Məhkəmə qərarları › İş №e-2-2(121)-1345/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1345/2023

10.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1345/2023 10.07.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı - borcun tutulması barədə kiçik iddiaya dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında sadələşdirilmiş qaydada baxaraq müəyyənetdi: İddiaçı QSC Cavabdeh qarşı – 97,95 manat əsas borc məbləği, gecikdirilmiş dövr üçün 0,81 manat, 20 manat ilkin mediasiya sessiyası üzrə və hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilmiş 110 manat məbləğ olmaqla, cəmi 228,76 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixində İddiaçı QSC ilə Cavabdeh arasında Distribütora məxsus malların Diler tərəfindən satışını həyata keçirən və satış şərtlərini əks etdirən 1079 saylı diler müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən “Distribütor” tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən “Diler”ə, özünə məxsus olan malları təklif edir. Bunun əsasında, “Diler” tərəfindən tərəflərin müqaviləyə və “Distribütor”a məxsus olan malların satışını, realizə olunmasını tənzimləyən digər sənədlərdə razılaşdırdıqları şərtlərə uyğun olaraq həmin mallar üzrə satış həyata keçirilir. Satılan malın miqdarı, qiyməti malın üzərində təqdim olunan qaimələrdə öz əksini tapmışdır. Lakin, “Diler”in “Distribütor”dan aldığı mala görə borcu yaranmışdır. Belə ki, xx.xx.2023-cü il tarixdə tərəflər arasında imzalanmış üzləşdirmə aktının məzmunundan görünür ki, xx.xx.2022-ci il tarixinə X1 İddiaçı QSC-yə borcu 197,95 manat manat təşkil edir. Həmçinin aktın məzmunundan aydın olur ki, “diler” yaranmış borcu İddiaçı QSC-nin ilk yazılı tələbi ilə geri qaytarmalıdır. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən 197,95 manat məbləğində olan borcdan ümumilikdə 100 manat ödənilmiş, geriyə qalan 97,95 manat borc isə bu günə kimi ödənilməmişdir. Həmçinin, qeyd edirik ki, Mülki Məcəllənin 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, həmçinin kreditorun borcunu tələb etmək hüququ və borclunun borcunu geri qaytarmaq vəzifəsi də həmin andan başlanır. Borclunun borcunu geri qaytarmaq vəzifəsi ilk yazılı tələbi göndərdiyi andan başlanır. Belə ki, kreditor olaraq İddiaçı QSC tərəfindən xx.xx.2023-cü il tarixində Cavabdeh Əvər oğluna ilk yazılı pretenziya öndərilmişdir. Ödəmə üçün pretenziyada müəyyən olunmuş müddəti də nəzərə alsaq, borclunun öhdəliyi icra etmək vəzifəsi xx.xx.2023-cü il tarixindən başlanmalıdır. İddianın gecikdirilməsi üzrə məbləğ 2 ay əsasında ((97,95*5%)/12)*2=0,81 manat hesablanmalıdır. Beləliklə, Cavabdeh İddiaçı QSC qarşısında öhdəliyi aşağıdakı məbləğdə müəyyən edilir: 1. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən-97,95 manat, 2. Gecikdirilmiş dövr üçün illik beş faiz əsasında hesablanmış borc məbləği – 0,81 manat, 3. İlkin mediasiya sessiyası üzrə xərclər – 20 manat, 4. Hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilmiş haqq – 110 manat, cəmi: 228,76 manat. Əldə olunmuş MŞS/MT023/2023-00592 saylı, xx.xx.2023-cü il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan da görünür ki, xx.xx.2023-cü il tarixində ilkin mediasiya sessiyası keçirilmişdir. Belə ki, ilkin mediasiya zamanı mübahisənin qarşılıqlı razılaşması ilə həllinin mümkünsüzlüyü qənaətinə gəlindiyi üçün hazırda məhkəməyə müraciət olunması zərurəti vardır. Cavabdehin Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İşin materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, işə əlavə olunan sənədlərdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh arasında 1079 saylı, xx.xx.2018-ci il tarixli diler müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən “Distribütor” tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən “Diler”ə, özünə məxsus olan malları təklif edir. “Diler” öz növbəsində tərəflərin bu müqaviləyə və onun tərkib hissəsi olan digər sənədlərə əsasən malların satışını həyata keçirir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli üzləşmə aktından görünür ki, cavabdehin qalıq borcu 197,95 manat məbləğində təşkil edir. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə arayışının suərindən görünür ki, cavabdehin borcu 97,95 manat təşkil edir. İşdən görünür ki, iddiaçı cavabdehə borcun ödənilməsi ilə bağlı pretenziya (xəbərdarlıq) məktubu göndərmişdir. Məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilə(lər) üzrə cavabdeh müqavilə(lər) üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı qeyd edilən müqavilə(lər) üzrə tələb edilən pul vəsaitini cavabdehdən tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə(lər) əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə(lər) əsasında mal(lar) almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddia qeyd edilən hissədə əsaslıdır. Odur ki, iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə eyni zamanda iddianın “gecikdirilmiş vaxt üçün hesablanmış illik 5 faizlə 0,81 manat məbləğində faizin cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Buna görə də iddia həmin hissədə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçı digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədiyindən, iddiaçı gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən pul öhdəliyini xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, yəni 2 ay müddətində icra etməmişdir. Bu vaxt üçün illik beş faiz isə 0,81 manat məbləğində təşkil edir. Odur ki, iddia tələbi qeyd edilən hissədə təmin edilərək, gecikdirilmiş vaxt üçün hesablanmış illik 5 faizlə 0,81 manat məbləğində faiz cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddianın 20 manat mediasiya xərcinin cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh(lər) iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilə(lər)dən irəli gələn vəzifələrini icra etməmə(lər)si nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə eyni zamanda iddia tələbinin “hüquqi yardımla bağlı çəkdiyi 110 manat xərcin cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5 və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Göstərilən Məcəllənin 121.1.-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğundan, iddia isə qismən təmin edilməli olduğundan, göstərilən məbləğ ağlabatan məbləğdə, yəni 55 manat məbləğində cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 97,95 manat əsas borc, 0,81 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, 20 manat mediasiya xərci, 55 manat hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilmiş xərc, cəmi 173,76 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar