/2024

21.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1299/2024 21.05.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abdullayev Elşən Uğur oğlu, İddiaçı MMCnin Cavabdeh MMC-yə qarşı borcun tutulması tələbi üzrə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh – X1 Cəmiyyətindən 2.821 manat borcun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 48,21 manat dövlət rüsumunun tutularaq İddiaçı hesabına ödənilməsi barədə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra – Cəmiyyət) ilə Cavabdeh (bundan sonra – Lentel MMC və ya Sifarişçi) arasında bağlanmış 26 dekabr 2022-ci il tarixli 1100-03-22/12-970 nömrəli “Telekommunikasiya resurslarının istifadəyə verilməsi haqqında” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, Cəmiyyət tərəfindən Lentel MMC-yə telekommunikasiya xətlərinin quraşdırılmasında istifadə edilən və Cəmiyyətin balansında olan texniki resurslardan (fiber optik kabel liflərinin kabel-kanalizasiya qurğularının (KKQ), port xidmətləri, telekommunikasiya xətlərinin quraşdırılmasında istifadə olunan dirəklər və digər bu növdən resurslar) istifadə, həmçinin Cəmiyyətə məxsus inzibati və texniki binalarda Lentel MMC-yə məxsus avadanlıqların yerləşdirilməsi və ona məxsus xətt şəbəkəsindən texniki imkanlar daxilində istifadə, o cümlədən rabitə-texniki xidmətlərin göstərilməsi təmin edilir. Lentel MMC Cəmiyyət tərəfindən göstərilən xidmətlərin qarşılığında Müqavilə (onun müvafiq Əlavələri) ilə razılaşdırılmış xidmət haqlarını (pul məbləğini) müəyyən edilmiş müddətdə və məbləğdə ödənilməsini Müqavilənin 5.1.3-cü bəndinə əsasən öhdəsinə götürmüşdür. Buna baxmayaraq, 01 avqust 2023-cü il tarixindən etibarən bu öhdəliyi lazımınca icra etməyərək müqavilə şərtlərini pozmuşdur. Bu səbəbdən cavabdehlə dəfələrlə şifahi əlaqə saxlanılmış və xəbərdarlıq məktubları ünvanlanaraq borc məbləği dəqiq göstərilməklə borcun icrası tələb edilmiş, borc ödənilmədiyi təqdirdə qanunvericiliyə uyğun tədbir görüləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.1-284-5.3-cü maddələrinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verdikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin maddələrin tələbinə uyğun olaraq cavabdehə məhkəmə tərəfindən rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən qanunla müəyyən edilmiş müddətdə etiraz təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması mümkündür. İş materiallarından görünür ki, Aztelekom” MMC ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli 1100-03-22/12-970 saylı telekommunikasiya resurslarının istifadəyə verilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “İcraçı” telekommunikasiya xətlərinin quraşdırılmasında istifadə olunan dirəklər və digər bu resurslar) balansında olan texniki resursların (fiber optik kabel liflərinin kabel-kanalizasiya qurğularının (KKQ), port xidmətləri, telekommunikasiya xətlərinin quraşdırılmasında istifadə olunan dirəklər və digər bur növdən resurslar) “Sifarişçi” tərəfindən istifadəsini, həmçinin “İcraçı”ya məxsus inzibati və texniki binalarda “Sifarişçi”yə məxsus avadanlıqların yerləşdirilməsini, rabitə-texniki xidmətlərin göstərilməsini təmin edir, “Sifarişçi” isə göstərilən xidmətlərin qarşılığında bu müqavilə (onun müvafiq Əlavələri) ilə razılaşdırılmış xidmət haqlarını “İcraçı”ya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə xx.xx.2023-xx.xx.2023-cü il tarixinədək 2.821 manat borcu yaranmışdır. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış pretenziya bildirişinin surətindən görünür ki, Cavabdeh MMC xx.xx.2022-ci il tarixli, 1100- 03-22/12-970 saylı müqaviləyə əsasən, müəssisəyə məxsus infrastruktur (kabel qurğularından və digər sahə və avdanlıqlar) xidmətlərindən istifadəyə görə xx.xx.2023-cü il tarixə 2.821 manat məbləğində borcunun olmasını, borcun 5 (beş) gün müddətində ödənilməsini, əks təqdirdə borcun ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli 1100-03-22/12-970 saylı telekommunikasiya resurslarının istifadəyə verilməsi haqqında müqaviləsi bağlanılmışdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən, cavabdeh iddiaçının rabitə-texniki xidmətlərindən istifadə etmiş, lakin müqavilə üzrə öhdəliyə əməl etməmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli pretenziya məktubu ilə cavabdehə borc məbləğinin ödənilməsi ilə bağlı xəbərdarlıq göndərərək, borcunun ödənilməsini tələb etsə də, cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Beləliklə, işin hallarından görünür ki, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikərə əməl etməyərək yaranmış borcu ödəmədiyinə görə iddiaçının tələbi aşkardır. Həmin tələb cavabdehin mübahisə edilməyən vəzifələrinə və sadə yazılı qaydada təsdiq edilmiş əqdlərə əsaslanır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin iddiaçıya 2.821 manat xidmət haqqı borcunun mövcud olduğu iş materialları ilə təsdiq edildiyindən, iddia tələbi təmin edilməlidir. Bundan başqa İddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 48,21 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehdən 48,21 manat məbləğində dövlət rüsumu tutularaq, iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilməli, Cavabdeh MMC-dən 2.821 (iki min səkkiz yüz iyirmi bir manat) manat məbləğində xidmət haqqı və 48,21 (qırx səkkiz manat iyirmi bir qəpik) manat məbləğində dövlət rüsumu, ümumilikdə 2.869,21 (iki in səkkiz yüz altmış doqquz manat, iyirmi bir qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-5 və 284-6-cı maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehndən İddiaçı xeyrinə 2.821 (iki min səkkiz yüz iyirmi bir manat) manat məbləğində xidmət haqqı və 48,21 (qırx səkkiz manat iyirmi bir qəpik) manat məbləğində dövlət rüsumu, ümumilikdə 2.869,21 (iki min səkkiz yüz altmış doqquz manat, iyirmi bir qəpik) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar