Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1569/2025 11.07.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynli Əli Nizami oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi” barəsində iddiasına dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:
1. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 3 ədəd kassa aparatına görə 290 manat, 4 kassa aparatına 18 ay göstərilmiş və dəyəri ödənilməmiş xidmət haqqında görə 286,94 manat ümumilikdə 576,93 manat, iddia rüsumu olaraq 30 manat, ümumilikdə 606,93 məbləğində vəsaitin ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddiaçı MMC “İddianın dəqiqləşdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh satılmış 1 ədəd kassa aparatı (PAX A620) üzrə qalıq borc olan 290 (iki yüz doxsan) manat, eləcə də 4 ədəd kassa aparatına görə 18 ay ərzində göstərilmiş və dəyəri ödənilməmiş xidmətə görə 286.94 (iki yüz səksən altı manat doxsan dörd qəpik) olmaqla, cəmi 576.93 (beş yüz yetmiş altı manat doxsan üç qəpik) borcun, habelə iddia rüsumu olaraq 30 (otuz) manatın, ümumilikdə 606.93 (altı yüz altı manat doxsan üç qəpik) məbləğində vəsaitin tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC rəsmi dövlət qeydiyyatına alınmış e-kassa operatorlarından biridir. Şirkət vergi ödəyicilərinə elektron kassaların (hazırda istifadədə olan bütün kassalar “e-kassa” hesab olunur) satışını, proqram təminatının quraşdırılmasını, e-kassa aparatının funksionallığının təmin edilməsi üçün “token”-lərin (nəzarət mexanizm qurğusu) quraşdırılması, kassa aparatının zəruri qaydada işləməsi üçün texniki xidməti həyata keçirir. “Token” "xxxx" MMC-nin mülkiyyətidir və vergi ödəyicisi kassanın fəaliyyətini dayandırmaq və kassa aparatını qeydiyyatdan çıxarmaq istədikdə şirkətiə yaxınlaşaraq bu işin icrasını onların vasitəsilə həyata keçirir və Tokeni onlara qaytarır. Məhz bundan sonra kassa qeydiyyatdan çıxmış hesab olunur və onların xidməti dayanır. Cavabdeh ilə 21 sentyabr 2021-ci il tarixdə NBA-13902 saylı müqavilə imzalanmış və ona hər birinin dəyəri ƏDV xaric 110 manat olmaqla 3 ədəd e-kassa aparatı satılmışdır. Bu məbləğin bir hissəsi ödənilsə də 290 manat dəyərində qalıq borc bu günədək ödənilməyib. Bundan əlavə kassa aparatlarına aylıq xidmət xərci hər bir aparat üçün ƏDV daxil 16,52 manat müəyyən edilmişdir. Cavabdeh 2021-ci ilin fevral ayından 30 oktyabr 2023-cü il tarixinədək xidmət haqqı məbləğlərini ödəməmiş, “Token”i qaytarmamış və kassa cihazını qeydiyyatdan çıxarmamışdır. Tərəflər arasında imzalanmış xidmət müqaviləsinin 5.4-cü bəndində qeyd olunmuşdur ki, müqaviləyə yalnız online kassa cihazı qeydiyyatdan çıxarıldıqdan sonra xitam verilir.
4. “İddianın dəqiqləşdirilməsi barədə” ərizə onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə iddia ərizəsinin tələbləri ilə bağlı dəqiqləşdirmələr aparılmışdır və hesab edir ki, iddianın tələb hissəsinin redaksiyası daha düzgün formada ifadə olunmalıdır. İddiaçı tərəfindən cavabdehə qarşı irəli sürülmüş tələblər aşağıdakı hallara əsaslanır: 1.Tərəflər arasında bağlanan 18 iyul 2022-ci il tarixli NBA-48903-001 saylı müqaviləyə əsasən satılmış 1 ədəd kassa aparatına (PAX A620) görə 290 (iki yüz doxsan) manat məbləğində qalıq borc; 2. iddiaçı tərəfindən 4 ədəd kassa aparatına görə 18 ay ərzində göstərilmiş, lakin dəyəri ödənilməmiş texniki xidmətə görə 286.94 (iki yüz səksən altı manat doxsan dörd qəpik) manat borc. Cavabdeh tərəfindən ödənilməli ümumi borc 576.93 (beş yüz yetmiş altı manat doxsan üç qəpik) manat təşkil edir. Həmçinin iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun da cavabdehdən tutulması tələb edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənədək iddia tələbinin əsasını və ya predmetini dəyişməyə, habelə iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Yuxarıda qeyd olunanları nəzərə alınaraq iddianın təmin edilməsi məhkəmədən xahiş olunur.
Tərəflərin izahatları:
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmişlər, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə iş üzrə yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmiş, cavabdeh isə gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə AR MPM-nin 185.6-cı maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edilmişdir.
7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.
8. Məhkəmə, həmçinin Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
9. Qeyd olunanlara əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir.
İddia ərizəsinə etiraz:
10. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.
Əsaslandırıcı hissə: a) İş materialları və sübutların tədqiqi:
11. Cavabdeh (“Sifarişçi”) və İddiaçı MMC (“İcraçı”) arasında xx.xx.2022-ci il tarixli, NBA-48903-001 nömrəli müqavilənin: -1.1-ci bəndinə əsasən Bu Müqavilə ilə İcraçı Sifarişçinin sifarişinə müvafiq miqdarda, keyfiyyətdə, çeşiddə və müvafiq şərtlərlə Sifarişçiyə POS Terminallar, onlara aid olan ehtiyat hissələrini, proqram təminatını (bundan sonra birlikdə "Mal" adlandırılacaq) təqdim etməyini, təmir xidmətini (bundan sonra birlikdə "Xidmət" adlandırılacaq) göstərməyini, Sifarişçi isə İcraçı tərəfindən onun sifarişinə əsasən təqdim olunmuş Mallara (göstərilmiş Xidmətlərə) görə bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada həmin malların, xidmətlərin dəyərinin ödənilməsini həyata keçirir. -2.1-ci bəndinə əsasən Bu Müqavilənin ümumi məbləği onun tərkib hissəsi hesab edilən ayrı-ayrı malların ve xidmətlərin təsnifatı ilə Razılaşma Protokollarının (bundan sonra "Protokol") ümumi qiymətindən ibarətdir. Hər bir Protokola uyğun olaraq İcraçı tərəfindən təqdim edilən malların və xidmətlərin dəyəri həmin Protokolda göstərilən məbləğ miqdarında Sifarişçi tərəfindən ödənilir. -2.4-cü bəndinə əsasən Müqavilə üzrə təqdim olunmuş mallar İcraçı tərəfindən qaiməfaktura, xidmətlər isə akt ilə Sifarişçiyə təhvil verilir. Ödəniş mal və ya xidmət təhvil verildikdən sonra İcraçı tərəfindən təqdim edilmiş hesab-faktura əsasında, hesabfakturanın təqdim edildiyi tarixdən sonrakı bank 5 (beş) iş günü ərzində həyata keçirilir. -4.2.1-ci bəndinə əsasən, Bu müqaviləyə aid protokollarla müəyyən olunmuş miqdarda və keyfiyyətdə icraçı tərəfindən təqdim olunmuş malları, göstərilmiş xidmətləri müvafiq sənədlər əsasında təhvil alır və bunun müqabilində həmin protokolda gösərilmiş dəyərini ödəyir.
12. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, NBA-48903-001 nömrəli müqaviləyə 1 saylı əlavə olan “Qiymətlərin razılaşdırılması protokolu”ndan görünür ki, 1 ədəd PAX A620 markalı kassa aparatının dəyəri ƏDV daxil olmaqla 389,99 manat təşkil edir.
13. İş materiallarında olan İddiaçı MMC və Cavabdeh tərəfindən təsdiq olunmuş xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından, 01 saylı Hesab fakturadan görünür ki, “PAX A620” markalı, ********** nömrəli kassa aparatı Cavabdeh təhvil verilmişdir.
14. İş materiallarında olan Cavabdeh (“Sifarişçi”) və İddiaçı MMC (“İcraçı”) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, NBA-48903-002 nömrəli xidmət müqaviləsinin: -1.1-ci bəndinə əsasən icraçı onlayn kassa qeydiyyatı, quraşdırılması, uçotdan çıxarılması, proqram kassa sisteminə vaxtı-vaxtında texniki xidmət göstərilməsi, onlayn kassa təmiri və əvvəlki onlayn kassa yenidən istismara verildiyi ana qədər müvəqqəti onlayn kassa istifadə üçün təqdim olunması xidmətlərini (bundan sonra “Xidmətlər”) göstərməyi, Sifarişçi isə İcraçı tərəfindən göstərilən xidmətlərin haqqını ödəməyi və onlayn kassa istifadəsini İcraçının və Vergilər Nazirliyinin tələb etdiyi qaydada həyata keçirməyi öhdəsinə götürür. -2.1-ci bəndinə əsasən Sifarişçi göstərilən servis xidməti üzrə İcraçı tərəfindən göstərilən xidmətlərin ödənişini elektron qaimə faktura təqdim edildiyi gündən 5 (beş) iş günü müddətində pul vəsaitinin İcraçının hesablaşma hesabına köçürülməsini həyata keçirir. -2.3-cü bəndinə əsasən göstərilən hər bir xidmətin ödənişi aşağıda qeyd olunan sənədlərə əsasən həyata keçirilir: -2.3.1. xidmətlərin göstərilməsinə dair akt; -2.3.2. qiymətlərin razılaşma protokolu; -2.3.3. Elektron qaimə faktura.
15. Texniki xidmət müqaviləsi üzrə qiymət razılaşdırılması protokolu Əlavə 1-də NKA göstərilən aylıq servis xidmətinin dəyəri 16,52 (ƏDV daxil) manat qeyd edilmişdir.
16. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, NBA-1392-001 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: -1.1-ci bəndinə əsasən icraçı onlayn kassa qeydiyyatı, quraşdırılması, uçotdan çıxarılması, proqram kassa sisteminə vaxtı-vaxtında texniki xidmət göstərilməsi, onlayn kassa təmiri və əvvəlki onlayn kassa yenidən istismara verildiyi ana qədər müvəqqəti onlayn kassa istifadə üçün təqdim olunması xidmətlərini (bundan sonra “Xidmətlər”) göstərməyi, Sifarişçi isə İcraçı tərəfindən göstərilən xidmətlərin haqqını ödəməyi və onlayn kassa istifadəsini İcraçının və Vergilər Nazirliyinin tələb etdiyi qaydada həyata keçirməyi öhdəsinə götürür. -2.1-ci bəndinə əsasən Bu müqavilənin 1 saylı əlavəsinə əsasən razılaşdırılmış ödəniş Sifarişçi tərəfindən bu müqavilə imzalandığı, müvafiq sənədlər təqdim edildiyi gündən sonra 5 (beş) iş günü ərzində həyata keçiriləcək. -2.2-ci bəndinə əsasən ödəniş həyata keçirildikdən sonra İcraçı 10 iş günü ərzində işləri təhvil verməlidir və göstərilən xidmət üçün aşağıda qeyd olunan sənədlər Sifarişciyə təqdim edilməlidir: -2.3.1. xidmətlərin göstərilməsinə dair akt; -2.3.2. Elektron qaimə faktura.
17. İş materiallarında olan Texniki xidmət müqaviləsi üzrə qiymət razılaşdırılması protokolu 1 saylı Əlavədən görünür ki, Kassa qeydiyyatı+ Token, miqdarı 3 ədəd olmaqla yekun məbləğ ƏDV daxil 212,40 manat təşkil edir. .
18. İş materiallarında olan Texniki xidmət müqaviləsi üzrə qiymət razılaşdırılması protokolu 2 saylı Əlavədən görünür ki, NKA göstərilən aylıq servis xidmətinin dəyəri 1 ədədi üçün 8 manat olmaqla, 3 ədədi üçün (ƏDV daxil) cəmi 28,32 manat təşkil edir.
19. İş materiallarında olan elektron qaimələrdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh ümumilikdə 286,94 manat məbləğində xidmətlər göstərilmişdir.
20. İş materiallarında olan Maliyyə arayışından görünür ki, İddiaçı MMC tərəfindən satılmış kassa aparatına və göstərilmş dəstək xidmətinə görə Cavabdeh (VÖEN:**********) müqavilə üzrə müvafiq borc öhdəliyi ümumilikdə 576,93 manat təşkil edir.
21. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış 21 sentyabr 2021-ci il tarixli NBA-13902 saylı müqavilə üzrə yaranmış 576,93 manat borcun 3 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh məlumatlandırılmışdır.
22. **********0 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir.
b) Tətbiq edilən hüquq:
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. -390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə- hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. -600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 752.1-ci maddəsinə əsasən Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 777.1-ci maddəsinə əsasən Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
- 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
25. Məhkəmə baxışının hədləri:
- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi:
26. Məhkəmə iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir.
27. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, hazırki iş üzrə iddiaçı ilə cavabdeh qarışıq müqavilədən irəli gələn münasibətlər mövcuddur. Mülki Məcəllədə xidmət müqaviləsi nəzərdə tutulmasa da, tərəflər arasında olan xidmət müqaviləsi Mülki Məcəlləyə zidd olmadığından tərəflər yazılı qaydada həmin müqaviləni bağlaya bilər və məzmununu müəyyənləşdirə bilərlər. Belə ki, tərəflər arasında bağlanmış müqavilələrdən göründüyü kimi iddiaçı cavabdehin sifarişinə müvafiq miqdarda, keyfiyyətdə, çeşiddə və müvafiq şərtlərlə POS Terminallar, onlara aid olan ehtiyat hissələrini, proqram təminatını (bundan sonra birlikdə "Mal" adlandırılacaq) təqdim etməyini, təmir xidmətini (bundan sonra birlikdə "Xidmət" adlandırılacaq) göstərməyini, cavabdeh isə iddiaçı tərəfindən onun sifarişinə əsasən təqdim olunmuş Mallara (göstərilmiş Xidmətlərə) görə bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada həmin malların, xidmətlərin dəyərinin ödənilməsini həyata keçirir.
28. Məhkəmə qeyd edir ki, iddianın əsasını, müqavilə üzrə “İcraçı”ya aid öhdəliklərin lazımınca yerinə yetirilməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə, müqavilə üzrə tələb olunan borcun ödənilməsini sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, idddiaçı öz tələbinin əsasını qanuna uyğun dəlillərlə sübut etmiş, lakin cavabdeh lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddia ərizəsinə etiraz verməmiş, iddianın əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə, müqavilə üzrə öhdəliyin cavabdeh tərəfindən lazımınca yerinə yetirilməməsinin tam sübut olunduğu qənaətinə gəlir.
29. Eyni zamanda iş materiallarında olan elektron qaimələr, təhvil-təslim aktı, qiymətlərin razılaşdırılması protokolları və maliyyə arayışından müəyyən olunur ki, iddiaçı tərəfindən satılmış kassa aparatına və göstərilmş dəstək xidmətinə görə cavabdehin borcu ümumilikdə 576,93 manat təşkil edir.
30. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə cavabdehə qarşı hazırki iddia tələbini irəli sürmək hüququ vermişdir. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehdən 576,93 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmə xərcləri:
31. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən hesab edir ki, iddia təmin olunduğundan iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçıya ödənilməlidir.
32. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
q ə t e t d i:
İddia təmin edilsin. Cavabdeh 576,93 manat məbləğində borc və 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 606,93 (altı yüz altı manat, doxsan üç qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Rəmzi Nəbiyev