Məhkəmə qərarları › İş №e-2-2(121)-1416/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1416/2023

11.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1416/2023 11.10.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, məhkəmə iclas katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2022-ci il 13 may tarixli 09/02557 nömrəli operativ lizinq müqaviləsinə əsasən 2.250 manat borc və 60 manat mediasiya xərci olmaqla, cəmi 2.310 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 2022-ci il 13 may tarixli 09/02557 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən 4.500 manat öhdəlikdən 2.250 manat ödəniş edilmişdir. Cavabdehin Cəmiyyətə hazırda 2.250 manat borcu vardır. Lakin cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığından iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də, cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə kreditora olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki, bağlanmış müqavilənin 2.2.2-ci bəndinə əsasən cavabdeh lizinq ödənişlərini müqavilə (istifadə) müddəti ərzində bu müqavilənin 1.1-ci bəndinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Bununla da cavabdeh İddiaçı ASC ilə bağladığı müqavilənin həmin bəndi ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehlə bağlanmış müqavilənin 2.2.3-cü maddəsinə görə texnikanın istifadəsinə görə ödəniş həyata keçirilmədikdə, texnikanı qeyd-şərtsiz geri qaytarmaqla borc məbləğinin ödənilməsinə dair cavabdeh öhdəlik daşıyır. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdə İddiaçı ASC-nin Sabirabad nümayəndəliyindən işlənmiş, bir çox yeri nasaz olan taxıl biçən SAMPO 2045 markalı kombaynı müqavilə əsasında götürərək öz hesabına təmirçi usta tərəfindən xərcini ödəməklə təmir etdirdiyni, ehtiyyat hissələrini müxtəlif yerlərdən baha qiymətlə tapıb aldığını, biçində olduğu zaman iş vaxtı kombaynın xarab olduğunu, bu barədə dərhal "xxxx" ASC-nin Sabirabad Regional Nümayəndəliyinə məlumat verdiyini, baxış keçirilən zaman kombaynın sürət qutusunda əvvəlcədən nasazlıq olduğunun müəyyən edildiyini, nasazlıq barədə qüsur aktının tərtib edildiyini, iddiaçının kombaynda baş vermiş nasazlığı nəzərə almadan ona qarşı iddia irəli sürdüyünü bildirmiş və qərar qəbul edilərkən tərtib edilmiş qüsur aktının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və icarəyə götürdüyü kombaynda qısa müddət sonra nasazlıq yarandığını, bu barədə qüsur aktı tərtib olunduğunu, kombaynın təmirinə ümumilikdə 2900 manat xərc çəkdiyini bildirərək, iddianın təmin olunmamasını xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarını nəzərə alaraq, iş materiallarında olan sənədlərə, tərəflərin məhkəmə iclaslarında verdikləri izahatlarına və digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən, kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı istehsal vasitələri ilə təminatının gücləndirilməsi, ölkədə aqrotexniki xidmətlər göstərilməsi ilə bağlı işlərin səmərəsinin artırılması və sistemliliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. İş materiallarında olan 2022-ci il 13 may tarixli 09/02557 nömrəli operativ lizinq müqaviləsinin surətindən görünür ki, 1 ədəd SR-2045 markalı taxılyığan kombaynın xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödəniş məbləği 4500 manat müəyyən edilməklə lizinqə verilməsinə dair İddiaçı ASC ilə Cavabdeh arasında lizinq müqaviləsi imzalanmışdır. Həmin müqavilənin: 1.2-ci bəndinə əsasən, lizinq alan (istifadəçi) texnikanın müqavilə müddəti bitməmişdən əvvəl təhvil verilməsindən, texnikanın istismarı zamanı baş vermiş nasazlıq səbəbi ilə boş dayanmalardan və texnikanın saz vəziyyətə gətirilməsinə çəkilən xərcdən asılı olmayaraq, bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş məbləği lizinq verənə tam şəkildə ödəməyi öhdəsinə götürür; 1.4-cü bəndinə əsasən, müvəqqəti istifadəyə götürülmüş texnikaların ödəniş öhdəliyi 100% olaraq ödənilməlidir; 2.2.5-ci bəndinə əsasən, texnikanın təyinatı üzrə səmərəli istifadəsini, saz vəziyyətdə saxlanmasını, vaxtında texniki xidmətlərin aparılmasını, təmirini, GPS avadanlıq dəstinin qorunub saxlanmasını və icazəsiz konstruktiv dəyişiklik edilməməsini təmin etmək barədə lizinq alan öhdəlik götürmüşdür; 2.2.8-ci bəndinə əsasən, bu müqavilənin müddəti başa çatdıqdan sonra texnikanı saz və dəst halda lizinqə (istifadəyə) verənə geri qaytarmağı lizinq alan qeyri-şərtsiz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli iltizamların surətlərindən görünür ki, Cavabdeh həmin iltizamları imzalayaraq texnikanı təyinatı üzrə istifadə edəcəyinə, istismar zamanı yaranmış nasazlığı müqavilə (istifadə) müddəti ərzində öz hesabına aradan qaldıracağına, müqavilə müddəti (istifadə) bitməmişdən əvvəl təhvil verməyindən, texnikanın istismarı zamanı baş vermiş nasazlıq səbəbi ilə boş dayanmalardan və texnikanın saz vəziyyətə gətirilməsinə çəkilən xərcdən asılı olmayaraq şərtləşdirilmiş məbləği lizinq verənə tam şəkildə ödəyəcəyinə, kombaynı parka saz və dəst halda təhvil verəcəyinə, tərəfindən ödənilmiş xərclərin geri qaytarılması ilə bağlı tələb irəli sürməyəcəyinə dair öhdəlik götürmüşdür. İş materiallarında olan İddiaçı ASC-nin Sabirabad RN-nin baş mühəndisi X3 və Cavabdeh tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli 1 saylı aktın surətindən görünür ki, İddiaçı ASC-nin Sabirabad RN-nin istifadəsində olan 1 ədəd SR-2045 markalı taxılyığan kombayn saz vəziyyətdə Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan 28 iyun 2022-ci il tarixdə tərtib edilərək Sabirabad DAİM-nin TNT sektor müdiri X2, İddiaçı ASC-nin Sabirabad nümayəndəliyinin direktoru X4, həmin nümayəndəliyin mühəndis mexaniki X6 və Cavabdeh tərəfindən imzalanmış “Qüsur aktı” ilə təsdiq edilmişdir ki, İddiaçı ASC-nin Sabirabad nümayəndəliyində xx.xx.2022-ci il tarixində (aktda səhvən xx.xx.2021-ci il qeyd olunmuşdur) Şirvan şəhər sakini Cavabdeh 09\02557 nömrəli müqavilə əsasında verilmiş Sampo-2045 markalı taxılyığan kombaynda iş prosesində nasazlıqlar aşkar edilmişdir və müayinə zamanı bilinmişdir ki, sürətlər qutusu və hərəkət verici palos sıradan çıxmışdır. Bu səbəbdən kombatn uzun müddətli təmirə dayandırılmışdır. İş materiallarında olan RN-nin istifadəsində olan texnikanın qısamüddətli lizinqə götürəndən geri alınarkən tərtib edilən xx.xx.2022-ci il tarixli “texniki vəziyyət haqqında” 2 saylı aktdan görünür ki, 1 ədəd SR-2045 markalı taxılyığan kombayn surətlər qutusu nasaz vəziyyətdə Cavabdeh tərəfindən "xxxx" ASC-nin Sabirabad RN-nin rəhbərinə təhvil verilmiş və bu barədə tərəflər arasında akt tərtib olunaraq imzalanmışdır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış 2022-ci il 13 may tarixli 09/02557 nömrəli müqaviləyə əsasən lizinqə götürdüyü müqavilə məbləği 4.500 manat olan kənd təsərrüfatı texnikası üçün cəmiyyətin hesabına 2.250 manat ödəniş edilmiş, Cavabdeh qalıq borcu 2.250 manat təşkil edir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh ünvanladığı pretenziya məktubunun surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış müqaviləyə əsasən yaranmış əsas borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi və müqavilənin ləğv edilərək lizinq obyekti olan texnikaların saz vəziyyətdə geri qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ərizəsinə əsasən xx.xx.2023-cü il tarixinə təyin edilən ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İş materiallarında olan “arayış”ın surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilkin mediasiya sessiyasının keçirilməsi üçün Sabirabad 1 saylı Mediasiya Təşkilatının hesabına 60 manat vəsait ödəmişdir. Məhkəmənin, iş materiallarında olan sənədlərə, tərəflərin məhkəmə iclaslarında verdikləri izahatlarına, təqdim olunmuş dəlillərə əsasən müəyyən etdiyi işin faktiki halları belədir ki, tərəflər arasında, iddiaçı tərəfindən ona məxsus olan kənd təsərrüfatı texnikasını (kombaynı) xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şərtləşdirilmiş 4500 manat haqla cavabdehin istifadəsinə verilməsinə, cavabdeh tərəfindən isə texnikadan istifadəyə görə müəyyənləşdirilmiş dövriliklə muzd ödənilməsinə dair razılıq əldə olunmuşdur və həmin razılığı tərəflər xx.xx.2022-ci il tarixli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqavilə” ilə rəsmiləşdirmişlər. İddiaçı qeyd edilən müqavilə üzrə üzərinə düşən öhdəliyi icra edərək texnikanı cavabdehin istifadəsinə verdiyini, lakin cavabdehin texnikadan istifadəyə görə şərtləşdirilmiş muzdun məbləğini tam ödəmədiyini, nəticədə cavabdehin ödənilməmiş 2.250 manat məbləğində borcunun qaldığını iddia edir. Cavabdeh qeyd edilən texnikanı istifadəsinə qəbul etdiyini, iddiaçıya şərtləşdirilmiş məbləğin yarısını ödədiyini, digər yarısını isə ödəmədiyini etiraf edir, lakin qalan məbləği ödəməməsini texnikanın ona verilərkən nasaz vəziyyətdə olması ilə əsaslandırır və bu əsasa görə iddianı rədd edir. Məhkəmə ilk növbədə tərəflər arasında yaranmış münasibətin xarakterini müəyyən etməyi və ona hüquqi qiymət verməyi zəruri hesab edərək bu qənaətə gəlir ki, işin müəyyən edilmiş hallarınə əsasən tərəflər arasında lizinq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yarandığı aşkar olunur. Belə ki, baxılan işin faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinin dispozisiya şərtləri uyğun gəlir. Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Məhkəmə qeyd edir ki, müqavilə onu iştirakçıları (iş üzrə tərəflər) tərəfindən mübahisələndirilməmişdir, həmçinin müqavilənin etibarsızlığına dair hallar məhkəmə tərəfindən də aşkar edilməmişdir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, tərəflər arasında etibarlı şəkildə bağlanılmış lizinq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Bundan irəli gələrək məhkəmə hesab edir ki, müqavilənin şərtlərinə əsasən müəyyən edilən işin faktiki halları Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulan lizinq müqaviləsinə dair müvafiq normaların dispozisiya şərtlərinə uyğun gəldiyinə görə iddia tələbinin maddi hüquqi əsası kimi həmin normalara istinad edilməli və iddia həmin normaların tələbləri tətbiq ediləklə qiymətləndirilməlidir. Məhkəmə iddia ərizəsində qeyd olunanları, tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdiklərə dəlilləri və məhkəmə iclasında tədqiq olunmuş digər sübutları nəzərə alaraq bu qənaətə gəlir ki, iddiaçının hazırki tələbi irəli sürməsi üçün subyektiv hüququ vardır və həmin hüquq cavabdehin qanunsuz hərəkətləri nəticəsində pozulmuşdur. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə və lizinq müqaviləsinə dair mülki qanunvericiliyin tələblərinə əsasən sübut edə bilmişdir. Belə ki, lizinq müqaviləsinin obyekti olan texnikanın cavabdehin istifadəsinə verilməsi, cavabdeh tərəfindən şərtləşdirilən ümumilikdə 4500 manat məbləğində olan muzdun (haqqın) 2250 manat məbləğində hissəsinin ödənilməməsi işin mübahisəsiz hallarını təşkil edir. İşin mübahisəli halları belədir ki, cavabdeh lizinq obyekti olan texnikanın ona nasaz vəziyyətdə verildiyini, həmin texnikanın təmirinə ümumilikdə 2900 manat xərc çəkdiyini iddia edir və buna görə də lizinq müqaviləsi üzrə ödəməli olduğu qalıq məbləğinin ondan tutulmasına dair iddiaçının tələbini əsassız hesab edir. İddiaçı isə texnikanın saz vəziyyətdə cavabdehə təhvil verildiyini, texnikada sonradan yarana biləcək nasazlığın cavabdeh tərəfindən aradan qaldırılmasının tələb olunduğunu bildirir. Məhkəmə işin mübahisəli hallarını müqavilə şərtlərini və lizinq müqaviləsinə dair münasibətlərin normativ tənzimlənməsinə dair müddəaları rəhbər tutmaqla qiymətləndirərək qeyd edir ki, əvvəla lizinq müqaviləsinin obyekti olan texnikanın istifadəyə verilərkən nasaz vəziyyətdə olması iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmır. Əksinə işdə olan təhvil-təslim aktlarının məzmunundan görünür ki, mübahisəli texnika cavabdehə təhvil verilərkən saz vəziyyətdə olmuş, cavabdeh tərəfindən geri qaytarılarkən isə surətlər qutusunda nasazlıq olduğu qeyd olunmuşdur. Həmçinin cavabdehin öz etirazının faktiki əsası kimi qeyd etdiyi qüsur aktının da məzmunundan müəyyən olunur ki, taxılyığan kombaynda sürətlər qutusu və hərəkət verici palosun sıradan çıxması ilə əlaqədar nasazlıqlar iş prosesində ortaya çıxmışdır. Digər tərəfdən məhkəmə nəzərə alır ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə və cavabdehin imzaladığı iltizamların məzmunlarına görə, texnikanın təyinatı üzrə səmərəli istifadəsini, onun saz vəziyyətdə saxlanmasını, vaxtında texniki xidmətlərin aparılmasını, və təmirini cavabdeh (lizinq alan) qeyri-şərtsiz üzərinə götürmüş, həmçinin texnikanı təyinatı üzrə istifadə edəcəyinə, istismar zamanı yaranmış nasazlığı müqavilə (istifadə) müddəti ərzində öz hesabına aradan qaldıracağına, müqavilə müddəti (istifadə) bitməmişdən əvvəl təhvil verməyindən, texnikanın istismarı zamanı baş vermiş nasazlıq səbəbi ilə boş dayanmalardan və texnikanın saz vəziyyətə gətirilməsinə çəkilən xərcdən asılı olmayaraq şərtləşdirilmiş məbləği iddiaçıya (lizinq verənə) tam şəkildə ödəyəcəyinə, kombaynı parka saz və dəst halda təhvil verəcəyinə dair öhdəliyə imza atmışdır. Belə olan halda cavabdehin, istifadəyə götürdüyü texnikada iş prosesində yaranmış nasazlığı öz vəsaiti hesabına təmir etməsi ilə əlaqədar müqavilə üzrə ödənişdən yayınmasına haqq qazandırması qəbul edilə bilməz. İşin bu qeyd olunan hallarına görə cavabdehin etirazında haqlı olması lizinq müqaviləsinə dair münasibətləri, o cümlədən lizinq müqaviləsinin iştirakçılarının hüquq və vəzifələrini tənzimləyən mülki qanunvericiliyin aidiyyəti normaları ilə də təkzib olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələrini müəyyən edən 748-1-ci maddəsinin tələblərinə görə, lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir (748-1.1), lizinq alan əmlakı qəbul edərkən hər hansı bir satışmazlıq aşkar edərsəz, qəbul protokolunda bu barədə qeyd etməli və çatışmazlıqları aradan qaldırmaq məqsədilə bu əmlakı satan hüquqi və ya fiziki şəxslər qarşısında tələb irəli sürmək üçün lizinq verənə məlumat verməlidir (748-1.2), lizinq verən müvəqqəti sahibliyə və istifadəyə verilən lizinq obyektinin lizinq müqaviləsi bağlanarkən şərtləşdirilmiş və ya lizinq alana əvvəlcədən məlum olan, yaxud lizinq alanın lizinq obyektini nəzərdə keçirərkən və ya lizinq müqaviləsinin bağlanması zamanı onun sazlığını yoxlayarkən aşkar oluna bilən çatışmazlıqlar üçün məsuliyyət daşımır (748-1.4), lizinq alan, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə texniki xidməti, onun orta və cari təmirini öz hesabına həyata keçirir. Lizinq obyekti olan əmlakın əsaslı təmiri, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq verən tərəfindən aparılır (748-1.7), lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır (748-1.8), əgər lizinq alan lizinq verənin yazılı razılığı olmadan lizinq obyektini öz vəsaiti hesabına yaxşılaşdırıbsa və bu lizinq obyektinə zərər vurmadan ayrıla bilmirsə, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan bu yaxşılaşdırmaların dəyərinin ona ödənilməsini tələb etmək hüququna malik deyildir (748- 1.11). Məhkəmə, sadalanan mülki hüquq müddəalarının tələblərini baxılan işin faktiki hallarına tətbiq edərək qeyd edir ki, lizinq obyektində müqavilə müddəti ərzində yaranmış nasazlıqların aradan qaldırılması öhdəliyi və bununla bağlı çəkilən məsrəflər cavabdehə aid olduğuna görə, onun həmin hallara isinadən lizinq müqaviləsi üzrə muzdun (haqqın) ödənilməsindən yayınmasına cəhd etməsi qeyri-qanuni və öhdəliyin pozulması kimi qəbul edilməlidir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının lizinq müqaviləsi üzrə haqqın ödənilməsi tələbinə dair iddiası qanuni və əsaslıdır. Məhkəmə qeyd edir ki, cavabdehin öhdəliyini icra edərək lizinq müqaviləsi üzrə haqqı iddiaçıya ödəmək vəzifəsi, həmçinin iddiaçının cavabdehə qarşı pul tələbinin təmin edilməsi üçün hüquqi əsas, tərəflər arasında mövcud olmuş lizinq müqaviləsi üzrə lizinq alanın vəzifə və məsuliyyətini müəyyən edən, həmçinin öhdəlik hüquq münasibətlərini tənzimləyən Mülki Məcəllənin müvafiq normalarının tələblərindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 748-10.1, 748-10.2 və 748- 10.4-cü maddələrinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. İddiaçının lizinq müqaviləsi üzrə ödənişin cavabdehdən tutularaq ona ödənilməsinə dair iddiası həmçinin öhdəlik hüququnun ümumi normalarının tələblərindən də irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunur ki, iddiaçı tərəflər arasında bağlanmış lizinq müqaviləsi üzrə öhdəliyini icra edərək lizinq obyekti əşyanı cavabdehin istifadəsinə vermişdir, cavabdeh isə müqavilə öhdəliyini pozaraq lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri ərzində iddiaçıya ödəməmiş, nəticədə cavabdehin 2.250 manat məbləğində borcu yaranmışdır. Tələb olunan borc məbləği cavabdehin risk dairəsinə daxil olan öhdəliyin pozulması nəticəsində yarandığına görə, həmin borc cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Məhkəmə həmçinin iddianın 60 manat mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsini də əsaslı hesab edir. Belə ki, cavabdeh imzaladığı müqavilədən irəli gələn vəzifələrini icra etmədiyinə görə iddiaçının məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə iddiaçıya əlavə zərər vurmuşdur. Buna görə də, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, hazırki iş üzrə iddia ərizəsinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddiaçı 42,5 manat rüsum ödəməli olduğuna, lakin həmin Qanunun 9.1-1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunduğuna, həmçinin iddia tələbi təmin olunduğuna görə qeyd edilən dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh 2.250 manat əsas borc və 60 manat mediasiya ödənişi olmaqla, ümumilikdə 2.310 manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia ərizəsinin verilməsinə görə nəzərdə tutulan 42,5 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin və Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar