Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1500/2025 03.07.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynli Əli Nizami oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “pul tələbi” barəsində iddiasına dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:
1. İddiaçı "xxxx" MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən xx.xx.2023-cü il tarixli, 192 nömrəli "Alqı-satqı müqavilə"sinə əsəsən 34.350,25 manat (5239,87 manat ƏDV daxil olmaqla) məbləğində pulun, 3435 manat faiz, hüquqi yardım üçün vəkilə ödənilmiş 1500 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 208 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Vəkil məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi”nə dair ərizə ilə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən xx.xx.2023cü il tarixli, 192 nömrəli "Alqı-satqı müqavilə"sinə əsəsən 34.350,25 (otuz dörd min üç yüz əlli manat, iyirmi beş qəpik) manat (5239,87 manat ƏDV daxil olmaqla) məbləğində pulun, 3435 (üç min dörd yüz otuz beş) manat dəbbə pulunun (cərimənin), hüquqi yardım üçün vəkilə ödənilmiş 1500 (bir min beş yüz) manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 208 (iki yüz səkkiz) manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə cavabdeh "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixli, 192 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Bundan əlavə tərəflər arasında xx.xx.2024-cü il tarixli, 01 nömrəli və xx.xx.2024-cü il tarixli, 02 nömrəli X4 Protokolları bağlanmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 01 nömrəli X4 Protokoluna və xx.xx.2024-cü il tarixli Təhvil-təslim Aktına əsasən 36.621,28 manat (5586,3 manat ƏDV daxil olmaqla) məbləğində mal iddiaçı "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə təhvil verilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 02 nömrəli X4 Protokoluna və xx.xx.2024-cü il tarixli Təhvil-təslim Aktına əsasən 15428,97 manat (2353,57 manat ƏDV daxil olmaqla) məbləğində mal iddiaçı "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə təhvil verilmişdir. Beləliklə xx.xx.2023-cü il tarixli, 192 nömrəli alqı-satqı müqaviləsi üzrə "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə ümumilikdə 52050,25 manat məbləğində mal verilmişdir. "xxxx" MMC tərəfindən həmin borc məbləğindən xx.xx.2024-cü il tarixində 17700 manat (2700 manat ƏDV daxil olmaqla) məbləğində ödəniş olunmuşdur. Hal hazırda "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 192 nömrəli "Alqısatqı müqavilə"sinə əsəsən "xxxx" MMC-yə 34.350,25 (otuz dörd min üç yüz əlli manat, iyirmi beş qəpik) manat (5239,87 manat ƏDV daxil olmaqla) məbləğində borcu vardır. Bununla bağlı dəfələrlə həm yazılı, həm də şifahi xəbərdarlıqlar olunsa da, bunların heç birinin əhəmiyyəti olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin439.3-cü maddəsinə əsasən qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Göründüyü kimi CavabdehMMC tərəfindən bir ildən çoxdur ki, pulun ödənilməsini təmin etmir. xx.xx.2023-cü il tarixdən hazıradək həmin pul iddiaçıya qaytarılmadığı üçün bir il üçün 10 (on) faiz məbləğ hesablanmaqla əlavə 3435 manat pulun cavabdeh tərəfindən iddiaçıya ödənilməsi zəruridir. 4. “ İddia tələbinin dəqiqləşdirilməsi”nə dair ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC-dən xx.xx.2023-cü il tarixli, 192 nömrəli "Alqı-satqı müqavilə"sinə əsəsən 34.350,25 manat (5239,87 manat ƏDV daxil olmaqla) məbləğində pulun, 3435 manat faiz, hüquqi yardım üçün vəkilə ödənilmiş 1500 manat məbləğində pulun və dövlət rüsumu kimi ödönilmiş 208 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə prosesinin gedişində iddia tələbində qeyd olunan faiz borcu dəbbə pulu (cərimə) ilə əvəz edilmişdir. Bu səbəbdən iddia ərizəsinin dəqiqləşdirilməsinə zərurət yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilən kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır.
Tərəflərin izahatları:
5. Məhkəmə iclasının iştirak edən "xxxx" MMC-nin nümayəndəsi Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. 7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.
8. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
9. Məhkəmə, qeyd olunanlara əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasını keçirilməsini mümkün hesab etmişdir.
İddia ərizəsinə etiraz:
10. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.
Əsaslandırıcı hissə: a) İş materialları və sübutların tədqiqi:
11. "xxxx" MMC (“Satıcı”) ilə Cavabdeh MMC (“Alıcı) arasında bağlanmış xx.xx.2023cü il tarixli, 192 nömrəli bağlanmış Alqı-Satqı Müqaviləsinin: -2.1-ci bəndinə əsasən, Müqaviləyə görə “Satıcı” malları (bundan sonra mal) Dövlət standartları ilə müəyyən edilmiş normalara uyun olmaqla, “Alıcı”ya təhvil verir, Alıcı isə Malı qəbul edib, dəyərini ödəməyi öz öhdəsinə götürür. -2.2-ci bəndinə əsasən, Bu müqavilə üzrə satılan Malın miqdarı, çeşidi, qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan X3 (bundan sonra “Protokol” adlandırılacaq) göstərilmişdir. -3.2.1-ci bəndinə əsasən, Müqavilənin 2.2-ci bəndində göstərilən Malı Alıcının obyektinə təhvil aktı, qaimə-faktura (Satıcı ƏDV ödəyicisidirsə vergi hesab-fakturası) əsasında Alıcıya və ya səlahiyyətləri qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş nümayəndəsinə təhvil verməy Satıcının vəzifəsidir. -3.4.2-ci bəndinə əsasən, Malı müqavilənin 3.2.1-ci bəndi ilə müəyyənləşdirilmiş qaydada təhvil almaq Alıcının vəzifəsidir. -3.4.3-cü bəndinə əsasən, Malın qiymətini müqavilənin 7-ci bəndi ilə müəyyən olunan şərtlərlə və qaydada satıya ödəmək Alıcının vəzifəsidir. -7.1-ci bəndinə əsasən, bu Müqavilədə nəzərdə tutulan maların dəyəri müqaviləyə əlavə olunmuş protokola əsasən göstərimiş məbləğ üzrə satıcının bank hesabına köçürmə yolu ilə ödənilir. -11.3-cü bəndinə əsasən, Alıcı müqavilənin 3.4.3-cü bəndi ilə müəyyən olunmuş vəzifələrin icra müddətini gecikdirdikdə, hər gecikdirilən gün üçün müqavilə qiymətinin 0,5%-i həcmində, bu müddət 15 gündən çox olduqda isə hər gecikdirilən gün müqavilə qiymətinin 1%-i həcmində Satıcıya cərimə ödəyir.
12. İş materiallarında olan "xxxx" MMC və Cavabdeh MMC tərəfindən təsdiq olunmuş xx.xx.2024-cü il tarixli “Təhvil-Təslim Aktı”ndan görünür ki, 36621,28 manat, xx.xx.2024cü il tarixli “Təhvil-Təslim Aktı”ndan görünür ki, 15428,97 manat olmaqla, cəmi 52050,25 manat dəyərində məhsullar "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.
13. İş materiallarında olan 01 mart 2024-cü il tarixli 01 nömrəli “X2”ndan görünür ki, Satıcı tərəfindən Alıcıya 36621,28 manat (ƏDV daxil), 01 mart 2024-cü il tarixli 02 nömrəli “X2”ndan görünür ki, Satıcı tərəfindən Alıcıya 15428,97 manat (ƏDV daxil) olmaqla, cəmi 52050,25 manat dəyərində məhsullar "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.
14. İş materiallarında olan xx.xx.2024-cü il tarixli hesab fakturaların surətindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə malm təhvil verilmişdir.
15. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 25 fevral 2025-ci il tarixli, pretenziya məktubunun surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanılmış alqı-satqı müqaviləsi üzrə yaranmış 34350,25 manat borcun 3 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh MMC məlumatlandırılmışdır.
16. xx.xx.2025-ci il tarixli, 118OPX1250660E47 saylı ödəniş tapşırığının surətindən görünür ki, iddiaçının cavabdehə qarşı iddia ərizəsi üzrə hüquqi yardıma görə haqq 1500 manat müəyyən olunmaqla Bakı şəhər 30 saylı Vəkil Bürosunun hesabına ödənilmişdir.
b) Tətbiq edilən hüquq:
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə- hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. - 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
- 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -15.0.5-ci və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.
20. Məhkəmə baxışının hədləri:
- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi:
21. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir.
22. Əvvəla məhkəmə qeyd edir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər mövcuddur. Belə ki, tərəflər arasında etibarlı şəkildə bağlanmış xx.xx.2023-cü il tarixli, 192 nömrəli alqı-satqı müqaviləsinin şərtlərinə əsasən iddiaçı (“Satıcı”) Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən, əlavələrində (X1 göstərilən çeşiddə, miqdarda və təsvir olunan göstəricilərə malik malları istifadə məqsədləri için yararlı halda cavabdehə (“Alıcı”) təqdim etməyi, cavabdeh (“Alıcı”) isə, həmin Malların dəyərini iddiaçıya (“Satıcı”) ödəməyi öhdəsinə götürmüşdür.
23. Belə olan məhkəmə hesab edir ki, halda malların verilməsini sübut etmək vəzifəsi iddiaçının, onların dəyərini ödənilməsini sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür.
24. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, ümumilikdə 52050,25 manat dəyərində malları cavabdehə təhvil vermişdir. Göründüyü kimi iddiaçı iddianın əsasını və cavabdehə mal verilməsini mötəbər dəlillərlə sübut edə bilmişdir. Lakin, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə, həmçinin hüquq və vəzifələrinə dair bildiriş təqdim edilməsinə baxmayaraq, iddianın əsassızlığına yaxud öhdəliklərin icrasından azad olunmasına dair sübutları məhkəməyə təqdim etəmişdir. Ona görə də, məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilənin şərtlərini pozaraq öhdəliklərini lazımınca icra etməmiş, qəbul edilmiş malların dəyəri tam olaraq ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya 5239,87 manat ƏDV daxil olmaqla cəmi 34.350,25 məbləğində ödənilməmiş borcu qalmışdır.
25. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia 5239,87 manat ƏDV daxil olmaqla cəmi 34.350,25 məbləğində borca münasibətdə əsaslı olduğundan təmin edilməlidir.
26. Məhkəmə, iddia tələbini cərimənin tutulması hissəsində qismən əsaslı hesab edərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 11.3-cü bəndində cavabdeh tərəfindən vəzifələrin icra müddətini gecikdirdikdə, hər gecikdirilən gün üçün müqavilə qiymətinin 0,5%-i həcmində, bu müddət 15 gündən çox olduqda isə hər gecikdirilən gün müqavilə qiymətinin 1%-i həcmində cavabdehin iddiaçıya cərimə ödəmək vəzifəsi nəzərdə tutulmuşdur. İşin halları ilə Cavabdeh tərəfindən öhdəlik götürdüyü müddətdə ödənişin qaytarılmasını gecikdirdiyi müəyyən olunduğuna görə, onun iddiaçıya cərimə ödəmək öhdəliyi yaranmışdır.
27. Qeyd edilən maddi hüquq normalarının tələblərinə görə borclu pul vəsaitinin qaytarılmasına dair öhdəliyini pozduqda və ya lazımınca icra etmədikdə kreditorun əsas borcun qaytarılmasını tələb etməklə yanaşı, gecikmə nəticəsində cavabdehin vurduğu zərərin də ödənilməsini tələb etmək hüququ vardır. Mülki qanunvercilik belə vəziyyətlərdə müqavilə şərtlərindən asılı olaraq kreditora dəymiş zərərin əvəzi olaraq borcun məbləğindən faiz tələb etmək və ya dəbbə (cərimə, penya) tələb etmək kimi alternativ tələb imkanları tanımışdır. Hazırki işdə tərəflər arasında bağlanmış müqavilə üzrə gecikdirmə nəticəsində dəyən ziyanı qarşılamaq üçün cərimənin ödənilməsi nəzərdə tutulmuşdur, yəni Mülki Məcəllənin 466.2.1-ci maddəsinə əsasən müqavilə üzrə zərərin deyil, yalnız dəbbə pulunun tutulması barədə tərəflər razılaşmışlar. Buna görə də iddiaçının cərimə tələbi mahiyyət etibarı ilə əsaslıdır.
28. Lakin məhkəmə, tərəflərin həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq cərimə məbləğinin tənasübsüz surətdə yüksək hesablandığını nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən hesablanmış cərimə məbləğinin azaldılaraq 1500 manat məbləğində müəyyən edilməsi işin hallarına mütənasib və ədalətli olar.
31. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Upsilon” Məhdud Məsuliyyətli Cəmiyyətindən 5239,87 manat ƏDV daxil olmaqla cəmi 34.350,25 məbləğində borc və 1500 manat məbləğində cərimə tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir.
Məhkəmə xərcləri:
32. Məhkəmə “hüquqi yardımla bağlı ödənilmiş 1500 manat xərcin cavabdehdən tutulması”na aid hissədə, vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini və ödənilməli olan məbləğin ağlabatanlığını, o cümlədən hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğin müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğunu nəzərə alaraq, 600 manat məbləğində xərci ağlabatan hesab edir və həmin xərc cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir.
34. Məhkəmə, həmçinin ödənilmiş dövlət rüsumuna münasibət bildirərək qeyd edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 197,66 manat dövlət rüsumu cavabdehə aid edilməli və ondan tutularaq iddiaçıya ödənilməli, qalan 10,34 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
Nəticə:
35. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
q ə t e t d i:
İddia qismən təmin edilsin. Cavabdehndən 5239,87 manat ƏDV daxil olmaqla cəmi 34.350,25 məbləğində borc və 1500 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 35850,25 (otuz beş min səkkiz yüz əlli manat, iyirmi beş qəpik) manat məbləğində borc, hüquqi yardımla bağlı vəkilə ödənilmiş 600 manat məbləğində xərc və ödənilmiş dövlət rüsumuna görə 197,66 (bir yüz doxsan yeddi manat, altmış altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş qalan 10,34 (on manat, otuz dörd qəpik) manat dövlət rüsumu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin özünə aid edilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Rəmzi Nəbiyev