Məhkəmə qərarları › İş №e-2-2(121)-1406/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1406/2024

25.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1406/2024 25.06.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Astanov Amid Gülbala oğlunun katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X4, cavabdeh Cəbrayıl Rayon Təhsil Şöbəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cəbrayıl Rayon Təhsil Şöbəsinə qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Ləğv prosesində olan İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Cəbrayıl Rayon Təhsil Şöbəsinə qarşı pul tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cəbrayıl rayonu Təhsil şöbəsindən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Ləğvetmə Komissiyasının xeyrinə İddiaçı MMC ilə Cəbrayıl rayonunun Təhsil şöbəsi arasında istilik enerjisinin alqı-satqısı barədə 2016-cı il 07 noyabr tarixli 121/RM-19 nömrəli Müqavilə” üzrə yaranmış 52337,08 (əlli iki min üç yüz otuz yeddi manat səkkiz qəpik) manat məbləğində borcun, həmçinin hazırkı iddianın qaldırılması ilə əlaqədar dövlət rüsumu kimi dövlət büdcəsinə ödəmiş 250 (iki yüz əlli) manat dövlət rüsumunun, cəmi 52587,08 (əlli iki min beş yüz səksən yeddi manat səkkiz qəpik) manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cəbrayıl rayonunun Təhsil şöbəsi arasında istilik enerjisinin alqı-satqısı barədə 2016-cı il 07 noyabr tarixli 121/RM-19 nömrəli Müqavilə” şərtlərinə əsasən 2016-2017-ci illərdə Cəbrayıl rayonu Təhsil şöbəsinin tabeliiyində olan 6 məktəbi istilik enerjisi ilə təmin etmişdir. Qeyd olunan fəaliyyət çərçivəsində və sözügedən müqavilə əsasında cavabdehin İddiaçı MMC-yə 52337,08 (əlli iki min üç yüz otuz yeddi manat səkkiz qəpik) manat debitor borcu yaranmışdır. Müqavilənin 4-cü və 5-ci bəndlərinə əsasən ödəniş müəyyən edilmiş tarif üzrə və hesablaşma dövrü ərzində köçürmə yolu ilə aparılmalı idi. Lakin bu günədək cavabdeh müqavilə üzrə üzərinə götürülmüş öhdəlikləri yerinə yetirməyərək ona satılmış istilik enerjisinin dəyərini müəssisəyə ödəməmişdir. Bununla əlaqədar olaraq dəfələrlə cavabdehə yazılı və şifahi müraciətlər edilsə də heç bir nəticə əldə edilməmiş, müqavilə öhdəliyi üzrə yaranmış borcun ödənilməsi təmin edilməmişdir. Tərəflər arasında bağlanmış sözügedən müqavilənin 5-ci bəndinə əsasən “istehlakçı” bu müqavilə üzrə nəzərdə tutulmuş istilik enerjisinin dəyərini qarşılıqlı razılaşdırılmış müddətdə ödəməzsə, gecikdirdiyi hər gün üçün ödənməli olan vəsaitin 0,01 faizi məbləğində dəbbə pulu ödəyəcəkdir. Qeyd olunanlara əsasən hesab edirik ki, yaranmış mübahisə məhkəmə qaydasında həll edilməli, müqavilə üzrə yaranmış 52337,08 (əlli iki min üç yüz otuz yeddi manat səkkiz qəpik) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq İddiaçı MMCnin Ləğvetmə Komissiyasına ödənilməlidir. İddiaçı Ləğv prosesində olan İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X5 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Cəbrayıl Rayon Təhsil Şöbəsinin nümayəndəsi X2 məhkəmə iclasında iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, Ləğv prosesində olan İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cəbrayıl Rayon Təhsil Şöbəsinə qarşı pul tələbinə dair iddia ərizəsinin iddia müddəti tətbiq edilməklə təmin olunmaması barədə qətnamə çxarılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarını nəzərə alaraq, iş materiallarında olan sənədlərə, tərəflərin nümayəndələrinin məhkəmə iclasında verdikləri izahatlarına və məhkəmə iclasında tədqiq olunan digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia müddəti ötürüldüyündən iddia ərizəsi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh Cəbrayıl Rayon Təhsil Şöbəsi arasında bağlanmış “istilik enerjisinin alqı-satqısı barədə” xx.xx.2016-cı il tarixli, 121/RM-19 nömrəli müqavilənin: 1-ci bəndinə əsasən, hazırki müqaviləyə əsasən “İstiliktəchizatçı”, Cəbrayıl Rayon Təhsil Şöbəsinin tabeçiliyində olan 1 nömrəli əlavədə adları göstərilən məktəblərin istiliklə təminatını ərazidə quraşdırılmış istilik qurğularının istehsal gücünə uyğun istilik enerjisi ilə təmin edilməsini öhdəsinə götürür; 5-ci bəndinə əsasən, istilik enerjisinə görə hesablaşma dövrü 1 ay qəbul olunur. “İstiliktəchizatçı” hesabat dövründə “İstehlakçıya” ötürülmüş istilik enerjisinə görə ödəniş sənədini hövbəti hesabat dövrünün (ayının) 05-dək təqdim edir, sonrakı iyirmi bank günü ərzində hesablaşma dövründəki istilik enerjisinin haqqı “İstehlakçı” tərəfindən ödənilir; 11-ci bəndinə əsasən, bu müqavilənin müddəti tərəflərin qarşılıqlı razılığına əsasən 1 (bir) il müəyyən edilir. İş materiallarında olan xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək tərtib edilmiş elektron vergi hesab fakturalardan görünür ki, İddiaçı MMC tərəfindən Cəbrayıl rayonu Təhsil şöbəsinə ümumilikdə cəmi 52336,80 manat dəyərində istilik enerjisi verilmişdir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, məktubda “İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh Cəbrayıl Rayon Təhsil Şöbəsi arasında bağlanmış “istilik enerjisinin alqı-satqısı barədə” xx.xx.2016-cı il tarixli, 121/RM-19 nömrəli müqaviləyə yaranmış 52337,08 manat borcun xx.xx.2024-cü il tarixədək ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Mediasiya prosesinin tətbiqi barədə təklif”dən görünür ki, İddiaçı MMC tərəfindən cavabdeh Cəbrayıl Rayon Təhsil Şöbəsinə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə əsasən ilkin mediasiya sessiyasının keçirilməsi məqsədilə mediasiya prosesinin tətbiqi barədə təklif tərtib olunaraq göndərilmişdir. Məhkəmə, iş materiallarında olan sənədlərə və digər dəlillərə əsasən müəyyən edir ki, tərəflər arasında yaranmış mübahisənin predmetini, onların daxil olduqları müqavilə münasibətləri üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində iddiaçının subyektiv hüququnun pozulmasını iddia edərək həmin hüquqlarının bərpa edilməsinə dair tələbi təşkil edir. Belə ki, məhkəmənin, iş materiallarında olan sənədlərə, tərəflərin nümayəndələrinin məhkəmə iclaslarında verdikləri izahatlarına, təqdim olunmuş dəlillərə əsasən müəyyən etdiyi işin faktiki halları belədir ki, tərəflər arasında, iddiaçı tərəfindən cavabdehin tabeçiliyində olan təhsil müəssisələrinin istilik enerjisi ilə təchiz edilməsi, cavabdehin isə verilən istilik enerjisinin dəyərini razılaşdırılmış müddətdə iddiaçıya ödənilməsinə dair razılıq əldə olunmuşdur və həmin razılığı tərəflər “istilik enerjisinin alqı-satqısı barədə” xx.xx.2016-cı il tarixli, 121/RM-19 nömrəli müqavilə ilə rəsmiləşdirmişlər. İddiaçı qeyd edilən müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra edərək cavabdehi ümumilkdə 52337,08 manat dəyərində istilik enerjisi ilə təchiz etdiyini, lakin cavabdehin həmin məbləği ödəməkdən yayındığını iddia edir. Cavabdeh adı çəkilən müqavilə üzrə iddia müddətinin iddiaçı tərəfindən ötürüldüyünü bildirir. Məhkəmə hesab edir ki, müqavilənin şərtlərinə, eləcə də müqavilənin icrası ilə bağlı tərəflərin sonrakı hərəkətlərinə əsasən müəyyən edilən işin faktiki halları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29-cu fəslinin 1-cı paraqrafında yer alan alğı-satqı müqaviləsinə dair müvafiq normaların dispozisiya şərtlərinə uyğun gəldiyinə görə iddia tələbinin maddi hüquqi əsası kimi həmin normalara istinad edilməlidir. Məhkəmə qeyd edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Məhkəmə, işdə olan sənədlərə və digər sübut əhəmiyyətli materiallara əsasən bu qənaətə gəlir ki, tərəflər arasında əşyanın (istilik enerjisinin) nisyə satışını nəzərdə tutan alğı-satqı müqaviləsinin bağlandığı, həmin müqavilənin etibarsızlığına dəlalət edən halların olmadığı, iddiaçı tərəfindən müqavilənin obyekti olan istilik enerjisi ilə cavabdehi təchiz etməsi, verilən istilik enerjisinin ümumi dəyərinin 52337,08 manat məbləğində olması (elektron hesab fakturalara əsasən) işin mübahisəsiz hallarını təşkil edir. Belə ki, qeyd olunan xüsusatlar işdə olan sənədlərlə təsdiqini tapdığı kimi, cavabdeh tərəfindən də mübahisələndirilməmişdir. Məhkəmə hesab edir ki, işin mübahisəli halını cavabdeh tərəfindən iddiaçının iddia müddətini ötürməsini iddia etməsi ilə əlaqədar olaraq iddia müddətinin ötürülübötürülməməsinin müəyyən edilməsi təşkil edir. Məhkəmə, tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakterini müəyyən etdikdən sonra iddiaçının hazırki tələbi irəli sürməsi üçün subyektiv hüquqa malik olubolmamasına və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmamasına münasibət bildirməyi vacib hesab edir. İşin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddiaçının hazırki tələblə bağlı subyektiv hüququ tərəflər arasında etibarlı şəkildə bağlanılmış alğı-satqı müqaviləsindən irəli gəlir. Həmin müqavilənin şərtlərinə görə iddiaçı cavabdehin tabeliyində olan müəssisələrə istilik enerjisi verməyi, cavabdeh isə alınan enerjiyə görə razılaşdırılmış qiyməti şərtləşdirilmiş vaxtda ödəməyi öhdəliklərinə götürmüşlər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına əsasən, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirərək cavabdehin tabeliyində olan müəssisələri istilik enerjisi ilə təchiz etmişdir. Qeyd olunduğu kimi, bu xüsusat işdə olan qaimələrlə öz təsdiqini tapdığı kimi, cavabdeh tərəfindən də mübahisələndirilməmişdir. Cavabdeh isə müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir və nəticədə onun iddiaçıya verilən enerjinin qarşılığında ödənilməmiş borcu yaranmışdır. Cavabdehin verilən enerjinin qarşılığında borcunun yaranması işdə olan sənədlərlə sübut olunur. Borcun olmasına dair iddiaçının tələbi də cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Bununla da, cavabdeh Cəbrayıl Rayon Təhsil Şöbəsinin müqavilə üzrə yaranmış öhdəliklərini vaxtında və lazımınca icra etmədiyi aşkar olunur. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cəbrayıl Rayon Təhsil Şöbəsinə qarşı “istilik enerjisinin alqı-satqısına dair” müqavilə üzrə görülən verilən istilik enerjisinin dəyərinin ödənilməsi barədə öhdəliklərin icrasına dair tələbi qanuni və əsaslıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının cavabdehə qarşı pul tələbinin təmin edilməsi üçün hüquqi əsas, tərəflər arasında mövcud olmuş alğısatqı müqaviləsi üzrə alıcının vəzifə və məsuliyyətini müəyyən edən, həmçinin öhdəlik hüquq münasibətlərini tənzimləyən Mülki Məcəllənin müvafiq normalarının tələblərindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 597.1-ci maddəsinə əsasən, alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, sadalanan maddi hüquq normalarının tələblərini işin faktiki hallarına tətbiq edərək məhkəmə bu qənaətə gəlir ki, istilik enerjisinn alğı-satqısına dair müqavilədən yaranan öhdəlik cavabdeh tərəfindən lazımınca icra edilmədiyinə görə müqavilə üzrə borcun cavabdeh Cəbrayıl Rayon Təhsil Şöbəsindən tutulması barədə iddiaçının hazırki tələbi irəli sürməsi üçün subyektiv hüququ yaranmışdır. Baxılan işin mübahisəli halını təşkil edən, mübahisəyə iddia müddətinin tətbiqi məsələsi ilə əlaqədar məhkəmə qeyd edir ki, cavabdeh Cəbrayıl Rayon Təhsil Şöbəsi ona qarşı yönəldilmiş iddia tələbinin obyekti olan borc məbləğini mübahisələndirməsə də, həmin borcun tələb edilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətinin iddiaçı tərəfindən ötürüldüyünə dair məhkəməyə ərizə vermişdir. Məhkəmə, cavabdeh Cəbrayıl Rayon Təhsil Şöbəsinin iddia müddətinin tətbiqi barədə ərizəsinə hüquqi qiymət verərək qeyd edir ki, Mülki Məcəllənin 372.1, 372.2, 373.2, 377.1, 377.2, 377.3 və 380.1-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Sadalanan maddi hüququ normalarının tələblərindən aydın olur ki, bir şəxsin başqa şəxsdən tələb etmək hüququna müddət şamil edilir və bu müddət əgər pozulmuş hüququn bərpası məhkəmə müdafiəsi yolu ilə həyata keçirilirsə iddia müddəti sayılır. İddia müddəti isə müqavilə tələbləri üzrə üç illə məhdudlaşır. İddia müddətinin keçməsi hüququ pozulmuş şəxsin tələblə məhkəməyə müraciət etməsinə mane olmasa da, digər tərəfin iddia müddətinin keçməsinə istinad etməsi və bu barədə məhkəməyə ərizə verməsi məhkəmənin həmin əsasla iddianı rədd etməsi üçün hüquqi zəmin yaradır. O da qeyd edilməlidir ki, iddia müddətinin tətbiqinə dair məsələlərin həlli zamanı həmin müddətin axımının başlanması anının dəqiq müəyyən edilməsi, həmçinin hər bir konkret iş üzrə iddia müddətinin axımının dayandırılması və ya kəsilməsi hallarının mövcud olubolmamasının araşdırılması zəruridir. Hazırki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh Cəbrayıl Rayon Təhsil Şöbəsi arasında bağlanmış “istilik enerjisinin alqı-satqısı barədə” xx.xx.2016-cı il tarixli, 121/RM-19 nömrəli müqavilənin qüvvədə olma müddəti 1 (bir) il kimi müəyyən edilmişdir. Həmçinin, işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh tərəfindən müqavilə üzrə ödəniş ümumiyyətlə həyata keçirilməmişdir və İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehin müqavilə üzrə öhdəliyini icra etməkdən yayındığını və bununla da hüquqlarının pozulduğunu müqavilə bağlandıqdan qısa müddət sonra bilmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı MMC ilə cavabdeh Cəbrayıl Rayon Təhsil Şöbəsi arasında bağlanmış alğı-satqı müqaviləsindən yaranan tələblər üzrə iddia müddətinin axımı müqavilənin son qüvvədə olma tarixi olan xx.xx.2017-ci il tarixindən etibarən başlamışdır və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixdə bitmişdir. İşdən görünür ki, iddiaçı hazırki iddiası ilə bağlı cavabdehə qarşı ilk tələbini, borcun ödənilməsinə dair xəbərdarlıq bildirişini (pretenziya məktubunu) xx.xx.2024-cü il tarixdə cavabdehə təqdim etmiş, mediasiya prosesinin tətbiqi barədə təklif məktubunu isə xx.xx.2024-cü il tarixdə cavabdehə göndərmişdir. Bununla da müəyyən olunur ki, xx.xx.2020-ci il tarixdə bitmiş iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Məhkəmə qeyd edir ki, mülki qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinin axımının dayandırılmasına və ya kəsilməsinə səbəb olan hallar baxılan iş üzrə aşkar edilməmişdir. Beləliklə, yuxarıda şərh olunanlara yekun vuraraq məhkəmə müəyyən edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Buna görə də, iddia müddətinin tətbiqinə dair cavabdeh Cəbrayıl Rayon Təhsil Şöbəsinin ərizəsi əsaslı hesab edilməli və hazırki mübahisə iddia müddəti tətbiq edilməklə həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddətinin tətbiqinin əsaslarını və nəticələrini tənzimləyən maddi hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı MMC-nin cavabdeh Cəbrayıl Rayon Təhsil Şöbəsindən müqavilə üzrə borcu tələb etmək hüququ olsa da, iddia müddəti keçdiyinə görə həmin hüququn dövlət məcburetmə vasitələri ilə həyata keçirilməsi imkanını iddiaçı itirmişdir. Buna görə də, iddiaçının müqavilə üzrə pul tələbinə dair iddiası təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar