Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-1491/2024 06.05.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abdullayev Elşən Uğur oğlu, İddiaçı MMCnin hüquqi şəxsin müflis elan edilməsinə dair ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, müəyyənetdi: Ərizəçi İddiaçı MMC (VÖEN: **********) ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı MMC-nin fəaliyyəti dayandırıldığından hər hansı bir daşınmaz və daşınar əmlakı və başqa aktivləri olmadığından hüqüqi şəxsin müflis elan edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, “Müflisləşmə və İflas haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən borclunun iflas haqqında ərizəsi qanunvericilikdə müəyyən edilmiş formada tərtib edilməli və imzalanmalıdır. Borclunun nümayəndəsi tərəfindən verilən ərizəsinə etibarnamə və ya həmin nümayəndənin səlahiyyətini, yaxud onun qulluq mövqeyini təsdiq edən başqa sənəd əlavə edilməlidir. Həmin Qanunun 4-cü maddəsinin 2-ci hissəsinə əsasən iflas haqqında məhkəməyə verilən ərizədə ərizənin verildiyi məhkəmənin adı, borclunun adı (fərdi borclunun və ya onun nümayəndəsinin adı, atasının adı, soyadı) və ünvanı, bütün məlum kreditorların (adları, atalarının adları, soyadları), poçt ünvanı və onların borcluya qarşı irəli sürdüyü tələblərin məbləğləri, borclu iflas haqqında məhkəməyə ərizə verdikdən sonra bir il ərzində onun vaxtı çatacaq borc öhdəliklərinə dair məlumat, bu Qanuna müvafiq surətdə borclunun ödəmə qabiliyyətsizliyinin özü tərəfindən təsdiq edilməsi və ya sübut olunması, borclunun ərizəsinə qoşulan sənədlərin siyahısı və borclunun fikrincə, iş üzrə məhkəmə baxışı üçün məhkəməyə lazım ola bilən hər hansı başqa məlumat, o cümlədən fərdi borcluya aid halda müəyyən aktivlərin borclunun əmlakından çıxarılmasına dair onun tələbini təsdiq edən müfəssəl məlumat, habelə qanunvericiliklə nəzərdə tutulmuş digər məlumatlar göstərilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçi yalnız “X1” MMC-nin İddiaçı MMC-yə qarşı irəli sürdüyü tələblərin məbləğlərinə dair məlumatları ərizədə göstərsə də “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində əsasən digər məlum kreditorların borcluya qarşı irəli sürdüyü tələblərin məbləğləri, borclu iflas haqqında məhkəməyə ərizə verdikdən sonra bir il ərzində onun vaxtı çatacaq borc öhdəliklərinə dair məlumatları, “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanuna müvafiq surətdə borclunun ödəmə qabiliyyətsizliyinin özü tərəfindən təsdiq edilməsi və ya sübut olunmasına dair və iş üzrə məhkəmə baxışı üçün məhkəməyə lazım ola bilən hər hansı başqa məlumatları, habelə qanunvericiliklə nəzərdə tutulmuş digər məlumatları ərizəsində göstərməmişdir. Habelə, “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən iflas haqqında ərizədə borclunun məhkəmə xərclərinin ödənilməsinə möhlət verilməsini xahiş etdiyi hallar istisna olmaqla, qanunvericilikdə müəyyən edilmiş məhkəmə rüsumlarının ödənilməsini təsdiq edən sənəd və ödənilməli və alınmalı məbləğlər müfəssəl göstərilməklə, borclunun kreditorlarının və debitorlarının siyahısı əlavə edilməlidir. Həmin Qanunun 5-ci maddəsinin 2-ci hissəsinə əsasən borclu müəssisənin iflas haqqında ərizəsinə iflas prosesinə başlanması üçün məhkəməyə müraciət etmək barəsində borclunun səlahiyyətli orqanının qərarının surəti, borclu dövlət müəssisəsidirsə, iflas prosesinə başlanması üçün məhkəməyə müraciət etmək barəsində müvafiq icra hakimiyyəti orqanının qərarının surəti və sonuncu hesabat tarixinə olan maliyyə hesabatları da əlavə edilməlidir. Lakin, ərizəyə əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən olunur ki, ərizəçi tərəfindən sonuncu hesabat tarixinə olan maliyyə hesabatları ərizəyə əlavə edilməmişdir. Bununla bağlı, məhkəmə qeyd edir ki, maliyyə hesabatı tərtib edilərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.4-cü maddəsinin tələbinə əməl edilərək maliyyə hesabatının düzgünlüyünə dair kənar auditin müvafiq rəyi alınmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin 91.4-cü maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən iflas haqqında məhkəməyə verilmiş ərizənin (iddia ərizəsinin) bu Qanunun tələblərinə uyğun gəlməməsi, o cümlədən ona əlavə olunmalı sənədlərin həmin ərizə ilə birlikdə təqdim edilməməsi qanunvericilikdə nəzərdə tutulan müvafiq prosessual nəticələrə (məhkəmənin ərizəsini qəbul etməkdən imtina etməsinə, onu baxmadan saxlamasına, hərəkətsiz saxlamasına, yaxud qaytarmasına) səbəb ola bilər. Həmçinin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə Şirvan Kommersiya Məhkəməsinə 100 manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: **********) ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi geri qaytarılmalı və Şirvan Kommersiya Məhkəməsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçınə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 3, 10-1.3, 151- 152 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi İddiaçı MMC-nin hüquqi şəxsin müflis elan edilməsinə dair ərizəsi geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. İddiaçı tərəfindən Şirvan Kommersiya Məhkəməsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: **********) İddiaçınə geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-1491/2024
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-1491/2024
06.05.2024 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver